Ağ Evin baş iqtisadi müşaviri martın 31-də istefa verəcək

Ağ Evin İqtisadi Məsləhətçilər Şurasının sədri Sesiliya Rouz martın 31-də istefa verəcək. Sozcu.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb. Qeyd olunub ki, Rouz əvvəllər İctimai və Beynəlxalq Əlaqələr Məktəbinin dekanı olduğu Prinston Universitetində işə qayıtmağa hazırlaşır. O, gələcəkdə Ağ Evə qayıda biləcəyini istisna etməyib. Cari ilin fevral ayında ABŞ Prezidenti Cozef Baydenin baş iqtisadi müşaviri Brayan Diz də vəzifəsini tərk edib. O da Prinston Universitetində işləməyi planlaşdırır.

Rusiyada güclü partlayış baş verdi

Rusiyanın Rostov vilayətinin Azov şəhərində güclü partlayış baş verib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Teleqram kanalı məlumat yayıb. Partlayışın səbəbi məlum deyil. Hadisənin səbəbləri araşdırılır.

Ordumuz hərəkətə keçdi: XİN isə İrəvana xəbərdarlıq etdi

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən verilmiş məlumata əsasən, 25 mart tarixində Azərbaycan Ordusunun bölmələri Laçın yolunun şimalında torpaq yollarından qeyri-qanuni fəaliyyətlər üçün istifadənin, eləcə də Ermənistan tərəfindən Azərbaycanın ərazilərinə silah-sursat daşımaqla vəziyyətin daha da gərginləşməsinin və potensial təxribatların törədilməsinin qarşısını almaq məqsədilə müvafiq nəzarət tədbirləri həyata keçirib. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. Qeyd olunub ki, son günlər Ermənistandan Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki Ermənistan silahlı qüvvələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınması intensivləşib. Bununla yanaşı, son bir neçə gündə Xankəndi-Xəlfəli-Turşsu və bu marşrutdan şimalda keçən Xankəndi-Kosalar-Mirzələr-Turşsu yollarında ermənilər tərəfindən qeyri-qanuni yol tikinti işlərinin aparılması müvafiq müşahidə vasitələri ilə qeydə alınıb. Azərbaycan tərəfinin çoxsaylı müraciətlərinə və bu xüsusda aparılmış müzakirələrə baxmayaraq silah-sursat və digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması üçün bu günədək heç bir zəruri tədbir görülməyib. Bununla yanaşı, 5 mart tarixində Xankəndi-Xəlfəli-Turşsu yolunda, habelə 20 mart tarixində Zəngilan rayonu istiqamətində Ermənistanın törətdiyi təxribatlar nəticəsində Azərbaycan hərbçilərinin şəhid olması və yaralanması Ermənistanın vəziyyəti qəsdən gərginləşdirmək niyyətini nümayiş etdirib. Qeyd edək ki, Ermənistan tərəfinin sözügedən hərbi təxribatları həmçinin Ermənistan rəhbərliyinin son günlərdə təcavüzkar ritorikası ilə müşayiət olunub. Xüsusilə, Ermənistan Prezidenti, Baş naziri və xarici işlər naziri tərəfindən Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı davam edən bəyanatları, bu ölkənin Azərbaycana qarşı ərazi iddialarından hələ də əl çəkmədiyinin bazir nümunəsidir. Ermənistan tərəfinin bu addımları, son zamanlar sülh sazişi üzrə beynəlxalq səylərin canlanması şəraitində Ermənistanın sülh prosesini məqsədyönlü şəkildə pozmaq niyyətini, eləcə də bölgədə sülh və sabitliyin təmin edilməsində maraqlı olmadığını göstərib. Ermənistanı bölgədə vəziyyəti gərginləşdirən təxribatçı addımlardan və bəyanatlardan, Azərbaycanın daxili işlərinə müdaxilədən çəkinməyə, beynəlxalq ictimaiyyəti çaşdırmaq cəhdlərini davam etdirmək əvəzinə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə çağırırıq. Ermənistan tərəfinin son təxribatları göstərir ki, Azərbaycanın suveren ərazilərində qeyri-qanuni fəaliyyətin qarşısının alınması məqsədilə, Laçın yolunun son nöqtəsində Azərbaycanla Ermənistan arasında sərhəd-keçid və nəzarət məntəqəsinin yaradılması zəruridir.

