Bilgəhdə uşaq dənizdə batdı

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 3 km aralı, nəzarətsiz ərazi) 1 nəfərin (uşaq) batması barədə məlumat daxil olub. Bu barədə Sozcu.az-a FHN-dən bildirilib. Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar. Əlavə məlumat veriləcək.

Bank kartlarından daha 5 min manat oğurlandı

İyunun 13-də bir sıra şəxslərin bank hesablarından 1400, 756, 750, 700, 490, 399, 392, 300, 200, 200, 135, 76, 73, 64, 50, 38, 30, 15 AZN və 159 ABŞ dolları məbləğlərində vəsaitlər kiberyolla oğurlanıb. Sozcu.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "Vətəndaşlar bilməlidir ki, bank kartlarının CVV/CVC kodu, istifadə müddəti və SMS-lə göndərilən OTP (birdəfəlik şifrə) məlumatları mütləq şəkildə məxfi saxlanmalıdır. Bu məlumatların üçüncü şəxslərlə paylaşılması nəticəsində bank hesablarından pul oğurluğu, vətəndaşın adından kredit və digər maliyyə əməliyyatları həyata keçirilə bilər. Tövsiyə olunur ki, naməlum nömrələrdən gələn zəng və mesajlara cavab verilməsin, heç bir halda şəxsi və maliyyə məlumatları paylaşılmasın, şübhəli ünsiyyət zamanı əlaqə dərhal dayandırılsın və nömrə blok edilsin. Bu cür hallarla üzləşən şəxslər dərhal polis orqanlarına və müvafiq bank qurumlarına müraciət etməlidirlər", - məlumatda qeyd edilib.

Azərbaycan İrandan təxliyəyə başladı

Azərbaycan İran İslam Respublikasından təxliyələrin həyata keçirilməsinə dəstək göstərir. Sozcu.az xəbər verir ki, İranda yaranmış böhran vəziyyəti bəzi ölkələrin İranda qalmış vətəndaşlarının təxliyəsinə gətirib çıxarıb. Əldə olunmuş məlumata əsasən, Azərbaycan Respublikasına edilmiş müraciətlər əsasında, ölkəmiz İran İslam Respublikasından təxliyyələrin həyata keçirilməsinə dəstək göstərir. Görülən müvafiq tədbirlər nəticəsində, yaxın günlərdə bir sıra ölkələrin nümayəndələrinin və vətəndaşlarının, İranda səfərdə olan Rusiyanın P.Çaykovski adına Böyük Simfonik Orkestrinin 51 nəfər heyətinin, habelə Rusiya Federasiyasının xalq artisti və rejissor Fyodr Bondarçuk daxil olmaqla, Rusiya və digər ölkələrin vətəndaşlarının olduğu 90 nəfərə yaxın aktyor və incəsənət heyətinin quru yolla İrandan Azərbaycana gəlməsi nəzərdə tutulur. Qeyd edək ki, İsrail Hərbi Hava Qüvvələri 13 iyun səhər tezdən İranın nüvə və hərbi bazalarına zərbələr endirib.

Suyun qiyməti artacaq? – ”3 manat olması ağır maliyyə yüküdür”

“Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA - keçmiş "Azərsu") dövlət qurumu olduğu üçün vətəndaşların sosial-maddi vəziyyəti nəzərə alıb yekun qərar verilə bilər. Amma ADSEA dəfələrlə rəsmi açıqlamalarında və açıladığı statistikada göstərir ki, hazırda su maya dəyərindən 3 dəfə aşağı qiymətə satılır. Faktiki olaraq, bu qurum zərərlə işləyir”. Bu sözləri "Yeni Sabah"a iqtisadçı Allahverdi Aydın deyib. O bildirib ki, zərəri aradan qaldırmaq üçün suyun maya dəyərini aşağı salmaq lazımdır: “Zərərdən çıxmaq üçün alternativ olaraq qiymətlərin artırılması üzərində düşünülür. Amma hesab edirəm ki, bu alternativ deyil. Zərəri aradan qaldırmaq üçün suyun maya dəyəri aşağı salınmalıdır. Maya dəyərinin aşağı salınması üçün dövlət bu sahəyə əlavə investisiya yatırmalıdır. Ya da özəl qurumları bu sahəyə cəlb etməlidir. Yəni özəl sektor bu sahəyə sərmaye qoymalıdır. İstehsal olunan suyun təxminən 40 faizi itkiyə və başqa məqsədlərə gedir. Bu itkinin qarşısı alınmalıdır. Məsələn, borular yenilənməlidir. Bir sözlə, bu sahəyə ciddi həcmdə sərmaye yatırılmalıdır”.  Ekspert vurğulayıb ki, suyun qiymətini artırmaq hesabına maya dəyərini azaltmaq düzgün variant deyil: “Bu sahəyə investisiya qoymaq üçün dövlətin yetərincə imkanı var. Suyun 40 faizinin itkiyə getməsi milyonlarla manatın itirilməsi deməkdir. Vaxtilə təbii qaz sektorunda da bu cür itkilər olurdu. Dövlət Neft Şirkəti (SOCAR) müəyyən investisiyalarla həmin ziyanın həcmini xeyli azaltdı. Eyni təcrübəni su sahəsində də etmək olar. Dövlət qurumları bunun üzərində işləməlidir. Onsuz da maya dəyərinin qarşılanması üçün suyun tarif qiyməti 3 dəfəyədək artırılmalıdır. Yəni 1 kubmetr suyun qiyməti hazırda 1 manatdırsa, bunu 3 manatadək artırmaq lazımdır ki, qurum zərərlə işləməsin. 1 kubmetr suyun 3 manat olması isə əhalisi üçün kifayət qədər ağır maliyyə yükünə çevriləcək. Fikrimcə, birdən-birə belə radikal qiymət artımı olmayacaq. Amma tariflərdə müəyyən artımlar ola bilər. 3 manata başa gələn su 1 manata satılırsa, ADSEA hər kubda 2 manat ziyana gedir. Bunu bir şəkildə kompensasiya etməyi düşünürlər. Bu baxımdan, bu il 20-30 faizlik qiymət artımına gedə bilərlər”.

Sabit tarif: evdə yaşamasan da işıq və qaza pul ödəyəcəksən!

Enerji Məsələlərini Tənzimləmə Agentliyinin direktor müavini Rövşən İsmayılov və energetika nazirinin müavini Samir Vəliyev deyiblər ki, ölkədə qaz və elektrik enerjisində sabit tarif tədbiq olunacaq. Yəni, Azərbaycanda mənzili olan, amma orada yaşamayan vətəndaşlar elektrik enerjisini sabit tariflə ödəyəcəklər, bu yanaşma təbii qaz təhcizatına da aid ediləcək. Sozcu.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli deyib. “Məntiq belədir ki, elektrik enerjisinə görə ödənilən vəsait iki hissədən ibarət olacaq. Məsələn, hər hansı 10 binanın 8-də yaşayış var, amma ikisində yaşayış yoxdur. Amma transformator məntəqəsi onsuz da qurulmalıdır. Onun xərci tarifin içərisində olmalıdır. Yəni, yaşadın-yaşamadın, ödəməlisən. Demək istəyirlər ki, biz mənzilə qədər elektrik və qaz xəttləri çəkirik, infrastruktur qururuq, siz də işlətdiz, işlətmədiz, ayrıca aylıq “sabit” məbləğ ödəməlisiniz. Birincisi, biz – vətəndaşlar öz vergilərimizlə o infrastrukturun qurulmasında zatən iştirak etmişik, çünki ölkədə infrastruktur layihələrinin çoxu büdcə hesabına həyata keçirilir, büdcəyə isə hamımız vergi veririk. İkincisi, biz vətəndaşların seçimi yoxdur axı, su-işıq-qaz təbii inhisarçılar olan dövlət şirkətlərinin əlindədir, bizim hüquqlarımızı kim qoruyacaq?! Yaxşı, saatlarla işıq-qaz-su olmayanda, şirkətlər vətəndaşlara kompensasiya ödəyəcəklərmi? Məsələn, mən şəhərin mərkəzinə çox yaxın, Bayılın girəcəyində yaşayıram, dünən 8 saat qaz olmayıb – buna görə mənim qarşımda nə məsuliyyətləri yaranıb?! Məsuliyyət təktərəfli olmur axı ki, tək vətəndaşın çiyninə yüklənsin, bəs şirkətlərin məsuliyyəti hardadı?! Üçüncüsü, bunların “məntiqinə” görə, məsələn, metronun iki- üç-dörd çıxışı var, həm də yeraltı keçiddir, sən metroya minmədən yeraltı keçiddən keçsən, infrastruktura görə pul ödəməlisən. Və ya, özəl sektor, məsələn, investisiya qoyur, infrastruktur yaradır, mağaza tikir – bunların “məntiqinə” görə, dükana girib, heç nə almadan çıxan vətəndaş qapıda kassaya 1-2 manat ödəməlidir. Bəs necə, bu iş adamı da mağazanı qapımızın ağzına qədər gətirib, infrastruktur qurub axı – elə deyil?! Yəni, belə dünyagörüşü, belə məntiqlə ölkəni idarə etmək istəyən məmurlar, belə bir sistem var, bu təkliflərin əsl səbəbi isə odur ki, büdcə daxilolmaları, neft gəlirləri azalır-azalacaq, bunun fonunda islahatlara getməkdənsə, hökumət büdcədən subsidiyaları kəsib, həmin vəsaiti vətəndaşa yükləyərək, bizim vasitəmiz isə öz təbii inhisarşılarına pul vermək istəyir”.

