İrana gedən azərbaycanlı gənc itkin düşdü

Almaniyada yaşayan Azərbaycan vətəndaşı Fərid Qabil oğlu Səfərli İranda itkin düşüb. Sozcu.az Trend-ə istinadən xəbər verir ki, bu barədə onun anası Əskərova Dilarə məlumat verib. O bildirib ki, oğlu fevralın 20-də İrana gedib və martın 4-də müəmmalı şəkildə yoxa çıxıb. Fərid Səfərlinin anası oğlunun İranda saxlanılmasını ehtimal etdiklərini vurğulayıb: “5 martda Almaniyaya qayıtmalı idi. 4 martdan telefonu sönüb, xəbər yoxdur”. Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə bildirib ki, məsələ barədə artıq araşdırma aparılır, məlumat veriləcək.

Tiflisdə gərginlik: xüsusi təyinatlılar müdaxilə edir - Video

Gürcüstan parlamentinin “Xarici agentlər” haqqında qanun layihəsini təsdiqləməsindən sonra bu gün yenidən etiraz aksiyaları davam etdirilib. Sozcu.az xəbər verir ki, bu barədə Vahid Milli Hərəkat Partiyasının üzvü Akakiy Minaşvili məlumat verib. Onun sözlərinə görə, etirazçılar Tiflisin Rustaveli meydanına toplaşmağa başlayıblar: “Gürcüstan vətəndaşları olan fəallar müxtəlif yerlərdən parlamentə doğru hərəkət edirlər. Bu gün saat 19:00-da baş tutacaq genişmiqyaslı aksiyaya müxtəlif peşə və idarələrin nümayəndələri qoşulacaq”. *** Gürcüstan xüsusi təyinatlıları parlamentin qapısı qarşısında etirazçıları dağıtmaq üçün su şırnaqlarından istifadə edib. Etirazçılar qanunverici orqanın binasının darvazalarına yaxınlaşıb.

Zelenski: “Ukrayna əks-hücuma hazırlaşır”

“Ukrayna Silahlı Qüvvələri Baxmutda əks-hücuma hazırlaşır, çünki şəhər mühasirəyə alınmamalıdır”.  Sozcu.az “Gazeta.ru”ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.  “İlk növbədə xalqımız haqqında düşünməliyik, heç kəs mühasirəyə düşməməlidir, çünki bu, çox vacibdir”, - o vurğulayıb.  V.Zelenski əlavə edib ki, Ukrayna hərbçilərin həyatı haqqında düşünməli, eyni zamanda əks-hücuma hazırlaşmalıdır. 

ABŞ rəsmisi: "Azərbaycanla Ermənistanın sülh müqaviləsinin mətnini özlərinin hazırlamasını istəyirik”

"Azərbaycanla Ermənistanın sülh müqaviləsinin mətnini özlərinin hazırlamasını istəyirik”. Sozcu.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono deyib. Onun sözlərinə görə, rəsmi İrəvan və Bakı arasında sülhün yeganə yolu dialoqdur: “Biz uzunmüddətli və balanslı olacaq sülhün bərqərar olması üçün tərəflərlə, həm Ermənistan, həm də Azərbaycan liderləri ilə yaxından işləməkdən başqa yol görmürük. Bizim etməyə çalışdığımız şey sülhə gedən yolu asanlaşdırmaqdır”. L.Bono bildirib ki, tərəflər sülh müqaviləsinin mətnini və şərtlərini özləri hazırlamalıdırlar: “Çünki hər hansı uzunmüddətli, davamlı və balanslı sülh yalnız hər iki tərəfin səyləri ilə mümkündür".

Ramiz Rzayevin yerinə kim gəlir? - İDDİA

Ali Məhkəmənin sədri postunda səlahiyyət müddəti başa çatan Ramiz Rzayev yaxın günlərdə öz postu ilə vidalaşacaq. 70 yaşlı Ramiz Rzayev kollektivlə vida görüşünü keçirib. Gununsesi.info-nun əldə etdiyi məlumata görə, Ramiz Rzayevin yerinə təyin olunacaq şəxsin də kimliyi müəyyən olunub. Bu, Ali Məhkəmə sədrinin birinci müavini Çingiz Əsgərovdur. Qeyd edək ki, uzun illər Prezident Administrasiyasında çalışan Çingiz Əsgərov həm də Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsində səlahiyyətli nümayəndəsi olub.

