Şagirdin çantasına girən müəllim cəzalandırıldı

Salyanda məktəblərin birində pulu itən müəllimin şagirdin çantasını yoxlaması barədə məlumat yayılıb. Məsələ ilə bağlı Şirvan-Salyan Regional Təhsil İdarəsi açıqlama yayıb. Bildirilib ki, xoşagəlməz hadisə Salyan şəhər Əliağa Kürçaylı adına 7 nömrəli Texniki və təbiət fənləri təmayüllü liseydə kimya müəllimi ilə 10-cu sinif şagirdi arasında baş verib. Qeyd edilib ki, müəllim çantasında olan pul vəsaitinin şagird tərəfindən götürüldüyünü ehtimal edərək onun pulqabısını yoxlayıb. Bundan xəbər tutan valideyn məktəbə gələrək etirazını bildirib. Bundan sonra təhsil müəssisəsinin rəhbərliyi tərəflərlə söhbət aparıb, bu cür halların birgə müzakirələrlə aradan qaldırılmasının vacibliyini diqqətə çatdırıb. “Təhsilverənlərin etik davranış qaydaları”nı pozduğuna, dərs prosesində buraxdığı nöqsana görə məktəbin Pedaqoji Şurasının 28.10.2025-ci il tarixində keçirilən iclasının qərarı əsasında müəllim barəsində intizam tənbeh tədbiri görülüb.

Suraxanı rayonunda dələduzluq edən şəxs saxlandı

Bakının Suraxanı rayonunda iki nəfər dələduzluqla üzləşdikləri barədə polisə müraciət ediblər. Bu barədə Sozcu.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.  Suraxanı RPİ 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq etməkdə şübhəli bilinən əvvəllər də eyni əmələ görə məhkum olunmuş 27 yaşlı S.Hüseynov saxlanılıb.  Araşdırmalarla o, iki nəfəri maşın satacağı vədi ilə aldadaraq ümumilikdə 12300 manatlarını dələduzluq yolu ilə ələ keçirib.  Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Araşdırma aparılır.

Gəncədə təcili yardım avtomobili qəzaya düşdü

Gəncədə qəza olub. Sozcu.az-ın məlumatına görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan "Mercedes" markalı təcili yardım avtomobili ilə minik maşını toqquşub. Xəsarət alan olmasa da, avtomobillərə ziyan dəyib. Fakt araşdırma aparılır.

Küləkli və yağıntılı hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA

Oktyabrın 29-u saat 19:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisinin bəzi yerlərində küləkli və yağıntılı hava şəraiti müşahidə olunur. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bir sıra ərazilərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti arabir Bakıda və Abşeron yarımadasında 19, Goranboyda 27, Naftalanda 24, Tovuz, Gəncədə 20, Mingəçevirdə 19, Şəkim/s Bərdədə 18, Zəngilan və Kəlbəcərdə 17, Şəmkirdə 16 m/s-dək güclənir. pizza mizza Zaqatala, Balakən, Gədəbəy, Xaçmaz, Qubada arabir yağış yağır.

Sabah Bakıya yağış yağacaq

Bakıda və Abşeron yarımadasında oktyabrın 30-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, 29-dan 30-na keçən gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a verilən məlumata görə, güclü şimal qərb küləyi günün ikinci yarısında mülayimləşəcək. Havanın temperaturu gecə 12-14, gündüz 15-18 dərəcə isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 55-60 % təşkil edəcək. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşam yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 10-14, gündüz 16-20, dağlarda gecə 1-5, gündüz 5-9 dərəcə isti olacaq.

Güclü külək əsəcək - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında, eyni zamanda əksər bölgələrdə oktyabrın 29-u gündüzdən 30-u gündüzədək gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında, Balakən, Qax, Zaqatala, Şəki, Neftçala, Bərdə, Tərtər, Mingəçevir, Ağdam, Yevlax, Gəncə, Samux, Goranboy, Naftalan, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Daşkəsən, Qusar, Xızıda şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək. Bu da narıncı xəbərdarlığa uyğundur. Ölkənin digər bölgələrində isə sarı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Bakıda bu hospitalın 26 milyon manata yaxın vergi borcu var