Azərbaycanda qaz və işıq limiti LƏĞV EDİLİR?

Azərbaycanda "Qaz təchizatı haqqında” yeni qanun layihəsi də hazırlanıb. Qanun qazın nəqli, paylanması, saxlanması, satışı, idxalı, istehlakı və qaz qurğularının istismarı ilə bağlı qaz təchizatı subyektləri, istehlakçılar və qaz təchizatı sektorunda fəaliyyət göstərən dövlət orqanları arasında yaranan münasibətləri tənzimləyir və qaz təchizatının hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edir. “Elektroenergetika haqqında” qanuna dəyişikliyə əsasən isə sabit tarif elektrik enerjisinin istehlak səviyyəsindən asılı olmayan sabit xarakterli xərclərin tənzimləyici tərəfindən müəyyənləşdirilən hissəsinin qarşılanması məqsədilə hər bir istehlakçı üzrə tətbiq olunan aylıq tarif elementi kimi təsbit edilir. Layihədə, həmçinin sabit tarifin tətbiqi ilə bağlı elektrik enerjisi təchizatçısının və istehlakçının hüquq və vəzifələri, sabit tarifin tətbiqindən irəli gələn məsələlər tənzimlənir. Hər iki qanunla bağlı mətbuatda və sosial şəbəkələrdə ciddi müzakirələr aparılıb. Bəziləri qanunların qüvvəyə minməsindən sonra qaz və işıqla bağlı limitlərin ləğv ediləcəyini iddia edir. Modern.az-a açıqlamasında enerji məsələri üzrə ekspert, Neft Araşdırmaları Mərkəzinin sədri İlham Şaban bildirib ki, dünyada belə bir təcrübə mövcuddur: “Xüsusilə də, Qərbi Avropa ölkələrində çoxdan belə praktika özünü göstərir. Azərbaycan üçün də bu yad bir şey deyil. İnsanlar bunu şok kimi qəbul edirlər. Amma bu belə deyil. Ölkəmiz XXI əsrə qədəm qoyandan və yeni tikililər inşa edilməyə başlayandan 99% MTK-lar evdə yaşayıb-yaşamamağından asılı olmayaraq kirayə haqqı alırlar. Bunu bir ili üçün "Xruşşovka" və doqquz mərtəbəlilərdə yaşayan insanlar 35-40 manat illik mənzil kommunal təsərrüfatına pul ödəyirdisə, 1 ayına 30-100 manatı ürəklə verirdilər. Digər yandan deyirdilər ki, yaxşı yaşamaq istəyirsənsə, ödə. Qurtardı, getdi. Bu məsələnin əsas hissəsi ondan ibarət olacaq ki, sabit tariflər hansı baxışla tətbiq ediləcək, bu evin kvadratındanmı, otaq sayındanmı asılı olacaq? Yaxud mənzillərin ümumi sayına bölünüb əmsal çıxarılacaq? Çünki hər bir binanın transformator, qaz paylacı sistemi var. Ona görə buna normal yanaşmaq lazımdır, faciə kimi yox". Ekspert söyləyib ki, yeni qanun layihələrinin işıq və qaza tətbiq olunan limitlə bağlılığı yoxdur: "30-50 manat sabit tarif verilməyəcək ki, onun içərisində hansı həddə istəyirsən istifadə et. Haradasa bunun qiyməti 1-2 manat olacaq. Kiçik bir şeydir. Xəttə qoşulmaq, abonent kimi saxlanılma haqqıdır. Onun istifadəyə heç bir dəxli yoxdur".

