Bəzi ərazilərə leysan yağır

İyulun 26-sı saat 10:00-a olan məlumata əsasən, bəzi yerlərdə şimşək çaxır, arabir leysan xarakterli yağış yağır. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Düşən yağıntının miqdarı Qaxda 5, Bakıda və Abşeron yarımadası, eyni zamanda Yevlaxda 3, Gədəbəy, Daşkəsən, Naftalan, Şəki, Oğuz, Zaqatala, Tərtər, Bərdə, Qazax, Ağstafa, Şəmkir, Tovuz və Mingəçevirdə 1 mm-dir. İyulun 25-də havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 35, Naxçıvan MR-da və Aran rayonlarında 39, dağlıq rayonlarda isə 29 dərəcəyədək isti qeydə alınıb.

Sənədi var, amma satıla bilməz – Bu torpaq elanlarına ALDANMAYIN!

“Bəzən torpaq sahələrinin qeydiyyatında və hüquqi sənədləşmələrində ciddi uyğunsuzluqlar müşahidə olunur. Bu uyğunsuzluqlar, əsasən, illər öncə aparılmış natamam və ya qeyri-dəqiq sənədləşmələrin nəticəsində meydana çıxır. Vaxtilə buraxılmış texniki qüsurlar bu gün torpaq sahələrinin yenidən araşdırılmasına və təkrar yoxlanmasına səbəb olur. Məhz bu səbəbdən bir çox vətəndaşın əlində olan torpaq sənədləri, torpağın faktiki mövcudluğu ilə uyğun gəlmir və nəticədə ciddi narazılıqlar yaranır”. Bu fikirləri Yenisabah.az-a açıqlamasında əmlak eksperti Elnur Azadov bildirib. Qeyd edib ki, bəzi hallarda kadastr sənədləri vətəndaşlara verilsə də, həmin sənədlərdə koordinatların yanlış göstərilməsi, ölçülərin qeyri-dəqiq olması və torpağın yerləşdiyi real coğrafi mövqeyin düzgün müəyyənləşdirilməməsi nəticəsində ərazilərdə 200-400 metrə qədər fərq qeydə alınır: “Bu cür uyğunsuzluqlar, əsasən, köhnə sənədlərdə daha çox müşahidə olunur. Nəticədə bir çox ərazidə torpaq sahəsi kiçik olsa da, həmin sahəyə bir neçə vətəndaşın iddiası yaranır, çünki torpağın sərhədləri bir-birinin ərazisinə düşür. Belə vəziyyətlərdə torpaq sahiblərinin hüquqları pozulur, bəzən isə bir şəxsin torpaq sahəsi həm yola, həm də qonşulara aid ərazilərə düşür.  Bu cür hallarla qarşılaşan vətəndaşlar aidiyyəti qurumlara müraciət etdikdə, onlara bildirilsə də ki, məsələ araşdırılır və uyğunsuzluq var, praktiki olaraq bu işlər illərlə uzanır və problem öz həllini tapmır. Ərazilərin yenidən ölçülməsi, kadastr xəritələrinin yenilənməsi və müvafiq hüquqi dəqiqləşdirmələrin aparılması isə kifayət qədər vaxt və resurs tələb edir”. E.Azadov vurğulayıb ki, bəzi hallarda torpaq sahələrinin koordinatları o qədər uyğunsuzluqla göstərilib ki, nəticədə həmin sahələr faktiki olaraq bir neçə kilometr sürüşmə ilə başqa bir əraziyə düşür: “Bu sürüşmə torpaq sahəsinin yolun kənarında, meyilli ərazidə və ya çətin relyefli yerdə yerləşməsinə görə daha da dəyişkən ola bilir. Belə hallarda 4-5-6 sotluq fərdi sahələrin sərhədləri bir-birinin ərazisinə qarışır, bəzən isə tamamilə digər şəxslərə məxsus torpağın üzərinə düşür. Bütün bu səbəblər nəticəsində bir çox vətəndaşlar aldıqları torpaq sahəsində ev tikmək, sənədləşmə işlərini tamamlayaraq hüquqi mülkiyyətlərini rəsmiləşdirməkdə ciddi çətinliklərlə qarşılaşırlar. Bu isə onların illərlə yığdığı vəsaiti risk altına atır, eyni zamanda sosial və hüquqi münaqişələrin yaranmasına səbəb olur”.

