ABŞ-ın Araşdırma Mərkəzi: “Rusiya Ukraynada 200-250 min itki verib“

Rusiya 1945-ci ildən - İkinci Dünya müharibəsindən bəri ən böyük itkilərini Ukraynadakı müharibədə verib.  Sozcu.az “RBK Ukraina”ya istinadən bildirir ki, bu barədə ABŞ-ın Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzi məlumat yayıb.  Bildirilib ki, Rusiyanın Ukraynadakı itkiləri təxminən 200-250 mindir: “Buraya Rusiya Silahlı Qüvvələrinin hərbçiləri ilə yanaşı, “Vaqner” muzdlu hərbi təşkilatının nümayəndələri, qondarma DNR və LNR silahlıları, həmçinin digər qruplaşmalar daxildir”.  Analitiklərin fikrincə, Rusiyanın Ukraynadakı itkiləri əvvəlki münaqişələrdəki, o cümlədən Əfqanıstan, Çeçenistan müharibələrindəki itkilərdən dəfələrlə çoxdur.  Mərkəzin hesabatında bildirilib ki, Kreml Ukraynaya qarşı müharibə ilə bağlı yanlış hesablamalar aparmışdı: “Rusiyada elə bilirdilər ki, ukraynalılar Ukraynadakı mövcud hakimiyyəti və Prezidenti Volodimir Zelenskini dəstəkləməyəcəklər. Ukraynanın uğuru həm də texnika, xüsusilə PUA-larla bağlıdır”. 

Litva Rusiya ilə sərhəddə əcnəbilər üçün qeydiyyat mərkəzini bağlayıb

Litva Rusiya ilə sərhəd yaxınlığında əcnəbilər üçün qeydiyyat mərkəzini bağlayıb. Sozcu.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Bildirilib ki, Kibartay şəhərindəki mərkəzin fəaliyyəti dayandırılandan sonra oradakı miqrantlar Pabrade şəhərindəki digər mərkəzə köçürüləcək. Kibartaydakı mərkəzdə yaşayan qeyri-qanuni mühacirlərə Litva ərazisini tərk etməyərək, 24 saat ərzində mərkəzdən çıxmaq üçün vaxt verilmişdi. “Onlar, çox güman ki, qanunsuz olaraq Litva sərhədini keçiblər, çünki əvvəldən onların məqsədi Qərbi Avropa ölkələrinə keçmək olub”, - xəbərdə deyilir.

Yunanıstanda üç günlük matəm elan edilib

Yunanıstanda bu gün baş vermiş qatar qəzası səbəbi ilə üç günlük matəm elan edilib. Sozcu.az xəbər verir ki, bu barədə yerli “ERT News” xəbər agentliyi məlumat yayıb. Qeyd edək ki, bu gün Yunanıstanda baş vermiş qəza zamanı yük və sərnişin qatarı toqquşub. Qəza zamanı sərnişin qatarında 346 nəfər olub və son məlumatlara əsasən 36 nəfər ölüb, 85 nəfər yaralanıb.

Qobustanda azyaşlının qulağından sırğanı oğurlayan qadın tutulub

Qobustanda azyaşlı qızın qulağından sırğanı oğurlayan qadın tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Sozcu.az-a verilən xəbərə görə, fevralın 14-də Qobustan qəsəbəsində yaşayan bir qadının evində aldadılaraq pulunun və geyim əşyalarının alınması, habelə qohumu olan azyaşlı qızın qızıl sırğalarının soyğunçuluq yolu ilə talanması barədə Qaradağ RPİ-nin 11-ci Polis Bölməsinə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Gülnarə Vəliyeva müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

Zelenski ali baş komandan qərargahını TOPLADI

Ukrayna prezidenti Volodimir Zelenski ali baş komandan qərargahının iclasını keçirib. Sozcu.az "RBK Ukraine"a istinadən xəbər verir ki, müzakirə mövzularından biri Rusiyanın mümkün işğal planları olub. Məlumata görə, görüşdə Ukrayna Silahlı Qüvvələrinin quru qoşunlarının komandanı, qoşunların operativ-strateji qrupunun komandiri Aleksandr Sırski də iştirak edib. “Qərargah üzvləri ümumi əməliyyat vəziyyəti və düşmənin yaxın gələcəkdə hərəkətlərinin xarakterini nəzərdən keçiriblər. İclasda ukraynalı müdafiəçilərin döyüş sursatı və texnikası ilə təmin olunma vəziyyəti, hərbi kadrların xaricdə hazırlığı, xüsusilə müdafiə qüvvələrinin say və ixtisas baxımından ehtiyacları da müzakirə olunub", - deyə məlumatda bildirilib.

