Hakan Fidandan Türkiyə XİN əməkdaşlarına QADAĞA: Bu şəxslərlə nikaha girmək olmaz

Türkiyənin xarici işlər naziri Hakan Fidan nazirlik əməkdaşlarının 20 faizinin əcnəbilərlə evli olmasından narahatdır.  Sozcu.az xəbər verir ki, bu barədə Xarici siyasət analitiki Bərçin Yinanc məlumat verib.  Onun sözlərinə görə, Türkiyə departamentinin rəhbəri bildirib ki, əcnəbi ilə nikahda olan işçilər məsul vəzifələrə təyin edilməyəcək, subay işçilər isə başqa dövlətlərin vətəndaşları ilə ailə qura bilməyəcəklər. 

Rusiyanın müdafiə xətti dağılır - Hesabat

Ruslar Robotino və Urojaynoenin saxlanması üçün xeyli səylər, resurslar və şəxsi heyət sərf edib, ona görə də Ukraynanın bu ərazilərdə əldə etdiyi son uğurlar Rusiya müdafiəsinin deqradasiyasının göstəricisidir. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutunun hesabatında qeyd olunub. Heabatda bildirilib ki, rusların əhəmiyyətli əməliyyat ehtiyatları yoxdur və Rusiyanın öz qüvvələrini çıxarmaq əvəzinə bu məntəqələri saxlamaq üçün intensiv səyləri o deməkdir ki, Ukrayna ordusu hücumdan əvvəl rus bölmələrini tamamilə zəiflədiblər: “Bundan başqa, digər ərazilərdən də rus hərbi qüvvələrinin buraya gətirilməsi onu göstərir ki, Ukraynanın son hücumları əks-hücum başlayandan bəri rotasiya olmadan Zaporojye vilayətinin qərbini müdafiə edən Rusiya qüvvələrinin mövqelərini xeyli zəiflədib. Rusiyanın əməliyyat ehtiyatlarının olmaması o deməkdir ki, rus qoşunları cəbhənin bəzi sektorlarını digərlərinin hesabına gücləndirməli olacaq. Bu da ümumilikdə Rusiyanın müdafiə xətlərini zəiflədəcək və Ukrayna qüvvələrinə bundan istifadə etmək imkanı verəcək”.

Şəmkirdə təhlükəli vəziyyət yaradan elektrik transfarmatoru

Şəmkir rayonu Çinarlı qəsəbəsi Məhəmməd Füzuli və şəhid Murad Xəlilov küçələrinin kəsişməsində elektrik transfarmatoru təhlükəli vəziyyət yaradır. Küçə sakinlərindən biri tərəfindən çəkilmiş videodan görünür ki, elektrik naqillərinin üstü açıqdır və bu təhlükə mənbəyidir. Aidiyyatı qurumları diqqət ayırmağa dəvət edirik ! Sözcü.az

Şəmkirdə şəhid anası vəfat etdi

Bu gün səhər saatlarında şəhid Orucov İsə Razim oğlunun anası Naibə xanım Orucova vəfat edib. Günorta saatlarında şəhid anası yaşadıqları Seyfəli kəndində torpağa tapşırılıb.  Qeyd edək ki, şəhidimiz Orucov İsə Razim oğlu Suqovuşanın, Xocavəndin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 27 oktyabr 2020-ci ildə döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur.  Hər ikisinin ruhu şad olsun ! Sözcü.az

Ukraynada oktyabrda keçirilməli olan parlament seçkiləri təxirə salınıb

Ukraynada oktyabrda keçirilməli olan parlament seçkiləri təxirə salınıb. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna KİV-i məlumat yayıb. Bildirilib ki, buna səbəb Ukraynada hərbi vəziyyətin müddətinin daha 90 gün uzadılmasıdır. Qeyd edək ki, ölkə rəhbəri Volodimir Zelenski hərbi vəziyyətin müddətinin uzadılması ilə bağlı müvafiq fərman imzalayıb.

Ukrayna XİN: "NATO baş katibi təsdiqləyir ki, bizim ərazilərimiz ticarət mövzusu ola bilməz"

“NATO Baş katibi Yens Stoltenberqin Ukrayna ilə bağlı konkret mövqeyi var. O, təsdiqləyir ki, bizim ərazilərimiz alver mövzusu ola bilməz”. Bunu Ukrayna xarici işlər naziri Dmitro Kuleba “1+1 ilə səhər yeməyi” verilişində deyib. D. Kuleba qeyd edib ki, Ukrayna NATO-ya üzv olmaq üçün öz ərazilərindən imtina etməyəcək: “NATO rəsmisi Stian Yensenin və baş katib Stoltenberq fərqli insanlardır. Amma mən baş katiblə əlaqə saxlayıram. Onunla çox yaxın münasibətim var. Sizi əmin edirəm ki, o, Ukraynanın mövqeyini dəstəkləyir”. Nazirin sözlərinə görə, Ukrayna rəhbərliyi ölkəmizin tezliklə NATO-ya daxil olması üçün çalışır. Qeyd edək ki, S.Yensen daha əvvəl Ukraynanın NATO-ya üzvlüyünün həlli yolunun ərazi güzəştləri olduğunu bildirmişdi. Rəsmi Kiyevin mövqeyinə görə, bu, yolverilməzdir.

Nicatın qabırğaları da sınıb - TƏBİB

Avqustun 15-i qəzaya düşən bloger Nicat Mütəllimovda müayinələr zamanı sağ və solda birinci qabırğanın sınığı aşkarlanıb. Sozcu.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib. Qeyd olunub ki, sağ yuxarı ətrafın dirsəkdən amputasiyası diqanozu ilə ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsinə yerləşdirilən pasiyent Nicat Mütəllimovun vəziyyəti stabil olaraq qalır. Müayinələr zamanı pasiyentdə sağ və solda birinci qabırğanın sınığı da aşkar olunub. Hazırda dinamiki müşahidə və müalicəsi davam etdirilir.

