Ermənistan silahlanır, təcili addımlar atılmalıdır – XİN rəhbəri

Ermənistanın hərbi büdcəsini kəskin artırması, həm ənənəvi, həm də yeni təchizatçılardan külli miqdarda hücum silahları alması, keçmiş münaqişəyə əsaslanan tezisləri və strukturları saxlamaq cəhdləri ilə birlikdə konstitusiya dəyişikliklərinin həyata keçirilməsi xüsusunda səhlənkarlığı normallaşma prosesini xələl gətirir. Sozcu.az xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasının Ümumi Müzakirəsində çıxışı zamanı deyib. “Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tanınması məsələsi hüquqi boşluqda qaldığı, habelə, daxili hüquqi və ya siyasi ssenarilərdən asılı olduğu təqdirdə, sülh və mehriban qonşuluq münasibətlərinin qurulması dayanıqlı və dönməz ola bilməz. Qonşulara qarşı irredentizm və ərazi iddialarının səbəb olduğu bu qədər ağrı və iztirablardan sonra “yarımçıq sülh” seçim ola bilməz. vakansiyalar Azərbaycan bu kritik məqamda normallaşma prosesinin başa çatdırılması üçün qalan əngəlləri aradan qaldırmağa məqsədilə tam məsuliyyət hissi ilə təcili addımlar atmağa çağırır. Ermənistanın beynəlxalq hüquqdan irəli gələn, habelə sülh prosesində öncədən üzərinə götürdüyü öhdəliklərə əməl etməklə bağlı məsuliyyəti ilə yanaşı, bütün beynəlxalq ictimaiyyət də tərəfləri həqiqi, dayanıqlı və əbədi sülhün bərqərar olmasına təşviq etmək məsuliyyəti daşıyır. Belə bir sülhə nail olunması tərəflərdən birinin digərinə qarşı manipulyasiya edilməsi və ya onlar arasında bölücü xətlərin çəkilməsi yolu ilə əldə edilməsi gözlənilən hər hansı dividentdən üstün tutulmalıdır. Dünyanın başqa bölgələrində iztirablara səbəb olmuş uğursuz təcrübələrin revanşizmi qızışdırmaq yolu ilə Cənubi Qafqaza sınaqdan keçirmək cəhdlərinə son qoyulmalıdır”, C.Bayramov bildirib.

Bayramov-Mirzoyan görüşünün vaxtı müəyyənləşdi

BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində ABŞ-nin dövlət katibi Antoni Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında görüş bu gün Nyu-York vaxtı ilə səhər saat 10.15-də keçiriləcək. Sozcu.az xəbər verir ki, bu barədə Dövlət Departamenti məlumat yayıb.

Ceyhun Bayramov ABŞ-a getdi

Xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 79-cu sessiyasında iştirak məqsədilə ABŞ-ın Nyu York şəhərinə işgüzar səfərə yola düşüb. Bu barədə Sozcu.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun Baş Assambleyasının 79-cu sessiyasında, o cümlədən bir sıra digər beynəlxalq tədbirlərdə çıxış etməsi, habelə sessiyanın yüksək səviyyəli həftəsi çərçivəsində xarici dövlət rəsmiləri və beynəlxalq təşkilatların rəhbərləri ilə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.

İngilis nazirin Qarabağ açıqlaması İrəvanı narahat etmədi

Xəbər verdiyimiz kimi, Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi “Substack” platformasında nəşr olunan xarici siyasət bülletenində Azərbaycanla bağlı ədalətli mövqe sərgiləyib. O qeyd edib ki, Azərbaycan 1990-cı illərin əvvəllərində itirdiyi əraziləri azad etməyi bacarıb. Sozcu.az xəbər verir ki, erməni politoloq Suren Surenyants bunu Qarabağla bağlı Qərb mövqeyinin səmimi şəkildə ifadə olunduğu nadir hallardan biri adlandırıb. O iddia edib ki, bu, Qərbin ermənilərə qarşı olması demək deyil: “Problem Qərbin regionda Rusiyanın təsirini zəiflətməyə yönəlmiş maraqlarıdır”. Onun sözlərinə görə, Lemminin bu açıqlamasına rəsmi İrəvan heç bir reaksiya verməyib: “Ancaq bu sözləri Lavrov desəydi, Ermənistanın məşhur dairələrində hansı hay-küy yaranacağını təsəvvür edin”.

Prezident Qarabağ Universitetinin açılışında iştirak etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib. Sozcu.az xəbər verir ki, dövlətimizin başçısı Qarabağ Universitetinin müəllim və tələbə heyəti ilə görüşüb və çıxış edib.

