Diqqət ! Azərbaycanda bu dərmana qadağa qoyuldu - RƏSMİ

Son zamanlar sosial şəbəkələrdə kardioloji xəstəliklər üzrə həyati əhəmiyyət daşıyan “Varfarin Stada” preparatının idxalında çətinliklər yarandığı və bunun Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən qaynaqlandığı, həmçinin AEM-in bu DV-nin idxalına qadağa qoyması barədə iddialar yayılıb. Sozcu.az xəbər verir ki, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi sözügedən dərmanın ölkəyə idxalının qadağan edilməsi ilə bağlı iddialara münasibət bildirib. Qeyd edilib ki, Səhiyyə Nazirliyi və onun qurumları dərman idxalı ilə məşğul deyillər. Ölkəyə dərman vasitələrini özəl şirkətlər idxal edir: “Konkret “Varfarin”ə gəldikdə isə, bildiririk ki, bu iddialar əsassızdır. “Stada Azerbaycan” MMC tərəfindən Analitik Ekspertiza Mərkəzinə 11 fevral tarixində göndərilən müraciətə baxılıb və onlara yararlılıq müddəti 5 il olan “Varfarin” dərman vasitəsinin idxalına icazə verilməməsinin səbəbi mart ayında verilən cavabda geniş izah edilib. Bildirilib ki, “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununun 9-1.16.2. bəndinə əsasən idxal olunan dərman vasitələri (dövlət qeydiyyatı məqsədilə idxal edilən, sərgidə nümayiş etdirilmək üçün nəzərdə tutulan, nadir hallarda rast gəlinən və spesifik müalicə tələb edən xəstəliklərin müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri istisna olmaqla) dövlət reyestrinə daxil edilmədikdə və ya dərman vasitələrinin idxalına icazə verilənədək dövlət qeydiyyatının qüvvədə olma müddəti bitdikdə dərman vasitələrinin idxalına icazənin verilməsindən imtina edilir. Hazırda adı qeyd edilən dərman vasitəsinin (“Varfarin Stada” 2,5 mq N250) öncəki qeydiyyat vəsiqəsinin qüvvədə olma müddətinin 01.10.2024-cü il tarixdə bitdiyini, eləcə da davam etməkdə olan yenidən qeydiyyat prosesi üzrə verilmiş 03.03.2025-ci il tarixli 27561/24 nömrəli Ekspertiza rəyində sözügedən dərman vasitəsinin yararlılıq müddətinin 3 il olaraq qiymətləndirildiyini nəzərə alaraq, onun əvvəlki qeydiyyat vəsiqəsinə uyğun olaraq istehsal edilmiş partiyalarının idxalı məqsədəuyğun hesab edilmir. Yəni söhbət yararlılıq müddəti 5 il olan DV-nin idxalına icazə verilməməsindən gedir. Bəri başdan qeyd edirik ki, artıq bu dərman vasitəsi aprelin 7-də yeni qeydiyyat vəsiqəsi alıb və yararlılıq müddəti 3 il olan “Varfarin” dərman vasitəsi istənilən qədər idxal edilə bilər. “Varfarin Stada” dərman vasitəsi 07.04.2025-ci ildə DV №25-00442 nömrəli yeni qeydiyyat vəsiqəsi alıb, hansı ki, burada onun yararlılıq müddəti ekspertiza rəyinə əsasən 3 il olaraq qeyd edilib”.

Ötən gün bank kartlarından nə qədər pul oğurlanıb?

Mayın 19-da ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 14195, 6000, 3042, 1065, 1000, 700, 478, 426 manat pul vəsaitləri bank kartlarından oğurlanıb. Sozcu.az xəbər verir ki, bu barədə DİN-dən bildirilib. "Bank kartının üzərindəki CVV/CVC, SMS vasitəsilə göndərilən OTP kodları məxfi məlumatlardır. Bu məlumatlar naməlum şəxslərə verildiyi halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında Sizə zərər vuracaqlar. Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Naməlum zənglərlə, mesajlarla danışıq, yazışma aparılmamalıdır, dərhal bloklanmalıdır", - məlumatda bildirlib.