ABŞ-dan Tiflisə şok xəbərdarlıq: Tərəfdaşlıq pozula bilər!

Gürcüstanda etirazların yatırılmasına görə məsuliyyət daşıyanlar sanksiyalara məruz qala bilərlər. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Ned Prays deyib. Onun sözlərinə görə, Gürcüstan hökuməti “xarici agentlər” barəsində qanun layihəsinə görə vətəndaşların öz etirazlarını dinc şəkildə ifadə etməsinə mane olmamalıdır. “Dinc nümayişçilərin danışmaq hüququ olmalıdır, bu hüquq Gürcüstan xalqı və bütün dünya xalqları üçün mövcuddur”, - Prays brifinqdə deyib. O vurğulayıb ki, Vaşinqton Gürcüstandakı vəziyyəti izləyir: "Birləşmiş Ştatlar sərbəst toplaşmaq və danışmaq hüquqlarını dinc şəkildə həyata keçirənlərin yanındadır", - Prays əlavə edib. O, həmçinin bildirib ki, Gürcüstanda “xarici agentlər” haqda qanunun qəbulu Vaşinqtonla Tiflis arasında tərəfdaşlığa xələl gətirə bilər.

Tbilisidə etirazçılar parlamentin yaxınlığında polisin barrikadasını yarıblar - YENİLƏNİB

Gürcüstanın paytaxtı Tbilisidə etirazçılar parlamentin yaxınlığında polisin qurduğu barrikadanı yarıblar. Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir. Etirazçıları qanunverici orqanın əsas qapısından təxminən 10 metr ayırır. Darvazanın digər tərəfində olan polis əməkdaşları nümayişçilərin üzərinə su tökərək gözyaşardıcı qazdan istifadə ediblər. Etirazçılar “Gürcüstan, Gürcüstan” şüarları səsləndirirlər. Qeyd edək ki, ötən gün Tbilisidə hüquq-mühafizə orqanları parlamentin binası qarşısında etiraz aksiyasını dağıtmaq üçün su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə ediblər. Xüsusi təyinatlılar parlamentin girişinə aparan küçəni bağlayıblar. Parlamentin xarici agentlər haqqında qanun layihəsini birinci oxunuşda qəbul etməsindən sonra minlərlə etirazçı küçələrə axışmaqda davam edir. Daxili İşlər Nazirliyinin nümayəndələri səsgücləndiricilərlə mitinqçilərə xəbərdarlıq edib, əks halda onlara qarşı qanuni tədbirlər tətbiq olunacaq. 07.03.2023. 21:41 Gürcüstanın paytaxtı Tbilisidə hüquq-mühafizə orqanları parlamentin binası qarşısında etiraz aksiyasını dağıtmaq üçün su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə ediblər. "Report" xəbər verir ki, bu barədə Gürcüstanın yerli telekanalları məlumat yayıb. Xüsusi təyinatlılar parlamentin girişinə aparan küçəni bağlayıblar. Qeyd edək ki, parlamentin xarici agentlər haqqında qanun layihəsini birinci oxunuşda qəbul etməsindən sonra minlərlə etirazçı küçələrə axışmaqda davam edir. Daxili İşlər Nazirliyinin nümayəndələri səsgücləndiricilərlə mitinqçilərə xəbərdarlıq edib, əks halda onlara qarşı qanuni tədbirlər tətbiq olunacaq.

Xırdalan internetsiz qaldı – Nə baş verir?

Xırdalanda internet kəsilib. Sozcu.az-ın xəbərinə görə, bu barədə iqtisadçı Samir Əliyev bildirib. “KTV dünəndən Xırdalanda sıradan çıxıb. Nə internet var, nə də TV kanalları işləyir. Zəng vuranda da deyirlər ki, iş gedir, bilinmir nə vaxt düzələcək. KTV-nin interneti onsuz da bərbad işləyirdi. İndi da tamam kəsilib. İnternet isə narkotikadan da betərdir. Onsuz həyat yoxmuş kimidir. Əvvəllər necə yaşamışıq hələ də möcüzə gəlir. Gözləyirik...”, - S.Əliyev qeyd edib.