Ermənistanın növbəti təxribatının qarşısı alındı

Avqustun 16-sı saat 09:00 radələrində Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərib. Bu barədə Sozcu.az-a Müdafiə Nazirliyindən məlumat verilib.. Təxribatın qarşısının alınması məqsədilə bölmələrimiz tərəfindən açılan atəş nəticəsində kvadrokopter Ermənistan istiqamətində geri qayıtmağa məcbur edilib.

İrandan Xəzər vasitəsilə narkotik keçirmək istədilər

Avqust ayının 12-də Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin qüvvə və vasitələrinin qarşılıqlı fəaliyyəti nəticəsində, Xəzər dənizinin cənub istiqamətində İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına narkotik vasitələrin keçirilməsinin qarşısı alınıb. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Sozcu.az-ya verilən məlumata görə, Xəzər dənizinin cənub istiqamətində dövlət sərhədinin mühafizəsində olan sərhəd gözətçi gəmisi həmin istiqamətə göndərilib və sahilboyu əraziyə sahil nəzarəti bölmələri tərəfindən mühafizə gücləndirilib. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Lənkəran rayonunun Nərimanabad qəsəbəsi ərazisində 1993-cü il təvəllüdlü Sumqayıt şəhər sakini Əliyev Eduard Rəhman oğlu və 1992-ci il təvəllüdlü Masallı rayonu Qodman kənd sakini Əlizadə Nurəddin Şirvan oğlu ümumi çəkisi 11 kiloqram 592,44 qram narkotik vasitə (7 kq 435 qram marixuana, 1 kq 810 qram heroin, 662,44 qram metamfetamin və 1 kq 685 qram metadon M40 narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən həb) ilə saxlanılıb. Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

MN məlumat yaydı: ermənilər təxribata hazırlaşır - Video

Son günlər Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərindəki qeyri-qanuni erməni silahlı birləşmələrinin və Ermənistan silahlı qüvvələrinin qalıqlarının aktivliyi müşahidə olunur. Bu barədə Sozcu.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Ərazidəki qeyri-qanuni birləşmələr və Ermənistan silahlı qüvvələrinin qalıqları tərəfindən döyüş mövqelərinin şəxsi heyət, silah-sursat baxımından gücləndirilməsi, eləcə də yeni müdafiə hədlərinin, səngərlərin, uzun müddətli fortifikasiya qurğularının hazırlanması və əraziyə minaların basdırılması müşahidə olunub. Bundan başqa, qanunsuz hərbi birləşmələrin üzvlərinin Qarabağ iqtisadi rayonunun bir neçə yaşayış məntəqəsində müxtəlif təyinatlı döyüş texnikası, xüsusilə də hava hücumundan müdafiə və radioelektron mübarizə vasitələrini yerləşdirməsi, mülki əhalinin kütləvi şəkildə silahlandırması faktları da məlum olmuşdur. Planlaşdırılmış şəkildə atəş mövqeləri bir çox hallarda yaşayış evlərinin yaxınlığında yerləşdirilir. Qeyd olunan fəaliyyətlərin dayandırılması barədə Azərbaycan tərəfinin tələblərinin dəfələrlə Rusiya sülhməramlı kontingenti vasitəsilə Ermənistan tərəfinə bildirilməsinə baxmayaraq, qeyri-qanuni erməni silahlı birləşmələrinin daha da aktivləşməsi və Azərbaycan ərazilərində intensiv döyüş hazırlığı tədbirlərini həyata keçirməklə yeni təxribatlara hazırlıq işlərini görməsi müşahidə olunur. Bu kimi qanunsuz və təhrikçi fəaliyyətlərin bölgədə gərginliyin artmasına səbəb olduğunu nəzərə alaraq bildiririk ki, baş verə biləcək istənilən hadisələrə görə bütün məsuliyyət məhz Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşəcək.

Putinin səhhəti pisləşdi: Yalnız həkimlər...

Rusiya Prezidenti Vladimir Putin 12-13 avqust tarixlərində özünü pis hiss edib. Sozcu.az xəbər verir ki, bu barədə “General SVR” Teleqram kanalı məlumat yayıb. Bildirilib ki, Putin heç bir iclas keçirməyib, ancaq dərman və hesabatlar qəbul edib: “İstirahət günləri Putin özünü pis hiss edib. Prezidentin şəxsi görüşləri yalnız həkimlər və ən yaxın adamları ilə məhdudlaşıb”.

Ermənilər Azərbaycanın Baş konsulluğunun binası qarşısında aksiya keçirir

Ermənilər Azərbaycanın Los-Ancelesdəki Baş konsulluğunun binası qarşısında aksiya keçirir. Sozcu.az xəbər verir ki, qondarma iddialarla keçirilən aksiya Los-Ancelesdəki erməni icması tərəfindən təşkil olunub. Aksiya iştirakçıları Laçın yolunun açılması və Qarabağda yaşayan ermənilərin “blokada”dan çıxarılmasına çağırış edən absurd şüarlar səsləndirirlər. Onlar Konsulluq binasına girişi bağlayıb, çadırlar qurublar. Qeyd edək ki, Azərbaycan hökuməti Laçın yolunun humanitar məqsədlər üçün açıq olduğunu dəfələrlə bəyan edib. Qarabağda yaşayan erməni əhalinin Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə Laçın sərhəd-buraxılış məntəqəsindən hər iki istiqamətə sərbəst keçidi üçün şərait yaradılması bunu bir daha sübut edir.