Azərbaycanda “Son zəng” bu tarixdə keçiriləcək

Bu il ümumi təhsil müəssisələrində "Son zəng" iyunun 14-ü keçiriləcək. Sozcu.az xəbər verir ki, tədbir saat 10-da başlayıb, ən gec saat 12:00-da yekunlaşmalıdır. Tədbirdə bayağı musiqilər səsləndirilməməli, zorakılığı və zərərli vərdişləri təbliğ edən, siyasi, cinsi, dini və irqi ayrı-seçkili məzmunlu ifadələr işlədilməməlidir. Təlimata əsasən "Son zəng” tədbiri müəssisələrdə tədris prosesinə mane olmadan keçirilməlidir. Həmçinin tədbirdə iştirak edən şagirdlərin xarici görkəminin və geyiminin oxuduğu təhsil müəssisəsinin nizam-intizam qaydalarına uyğun və səliqəli olması təmin edilməlidir.

Mayın 23-də pensiyalar tam ödəniləcək

Dövlət Sosial Müdafiə Fondu tərəfindən may ayının 23-də respublika üzrə bütün pensiya və təqaüdlərin ödənilməsi nəzərdə tutulub. Bu barədə Sozcu.az -a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Qeyd edək ki, mayın 7-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyalar ödənilib.

Bu gecə Bakıya leysan yağacaq - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında mayın 19-u axşam və 19-dan 20-nə keçən gecə bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var.

Mirasın əldə edilməsi qaydası dəyişir

Mirasın əldə edilməsi qaydası dəyişir. Sozcu.az xəbər verir ki, bu, Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Mülki Məcəlləyə təklif edilən dəyişiklikdə əksini tapıb. Qüvvədə olan Mülki Məcəlləyə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Layihəyə əsasən, vərəsələr mirasqoyanın ölümü ilə mirası qanun əsasında əldə edəcəklər. Qüvvədə olan qanuna əsasən, mirasa sahiblik etməyə və ya onu idarə etməyə faktik başlamış vərəsə mirasın qəbulu üçün müəyyənləşdirilmiş vaxt ərzində mirasın qəbulundan imtina edə bilər. Bu barədə ərizə ilə o, notariat orqanına müraciət etməlidir. Layihəyə əsasən, vərəsə əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə, mirasdan imtina edilməsinə bu Məcəllənin 1256-cı maddəsində müəyyənləşdirilən müddət ərzində yol veriləcək. Qeyd edək ki, Mülki Məcəllənin 1256-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir.

Şirvanda avtobusda dava: Sürücü dispetçerə vintaçanla xəsarət yetirdi

Şirvan şəhərində sürücü dispetçeri döyüb. Oxu.Az-ın məlumatına görə, hadisə Şirvan şəhəri, Salyan yolu adlanan ərazidə baş verib. 9 saylı marşrut avtobusunun sürücüsü Bəxtiyar dayanacağa daxil olaraq, oradan tez çıxmaq istəyib. Amma dayanacaqda həmin xəttə nəzarət edən dispetçer Azər buna narazılıq edib və digər avtobusun intervalına problem yaradacağını deyib. Sürücü buna görə dispetçer ilə mübahisə edib. Mübahisə zamanı Azər Bəxtiyarı söyüb və bununla da dava başlayıb. Nəticədə Bəxtiyar Azəri vurub və ona vintaçanla xəsarət yetirib. Hadisə yerinə polis əməkdaşları gəliblər və faktla bağlı cinayət işi başlanıb. Məhkəmə Bəxtiyara 1 il 9 ay azadlığın məhdudlaşdırılması cəzası təyin edib.

Kürdə suyun səviyyəsi 33 sm artdı

Avtomat hidroloji stansiyaların saat 9:00-a olan məlumatına əsasən bəzi çaylarda sululuq artıb. Sozcu.az xəbər verir ki, Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Zabuxçayda 12 sm, Bərgüşadçayda 4 sm, Araz çayının yuxarı axınında isə 51 sm artım qeydə alınıb. Transsərhəd çay olan Kür-Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 33 sm artıb, su sərfi 907 m3/san olmaqla normanın 121%-ni, Qanıx-Cəlayir məntəqəsində suyun səviyyəsi 18 sm artıb, su sərfi 369 m3/san olmaqla normanın 182%-ni təşkil edir.

