Sosial şəbəkədən usta axtarışının acı sonu – mühərrik dağıldı, problem qaldı

Son zamanlar sürücüləri ən çox narahat edən məsələlərdən biri – işini düzgün bilməyən, məsuliyyətsiz və əsasən TikTok sosial şəbəkəsində çəkdikləri reklam rolikləri hesabına tanınan avtomobil “ustaları” və bəzi servizlərdir. Avtoservis sahəsindəki nəzarətsizlik elə vəziyyətə çatıb ki, bir neçə gün hansısa ustanın yanında dayanan hər kəs əlində açar tutaraq “usta” olmağa cəhd göstərir.

Bu cür qeyri-peşəkar yanaşma nəticəsində sürücülər həm ciddi maliyyə itkisinə, həm də vaxt itkilərinə məruz qalır. “TikTok ustalarının” növbəti qurbanı isə Zahid Seyidzadə olub.

Sozcu.az saytına müraciət edən Zahid Seyidzadə bildirib ki, Toyota markalı avtomobilinin mühərrikində yaranan problemə görə sosial mediada reklam olunan Vüqar Kərimov adlı ustaya müraciət edib. (Maraqlı məqam ondadır ki, sosial mediada özünü Vüqar kimi təqdim edən şəxs, polis idarəsində verdiyi izahatda özünü Kərimov Əmirxan kimi təqdim edib.)

Zahid Seyidzadənin sözlərinə görə, Bakı şəhəri Nizami rayonu H, Əliyev prospektində yerləşən servisdə işləyən Vüqar Kərimov avtomobili təmir etməyi öz üzərinə götürüb və alınacaq detalların siyahısını tutaraq, “özünə etibarlı” hesab etdiyi ehtiyat hissələri dükanından alınmasını tövsiyə edib. Nəticədə Zahid Seyidzadə avtomobilin təmiri üçün ümumilikdə 5000 manat vəsait xərcləyib.

Lakin avtomobil təhvil alındıqdan qısa müddət sonra mühərrikdə yenidən problem yaranıb. Zahid Seyidzadə ustaya müraciət etsə də, Vüqar Kərimov problemi aradan qaldırmaqdan imtina edərək, mühərrikin sıradan çıxmasına səbəb kimi “keyfiyyətsiz yanacaq” bəhanəsini göstərib. Onun məntiqinə görə, eyni yanacaqdoldurma məntəqəsindən istifadə edən yüzlərlə avtomobildə problem yaranmayıb, amma dünyanın ən etibarlı avtomobil markalarından biri olan Toyota Land Cruiser-də mühərrik dağılıb.

Zahid Seyidzadə bildirib ki, Vüqar Kərimov problemi aradan qaldırmaqdan imtina etdikdən sonra məsələ ilə bağlı polisə və məhkəməyə müraciət edəcəyini bildirib və ustadan onun iştirakı olmadan avtomobilə müdaxilə etməməsini tələb edib. Lakin xəbərdarlığa baxmayaraq, Vüqar Kərimov Zahid Seyidzadənin iştirakı olmadan mühərrikə müdaxilə edib.

Hadisə ilə bağlı Sozcu.az saytının əməkdaşı Vüqar Kərimovla əlaqə saxlayaraq onun münasibətini öyrənib. Usta bildirib ki, “problemi ortaq şəkildə həll etməyə” hazırdır. Onun sözlərinə görə, Zahid Seyidzadə ehtiyat hissələrini yenidən alsa, o, usta pulu istəmədən avtomobili təmir edəcək.

Bu təklifdən sonra Zahid Seyidzadə məhkəməyə müraciətini dayandıraraq problemin razılaşma yolu ilə həllinə razılaşıb. Lakin növbəti gün Vüqar Kərimov verdiyi sözü təkzib edərək, təmiri davam etdirmək üçün 400 manat əlavə pul tələb edib.

Zahid Seyidzadə bildirib ki, avtomobili onun gündəlik işləri üçün vacib olduğundan, artıq başqa bir ustaya müraciət etməyi düşünür. O, həmçinin bu cür halların qarşısını almaq üçün dövlətin serviz sektoruna ciddi nəzarət etməsinin vacibliyini vurğulayıb. Zahid Seyidzadə məsələnin araşdırılması üçün İqtisadiyyat Nazirliyinin “İstehlak bazarına nəzarət” şöbəsinə müraciət etdiyini də qeyd edib.

Qeyd edək ki, bu sahədə həqiqətən də ciddi nəzarətsizlik hökm sürür. Bir çox sürücü oxşar problemlərlə üzləşsə də, bəzi avtoservizlərin sahiblərinin “yüksək imtiyazlı şəxslər” olması səbəbindən şikayətlər cavabsız qalır.

Çox güman ki, şəhərin ən görkəmli yerlərindən birində yerləşən bu servizin də sahibi təsadüfi şəxs deyil. Hər halda, məsələ ilə bağlı araşdırmamız davam edir.

Hansı sahədə fəaliyyət göstərməsindən asılı olmayaraq, hər kəs gördüyü işin keyfiyyətinə görə məsuliyyət daşımalıdır. Sahibkarlar isə öz obyektlərində çalışan ustaların peşəkarlığına və məsuliyyətinə ciddi nəzarət etməlidirlər.

abdbe18c31e3f62dc57480c6d6881611.jpg

Share on Facebook