Pensiyalar bu tarixdə tam ÖDƏNİLƏCƏK

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən iyulun 22-də respublika üzrə pensiyaların tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub. Bu barədə Sozcu.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. Bildirilib ki, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.

Xəzər dənizinin səviyyəsi rekord həddə endi

Xəzər dənizinin səviyyəsi bütün müşahidə dövrü ərzində ən aşağı həddə enib. Sozcu.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Ümumrusiya Elmi-Tədqiqat Balıqçılıq və Okeanoqrafiya İstitutunun Volqa-Xəzər bölməsi məlumat yayıb. Dəniz səviyyəsinin enməsi xüsusən ən dayaz şimal hissədə, Rusiya və Qazaxıstan akvatoriyasında özünü göstərir. Məlumatda qeyd olunur ki, Xəzər dənizinin səviyyəsi 1990-cı illərin ortalarından başlayaraq enməyə başlayıb. 2020-ci ildən bəri Xəzərin səviyyəsi, demək olar ki, 0.8 metr azalıb. "Azalma dənizdə əsas su mənbəyi olan Volqanın illik axınının zəifləməsi fonunda baş verib. Şirin su axınının azalması davam edir", - Okeanoqrafiya İnstitutunun məlumatında qeyd olunur.

Novxanıda dənizdə iki nəfər batdı

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Abşeron rayonunun Novxanı kəndində dənizdə 2 nəfərin batması barədə məlumat daxil olub. FHN-dən Sozcu.az-a verilən xəbərə görə, məlumatla əlaqədar qurumun Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar. Əlavə məlumat veriləcək.

Azərbaycanda daha bir futbolçu suda boğuldu

Xəbər verdiyimiz kimi, dünən günorta saatlarında Araz çayının Saatlı rayonundan keçən hissəsində Saatlı rayon sakini 2012-ci il təvəllüdlü Ramazanlı Kənan Xəqani oğlu boğularaq vəfat edib. Sozcu.az xəbər verir ki, 13 yaşlı Kənan “Araz Saatlı” futbol klubunun üzvü imiş. O, klubun U-14 komandasında qapıçı mövqeyində çıxış edirmiş. Xatırladaq ki, iyulun 17-də Bakıda da yeniyetmə futbolçu dənizdə çimərkən boğularaq ölüb. “Zirə” futbol klubunun akademiyasının U-16 komandasının üzvü Fərid Şahverdiyev Şüvəlan çimərliyində bədbəxt hadisə nəticəsində həyatını itirib.

Suraxanıda ikimərtəbəli ev yandı

Bakı şəhərinin Suraxanı rayonunda yanğın olub. Sozcu.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 240 m² (hər mərtəbəsi 120 m²) olan ikimərtəbəli 7 otaqlı evin ikinci mərtəbəsində 4 otağın yanar konstruksiyaları və dam örtüyü 120 m² sahədə yanıb. Evin qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hazırda Bakıda 39, Naxçıvanda 40 dərəcə isti var - FAKTİKİ HAVA

İyulun 16-sı saat 10:00-a olan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a verilən məlumata görə, əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin axşam bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan xarakterli yağış yağıb. Düşən yağıntının miqdarı Düşən yağıntının miqdarı Ağstafada 9, Şahdağda 6, Tovuzda 3, Qubada 2, Ceyrançöl, Gədəbəy, Daşkəsəndə 1 mm-dir. Küləyin sürəti İyulun 15-i axşam saatlarında bəzi yerlərdə şimal-qərb küləyi əsib, küləyin maksimal sürəti Ağstafada 25, Şəmkir və Tovuzda 20 m/s dək güclənib. Havanın temperaturu Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 39, Naxçıvan MR-da eyni zamanda Aran rayonlarında 40, dağlıq rayonlarda 32 dərəcəyədək isti qeydə alınıb.

Bu ərazilərə yağış yağır

Azərbaycanda iyulun 15-i saat 16:00-a olan məlumata əsasən hazırda bəzi dağlıq ərazilərdə - Daşkəsən, Gədəbəy, Qusarda qısamüddətli yağış yağır. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 39, Naxçıvan MR-da eyni zamanda Aran rayonlarında 40, dağlıq rayonlarda isə 30 dərəcəyədək isti qeydə alınıb.