Paytaxtın Badamdar qəsəbəsində fəaliyyət göstərən Caspian International Hospital MMC-nin külli miqdarda vergi borcu yaranıb. Sozcu.az Teleqraf-a istinadla xəbər verir ki, hospitalın hazırda dövlətə qarşı 25 milyon 898 min 21.66 manat vergi borcu var. Son iki ayda qurumun borcu 1 milyon manata yaxın artıb. Qeyd edək ki, MMC 2013-cü ildən bəri fəaliyyət göstərir. Nizamnamə kapitalı 10 manat olan şirkətin qanuni təmsilçisi Abbasov Cəbrayıl Neymət oğludur. Əlavə olaraq, Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarından aydın olur ki, hospitala qarşı 2010, 2012, 2016, 2019, 2020, 2022, 2023-cü illərdə Vergi Məcəlləsinə uyğun olaraq vergi hesabatını və ya onu əvəz edən arayışı vaxtında təqdim etməməsi səbəbindən toplam 15 hal üzrə ümumilikdə 600 manat maliyyə sanksiyası tətbiq edilib.

Bakı bazarlarında balıq da BAHALAŞDI

Bakıda mal ətinin bahalaşmasının ardınca digər bir sıra məhsulların da qiymətində ciddi artım müşahidə olunur. Sozcu.az xəbər verir ki, bazarlarda balığın da satış qiyməti artıb. Qiymətlərlə tanış olan əməkdaşımız balığın son günlər 2-3 manat bahalaşdığını müşahidə edib. Məsələn, bir-iki həftə öncə 10-11 manata satılan “Forel” balığı indi 12-13 manata təklif olunur. “Çəki” (“Sazan”), “Kütüm”, “Xəşəm”, “Kefal”, Ağ amur” (“Belamur”), "Xanı" və digər daha çox alınan balıqların da qiymətində ən azı 1-2 manat artım baş verib. Satıcılar bildiriblər ki, balığın qiymətindəki artım tələbatdan irəli gəlir. Mal əti 20-22 manata satılmağa başlayandan sonra nisbətən ucuz olan balığa tələbat artıb. Yaranmış vəziyyətdən istifadə edən topdansatış balıq bazarına nəzarət edənlər qiymətləri qaldırıblar.