Sənədsiz evlərin qeydiyyata alınması hansı tikililərə aid olmayacaq? - AÇIQLAMA

Azərbaycanda daşınmaz əmlak obyektləri üzərində hüquqların rəsmiləşdirilməsi ilə bağlı Prezident İlham Əliyevin iyulun 16-da imzaladığı fərman 100 minə yaxın vətəndaşa sənədsiz evlərini qeydiyyatdan keçirmək imkanı yaradacaq. Amma sənədsiz evlərin leqallaşdırılması bəzi tikililərə şamil olunmayacaq. Belə ki, bəzi sənədsiz evlər yüksək təzyiqli qaz kəmərlərinin, neft boru xətlərinin, yüksək gərginlikli elektrik xətlərinin mühafizə zonalarında yerləşir. Həmçinin, sənədi olmayan, dövlət və ya bələdiyyə torpaqlarının zəbt olunması yolu ilə inşa edilən evlərin də qeydiyyatı mümkün deyil və bu tikililərə hüquq tanınmayacaq.  Bəs görəsən, bu evlərlə bağlı hansı addımlar atıla bilər? Sozcu.az xəbər verir ki, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev "Unikal"a açıqlamasında bildirib ki, yaxın gələcəkdə bələdiyyə və digər qurumların ayırdığı torpaqlarla bağlı problemlər öz həllini tapacaq.  Onun sözlərinə görə, ilkin mərhələdə fərman təxminən 2000-ci ilin əvvəllərinə qədər ayrılmış torpaq sahələrində tikilən evlərə şamil olunur: "Yəqin ki, növbəti mərhələdə bələdiyyə və digər təyinatlı torpaqlarla da bağlı olacaq. Bəzi ərazilər var ki, oralar qadağan olunub. Qadağan olunmuş ərazilərdə inşa olunmuş yaşayış evlərinə çıxarışların verilməsi mümkünsüzdür. O zamana qədər ki, həmin əmlak üzərindən qadağan olunma statusu götürülsün. Yəni, əmlak üzərindən hər hansı yüksək gərginlikli elektrik naqilləri və yaxud digər kommunikasiya xətləri keçirsə, onların yeri dəyişdirilərsə, bu halda əmlaklar çıxarışla təmin oluna bilər. Əks halda onlara çıxarışların verilməsi mümkün deyil. Ən böyük problemlərdən biri də neft ərazilərində tikilmiş fərdi yaşayış evləri ilə bağlıdır. Onlar neft buruqlarının ətrafında olduğuna görə bu tip ərazilər çıxarışla təmin oluna bilməyəcək. Bu da böyük sayda əmlakları özündə əks etdirir. Düşünürəm ki, gələcəkdə bununla bağlı hər hansı tədbirlər planı görülə bilər. Ya həmin əmlakların sökülməsi və yaxud çıxarış verilməsə də, vətəndaşlara yaşamaq hüququ verilərsə, yaşama hüququ bir sənəddir. Vətəndaş həmin sənədlə ən azından qeydiyyat və digər problemlərini həll edə bilər".

Temperatur enəcək, leysan yağış yağacaq - Sabahın havası

Azərbaycanda iyulun 25-də bəzi yerlərdə yağış yağacağı gözlənilir. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Belə ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az çiskin olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 23-27, gündüz 34-39 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət isə gecə 70-80 %, gündüz 50-55 % təşkil edəcək. Azərbaycanın əksər rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin səhərdən bəzi şimal və qərb rayonlarında arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi, gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 23-27, gündüz 33-38, dağlarda gecə 13-18, gündüz 22-26 dərəcə isti olacaq.

