Ağır döyüşlər gedir, xeyli ölümüz var - Sevyandan şok etiraf

Bir neçə dəqiqə əvvəl mənə xəbər verdilər ki, Vardenis və Sotk istiqamətində şiddətli döyüşlər gedir. Sozcu.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə keçmiş erməni döyüşçü Aşot Sevyan danışıb. “Vardenis yaxınlığında çox vacib bir yüksəklik var, indi düşmənin niyyəti həmin yüksəkliyi ələ keçirməkdir. Əgər o yüksəkliyi tuta bilsələr, o zaman ümumiyyətlə Vardenis və Sotku unutmalıyıq. Bizim çoxlu ölən və yaralımız var. Ancaq bizim uşaqlar hələ də müqavimət göstərməyə çalışırlar. Düşmənin planları arasında Göyçə gölünün şərq sahilindəki hakim yüksəklikləri tutmaq var. Onlar bu barədə 44 günlük müharibə vaxtı demişdilər ki, özlərinin tarixi torpaqlarına gələcəklər”, – deyə o bildirib.

Vəziyyət gərginləşir: ermənilər əlavə döyüş texnikası cəmləşdirir

Sentyabrın 1-i səhər saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod yaşayış məntəqəsi istiqamətində yerləşən bölmələri Azərbaycan Ordusunun Kəlbəcər istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlar, minaatanlar, artilleriya qurğuları və zərbə PUA-larından atəşə tutmaqla bölgədə vəziyyəti gərginləşdirir. Bu barədə Sozcu.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Bundan başqa, Ermənistan tərəfi Basarkeçər rayonunun Zod yaşayış məntəqəsi istiqamətindəki mövqelərinə əlavə döyüş texnikası və canlı qüvvə cəmləşdirir. Ermənistan tərəfi növbəti təxribatlar üçün zəmin yaratmaq məqsədilə dezinformasiya xarakterli məlumatlar yayır və beynəlxalq ictimaiyyətdə yanlış fikir formalaşdırmağa çalışır. "Bildiririk ki, yaranmış gərginliyə və onun fəsadlarına görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür", - nazirlikdən qeyd olunub.

PUA tətbiq edildi: daha 2 hərbçimiz yaralandı - Təcili

Sentyabrın 1-i səhər saatlarında Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətindəki bölmələri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisində yerləşən mövqelərinə qarşı zərbə PUA-sı tətbiq edilib. Bu barədə Sozcu.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Nəticədə daha iki hərbi qulluqçumuz yaralanıb. Hazırda qeyd olunan istiqamətdə bölmələrimiz tərəfindən qətiyyətli cavab tədbirləri görülür.

Erməni təxribatı: hərbçimiz yaralandı - Ordumuz tədbir görür

Ermənistan silahlı qüvvələri bölmələrinin Basarkeçər rayonunun Zod yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən açılan atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Məhəmməd Ramiz oğlu Tağıyev yaralanıb. Bu barədə Sozcu.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Qarşı tərəfin təxribatı nəticəsində yaralanan hərbi qulluqçumuza dərhal ilkin tibbi yardım göstərilib və o, hərbi tibb müəssisəsinə təxliyə edilib. Hazırda qeyd olunan istiqamətdə mövqelərimizin atəşə tutulması davam edir. Bölmələrimiz tərəfindən cavab tədbirləri görülür. Bildiririk ki, Ermənistan tərəfinin törətdiyi təxribatın nəticələrinə görə bütün məsuliyyət məhz bu ölkənin hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Təcili: Arutyunyan "istefa" verdi və müraciət yaydı