Məktəblini öldürən şəxs: Dava qız söhbətinə görə idi

Bakı Ağır Cinayətlər Məhkəməsində ehtiyatsızlıqdan sinif yoldaşının ölümündə təqsirləndirilən Adil Həşimovun (adı və soyadı şərti) cinayət işinin bəzi detalları məlum olub. Sozcu.az Pravda.az-a istinadən xəbər verir ki, hakim Nigar İmanovanın sədrliyi ilə keçirilən prosesdə elan edilib ki, hadisə 26 iyul 2025-ci il tarixdə, saat 17 radələrində paytaxt ərazisində yerləşən futbol meydançasında qeydə alınıb. Belə ki, 2008-ci il təvəllüdlü Adil Həşimov qonşuluqda yaşayan zərərçəkmiş Hilal Abışovla (adı və soyadı şərtidir) arasında əvvəldən mövcud olmuş narazılıqlara və qarşılıqlı incikliklərə aydınlıq gətirmək, aralarındakı mübahisəli məqamları izah etmək və ziddiyyətli münasibətlərə son qoymaq istəyib. O bu məqsədlə zərərçəkmişi futbol meydançasından təxminən 30 metr aralıda, məişət tullantıları qablarının yerləşdiyi ağaclıq əraziyə çağırıb. Həmin yerdə baş vermiş münaqişə zamanı təqsirləndirilən şəxs Hilalın sol gicgah nahiyəsinə ardıcıl iki dəfə sağ yumruğu ilə qəsdən zərbə endirib. Bu zərbələr nəticəsində zərərçəkmiş şəxsə sol gicgah sümüyünün sınığı ilə müşayiət olunan, baş beyin maddəsinə, mədəciklərinə və qişalarına qansızma, baş beyinin əzilməsi və ödemi kimi xəsarətlər yetirilib. Hadisədən dərhal sonra zərərçəkmiş şəxs xəstəxanaya yerləşdirilib, lakin həkimlərin səylərinə baxmayaraq, o, aldığı ağır kəllə-beyin travması nəticəsində ölüb. Məhkəmə iclasında Adil Həşimov ona elan olunmuş Cinayət Məcəlləsinin 126.3-cü maddəsində nəzərdə tutulmuş ittiham üzrə özünü təqsirli bilib və ifadəsində göstərib ki, hadisə baş verən gün o, yaşadığı ünvanda yerləşən həyətə çıxaraq uşaqlarla birlikdə futbol oynayırmış. Onun sözlərinə görə, bir qədər sonra Hilal da ora gəlib. Təqsirləndirilən şəxs söyləyib ki, onlar Hilalla hələ 8-ci sinifdə oxuyarkən tanış olub, təxminən bir ildən artıq dostluq münasibətləri saxlayıblar. Lakin sonradan aralarında qız söhbətinə görə fikir ayrılığı yaranıb. Belə ki, Hilal ona əvvəlcədən münasibətdə olduğu qızla danışmaq və onunla münasibət qurmaq istədiyini deyib, təqsirləndirilən şəxs isə buna etiraz edib. Bu hadisədən sonra onların arasında narazılıq yaranıb və müəyyən müddət bir-biri ilə əlaqə saxlamayıblar. Adil Həşimov dindirilərkən qeyd edib ki, hadisədən təxminən 1-2 ay sonra onlar yenidən həyətdə futbol oynayarkən aralarında mübahisə düşüb və bu zaman Hilal onun ünvanına nalayiq ifadələr işlədib: "Baş verən gərginlik nəticəsində Hilalı futbol meydançasından təxminən 30 metr kənarda yerləşən əraziyə çağırdım və orada mübahisə zamanı əsəblərimə hakim ola bilməyərək onun sol gicgah nahiyəsinə ardıcıl iki dəfə yumruqla zərbə endirdim". Təqsirləndirilən şəxs ifadəsində göstərib ki, zərbələrdən sonra Hilal yerə yıxılıb, o isə dərhal onun yanına gələrək ayağa qaldırıb və halını soruşub: "Hilal özünü yaxşı hiss etdiyini bildirdikdən sonra əl sıxaraq ayrıldıq". Eyni zamanda o, məhkəmədə vurğulayıb ki, Hilala vurduğu zərbələrin onun səhhətinə bu dərəcədə ağır nəticə verəcəyini düşünməyib, ölümün baş verməsini istəməyib, hadisədən sarsıldığını və peşman olduğunu bildirib. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 9 il müddətə azadlıqdan məhrum olunub.