Bakıda 161 ev sökülür: KONPENSASİYA yoxdur

“Əslində qanun ikitərəflidir. Qanunvericiliyə görə, hər bir vətəndaşın yaşadığı yer toxunulmaz sayılır. Sadəcə vətəndaşlar vaxtilə məlumatsız olub. Görüblər ki, başqaları tikir, onlar da başlayıblar tikməyə. Yəni qanundan xəbərdar olmadıqlarına yaxud vaxtilə belə bir qanun olmadığına görə, bu məsələyə laqeyd yanaşıb. Buna baxmayaraq, hansısa vətəndaş hər hansı bir yerdə uzun müddət məskunlaşırsa, məskunlaşma məsələsi digər qanunlara istinadən tənzimlənir. Amma ən üst qanun odur ki, sən qanunsuz əmlak tikmisən və tikintinin aparıldığı yer qadağan olunmuş ərazidir”. Sozcu.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Elnur Azadov deyib.  Bildirək ki, Nərimanov-Böyükşor və Bakı sərnişin dəmiryolu xətlərinin mühafizə zolağında qanunsuz tikilən evlər sökülür. Hazırda ərazidə 161 qeyri qanuni tikilmiş ev var. Burada ümumilikdə 156 ailə, 543 nəfər yaşayır. Araşdırma göstərir ki, yaşayan şəxslər Azərbaycanın 40 şəhər və rayonunu təmsil edirlər. Onlardan yalnız 12-si keçmiş məcburi köçkün ailəsidir. Dördpendirli pizza Durumu şərh edən ekspert bildirib ki, qanunvericiliyə əsasən, dəmiryolu xətlərinə 60 metrdən yaxın hər hansı bir tikintinin aparılması yolverilməzdir: “Dəmiryolu xətlərinə 60 metrdən yaxın hər hansı bir tikintinin aparılması yolverilməzdir. Yalnız dəmiryolu xətti ilə əlaqədar olan və qanunla tənzimlənən tikililərin inşa olunmasına yol verilir. Sırf buna görə də, gələcəkdə vətəndaşlar hər hansı bir iddia irəli sürməsinlər deyə, çox güman ki, iddianı həmin dövlət təşkilatının özü qaldırıb.  Ona görə də, təhlükə zonasından həmin evlərin sökülməsi ilə bağlı hökumət tərəfindən işlər aparır. Evlərin qanunsuz tikili olmasına görə də sakinlərə təzminat verilmir. Zamanla bələdiyyələrə Nazirlər Kabineti tərəfindən müəyyən sahələr ayrılmışdı. Bələdiyyələr bu torpaqları satdıqdan sonra, başladılar onlara aid olmayan digər ərazilərin də satışına”.  Ekspert vurğulayıb ki, Azərbaycan Respublikasının Tikinti və Şəhərsalma qanunvericiliyə uyğun olaraq, hər 5 ildən bir respublikada olan ərazilərin planlaması aparılmalıdır: “Azərbaycan Respublikasının Tikinti və Şəhərsalma qanunvericiliyə uyğun olaraq, hər 5 ildən bir respublikada olan ərazilərin planlaması aparılmalıdır. Təəssüflər olsun ki, bunu heç kim etməyib. Bu o deməkdir ki, yerli icra qurumları öz ərazilərində olan yeni salınan yaxud salınacaq yaşayış massivləri ilə bağlı aidiyyəti dövlət qurumlarına müraciət etməlidirlər. Bu kimi boşluq isə Azərbaycanın bütün rayonlarında var.  Torpaq təyinatlarının dəyişdirilməsi ilə bağlı keçən il ölkə başçısı tərəfindən fərman verildi. Bu fərmanla vətəndaşlar istifadəsi uyğun olmayan torpaqların təyinatını dəyişə bilərlər. Amma qanunla vətəndaş kənd təsərrüfatı zonasında yaxud sənaye zonasında inşa olunmuş əmlakın yerləşdiyi torpağın təyinatının dəyişdirilməsi ilə bağlı müvafiq quruma (Əmlak Məsələləri Dövlət Xidməti) müraciət edir. Amma ərazinin planlaması düzgün olmadığına görə vətəndaşa mənfi cavab gəlir. Yəni qanun var, tənzimləyici mexanizm var, amma vətəndaş fərdi müraciət etdikdə ona mənfi cavab verilir. Bu icra hakimiyyətinin işidir. Geci-tezi qanunsuz tikililər leqallaşmalıdır. Amma leqallaşdırılacaq o ərazilər ki, orada ziddiyət yoxdur. Yəni kommunikasiya xətlərinin üzərində deyil, dəmiryolu xətlərinə 60 metrdən yaxın deyil və s”.