“Haber Global”: Qarabağda çirkin Rusiya-Ermənistan əməkdaşlığı - VİDEO

Azərbaycan torpaqlarında müvəqqəti yerləşdirilmiş Rusiyanın sülhməramlı kontingenti qeyri-qanuni erməni birləşmələrinə dəstək verir, onların Qarabağa silah daşımalarına imkan yaradır. Bu barədə “Haber Global”ın hazırladığı süjetdə bildirilir. Vurğulanır ki, Azərbaycan Müdafiə Nazirliyi rusiyalı hərbçilərin erməni qruplaşmaları ilə çirkin əməkdaşlığını nümayiş etdirən kadrları yayıb. Ətraflı süjetdə:

Bayden: “Rusiya ilə Çinin yaxınlaşması çox şişirdilib”

Rusiya və Çin arasında yaxınlaşma çox şişirdilib. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Co Bayden Kanadaya səfəri zamanı keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, Amerika Birləşmiş Ştatları ittifaq yaratmaqda maraqlıdır “Mən Çini elə də zəif qəbul etmirəm. Rusiya məsələsində isə düşünürəm ki, biz çox şişirdirik”, - deyə Bayden bildirib. O, Qərbdə koalisiyaların yaradılmasına missal olaraq QUAD, AUKUS, Yaponiya, ABŞ və Cənubi Koreya alyansını göstərib. Amerika lideri gələcəkdə Rusiya ilə Çin arasında münasibətlərə yenidən baxmağa çağırış edib. Bundan əvvəl Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Si Cinpinin Moskvaya səfərinin parlaq keçdiyinə və iki ölkə arasında münasibətlərin yeni səviyyəsini nümayiş etdirdiyinə əminliyini ifadə edib. ABC telekanalı Rusiya prezidenti Vladimir Putinlə Si Tszinpinin Moskvada görüşünün Qərb ölkələrinin üstünlüyünə əsaslanan “dünya nizamının sonu”nu nümayiş etdirdiyini bildirib.

İrana ŞOK ZƏRBƏ - İslam İnqilabı Keşikçiləri Korpusunun obyektləri VURULDU

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) dünən yerli vaxtla saat 13.30 radələrində İrana məxsus bir kamikadze təyyarəsinin Hasəkədə terror təşkilatı İŞİD-ə qarşı beynəlxalq antiterror koalisiyasına aid obyektə hücum etdiyini açıqlayıb. Sozcu.az xəbər verir ki, hadisə nəticəsində bir amerikalı müqaviləli hərbçi ölüb, beş hərbi qulluqçu və bir amerikalı müqaviləli hərbçi yaralanıb. ABŞ-ın müdafiə naziri Lloyd Ostinin açıqlamasına görə, İrana məxsus pilotsuz uçan aparatla hücuma cavab olaraq ABŞ Suriyanın şərqində İslam İnqilabı Keşikçiləri Korpusuna (İİKK, İran Silahlı Qüvvələrinin elit bölmələri) bağlı qrupların istifadə etdiyi obyektlərə hava zərbələri endirib. "Prezident Baydenin göstərişi ilə mən ABŞ Mərkəzi Komandanlıq qüvvələrinə Suriyanın şərqində İran İslam İnqilabı Keşikçiləri Korpusunun qruplaşmalarının istifadə etdiyi obyektlərə dəqiq hava zərbələri endirmək səlahiyyəti verdim. Hava zərbələri hücuma, eləcə də İİKK-ya bağlı qrupların Suriyadakı koalisiya qüvvələrinə qarşı son hücumlarına cavab olaraq həyata keçirilib” - Ostin bildirib. ABŞ-ın hücumunun amerikalı personalı qorumaq üçün edildiyini vurğulayan nazir ölkəsinin eskalasiya riskini azaltmaq və itkiləri minimuma endirmək üçün mütənasib addımlar atdığını bildirib. "Prezident Baydenin dediyi kimi, biz xalqımızı müdafiə etmək üçün bütün lazımi tədbirləri görəcəyik, həmçinin öz seçdiyimiz yerdə və zamanda cavab verəcəyik" - ABŞ-ın müdafiə naziri qeyd edib.

Ermənilər təxribata əl atdı - Mövqelərimiz atəşə tutuldu

Martın 24-ü axşam saatlarında Ordumuzun Azərbaycan-Ermənistan şərti sərhədində və Qarabağ iqtisadi rayonunda yerləşən mövqeləri bir neçə dəfə atəşə tutulub. Müdafiə Nazirliyindən Sozcu.az-a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri müxtəlif çaplı atıcı silahlardan istifadə etməklə Azərbaycan-Ermənistan şərti sərhədinin müxtəlif istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini atəşə tutub. Bundan başqa Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Xocavənd rayonu istiqamətində yerləşən mövqeləri də atəşə məruz qalıb. Bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