Bu tarixdə havanın temperaturu aşağı düşəcək

İyulun 17-dək ölkə ərazisində müşahidə olunan isti hava şəraitinin davam edəcəyi gözlənilir. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumatda qeyd edilib. Bildirilib ki, yaxın iki gündə Bakı və Abşeron yarımadasında havanın maksimal temperaturu 35-38, bəzi yerlərdə isə 40°C-yə qədər yüksələcək. Aran rayonlarında və Naxçıvan Muxtar Respublikasında da istilik 36°C-yə çatacaq. Dağlıq ərazilərdə isə temperatur 28-33°C arasında dəyişəcək. Qeyd edək ki, 17 və 18 iyulda hava temperaturunun 2 dərəcə aşağı düşəcəyi gözlənilir. 19 iyulda isə temperaturun yenidən qalxacağı proqnozlaşdırılır.

Övladının müalicəyə ehtiyacı olan ananın müraciəti!

Mənim oğlum Nihat 2019-cu il təvəllüdlüdür. Tək anayam ancaq işləyib güclə balalarıma baxıram. Oğlum əziyyət çəkir uzunmüddətli müalicə almalıdır. Bir kurs müalicəsi 300 manatdır. Yaşıdlarından geri qalır, heç nəyə reaksiya vermir. Kimin imkanı nəyə çatır kömək etsin. Kapital Bank 5239.1517.3928.6964 Kart anaya aiddir: Orucova Samirə Əlaqə nömrəsi: 070-525-62-03

Məktəbli vəfat etdi

Akademik Zərifə adına liseyin IX sinif şagirdi Mehdi Səmədli dünyasını dəyişib. Sozcu.az xəbər verir ki, bir neçə gün öncə xəstəxanaya yerləşdirilən Mehdinin həyatını təəssüf ki, xilas etmək mümkün olmayıb.

Sabahın havası: Günortaya qədər evdən çıxmayın! - XƏBƏRDARLIQ

Abşeron yarımadasında iyulun 15-də durğun və qızmar diskomfort hava şəraiti gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a verilən məlumata görə sabahkı hava əhali üçün əlverişsizdir. "Günorta saatlarında uzun müddət açıq havada qalmaq məsləhət deyil", - məlumatda bildirilib.

Bulvar idarəsinin rəisinin işi: "Mənə dedilər ki, 5 milyon manat vəsait əldə etmisiniz, onu verməlisən"