Leysan olacaq - Meteoroloqlardan 3 günlük XƏBƏRDARLIQ

İyulun 24-də gündüz əsasən Azərbaycanın şimal və qərb rayonlarında, 25-i gündüzdən 26-sı axşamadək isə ölkənin əksər yerlərində fasilələrlə yağış yağacağı gözlənilir. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb. Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.  Bəzi dağ çaylarında sululuğun bir qədər artacağı ehtimal olunur.

Sənədsiz evlərlə bağlı yenilik: 15 gün vaxt veriləcək

"Azərbaycan Prezidenti "Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunda dəyişiklikləri təsdiq edib. Dəyişikliklərə əsasən, hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərlə torpağın kateqoriyası dövlət torpaq kadastrında saxlanılan məlumatlar uyğun gəlmədikdə qeydiyyat orqanının vəzifəli şəxsləri tərəfindən 15 iş günü müddətində yerquruluşu sənədlərinin təhlili yolu ilə araşdırma aparılacaq". Sozcu.az xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, araşdırmanın nəticəsinə əsasən, təqdim edilən sənədlərdə göstərilən məlumatların doğruluğu təsdiq edildikdə, əmlak üzərində hüquqlar dövlət qeydiyyatına alınacaq və dövlət torpaq kadastrında müvafiq düzəlişlər ediləcək: "Yəni, əgər vətəndaş daşınmaz əmlakının qeydiyyata alınması ilə bağlı müraciət edən zaman qeydiyyata məsul olan dövlət qurumunda məlumat fərqli olarsa, o zaman 15 iş günü ərzində dəqiqləşdirmə aparılır. Məsələn, vətəndaşın sənədində torpağın təyinatı tikintiyə icazəyə imkan verirsə, amma dövlət qurumunda olan məlumat bazasında o ərazi kənd təsərrüfatı üçün yararlı torpaq kimi görsənirsə, o zaman məlumatı dəqiqləşdirmək üçün digər profil qurumlara sorğu göndəriləcək. Sorğu zamanı vətəndaşın sənədinin doğruluğu təsdiq olunarsa, həmin daşınmaz əmlak qeydiyyata alınacaq. Bütövlükdə, yeni dəyişikliklər qeydiyyatsız evlərin sənədləşməsi prosesində məlumatların dəqiqləşdirilməsinə xidmət edəcək. Bu həmçinin, mülkiyyət hüquqların tanınması və qorunması baxımdan da vacibdir".

Avtomobil qiymətlərində KƏSKİN UCUZLAŞMA – SƏBƏB

“Qiymətlərin ötən ilə nisbətən daha aşağı olması əlbəttə ki, bizi sevindirir. Ancaq burada diqqət yetirilməli məqam ondan ibarətdir ki, gətirilən hibrid avtomobillərin bir qisminin istehsalçı zəmanəti yoxdur. Onlar Avropa standartlarına uyğun gəlmir”. Bu sözləri Yenisabah.az-a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov deyib. O, bildirib ki, ötən ildən başlayaraq, Çindən də ölkəmizə gətirilən hibrid avtomobillərin sayı artıb: “Bizim ölkəmizə idxal olunan hibrid avtomobillər müxtəlif ölkələrdən gətirilir. Əgər əvvəllər Yaponiya, Cənubi Koreya və Avropa ölkələri üstünlük təşkil edirdisə, ötən ildən başlayaraq, Çindən də ölkəmizə gətirilən hibrid avtomobillərin sayı artıb. Çində bu növ avtomobillərə dövlət subsidiyasının olmasını nəzərə alaraq, qeyd edə bilərik ki, Çindən gətirilən avtomobillərin qiyməti bir qədər ucuzdur. Həmçinin Çindən gətirilən hibrid avtomobillərin bir qismi Avropa üçün nəzərdə tutulmayıb, Çində istismar olunmaq üçün nəzərdə tutulub. Belə avtomobillərin qiyməti də istehsalçı zəmanəti olan avtomobillərdən fərqlənir”.  pizza Ekspert vurğulayıb ki, Çindən gətirilən hibrid avtomobillərin bir qisminin istehsalçı zəmanəti yoxdur: “Qiymətlərin ötən ilə nisbətən daha aşağı olması əlbəttə ki, bizi sevindirir. Ancaq burada diqqət yetirilməli məqam ondan ibarətdir ki, gətirilən hibrid avtomobillərin bir qisminin istehsalçı zəmanəti yoxdur. Onlar Avropa standartlarına uyğun gəlmir. Yalnız Çinin daxili bazarında istismar olunmaq üçün istehsal edilib”.  Qeyd edək ki, ötən Azərbaycana idxal edilən hibrid avtomobillərin orta qiyməti 20.5 min dollar təşkil edib. 2023-cü ildə isə bu rəqəm 29.7 min dollar idi. Elektromobillərin orta qiyməti isə 7.3 min dollar ucuzlaşıb. Belə ki, 2024-cü il üzrə elektromobillərin orta qiyməti 41.3 min dollar olduğu halda, daha öncəki il 34 min dollar olub.