Bəxtiyar Hacıyev aclıq aksiyasını dayandırdı

Hazırda həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyev öz təşəbbüsü ilə aclıq aksiyasını dayandırıb. Sozcu.az xəbər verir ki, onun vəkili Aqil Layıc məlumat verib. “Müəssisə rəisi ilə görüşdük. Rəis ona reabilitasiya üçün lazımı şəraitin yaradılacağını, həkim təhkim edəcəyini dedi. Birazdan Bəxtiyar ilkin mərhələdə qida qəbul edəcək”, - deyə o bildirib. Qeyd edək ki, fevralın 23-də istintaq orqanının təqdimatı ilə Bəxtiyar Hacıyevin barəsində seçilmiş həbs qətimkan tədbiri daha 2 aya qədər uzadılıb. Bundan əvvəl isə yanvarın 21-də Xətai rayon Məhkəməsinin qərarı ilə Bəxtiyar Hacıyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 28 fevral 2023-cü il tarixinədək uzadılmışdı. Xatırladaq ki, ötən ilin dekabrın 9-da Xətai rayon Məhkəməsinin qərarı ilə Bəxtiyar Hacıyevin barəsində 1 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdi. Bəxtiyar Hacıyevin barəsində Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) və 289-cu (məhkəməyə hörmətsizlik etmə) maddələri ilə başlanmış cinayət işi başlanıb. Daha sonra ona əlavə olaraq Cinayət Məcəlləsinin 221.2.2-ci (xuliqanlıq) maddəsi və 289.1-ci (məhkəməyə hörmətsizlik) maddələri ilə ittiham verilib.

Rəşad Dağlı ilə bağlı nə qərar olacaq? - RƏSMİ AÇIQLAMA

Ötən il noyabrın 9-da qətl törətdiyi üçün həbs edilən meyxanaçı Rəşad Dağlı barəsində seçilmiş 4 aylıq həbs qətimkan tədbirinin başa çatmasına bir neçə gün qalıb. Sozcu.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, yaxın günlərdə onun barəsindəki istintaqın tamamlanacağı və işin məhkəmə baxışına veriləcəyi gözlənilir. Məsələ ilə bağlı meyxanaçının vəkili Bəhruz Xıdırovla əlaqə saxlasaq da, heç bir açıqlama vermək istəmədiyini bildirib. Baş Prokurorluğun Mətbuat xidmətdindən sorğumuza cavab olaraq qeyd edildi ki, hazırda ibtidai istintaq davam etdirilir və digər xüsusatlar üzrə əlavə məlumat veriləcək. Qaradağ Rayon Məhkəməsindən isə Rəşad Dağlının həbs müddətinin uzadılması ilə bağlı məhkəməyə hər hansı təqdimatın daxil olmadığı deyilib. Xatırladaq ki, Rəşad Dağlının qətl törətməsi cəmiyyətdə böyük rezonans doğurmuşdu. Tanınmış meyxanaçı 2022-ci il noyabrın 9-da Bakıdakı toy məclisindən çıxandan sonra qonşusu İskəndər Mehtiyevlə aralarındakı mübahisəyə aydınlıq gətirmək üçün öz maşını ilə onu evdən götürüb Lökbatan dairəsi yaxınlığına aparmışdı. Maşınında onu 14 bıçaq zərbəsi ilə qətlə yetirdikdən sonra aşağı atmış və polis bölməsinə gedərək təslim olmuşdu. Qeyd edək ki, hadisə baş verən zaman İsgəndər Mehtiyev 2 həftədir ki, həbsdən çıxıbmış. O narkotik ticarətinə görə, əvvəllər dəfələrlə həbs həyatı yaşayıb. 43 yaşlı Mehtiyev digər məşhur meyxanaçı Ələkbər Yasamallının qohumudur. Rəşad Dağlının barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti martın 9-da başa çatır.

