Makron növbəti seçkilərdə namizəd olmayacaq

Fransa prezidenti Emmanuel Makron ölkənin pensiya sistemində aparılan islahatlar fonunda bildirib ki, daha bir müddətə seçilməyi planlaşdırmadığı üçün reytinqini Fransanın maraqları naminə qurban verməyə hazırdır. “Mən yenidən seçilmək fikrində deyiləm, konstitusiyaya görə bunu edə bilmərəm. Ani ictimai rəy sorğuları ilə ölkənin maraqları arasında mən sonuncunu seçəcəyəm”, - Makron TF1 və “France 2” telekanallarına müsahibəsində deyib. “Qeyri-populyarlıqla üzləşməli olsam da, buna hazıram”, - o əlavə edib. Mənbə: TASS

Azərbaycanda Ramazan ayı başladı

Azərbaycanda Ramazan ayı başlayıb. Sozcu.az xəbər verir ki, Ramazan ayının ilk günü miladi təqvimlə 2023-cü il martın 23-dür. Belə ki, bununla bağlı Qafqaz Müsəlmanları İdarəsi (QMİ) fətva verib. QMİ fətvada bəyan edib ki, İdarənin müvafiq sorğusuna əsasən, Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının 32/201(Ş) saylı 14.12.2022 tarixli cavab məktubuna görə, bu il Ramazan ayının 1-i miladi təqvimlə mart ayının 23-nə təsadüf edir. İslam dininə görə, Ramazan ayında günün işıqlı vaxtı yemək, içmək, siqaret çəkmək və s. olmaz. Bunlardan yalnız uşaqlar, xəstələr, hamilə qadınlar, cəbhədə vuruşanlar, uzaq yola çıxanlar azad olunurlar. Orucluq Ramazan ayında təzə ay çıxandan başlanır və 29-30 gün davam edir. Qurani-Kərimdə yazılır: “Sübh açılınca, ağ sap qara sapdan fərqlənincəyə qədər yeyib için; sonra gecəyə qədər orucunuzu tamamlayın”. Qafqaz Müsəlmanları İdarəsinin hazırladığı Ramazan ayının xüsusi təqviminə görə, ilk Qədr (Əhya) gecəsi aprelin 9-u olacaq. Digər Qədr gecələri isə aprelin 11-i, 13-ü və 17-nə təsadüf edəcək. Şəvval ayının 1-i (aprelin 21-i) Fitr (Ramazan) bayramıdır. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, aprelin 21-i və 22-si Azərbaycanda Ramazan bayramı qeyd ediləcək. Qeyd edək ki, mərhəmət və şəfqət ayı olan müqəddəs Ramazan ayı ərzində iftar süfrələri açmaq, yardım və xeyriyyəçilik etmək, ehtiyacı olanlara, kimsəsiz insanlara, uşaq evlərinə, ahıl və qocalara imkan daxilində köməklik göstərmək Allah nəzərində bəyənilən əməllərdəndir. Quran tilavəti, valideynlərin qayğısına qalmaq, dünyasını dəyişənlərin ruhlarını yad etmək, elm-irfan və ibadətlə məşğul olmaq bu ayda ən böyük savab əməllərdən sayılır.

Erməni hərbçi sərhəddə məhv edilib? - MN-dən açıqlama

19:39 Martın 22-si saat 16:20 radələrində guya Azərbaycan tərəfindən açılan atəş nəticəsində Arazdəyən istiqamətindəki döyüş mövqeyində Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusunun ölümcül yaralanması barədə Ermənistan müdafiə nazirliyinin yaydığı məlumatı qəti surətdə təkzib edirik. Sozcu.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin açıqlamasında deyilir. "Ermənistan müdafiə nazirliyi bu kimi dezinformasiyaları yaymaqla son dövrlərdə ordusunda artan intizamsızlıq nəticəsində baş verən özünəqəsd və digər neqativ halları ört-basdır etmək məqsədini güdür", - Nazirlik qeyd edib.

Rusiyanın itkiləri 167 mini keçdi

Ukrayna müharibənin 391-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 167 490 hərbçi, 3557 ədəd tank, 6887 ədəd zirehli döyüş maşını, 2589 ədəd artilleriya sistemi, 509 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 272 hava hücumundan müdafiə sistemi, 305 ədəd hərbi təyyarə, 290 ədəd helikopter, 5434 ədəd avtomobil texnikası, 2 183 ədəd PUA, 909 qanadlı raket, 18 gəmi/qayıq, 270 xüsusi avadanlıq itirib.

Fransada pensiya islahatı əleyhinə aksiyalarda 855 nəfər saxlanılıb

Fransada pensiya islahatına qarşı keçirilən nümayişlər zamanı 855 nəfər saxlanılıb. Sozcu.az BFMTV telekanalına istinadən xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Jerald Darmanen bildirib. “Cümə axşamı günündən bəri Fransada 855 nəfər saxlanılıb, onlardan 729-u Parisin payına düşür. 843 nəfər həbs edilib”, - o deyib. Bundan əvvəl Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Olivye Veran bildirmişdi ki, Fransa hökuməti pensiya islahatlarına görə tətil edən zavodun işçilərini məcburi şəkildə işə cəlb edir. Paris meriyası parlamentdə səsvermədən yan keçərək hakimiyyət tərəfindən qəbul edilmiş pensiya islahatının səbəb olduğu Fransa paytaxtında etirazların nəticələrini aradan qaldırmaq üçün böhran qərargahı açıb. Daha əvvəl saxlanılanların sayının 310 nəfər olduğu barədə xəbər yayılmışdı. Qeyd edilirdi ki, bəzi şəhərlər, o cümlədən Marsel, Nant, Renn və yerli prefekturalar etirazçılar tərəfindən hücuma məruz qalıb. Xatırladaq ki, Fransa hökuməti martın 16-da parlamentdən yan keçən pensiya islahatını təsdiqləyib. Belə bir qərarın təşəbbüskarı ölkə prezidenti adlanır. Pensiya islahatları fonunda Makronun reytinqi son dörd ilin ən aşağı səviyyəsinə düşüb. Sənəd pensiya yaşının 62-dən 64-ə qaldırılmasını nəzərdə tutur.