Dabaq xəstəliyi yenidən təhlükə saçır — fermerlər üçün vacib çağırış

Mart ayından etibarən Azərbaycanda heyvanlar arasında dabaq xəstəliyi geniş yayılaraq ciddi itkilərə səbəb olub. Son 7-8 ay ərzində fərdi təsərrüfatlarda çoxlu sayda heyvanların tələf olması və xəstəliyin sürətlə yayılması nəticəsində vətəndaşlara külli miqdarda maddi ziyan dəyib. Virusun aktivləşməsi əsasən havaların istiləşməsi dövrünə təsadüf edir və bu zaman daha sürətlə yayılır. Əvvəlki illərlə müqayisədə bu il dabaq virusu o qədər geniş yayıldı ki, insanlar arasında gedən söhbətlərdə bunun süni şəkildə yaradıldığını və arxasında hansısa məqsədlərin ola biləcəyini iddia edən fikirlər dolaşmağa başladı. Bunun nə dərəcədə doğru olması barədə məlumatlı olmadığımı desəm də, müşahidələrimə əsasən qeyd edə bilərəm ki, hər il ildə iki dəfə olmaqla Dövlət Baytarlıq Xidmətinin yerli şöbələri tərəfindən vaksinasiya və peyvəndləmə tədbirləri həyata keçirilir. Peyvəndləmə Dövlət Baytarlıq Xidmətinin reyestrinə düşmüş təsərrüfat sahiblərinə sahə baytarı tərəfindən təklif edilir və məlumatlandırılır. Çox təəssüf ki, bu virusun ciddiyyətini nəzərə almayan bəzi təsərrüfat sahibləri çox hallarda peyvəndləmə prosesindən kənarda qalırlar. İnsanlar əvvəlki illərdə bu xəstəliyin bu dərəcədə tüğyan etdiyini müşahidə etmədiyindən onu ciddi qəbul etməyiblər. Bununla yanaşı, “çiçək” və “qarayara” kimi daha təhlükəli virusların qarşısını almaq məqsədilə də peyvəndləmə prosesi həyata keçirilir. Hər üç peyvəndləmə prosesi dövlət tərəfindən qarşılanır və pulsuzdur. Dərmanlar dövlət tərəfindən təmin edilir. Təsərrüfat sahibləri vaxtında, xüsusilə yaz aylarında məsuliyyətli davranmalı, öz təsərrüfatlarında vaksinasiyaların həyata keçirilməsini təmin etməlidirlər. Sahə baytarının əlaqə nömrəsini götürməli, təsərrüfatındakı heyvanların sayı, iri- və ya xırdabuynuzlu olması barədə məlumat verməlidirlər. Mart ayında dabaq və qarayara, sentyabr ayında isə çiçək virusuna qarşı vaksinasiya aparılmalıdır. Təsərrüfat sahiblərinin üzərinə düşən əsas vəzifə məsuliyyətli olmaq, bu xəstəliklərin ciddiyyətini nəzərə almaq və sahə baytarlarından vaxtında vaksinasiya tələb etməkdir. Dabaq virusunun öz heyvanlarında başladığını müşahidə edən təsərrüfat sahibi ilk anda müalicə-profilaktika tədbirlərinə başlamalıdır. Əgər vaksinasiya aparılmayıbsa, virus çox asanlıqla bütün heyvanlara yayılacaq. Hətta dezinfeksiya prosesi keçirilsə belə. Bu virus heyvanlarda daxili temperaturun artmasına səbəb olur, nəticədə ağız, ayaq dırnaqları və iribuynuzlu heyvanların döş hissəsində yaralar əmələ gəlir. İsti havalarda isə vəziyyət daha da ağırlaşır. Müşahidələrimə əsasən deyə bilərəm ki, xəstəliyi müşahidə edən təsərrüfat sahibi ilk anda iribuynuzlu heyvanlara “Bicillin-5”, xırdabuynuzlu heyvanlara isə “Bicillin-3” vurmalıdır. Proses bir neçə gün davam etdirilməlidir. Heyvanın ağzında yaranmış yaraların sağalması üçün səhər-axşam suya qarışdırılmış “zəy”lə yuyulmalıdır. Həmçinin benzin, marqans və sidikdən də istifadə olunur. Benzin və sidik ayaqlarda, zəy və su qarışığı isə ağız yaralarında daha effektlidir. Proses zamanı heyvanların təmiz havada saxlanması, qapalı şəraitdə olmaması, quru yem və otdan uzaq tutulması vacibdir. Çünki bunlar ağızdakı yaraların sağalmasına mane olur. Müalicə dövründə heyvanlara daha yumşaq qidalar verilməlidir. Nəticə olaraq, təsərrüfat sahibləri məsuliyyətli davranmalı, xəstəliklərin ciddiliyini nəzərə almalı və vaksinasiya prosesinə laqeyd yanaşmalıdır.   Məqalənin müəllifi: Ceyhun Nəbi, Sozcu.az saytının redaktoru

Poliklinikalarda elektron növbə bütün ölkəni əhatə edəcək

Hazırda Azərbaycanda poliklinikalarda elektron növbə ilə bağlı işlər aparılır. Sozcu.az xəbər verir ki, bu fikirləri TƏBİB-in icraçı direktor müavini Anar İsrafilov jurnalistlərə açıqlamasında deyib. O vurğulayıb ki, bu yaxınlarda bir çox tibb müəssisələrində elektron növbə konsepti fəaliyyətə başlayıb. “Tədricən bu layihə bütün ölkəni əhatə edəcək”.

Ramazan ayı bu tarixdə başlayacaq

2026-ci ildə Ramazan ayı fevral ayında başlayacaq. Sozcu.az Metbuat.az-a istinadən xəbər verir ki, müqəddəs ayın fevralın 19-na təsadüf edəcəyi, Ramazan bayramının isə martın 20-də qeyd ediləcəyi gözlənilir. Bəzi mənbələrə görə isə, Ramazan ayı 18 fevral, bayramı isə 19 marta təsadüf edəcək. Xatırladaq ki, bu il Ramazan ayı martın 1-də başlayıb.