MN: Ermənilərin Qarabağda qanunsuz olaraq yeni yollar çəkir - Video

Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində fəaliyyət göstərən qeyri-qanuni erməni silahlı birləşmələri qanunsuz fəaliyyətlərini davam etdirir. Bu barədə Sozcu.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Qeyri-qanuni erməni silahlı birləşmələrinin döyüş mövqelərinə hərbi daşımaların həyata keçirilməsi məqsədilə mühəndis və xüsusi texnikanın cəlb edilməsilə Xankəndi-Xəlfəli-Turşsu yolundan şimalda keçən yeni Xankəndi-Kosalar-Mirzələr-Turşsu yolunun çəkilməsi müəyyən edilib. Ermənistan tərəfinin Azərbaycanın Qarabağ iqtisadi rayonunda qanunsuz fəaliyyətlər həyata keçirməklə üçtərəfli Bəyanatın müddəalarını kobud şəkildə pozması, eləcə də sülhməramlı kontingentin üzərinə düşən vəzifə borcunu yerinə yetirməməsi bölgədə gərginliyin artmasına zəmin yaradır. Bildiririk ki, bu kimi təxribatlar və qanunsuz fəaliyyətlər nəticəsində baş verə biləcək tələfata görə bütün məsuliyyət rəsmi İrəvanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Qarabağa canlı qüvvə və silah daşınır - Video

Martın 24-də növbəti dəfə Xankəndi-Xəlfəli-Turşsu torpaq yolu ilə qanunsuz hərbi daşımaları icra edən kolonun hərəkəti müəyyən edilib. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Rusiya sülhməramlı kontingentinə məxsus 1 ədəd ZTR-82A döyüş maşını, ermənilərə məxsus 3 ədəd tentli KamAZ və üzərində yanacaq çəni olan 1 ədəd KamAZ avtomobilinin hərəkəti texniki müşahidə vasitələrimiz tərəfindən qeydə alınıb. Rusiya sülhməramlı kontingenti tərəfindən həyata keçirilən bu cür fəaliyyətlər üçtərəfli Bəyanatın müddəalarının icrası ilə bağlı üzərlərinə düşən vəzifə borclarının yerinə yetirilməməsidir. Vəzifə və öhdəliklərinin əksinə olaraq Azərbaycanın Qarabağ iqtisadi rayonunda fəaliyyət göstərən qeyri-qanuni erməni dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər maddi-texniki təminat vasitələrinin daşınmasını müşayiət etməklə sərbəst hərəkətinə şərait yaradılması əldə edilmiş razılıqların sülhməramlı kontingent tərəfindən kobud şəkildə pozulması deməkdir. Belə hallara dərhal son qoyulmalıdır. Mütəmadi baş verən bu kimi qeyri-qanuni fəaliyyətlər Laçın yolunun Azərbaycan-Ermənistan sərhədinin son nöqtəsində Azərbaycan tərəfindən sərhəd-keçid və nəzarət məntəqəsinin qurulmasının zəruri olduğunu göstərir.

Fransada etirazçılar meriya binasını yandırdılar - Video

00:29 Fransanın paytaxtı Parisdə pensiya islahatlarına qarşı etiraz aksiyası davam edir. Sozcu.az xəbər verir ki, nümayişlər zamanı 14 nəfər polis tərəfindən saxlanılıb. "Etiraz aksiyası zamanı polis ümumilikdə 2000-dən çox yoxlama həyata keçirib. Bıçaq, pirotexnik vasitələr və fişənglər ələ keçirilib", - məlumatda qeyd olunub. *** Fransada pensiya islahatı ilə bağlı qanun layihəsinin qəbuluna etiraz edən əhali Bordo şəhərinin meriya binasını yandırıb. Bununla bağlı sosial şəbəkələrdə görüntü paylaşılıb. *** Etirazların yatırılması zamanı azı 123 polis və jandarm zabiti yaralanıb, 80-dən çox nümayişçi saxlanılıb. Bu barədə Fransa Daxili İşlər Nazirliyi məlumat yayıb.

Fransada gərginlik: daxili işlər naziri müraciət edəcək

Fransanın daxili işlər naziri Cerald Darmanin təcili bəyanatla çıxış edəcək. Sozcu.az xəbər verir ki, bununla bağlı ölkə mətbuatı məlumat yayıb. Qeyd edək ki, ölkədə artıq bir neçə həftədir əhali pensiya islahatı ilə bağlı qanun layihəsinin qəbuluna etiraz edir, polislə şiddətli toqquşmalar yaşanır.

Rusiyada hərbi texnika üçün mühərriklər istehsal edən zavod yanır - Foto

Rusiyanın Yaroslavl Motor Zavodunda böyük yanğın başlayıb. Sozcu.az xəbər verir ki, bu haqda Rusiya mətbuatı məlumat yayıb. Qeyd edək ki, zavodda hərbi texnika üçün mühərriklər istehsal edilir.