Azərbaycanın Qarabağ iqtisadi rayonunun rus sülhməramlıların müvəqqəti məsuliyyət zonasında fəaliyyət göstərməyə çalışan terrorçu-separatçıların başçısı Araik Arutyunyan "istefa" verib. Sozcu.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə səhifəsində yazıb. Araik “istefası” ilə bağlı sosial şəbəkə hesabında müraciət yayıb. Müraciətində bildirib ki, 2020-ci ilin mayında “prezidentlik” fəaliyyətinə başladıqdan sonra “arsax”ın “sərhədlərini” gücləndirməyə başlayıb, amma 44 günlük müharibə ərzində Azərbaycan qalib gəlib. “Əlbəttə ki, məğlubiyyətin bütün günahını dörd aylıq “prezidentin” üzərinə yıxmaq olar və mən məsuliyyətdən qətiyyən yayınmıram, amma inanın ki, bizim hər birimizin öz statusuna görə məsuliyyət payı var idi. Hər halda, mən bir neçə dəfə bəyan etmişəm, indi də günah payıma görə erməni xalqından bir daha üzr istəyirəm”, - separatçı bildirib. Arutyunyan müraciətində "istefası"ndan öncə son "sərəncam"la "dövlət naziri" Qurgen Nersisyanı da "vəzifəsindən" azad etdiyini, onun yerinə "tş katibi" Samvel Şahramanyanı təyin etdiyini və ona "böyük səlahiyyət" verdiyini qeyd edib: “Mən Qurgen Nersisyana minnətdarlığımı bildirirəm və bunun 2020-ci ildə əvəzolunmaz olduğunu vurğulamaq istəyirəm”. Arutyunyan istefasından sonra da Qarabağda yaşayacağını bildirib: “Mən ailə üzvlərimlə “arsax”da yaşamağa davam edəcəyəm. Mənim bu addımım həm də “arsax”da daxili sabitliyin və möhkəm ictimai asayişin təmin edilməsinə yönəlib. Bütün ehtimallara baxmayaraq, bizim daxili sabitliyimiz və ictimai həmrəyliyimiz bütün uğurun ilkin şərtidir və ondan hər hansı bir sapma və ya yayınma cəhdi istisna edilməlidir”. Qeyd edək ki, Arutyunyan "istefa" ərizəsini sabah qondarma "parlamentə" təqdim edəcəyini bildirib. Xatırladaq ki, Arutyunyanın "səlahiyyətlərini" S.Şahramanyan icra edəcək.

İcra Hakimiyyəti şəhid bulağına sayğac qoydurdu

İmişli rayonunda şəhid bulağına sayğac quraşdırılıb. İddia olunur ki, bu haqda İmişli rayon İcra Hakimiyyəti əmr verib. Sozcu.az xəbər verir ki, məlumatı tanınmış televiziya aparıcısı Amil Xəlil verib. Hadisə barədə paylaşım edən aparıcı bunu rəzalət adlandırıb: "Hadisə İmişli rayonunda baş verib. İnanıram ki, Bakıdakı baş ofislərin hadisədən məlumatı yoxdur. Belə ki, şəhid qardaşımız Mayıl Qurbanovun adına anası bulaq hazırladıb, məzarını yeniləyib. Bulaq üçün təbii ki, su lazımdır. Ana da bunun üçün aidiyyəti orqanlara müraciət edib. Həm su idarəsi, həm də işıq idarəsi ananın istəyini yerinə yetirir, bulağa həm su verilir, həm də ətrafına işıq çəkilir. Lakin ana bu zaman həyatının şokunu yaşayır, məlum olur ki, həm işığa, həm də suya görə sayğac quraşdırılıb. Rəzalətə, biabırçılığa baxın! İşıq idarəsində, su idarəsində bir məmur yox idimi ki, desin aylıq gələn pulu özüm ödəyərəm, çünki şəhid mənim yolumda canından keçib. Necə anaya aparıb sayğac kartını verə bilmisiniz?! Anaya necə demək olar ki, buyur bu da mənim uğrumda döyüşüb həyatını itirən övladının sayğacının kartı... Vallah, bu, biabırçılıqdır". A.Xəlil heç bir şəhid bulağında sayğacın olmadığını bildirib və bu işdə əli olanların cəzalandırılmasını tələb edib: "Mən maraqlanmışam, heç bir şəhid bulağında sayğac yoxdur. Fikrimcə, aidiyyəti qurumların vəzifəli şəxslərinin bundan xəbəri yoxdur. Çünki şəhid adı verilən bütün küçələr pulsuz işıqlandırılır. Bu məsələdə əli olan şəxslər, İmişlidə  imza atıb sayğacı yerləşdirənlər cəzalandırılmalıdır yaxud valideyndən üzr istənməlidir. İnanıram ki, məsələ həllini tapacaq".