Yay fəsli Azərbaycana bu tarixdə daxil olacaq

Yay fəsli (Yay Günəş duruşu) Azərbaycana iyunun 21-i saat 06:42:11-də daxil olacaq. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından Sozcu.az-a verilən məlumata görə, bu zaman Yerin fırlanma oxu ilə Günəşin istiqaməti arasında ən kiçik bucaq əmələ gələcək. Nəticədə Günəş səmada ilin ən yüksək nöqtəsinə çatacaq. Bakıda Günəş həmin gün günorta vaxtı üfüqdən 73.1° hündürlükdə, yəni, maksimum yüksəklikdə görünəcək. Həmin gün ilin ən uzun gündüzünün və ən qısa gecəsinin müşahidə olunduğu gündür. Gündüzün uzunluğu 15 saat 3 dəqiqə 24 saniyə, gecənin uzunluğu isə 8 saat 56 dəqiqə 36 saniyə olacaq. Yay fəslinin uzunluğu 93 gün 15 saat 37 dəqiqə 5 saniyə təşkil edəcək.

Bu həftəsonu 3 gün İŞ OLMAYACAQ

Milli Qurtuluş Günü ilə əlaqədar 3 gün iş olmayacaq. APA-nın xəbərinə görə, bu il Milli Qurtuluş Günü - 15 iyun bazar gününə təsadüf edir. Əmək Məcəlləsinin tələbinə əsasən, 16 iyun qeyri-iş günü olacaq. Bu il 14 iyun şənbə gününə təsadüf edir. Beləliklə, 14, 15 və 16 iyun qeyri-iş günləri olacaq.

İyulun 1-də bu şəxslər əsgərliyə aparılacaq - SİYAHI

İyulun 1-dən Azərbaycanda hərbi xidmətə yeni çağırış başlayır. “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna edilən dəyişiklikliyə əsasən Azərbaycanda müddətli həqiqi hərbi xidmətə çağırış yaşının yuxarı həddi 35-dən 30-a endirilib. Qanun bu ilin yanvar ayının 1-dən qüvvədədir. Sozcu.az-ın məlumatına görə, bu səbəbdən iyul ayının çağırışında 30 yaşdan yuxarı müddətli həqiqi xidmətdə olmayan şəxslər əsgərliyə cəlb olunmayacaq. Prezident İlham Əliyevin ötən ay imzaladığı sərəncam əsasən aşağıdakı şəxslər  iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılacaqlar: - 2007-ci ildə doğulan və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olan şəxslər -1995–2006-cı illərdə doğulan, yaşı 30-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməyən, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları.

Kəlbəcərə düşən güclü dolu selə səbəb oldu

Bu gün Kəlbəcər rayonuna şiddətli dolu yağıb, nəticədə sel hadisəsi baş verib. Sozcu.az Teleqraf-a istinadla xəbər verir ki, təbiət hadisəsi əsasən rayonun mərkəzi və bir neçə kəndində qeydə alınıb. Güclü dolu təxminən 20 dəqiqədən artıq davam edib. Kənd sakinləri bildiriblər ki, rayon işğaldan azad olunduqdan sonra bu cür şiddətli dolu və sel ilk dəfədir müşahidə olunur. Yağıntının təsiri ilə bir sıra küçə və yolları palçıq və su basıb. Hadisə nəticəsində ölən və ya xəsarət alan yoxdur, lakin bir neçə fərdi təsərrüfata ağır yağış nəticəsində ziyan dəydiyi bildirilir.

Mingəçevirdə 41 yaşlı kişinin meyiti tapıldı

Mingəçevirdə küçədə 41 yaşlı kişinin meyiti tapılıb. Sozcu.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə Kür çayının sağ sahilində qeydə alınıb. Küçədə meyiti tapılan şəxsin 1984-cü il təvəllüdlü şəhər sakini Ramin İsmayılov olduğu müəyyən edilib. Əldə edilən ilkin məlumata görə, ölən şəxs həm də içki düşkünü olub. Faktla bağlı araşdırma aparılır.

Kürdə 45, Qarasuçayda isə 63 santimetr artım oldu

Bölgələrdə davam edən intensiv yağıntılarla əlaqədar bəzi çaylarda suyun səviyyəsi artıb. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Böyük Qafqaz ərazisindən axan Qarasuçayda 63 sm, Vəlvələçayda 12 sm, Qudyalçayda 5 sm, Katexçayda 3 sm, Kiçik Qafqaz ərazisindən axan Əsrikçayda 4 sm, Kürəkçayda 3 sm, Zəyəmçayda 2 sm, Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Quruçayda 11 sm artım olub. Bundan başqa, Tərtərçayda 5 sm, Tutqunçayda 3 sm, Kür çayının aşağı axınında Kür-Zərdabda 10 sm, Kür-Surra və Kür-Bankədə 11 sm, Kür-Şirvanda 20 sm, Kür-Salyanda isə 45 sm artım qeydə alınıb.