Bakıda yeniyetmə oğlan itkin düşdü

Bakıda 15 yaşlı oğlan itkin düşüb. Martın 5-də Məmmədov Fərmail Urfan oğlu Daxili İşlər Nazirliyinin "102" zəng mərkəzinə məlumat verərək oğlu 2008-ci il təvəllüdlü Məmmədov Urfan evdən çıxaraq geri qayıtmayıb. Faktla bağlı araşdırma aparılır.

MN: İnsident nəticəsində yaralanan hərbi qulluqçularımıza Rusiya sülhməramlı kontingenti yardım göstərməyib

Təəssüf hissi ilə qeyd edirik ki, martın 6-da Rusiya Federasiyası Müdafiə Nazirliyi dünən Xankəndi-Xəlfəli-Turşsu torpaq yolunda baş vermiş silahlı insidentlə bağlı yaydığı bülletendə faktları təhrif etmiş və həqiqəti əks etdirməyən məlumat yaymışdır. Sozcu.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildiririk ki, martın 5-də operativ məlumatlar əsasında Ermənistandan qanunsuz hərbi daşınmalar həyata keçirən erməni hərbi birləşmələrinin nəqliyyat vasitəsinin Azərbaycan Ordusunun bölmələri tərəfindən saxlanılaraq yoxlanılmasına cəhd göstərilib. Nəqliyyat vasitəsinə yaxınlaşarkən avtomobilin içərisində olan erməni silahlı dəstəsinin üzvləri tərəfindən hərbi qulluqçularımız avtomat silahlardan atəşə tutulmuş və nəticədə iki hərbçimiz şəhid olmuş, biri isə yaralanmışdır. Cavab atəşi ilə qeyri-qanuni erməni dəstəsinin üç üzvü məhv edilmiş və biri yaralanmışdır. Silah-sursatla tam təchiz olunmuş bu hərbi qulluqçuların "pasport və viza" xidməti həyata keçirən polis əməkdaşları kimi təqdim edilməsi riyakarlıqdan başqa bir şey deyildir. İnsident nəticəsində yaralanan hərbi qulluqçularımıza Rusiya sülhməramlı kontingentinin nümayəndələri tərəfindən ilkin tibbi yardımın göstərilməsi və təxliyə edilməsi barədə yayılan məlumat da həqiqəti əks etdirmir. Şəhidlərimizin və yaralı hərbçimizin ərazidən təxliyəsi hərbi qulluqçularımız tərəfindən həyata keçirilmişdir. Üçtərəfli bəyanatın müddəalarına zidd olaraq Ermənistan tərəfindən Azərbaycanın Qarabağ iqtisadi rayonundakı qeyri-qanuni erməni silahlı dəstələrinə silah, sursat, təminat və digər hərbi vasitələrin daşınması davam etdirilir, eləcə də şəxsi heyətin rotasiyası həyata keçirilir. Bu kimi qəbuledilməz halların qarşısının dərhal alınması məqsədilə Rusiya sülhməramlı kontingenti üzərinə düşən vəzifələri yerinə yetirməlidir. Xüsusilə qeyd edirik ki, Ermənistan tərəfindən Azərbaycana qarşı aparılan mina terroru siyasəti hələ də davam etdirilir. Dəfələrlə tərəfimizdən xəbərdarlıq edilməsinə baxmayaraq qanunsuz yollarla Azərbaycana daşınan və ərazimizdə basdırılan minaların qurbanı mülki vətəndaşlarımız və hərbi qulluqçularımız olur. Belə ki, martın 4-də Qarabağ iqtisadi rayonunda baş vermiş mina partlayışı nəticəsində daha bir hərbi qulluqçumuz şəhid olmuşdur. 2021-ci ildə Ermənistanda istehsal olunan minaların Laçın yolundan istifadə edilərək kütləvi şəkildə Azərbaycan ərazilərinə gətirilməsi və basdırılması faktları müəyyən olunmuş, Türkiyə-Rusiya birgə monitorinq mərkəzinin nümayəndələrinin və hərbi attaşelərin həmin əraziyə faktaraşdırıcı səfəri təşkil olunmuşdu. Ermənistanın və qanunsuz erməni hərbi birləşmələrinin bu kimi əməllərinə və hərbi qulluqçumuzun şəhid olmasına cavab olaraq 2022-ci ilin avqust ayında Azərbaycan Ordusu tərəfindən “Qisas” əməliyyatı həyata keçirilmişdir. Bir daha xəbərdarlıq edirik ki, Ermənistan tərəfindən Azərbaycan ərazisinə hərbi təyinatlı yüklərin daşınmasına, Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin göndərilməsinə və rotasiyasına dərhal və birdəfəlik son qoyulmalı, Ermənistan qoşunları ölkəmizin ərazisindən tam çıxarılmalıdır. Əks təqdirdə Azərbaycan tərəfi bütün imkanlardan istifadə etməklə qeyri-qanuni silahlıların tərksilah edilməsi və zərərsizləşdirilməsi istiqamətində qəti zəruri tədbirlər görmək məcburiyyətində qalacaqdır. Ermənistanın bu kimi əməlləri hərbi təcavüzün davam etdirilməsi kimi qiymətləndirilir. Baş vermiş hadisələr və Ermənistanın ölkəmizin suveren ərazilərinə qanunsuz hərbi daşımaları davam etdirməsi Azərbaycan ərazisində olan Laçın yolunda nəzarət rejiminin təmin edilməsinin zəruriliyini bir daha təsbit edir.