“Üç ildir ki, əlillik dərəcəsi ala bilmirəm” - Qarabağ qazisi

Tarixi 44 günlük İkinci Vətən Müharibəsində igidlik göstərmiş, qanı ilə qəhrəmanlıq dastanı yazmış oğullardan biri də biləsuvarlı Qafur Hafiz oğlu Hüseynlidir. Keçmiş hərbçi, gizir və İkinci Vətən Müharibəsindən, yaralanmasından az qala üç il keçməsinə baxmayaq, hələ də əlillik haqqını ala bilməyən Vətən sevdalısı Qafur Hüseynli... Qafur 1995-ci ilin oktyabr ayının 22-də Biləsuvar rayonunun Çaylı kəndində sadə, zəhmətkeş bir ailədə dünyaya gəlib. Orta məktəbi bitirdikdən sonra, 2013-cü ildə həqiqi hərbi xidmətə çağırılıb və Naxçıvan Muxtar Respublikasında (NMR) yerləşən “N” saylı hərbi hissələrindən birində həqiqi hərbi xidmət keçib.  Həqiqi hərbi xidmətini başa vurduqdan bir müddət sonra evinə, ailəsinə dönüb. 23 oktyabr 2016-cı ildə isə gizir və tank komandiri olaraq, yenidən Ordu sıralarına yazılıb, hərbçi kimi xidmətə başlayıb. Və bir Vətən sevdalısı, hərbçi, Gizir kimi İkinici Vətən Müharibəsinin ilk günündən, ilk saniyəsindən də cəbhənin ən ağır nöqtələrində olub. Tərtər-Ağdərə, Talış-Suqovuşan istiqamətlərində döyüşüb, vuruşub, qəhrəmanlıqlar, igidliklər nümayiş etdirib.  Talış-Suqovuşan istiqamətində, oktyabrın ayının 21-də qanlı döyüşlərin birində isə sağ ayağından ağır şəkildə yaralanıb, barmağının biri travmatik şəkildə qopub, digər barmağı isə kəsilib. Həmçinin, ağır kəllə-beyin travması, kontuziya alıb.  Əməliyyatdan, uzun müddət müalicə-müayinələrdən keçib. Qazimizin igidliyi, qəhrəmanlığı dövlətimiz, Ali Baş Komandan tərəfindən də dəyərləndirilib, “Cəsur döyüşü” medalı ilə təltif edilib. Evli, ailəli olan qazimizin hazırda da səhhəti tam düzəlməyib, yaxşı deyil. Ancaq çox təəssüflər olsun ki, üç ilə yaxın müddətdə Qafur haqqı olan əlillik dərəcəsini ala bilmir. Digər qurumlardan müsbət rəy verilsə də, daha doğrusu, əlillik almasına heç bir maneənin olmadığı bildirilsə də, amma hər dəfə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasından imtina çavabı alır. Ona əlillik dərəcəsi verilməsindən imtina olunur. Bu isə Vətən yolunda sağlamlığını qurban vermiş, iki barmağını itirmiş Qazimizi dərindən üzür, çox məyus edir, incidir... Qafur Hüseynlinin dediklərindən: “Üç ilə yaxındır qanuni, halal haqqım olan əlillik dərəcəmi ala bilmirəm. Üç ildir yollarda qalmışam. Onsuz da kəllə-beyin travması, kontuziya almışam, ötən müddətdə isə üzləşdiyim haqsızlıqlardan olan-qalan əsəbim də gedib. Bütün əsəblərim pozulub. Səhhətim yaxşı deyil, özümü yaxşı hiss etmirəm. Axı, nəyə görə əlillik haqqım verilmir, tanınmır? İki barmağımı itirmişəm, normal yeriyə bilmirəm…Bundan böyük problemim olmalıdır ki, əlilliyimi versinlər? Niyə bu qədər məsuliyyətsizlik haqsızlıq edirlər? Bugünədək işim-gücüm də yoxdur. Ailəliyəm, ailəmi dolandırmalıyam… Ancaq nə ilə, hansı pulla? Müalicə-müayinə olunmalıyam, ancaq nə ilə, hansı vəsaitlə? Ona görə müvafiq qurumlardan bu ədalətsizliyə, haqsızlığa son vermələrini xahiş və tələb edirəm. Heç nə istəmirəm, sadəcə, istəyirəm ki, əlillik Haqqım tanınsıın!”  A.Zeynalov  Məqalə Jurnalist Araşdırmaları Mərkəzinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Regionlarda yaşayan şəhid ailələri və müharibə əlillərinin sosial problemlərinin həllinə dəstəyin göstərilməsi, tədbirlərin təşkili” layihəsi çərçivəsində hazırlanmışdır. 