Prezident bu rayonların icra başçılarını dəyişdi

Prezident İlham Əliyev Hacıqabul və Salyan rayonlarının icra başçılarını dəyişib. Sozcu.az xəbər verir ki, bununla bağlı Prezident müvafiq sərəncamlar imzalayıb. Sərəncamlara əsasən, Rüstəm Gülabba oğlu Xəlilov Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək, Salyana, Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hacağa oğlu Hətəmov isə vəzifəsindən azad edilərək, Hacıqabul rayonuna başçı təyin edilib.

Paşinyan Bakıya dəvət edildi - Rəsmi

Ötən ilin dekabr ayında əldə olunmuş razılığa əsasən, Ermənistan tərəfi Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyinə namizədliyini dəstəkləyib. Bunun əvəzində Azərbaycan tərəfi də Ermənistanın Şərqi Avropa Qrupundan COP-un Büro üzvlüyünə namizədliyini dəstəkləyib.  Sozcu.az xəbər verir ki, bu sözləri XİN-in Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Report-a müsahibəsində deyib.  “Qarşıdan gələn noyabr ayında on minlərlə iştirakçı iqlim dəyişikliyi nöqteyi-nəzərindən planetimizin gələcəyini müzakirə etmək üçün COP29-la bağlı Bakıya səfər edəcək. Bu məqsədlə Ermənistan daxil olmaqla, bütün ölkələrə dəvət göndərilib. Ancaq Ermənistan tərəfinin COP29 tədbirində iştirak edib-etməyəcəyi barədə Azərbaycan tərəfində hər hansı bir məlumat mövcud deyil. Emənistanın Baş naziri Nikol Paşinyan da bu barədə açıqlamasında qəti fikir bildirməyib”, - A.Hacızadə vurğulayıb.

ABŞ Bayramov və Mirzoyanı görüşdürməyə çalışır

Biz həmişə Ermənistan və Azərbaycanın xarici işlər nazirləri arasında görüş keçirmək üçün imkanlar axtarırıq. Sozcu.az xəbər verir ki, bunu Dövlət Departamentinin mətbuat katibi Metyu Miller ABŞ-ın Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına kömək etməyə hazır olduğunu təsdiqləyərək deyib. O bildirib: “Əlbəttə, həmişə Ermənistan və Azərbaycanın xarici işlər nazirləri arasında görüş keçirmək üçün imkanlar axtarırıq. Hər iki ölkənin davamlı və ləyaqətli sülh sazişinin əldə edilməsi istiqamətində səylərini dəstəkləməyə davam edirik”. vakansiya Millerin sözlərinə görə, İrəvan və Bakı sülh sazişinin bağlanması istiqamətində mühüm irəliləyiş əldə ediblər və Vaşinqton onları istənilən yolla dəstəkləməkdə, o cümlədən faydalı olarsa, görüşü çağırmaqda qərarlıdır. Eyni zamanda, dövlət katibi Blinkenin Nyu-Yorkda belə bir görüşü təşkil edib-etməməsi ilə bağlı birbaşa suala Miller konkret açıqlama verməkdən yayınıb.

“Bir maddə var ki, ümumiyyətlə Azərbaycanla razılaşdırılmayıb” - Paşinyan

"Sülh sazişi layihəsi rəsmi olaraq 13 maddə üzrə razılaşdırılıb". Sozcu.az xəbər verir ki, bunu sentyabrın 11-də Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdəki çıxışı zamanı bildirib. “Sülh müqaviləsi layihəsinin preambulası tam razılaşdırılıb, sənədin adı tam razılaşdırılıb, daha üç maddə qismən razılaşdırılıb, razılaşdırılmayan hissələr var. Bir maddə var ki, ümumiyyətlə razılaşdırılmayıb”. Paşinyanın sözlərinə görə, razılaşdırılan maddələr iki dövlət arasında münasibətlərin fundamental prinsiplərinə aiddir. “Biz deyirik: gəlin sülh sazişini imzalayaq və başqa məsələlərlə bağlı müzakirələri davam etdirək”. Lakin onun sözlərinə görə, Azərbaycan deyir: “Yox, mühüm məsələlər var ki, onlar sazişdə öz əksini tapmalıdır. “Bizim sualımız belədir: məsələn, biz bu sənəddə mühüm məsələləri əks etdirsək, hələ də vacib məsələlər qalacaqmı, bu, faktdır ki, dünyada bütün suallara cavab verən razılaşma yoxdur”, - Paşinyan bildirib.