Şagird dərsə gecikdiyi üçün döşəmə sildi, tualet xəbərdarlığı edildi

Abşeron rayonunda məktəbli dərsə gecikdiyi üçün cəzalandırılıb. Hadisə rayonun Mehdiabad qəsəbəsində qeydə alınıb. İddia edilir ki, 4 saylı orta məktəbdə dərsə gecikən şagirdə cəza olaraq müəllimi (xanım) məktəbin döşəməsini sildirib. Növbəti dəfə gecikmə olarsa, ona məktəbin tualetinin də döşəməsini siləcəyi barədə xəbərdarlıq edilib. Şagirdin bacısı iddia edib ki, qardaşı döşəməni silərkən müəllimi video da çəkib. Eyni zamanda, müəllim iddia edib ki, şagirdləri belə cəzalandırmaq həmin məktəbin daxili qaydalarıdır. Abşeron-Xızı Regional Təhsil İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, araşdırma aparılır: “İdarənin əməkdaşları məktəbdə olublar. Araşdırma aparılır. Nəticə barədə məlumat veriləcək”.

Akşənər “Altılı masa” ilə bağlı qərarını verdi

15:53 İstanbul bələdiyyə sədri Əkrəm İmamoğlu və Ankara bələdiyyəsinin sədri Mansur Yavaş İYİ Partiyasının sədri Maral Akşənərlə görüş keçirib. Sozcu.az xəbər verir ki, görüş İYİ Partiyasının qərargahında baş tutub. 20 dəqiqlik görüşdən sonra tərəflər mediaya açıqlama verib. Əkrəm İmamoğlu açıqlamasında görüşdən CHP sədri Kamal Kılıçdaroğlunun xəbərinin olduğunu deyib. İYİ Partiyasının sözçüsü Kürşad Zorlu da Maral Akşənərin hər iki bələdiyyə sədrinə Türkiyənin vitse-prezidentləri olmaq təklifini etdiyini bildirib: “Bu təklif sədrimiz tərəfindən Kamal Kılıçdaroğluna da veriləcək”. Zorlu Akşənərin yenidən Millət İttifaqının toplantısına qatılacağının gözlənildiyini deyib. *** İYİ Partiyasının sədri Maral Akşənər “Altılı masa”ya qayıtmaq barədə qərar qəbul edib. Bunu İYİ Partiyasının sözçüsü Kürşad Zorlu deyib. “2 bələdiyyə sədrinin vitse-prezident olması məsələsində Maral Akşənərin təklif irəli sürdüyünü ifadə etmişdik. Kılıçdaroğlu ilə görüş keçirdilər. Akşənər Səadət Partiyasının qərargahında keçiriləcək toplantıya qatılmaq qərarını verdi”, - Zorlu bildirib.