“Dənizkənarı Bulvar İdarəsi” Publik Hüquqi Şəxsin İdarə Heyətinin sabiq sədri, həmçinin bayraq meydanının rəisi olmuş İlqar Mustafayev, köməkçisi Rəşad Bədəlov və “GİRASOL” MMC-nin direktoru Fuad Babayevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Sozcu.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Dövlət ittihamçısı Eldar Məmmədov bildirib ki, cinayət işi üzrə ibtidai istintaq zamanı qanun pozuntusuna yol verilməyib, Cinayət Prosessual Məcəllənin müvafiq maddələrinə uyğun olaraq araşdırma aparılıb. Dövlət ittihamçısı cinayət işinin Bakı Ağır Cinayətlər Məhkəməsinə aid olduğunu deyib. O, cinayət işinin məhkəmə istintaqı qaydasında araşdırılmasını istəyib. Təqsirləndirilən şəxslərin barəsində seçilmiş qətimkan tədbirinin qüvvədə saxlanılmasını təklif edib. Daha sonra İlqar Mustafayevin vəkilləri vəsatətlə çıxış edib. Vəkil həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını istəyib. Vəkil bildirib ki, şahidlərə təsir göstərmək mümkün deyil: "Çünki bu cinayət işi audit yoxlaması nəticəsində başlanılıb. İşin araşdırılması zamanı ifadə verən şahidlərin heç biri İlqar Mustafayevin əleyhinə ifadə verməyiblər. Cinayət işi müstəntiqin mülahizələrinidən ibarətdir". Vəkil əlavə edib ki, müvəkkilinin səhhətində də ciddi problemlər var, onun uzunmüddətli həbsdə qalması düzgün olmazdı. Vəkil onun barəsində ev dustaqlığı qətimkan tədbirinin seçilməsini istəyib. Müdafiəçi həmçinin İlqar Mustafayevin dəmir barmaqlıqlar arasında deyil, müdafiəçiləri ilə yanaşı əyləşməsini istəyib. Təqsirləndirilən şəxsin vəkilləri onun dövlət təltifləri olduğunu vurğulayıblar. Daha sonra Fuad Babayevin vəkili çıxış edib. Deyib ki, müvəkkili 11 milyon manatlıq mənimsəmədə ittiham olunur. Vəkil bildirib ki, təqsirləndirilən şəxsin yaşadığı ev, bir torpaq sahəsi və avtomobili var: "Fuad Babayevin əmlakları bundan ibarətdir. Biz bu əmlakların sənədlərini məhkəməyə təqdim edirik ki, 11 milyon manatlıq mənimsəməkdə ittiham olunan şəxsin əmlakları bundan ibarətdir. Əgər belə böyük mənimsəmə də ittiham olunan şəxsin əmlakı daha çox olardı. Biz bu sənədlərin sübutlar siyahısına əlavə olunmasını təklif edirik". Digər təqsirləndirilən Rəşad Bədəlovun vəkili isə cinayət işinin əsassız olduğunu, cinayət işinə xitam verilməsini istəyib. İlqar Mustafayev deyib ki, 18 aydır təzyiqlər altındadır: "Hesablama Palatası 2023-cü ilin dekabrında yoxlamaya başladı. 2024-cü ilin yanvarında yoxlama başa çatdı, mən vəzifəmdən azad olundum. 8 aya yaxın Nazirlər Kabineti yoxlama aparıldı. Avqust ayında məni dəvət etdilər. Orada 4 nəfər var idi. Bunların arasında Vergilər, Bulvar İdarəsinin yeni rəisi var idi. Mənə dedilər ki, 5 milyon manat vəsait əldə etmisiniz, onu verməlisən. Mən də dedim ki, bunu sözlər demək olmaz bunu təsdiqləyən akt hanı? Dedilər ki, ya dediyinizi etməlisən, ya da sənədləri prokurorluğa göndərəcəyik. Elə də etdilər, avqust ayında işimi prokurorluğa göndərdilər. Mən dövlətə, dövlətçiliyə sadiq olmuşam. Məhkəmənin ədalətinə inanıram. Ədalət bərpa olunacaq". Məhkəmə müdafiəçilərin vəsatətlərini təmin etməyib. Dövlət ittihamçısınin işin məhkəmə baxışına verilməsi barədə təklifini qəbul edib. İş məhkəmə baxışına verilib. Məhkəmə baxışı iyulun 28-ə təyin olunub. Qeyd edək ki, “Dənizkənarı Bulvar İdarəsi” Publik Hüquqi Şəxsin fəaliyyətinin yoxlanılması ilə bağlı Azərbaycan Respublikasının Hesablama Palatasından daxil olmuş materiallar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb. İbtidai istintaqla İlqar Mustafayevin “Dənizkənarı Bulvar İdarəsi” Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri vəzifəsində işlədiyi dövrdə köməkçisi Rəşad Bədəlov, “GİRASOL” MMC-nin direktoru Fuad Babayev və qeyriləri ilə cinayət əlaqəsinə girib rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə qurumun ərazisində yerləşən qeyri-yaşayış sahələrinin icarəyə verilməsi, ərazidə kommersiya obyektlərinin fəaliyyətinin təşkil edilməsi, gəmi gəzintiləri və digər bu kimi fəaliyyət sahələrindən əldə edilmiş ümumilikdə 12 milyon manatdan artıq pul vəsaitini vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə mənimsəmələrinə əsaslı şübhələr müəyyən edilib. Bundan başqa İlqar Mustafayevin 1 milyon 800 min manatdan artıq məbləğdə vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmasına və cinayət yolu ilə əldə edilmiş pul vəsaitinin 10 milyon manatdan artıq hissəsini özü və qohumlarının adına əqdlər bağlamaq yolu ilə müvafiq əmlaklar alaraq leqallaşdırmasına əsaslı şübhələr müəyyən olunub. Toplanmış sübutlar əsasında İlqar Mustafayevə Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda törədilməklə mənimsəmə), 193-1.3.2 (xeyli miqdarda törədilməklə cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 213.3 (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı), Fuad Babayev və Rəşad Bədəlova isə həmin Məcəllənin 179.4, 308.2 və 313-cü maddələri ilə ittiham elan edilib. İllqar Mustafayev barəsində istintaq orqanının vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmə qərarı ilə həbs, digərləri barəsində isə istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib. İş üzrə müəyyən edilmiş maddi ziyanın ödənilməsini təmin etmək məqsədilə ümumilikdə 11 milyon manatdan artıq dəyərdə əmlak üzərinə həbs qoyulub.