“Putini yaxın adamları öldürəcək” - Zelenski

“Putini yaxın adamları öldürəcək”. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski müharibənin bir illiyinə həsr olunan sənədli filmdə deyib. Zelenski bildirib ki, bir gün yaxın ətrafı Putini öldürəcək: "Putin rejiminin kövrəkliyi getdikcə bütün ölkə ərazisində hiss olunmağa başlayacaq. Sonra isə yırtıcılar onu yeyəcək. Onlar qatili, yəni Putini öldürmək üçün səbəb tapacaqlar"

"8 Martda təhsil işçiləri üçün bahalı hədiyyə alınması, külli miqdarda pulun verilməsi pedaqoji dəyərlərə uyğun deyil"

Məktəblərdə pul yığımı ilə bağlı valideyn tərəfindən şikayət olmalıdır ki, bunun qarşısını ala bilək. Bunu elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib. Nazirin sözlərinə görə, bu məsələdə iki hal olur: "Biri məcburetmə, biri də valideynlərin özlərinin təşəbbüsü ilə hədiyyələrin alınması. Bu halda istəyimiz odur ki, bizə şikayət daxil olsun ki, məsələni araşdıra bilək. 8 martda və digər günlərdə valideynlərin təhsil işçiləri üçün bahalı hədiyyə alması və külli miqdarda pulun verilməsi ümumilikdə pedaqoji dəyərlərə uyğun deyil. Onu da nəzərə almaq lazımdır ki, pul və ya hədiyyə qəbulu heç də həmişə müəllimin təşəbbüsü ilə olmur. Təxminən 1,5 milyonluq şagird kütləsindən danışırıq. Arzumuz ondan ibarətdir ki, qadın müəllimləri təbrik etmək üçün bahalı hədiyyə və pul yığımı olmasın. Bəzi hallarda təşəbbüskarı müəllim yox məhz valideynlər edir. Məktəb rəhbərliyi ilə bağlı olanda ölçü götürə bilərik. Amma valideynlərə sadəcə tövsiyə edə bilərik. Bu hərəkət daha çox davranış problemidir. Valideynlər özlərində cəsarət tapıb rüşvət formasında hədiyyə verməməlidir. Yanlış utanmaq hissindən valideynlər müəllimləri maddi dəyəri böyük olmayan, əksinə mənəvi dəyəri çox olan açıqcalarla təbrik etsinlər"./Report

Ermənistanla sülh mümkündürmü? Arif Hacılının “Kavkazski uzel”ə cavabı

Müsavat Partiyasının başqanı Arif Hacılı Azərbaycanla Ermənistan  arasında sülhün yaranmasının mümkün olduğunu bildirib. “Xocalı faciəsi azərbaycanlıların yaddaşından heç vaxt silinməyəcək. 1992-ci il fevralın 25-26-da biz 613 şəhid vermişik… 150 nəfər itkin düşüb, onlar haqqında bu günə qədər heç bir məlumat yoxdur. Amma bu o demək deyil ki, iki ölkə arasında heç bir danışıqlar aparılmamalıdır. Gələcək nəsillər bu faciəni xatırlayacaq. Amma xalqımızın əksəriyyəti sülhün mümkünlüyünə inanır… Təbii ki, iki dövlət arasında sülh müqaviləsi imzalansa, sərhədlər açılsa, diplomatik əlaqələr qurulsa, beynəlxalq hüquqa hörmət olarsa, o zaman iki xalqın dinc yanaşı yaşaması da mümkündür”, – deyə o, “Kavkazski uzel”in müxbirinə bildirib. A.Hacılı qeyd edib ki, hazırda Ermənistanda da  Türkiyə və Azərbaycanla sülh istəyənlərin sayı az deyil. Basta