Paşinyan: "Sülh müqaviləsinin razılaşdırılmış bəndlərini imzalamağı təklif edirik"

"Azərbaycan və Ermənistan sülh sazişi layihəsində 13 maddə və müqəddiməni razılaşdıra biliblər, Ermənistan hakimiyyəti artıq razılaşdırılmış bəndləri imzalamağı təklif edir". Sozcu.az bu barədə "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda keçirilən "İrəvan Dialoqu" beynəlxalq forumu zamanı bildirib. "Sülh sazişi layihəsinin 13 maddəsi və müqəddiməsi tam razılaşdırılıb, üç maddə qismən razılaşdırılıb, onlar cəmi iki cümlədən ibarətdir. Biz qısa müddətdə razılaşdırılmış maddələri imzalamağı təklif edirik", - deyə Paşinyan bildirib və əlavə edib ki, Cənubi Qafqazda sülh təkcə mümkün deyil, həm də realdır. Baş nazirin fikrincə, bu, təsdiqlənmiş sənədin əldə olmasına və ona uyğun olaraq irəliləməyə imkan verəcək. Sülh müqaviləsinin razılaşdırılmış maddələri arasında Ermənistan və Azərbaycan arasında diplomatik münasibətlərin qurulması ilə bağlı müddəa da var.

Ədliyyə nazirinə iki müavin TƏYİN OLUNDU

Mübariz Əhmədov və Toğrul Hüseynov ədliyyə nazirinin müavinləri təyin olunublar. Sozcu.az Report-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Qeyd edək ki, Mübariz Hüseyn oğlu Əhmədov 1980-ci ildə anadan olub. 2000-ci ildə Bakı Dövlət Universitetinin hüquqşünaslıq ixtisası üzrə bakalavr, 2002-ci ildə magistr dərəcələrini fərqlənmə diplomları ilə bitirib. 2002-2005-ci illərdə Sumqayıt və Qazax hərbi prokurorluqlarında müstəntiq, 2005-2011-ci illərdə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində, Hüquqi təminat şöbəsində, Dövlət ittihamının müdafiəsi üzrə idarədə prokuror və böyük prokuror vəzifələrində çalışıb. 2011-2015-ci illərdə Azərbaycan Respublikası Baş Prokurorluğunun Müraciətlərə baxılması idarəsinin rəis müavini-Vətəndaşların qəbulu şöbəsinin rəisi vəzifəsində, 2015-2017-ci illərdə Azərbaycan Respublikası Baş Prokurorunun böyük köməkçisi, 2017-2020-ci illərdə Qusar rayon prokuroru vəzifələrində işləyib. 2020-ci ildən son təyinata qədər Mübariz Əhmədov Baş prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi vəzifəsində işləyib və ölkə başçısının müvafiq sərəncamı ilə III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib. “Dövlət qulluğunda fərqlənməyə görə medalı”, eyni zamanda Baş Prokurorluğun, Dövlət Gömrük Komitəsinin, Dövlət Sərhəd Xidmətinin müvafiq medalları ilə təltif edilib. Beynəlxalq Prokurorlar Assosiasiyasının üzvüdür. Toğrul Aydın oğlu Hüseynov 1986-cı ildə anadan olub. 2003-2007-ci illərdə Bakı Dövlət Universitetində Hüquqşünaslıq ixtisası üzrə bakalavr, 2008-2010-cu illərdə magistr təhsili alıb. Bununla yanaşı, Amerika Birləşmiş Ştatlarının Missuri Universitetində Dövlət idarəetməsi üzrə, eyni zamanda Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasında Dövlət və bələdiyyə idarəetməsi üzrə magistr təhsili alıb. Toğrul Hüseynov 2010-2016-cı illərdə Ədliyyə Nazirliyinin İcra xidmətində, Qanunvericilik baş idarəsində, 2016-2017-ci illərdə Azərbaycan Dəmir Yolları QSC-də, 2017-2024-cü illərdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsində, Qanunvericilik və hüquq siyasəti şöbəsində və Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyində baş məsləhətçi vəzifələrində çalışıb. Son təyinata qədər Toğrul Hüseynov Ədliyyə Nazirliyinin Strateji planlaşdırma və monitorinq baş idarəsinin rəisi vəzifəsində işləyib.

Romada Azərbaycan Prezidenti İlham Əliyevin İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni ilə görüşü başlayıb

Romada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloni ilə görüşü başlayıb. Sozcu.az xəbər verir ki, Romanın "Chigi" Sarayında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni Azərbaycan Prezidenti İlham Əliyevi qarşıladı. Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni fəxri qarovul dəstəsinin qarşısından keçdilər. İtaliyanın nümayəndə heyətinin üzvləri Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloniyə təqdim olundu. Sonra dövlətimizin başçısı İlham Əliyev və İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni birgə foto çəkdirdilər.