Magistraturaya qəbul üçün keçirilən müsabiqənin nəticələri elan olundu

Ali təhsilin magistratura səviyyəsinə qəbul olunmaq üçün keçirilən müsabiqənin nəticələri elan olunub. Sozcu.az xəbər verir ki, 2025/2026-cı tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunmaq üçün keçirilən müsabiqənin nəticələri Dövlət İmtahan Mərkəzinin saytında yerləşdirib. Bakalavrlar imtahanın nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə ixtisaslaşma seçimi ərizəsi səhifəsindəki “7 rəqəmli kod”u 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər. Marqarita pizza Qəbul olunanların siyahısı sabah günün ikinci yarısında “Magistr” jurnalının 5-ci sayında dərc olunacaq. Müsabiqənin nəticələrinə əsasən, ixtisaslaşma seçimində iştirak edən 15555 bakalavrdan 13446 nəfəri ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunub. Qəbul olunanlardan 5798 nəfər dövlət sifarişi, 7648 nəfər isə ödənişli əsaslarla təhsil alacaq. 9790 nəfər ali təhsil müəssisələrinin cari, 3656 nəfər isə əvvəlki illərin məzunudur. Magistraturaya qəbul olmuş şəxslər 24 iyul – 1 avqust tarixlərində https://portal.edu.az/ platformasında qeydiyyatdan keçərək yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlərdən “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalanların qeydiyyatı”nı seçməlidirlər. Qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanların siyahısından xaric ediləcəklər. Boş qalan plan yerlərinə əlavə yerləşdirmənin vaxtı DİM tərəfindən elan olunacaq.

Azərbaycanda 41 dərəcə isti olub - Faktiki HAVA

Ölkə ərazisində iyulun 22-i saat 10:00-a olan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az -a verilən məlumata görə, ölkə ərazisində yağmursuz hava şəraiti müşahidə olunub, lakin axşam saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağıb, şimşək çaxıb. Düşən yağıntının miqdarı Ceyrançöldə 6, Gədəbəydə 2, Şəmkir və Ağstafada 1 mm-dir. İyulun 21-də şimal-qərb küləyi əsib, küləyin maksimal sürəti Gəncədə 24, Ceyrançöl və Culfada 22, Şəkidə 20, Goranboyda 19, Naftalan və Mingəçevirdə 16 m/s-dək güclənib. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 36, Naxçıvan MR-də 39, dağlıq rayonlarda 32, Aran rayonlarında isə 41 dərəcəyədək isti qeydə alınır.

Nardaranda bir nəfər dənizdə batdı

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində, dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 5 km aralı, nəzarətsiz ərazi) bir nəfərin batması barədə məlumat daxil olub. Sozcu.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Bildirilib ki, məlumatla əlaqədar, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar. Həyata keçirilən tədbirlər nəticəsində meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Pensiyalar bu tarixdə tam ÖDƏNİLƏCƏK

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən iyulun 22-də respublika üzrə pensiyaların tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub. Bu barədə Sozcu.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. Bildirilib ki, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.