Faktiki hava şəraiti açıqlandı: May ayında Azərbaycana qar yağır

Saat 18:00-a olan məlumata əsasən ölkə əraizisinin bəzi yerlərində küləkli və yağıntılı hava şəraiti müşahidə olunur. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Məlumata əsasən Xaltan, Quba, Qusar, Altıağac, Beyləqan, Xaçmaz, Xınalıq, Daşkəsən, Göygöl, Qobustan, Qrız, Sabirabadda arabir şimşək çaxır, leysan xarakterli yağış yağır. Şahdağda isə qar yağması müşahidə olunur. Şimal-qərb küləyinin maksimal sürəti Bakıda və Abşeron yarımadasında arabir 21 m/s-dək güclənir. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 17, Aran rayonlarında 23, Naxçıvan MR-da 25, dağlıq rayonlarda 17 dərəcəyədək isti qeydə alınır.

Füzuliyə dolu yağdı

Füzuli ərazisində yağışlı hava şəraiti daha sonra rayonun bir neçə yerində dolu yağıntısı ilə əvəzlənib. Sozcu.az xəbər verir ki, bu gün hava şəraiti Füzuli ərazisində də yağıntı ilə müşahidə edilib. Rayonun bir neçə yerinə isə dolu yağıb. Saat 15 radələrində başlayan yağış bir müddət sonra doluya çevrilib. Dolu dənələrinin diametri təxminən 1 santimetrə yaxın olub və bir neçə dəqiqə yağdıqdan sonra yenidən yağışla əvəzlənib. Dolu yağıntısı əsasan Füzuli şəhər mərkəzinə, Haramı düzünün Füzuli rayonu ərazisinə düşən hissəsinə, Kərimbəyli, Şükürbəyli və daha bir neçə kəndin ərazisinə düşüb.

“Milla”da dəhşət: əli sındı, kompensasiya verilmədi

“Milla Dairy” MMC-də çilingər iş zamanı xəsarət alıb. Onun əli sınıb. İşçi buna görə şirkəti günahkar bilib. Sozcu.az xəbər verir ki, çilingər Murad Məmmədov şirkətə məxsus avtomobili təmir edərkən bolt qırılıb və əlindən xəsarət alıb. M.Məmmədov bildirib ki, avtomobilin sürət qutusunun bərkidilmə boltlarının yarasız olması barədə dəfələrlə məlumat verdiyini deyib. Boltların yenisi ilə əvəz olunmasını tələb edib. Məmmədov tələblərini şifahi qaydada etdiyini bildirib. İşin “whatsapp” qrupunda da bu barədə məlumat paylaşıb. Həkimə müraciət edən Məmmədov əlinin sındığını öyrənib. Əlinə gips qoyulsa da sınıq düzgün bitişməyib. O, fizioterapiya ilə müalicəni davam etdirib. Məmmədov şikayətində dəymiş zərərin ödənilməsini tələb edib. Məhkəmə araşdırması zamanı Məmmədovun iş vaxtı xəsarət alması, təhlükəsizlik qaydalarına əməl edilməməsi aydınlaşıb. Lakin hadisədən bir ildən çox müddət keçdiyi üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilib. Qeyd edək ki, “Milla Dairy” MMC ölkədə süd və süd məhsulları istehsal edən böyük müəssisələrdən biridir.Musavat.com)

Vüsal Məmmədov işdən çıxarıldı

Naxçıvan Muxtar Respublikasının Tibb Müəssisələrinin İdarəetmə Birliyinin (TMİB) İcraçı direktoru vəzifəsindən azad edilib. Sozcu.az APA-ya istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Tibb Müəssisələrinin İdarəetmə Birliyinin (TMİB) Müşahidə Şurasının 15 may 2025-ci il tarixli qərarı ilə Vüsal Ələkbər oğlu Məmmədov tutduğu vəzifədən azad edilib.