Gömrük Komitəsinin əməkdaşı həbs edildi

Gömrük Komitəsinin əməkdaşı külli miqdarda rüşvətə görə həbs edilib. Bu barədə Sozcu.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Dövlət Gömrük Komitəsinin Mərkəzi Gömrük Ekspertizası İdarəsinin eksperti vəzifəsində işləyən Aslan Bayramovun qanunsuz əməlləri barədə həmin Komitədən daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət işi başlanıb. Aparılmış istintaq-əməliyyat tədbirlərilə Aslan Bayramovun qeyd edilən vəzifədə işləyərkən ayrı-ayrı şəxslərdən rüşvət qismində aldığı 13 min 500 manat məbləğində pul vəsaiti müqabilində vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İstismar olunan minik avtomobillərinin Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsinin məhdudlaşdırılması haqqında” 29.03.2023-cü il tarixli qərarının tələblərini pozmaqla vəzifə saxtakarlığı törətməsinə, yəni 2023-cü ilin may-avqust aylarında Gürcüstandan Azərbaycana idxal olunmuş istehsal tarixi 10 ildən artıq olan ümumilikdə 45 avtomobilə aid sənədləri saxtalaşdıraraq qanunsuz rəsmiləşdirməsinə əsaslı şübhələr müəyyən edilib. İş üzrə toplanmış sübutlar əsasında Aslan Bayramov Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 (təkrar rüşvət alma), 311.3.3 (külli miqdarda rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində məhkəmənin qərarilə həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə əhəmiyyət kəsb edən halların, cinayətlərin törədilməsində hər hansı formada iştirak etmiş şəxslərin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirlərinin həyata keçirilməsi davam etdirilir.

Generalın cinayət işi: büdcəyə 40 milyon ödətdirildi

Müdafiə Nazirliyinin Maliyyə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədovun da ittiham olunduğu cinayət işi üzrə istintaqın ona aid hissəsi yekunlaşdırılıb. İşin N.Məmmədova aid hissəsi ayrılaraq baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib. Sozcu.az xəbər verir ki, bu barədə Trend-ə sabiq generalın vəkili Rəşad Mirmehdizadə məlumat verib. Vəkil qeyd edib ki, Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə istintaq müddətində müvəkkili və digər təqsirləndirilən şəxslər tərəfindən ümumilikdə 40 milyon manata yaxın vəsait dövlət bübcəsinə ödənilib və bu proses davam edir. "Barəsində məhkəməyə göndərilən 128 cild cinayət işi ilə Nizami Məmmədov ağır sağlamlıq durumu ilə əlaqədar çox çətinliklə tanış ola bilib və bəzi vəsatətlər verib. Hazırda Bakı Hərbi Məhkəməsində məhkəmə baxışının başlanılması gözlənilir" - deyə, R.Mirmehdizadə əlavə edib. Qeyd edək ki, bir müddət əvvəl Dövlət Təhlükəsizliyi Xidmətində başlamış silsilə araşdırmalar üzrə Müdafiə Nazirliyinin maliyyə strukturlarında mənimsəmə faktları müəyyən edilib. Yüksək çinli maliyyə xidmət rəisləri ilə yanaşı Müdafiə Nazirliyinin Maliyyə İdarəsinin rəisi, general-mayor Nizami Məmmədov da xüsusilə külli miqdar mənimsəmə cinayətlərində ittiham edilərək həbs edilibdir.

İki erməni hərbçi öldü

Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrindən birinin iki hərbçisi qeyri-müəyyən şəraitdə ölüb. Sozcu.az xəbər verir ki, məlumatı Ermənistan Müdafiə Nazirliyi yayıb. Məlumata görə, avqustun 27-də hərbçilər Artem Haykazyan və Armen Xaçatryan ölümcül güllə yarası alıblar. Ermənistan Müdafiə Nazirliyi faktla bağlı araşdırma aparıldığını bildirib.

ŞOK: Rus əsgərlərinin kazarmada başı kəsildi

Krımda, Yevpatoriya yaxınlığındakı hərbi hissələrdən birində 14 rus əsgərinin meyiti tapılıb. Sozcu.az Ukrayna mediasına istinadən xəbər verir ki, hərbçilər yatarkən bıçaqlanaraq öldürülüblər. "Mənbələrin məlumatına görə, hərbçilər yuxuda öldürülüblər. Naməlum diversantlar bəzilərini ürək nahiyəsindən zərbələr endirərək öldürüblər, bəzilərinin isə boğazları kəsilib. Onların mühafizəçilərdən yan keçərək kazarmalara necə girdiyini heç kim anlamır. Ehtimal edilir ki, eyni diversantlar Sevastopolda olduğu kimi növbəti hadisəni törədiblər. Onların axtarışları davam etdirilir”, - məlumatda deyilir.

Hərbçilərimizin tələbi ilə separatçı rejimin simvolları söküldü – Video

Azərbaycan sərhədçiləri xəstələri Qarabağdan Ermənistana aparan təcili yardım avtomobilinin üzərində separatçı rejimin simvollarını müşahidə ediblər. Sozcu.az xəbər verir ki, bu barədə İTV kadrlar yayıb. Hərbçilərimizin tələbi ilə sözügedən simvollar sökülüb.