İran hərəkətə keçdi: Azərbaycan hədəf göstərilir

İran ordusuna hava hücumundan müdafiə sistemlərinin hazır vəziyyətə gətirilməsi barədə əmr verilib. Sozcu.az xəbər verir ki, bu barədə SEPAH-a yaxın mətbuat qurumları məlumat yayıb. Məlumatda qeyd edilir ki, ölkənin şimal-qərb sərhədlərində (Azərbaycan) baş verən aktivlik səbəbilə HHM sistemləri hazır vəziyyətdədir. Xəbərə görə, Təbrizdən Parsabada qədər manevr edən Dezful bazasının dəstək uçuşları adi patrul rejimindən əməliyyat rejiminə keçirilib.axar

Pakistanlı general pusquya salınaraq öldürüldü

Pakistanın Xayber Paxtunxva əyalətində Xidmətlərarası Kəşfiyyat İdarəsinin zabiti, briqada generalı Mustafa Kamal Barki terrorçuların pusqusuna düşərək həyatını itirib. Sozcu.az xəbər verir ki, bu barədə Pakistan Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, terrorçularla baş verən atışmada Barki və sürücüsü həyatını itirib, 7 hərbçi isə yaralanıb. Hücumun hansı qruplaşma tərəfindən təşkil edildiyi açıqlanmasa da, bu kimi təxribatların “Pakistan Talibanı” tərəfindən planlaşdırıldığı ehtimal edilir.

Ukrayna kəşfiyyatı Krımda “Kalibr” raketlərinin daşınma zamanı məhv olunduğunu açıqlayıb

Ukraynanın işğal altındakı Krım yarımadasının Canköy şəhərində partlayış “Kalibr” qanadlı raketlərini onların daşınması zamanı məhv edib. Bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi (BKİ) teleqramda məruzə edib. “Müvəqqəti işğal altındakı Krımın şimalındakı Canköy şəhərində baş verən partlayış “Kalibr NK” qanadlı raketlərini onların dəmir yolu üzərindən daşınması zamanı məhv edib”, - kəşfiyyatın məlumatında bildirilib. BKİ xatırladıb ki, “Kalibr” qanadlı raketləri Rusiya donanmasının sualtı qayıqları vasitəsilə buraxılış üçün nəzərdə tutulub. “Müəmmalı “partlayış” Rusiyanın demilitarizasiyası prosesini davam etdirir və Ukraynanın Krım yarımadasını işğaldan azad olunmasına hazırlayır”, - BKİ əlavə edib.

Rusiya Ukraynada daha 960 hərbçisini itirdi

Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində daha 960 hərbçisini itirib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Bildirilib ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 166 570 nəfərə çatıb. Həmçinin son sutka ərzində Rusiyaya məxsus 15 tank, 10 zirehli döyüş maşını, 9 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb. Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

SON DƏQİQƏ: Krımda güclü partlayışlar oldu

Bir neçə dəqiqə öncə Krımın Cankoy şəhərində güclü partlayışlar baş verib. Sozcu.az xəbər verir ki, bu barədə Ukraynanın Teleqram kanalları məlumat yayıb.

Kılıçdaroğlunun namizədliyi rəsmən irəli sürüldü

Cümhuriyyət Xalq Partiyasının (CHP) parlament fraksiyası müxalifətin formalaşdırdığı "Altılı masa"nın namizədi Kemal Kılıçdaroğlunun namizədliyini rəsmi olaraq irəli sürüb. Sozcu.az xəbər verir ki, fraksiyanın iclasında deputatlarla yanaşı Kılıçdaroğlunun özü də iştirak edib. İclasda keçirilən səsvermədə deputatlar Kılıçdaroğlunun prezidentliyə namizəd olmasına səs veriblər. Bildirilir ki, Kılıçdaroğlu çərşənbə günü namizədlik ərizəsini Ali Seçki Komissiyasına (YSK) təqdim edəcək.

İran səfirliyi qarşısında AKSİYA - Fəridi azad edin!

İranın Azərbaycandakı səfirliyi qarşısında piket keçirilib. Sozcu.az xəbər verir ki, İranda itkin düşmüş Azərbaycan vətəndaşı Fərid Səfərli ilə bağlı rəsmi Tehrandan informasiya tələb olunub. Yaxınlarının iştirak etdiyi piket iştirakçıları "Fəridi qaytarın!", "Biz məlumat istəyirik!", "Fəridi azad edin!", "Fəriddən xəbər verin!" və s. şüarlar səsləndiriblər. Xatırladaq ki, Almaniyanın Yena Universitetinin tələbəsi 1997-ci il təvəllüdlü Fərid Qabil oğlu Səfərli fevralın 20-də İrana səfərə getdikdən sonra martın 4-dən bəri ondan xəbər alınması mümkün olmayıb. Məlumata aydınlıq gətirilməsi məqsədilə Xarici İşlər Nazirliyi müvafiq olaraq İranın ölkəmizdəki səfirliyinə nota ünvanlayıb.