İlham Əliyev fərman imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası”nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb. Sozcu.az fərmanın mətnini təqdim edir: Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 12 (I kitab), maddə 2570 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası”nın 6.1.2-ci yarımbəndinə “40 faizi” sözlərindən sonra “, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin müəyyən etdiyi meyarlara uyğun olaraq yerli istehsala aid edilən müasir suvarma sistemlərinə münasibətdə isə 60 faizi” sözləri əlavə edilsin.

İlham Əliyevin Qazaxıstana səfəri başa çatdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstan Respublikasına səfəri avqustun 9-da başa çatıb. Sozcu.az xəbər verir ki, Astana şəhərinin Nursultan Nazarbayev Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Azərbaycan Prezidentini Qazaxıstanın Baş naziri Oljas Bektenov və digər rəsmi şəxslər yola salıblar. 

Müsavat xalqa müraciət etdi – Musavatın namizədlərinə səs verin

Müsavat Partiyasının Mətbuat Xidmətindən “Başta”ya verilən məlumata görə, Partiyanın Seçki Qərargahı xalqa müraciət edib. Müraciətdə deyilir: Əziz həmvətənlər! Hörmətli xanımlar və bəylər! Müsavat Partiyası azad və ədalərli seçki mühitinin olmadığı indiki şəraitdə bütün çətinliklərə baxmayaraq seçki marafonuna qoşulub. İndiyədək ölkənin müxtəlif şəhər və rayonlarını əhatə edən 25 seçki dairəsində namizədlərimiz qeydə alınıb. Bəzi digər seçki dairələrindən namizədlərimizin qeydə alınması uğrunda mübarizəmiz davam edir. Namizədlərimiz sırasında ölkənin tanınmış siyasət və dövlət xadimləri, professor və elmlər doktorları, Qarabağ qazisi, şəhid atası, ixtiraçı alim və xalq təsərrüfatının müxtəlif sahələrində uğurlar qazanmış mütəxəssislər var. Biz çox qısa müddətdə davam edəcək seçki kampaniyası dövründə qeydə alınan namizədlərimiz, onların seçki komandaları və bütün mövcud resurslarımız vasitəsi ilə ölkədə olan ümumi siyasi ab-havanın dəyişməsinə, cəmiyyətin diqqətinin seçki prosesinə cəlb ediməsinə, arzusunda olduğumuz Azərbaycan haqqında planlarımızı hər kəsin diqqətinə çatdırmaq niyyətindəyik. Yaxın günlərdə təhsil, səhiyyə, ədalət mühakiməsi sahəsində islahatlar, korrupsiya və rüşvətxorluğun aradan qaldırılması, pensiyaların, əmək haqlarının artırılması, uşaq pullarının verilməsi, quru sərhədlərin açılması, monapoliyalara son qoyulması, gənclərimizin kütləvi şəkildə ölkəni tərk etməsinə səbəb olan problemlərin həll olunması, bütün sahələrdə bərabər imkanlar şəraitinin yaradılması və başqa bu kimi mühüm məsələləri əhatə edən seçki plarformamız ictimaiyyətə təqdim ediləcək. Müsavat Partiyasının istinad nöqtəsi, dayağı, güvəndiyi güc mərkəzi yalnız Azərbaycan xalqıdır. Sizin etimadınız və dəstəyiniz təsir imkanlarımızın artmasına, inkişafımıza mane olan və xalqı düşündürən ən mühüm problemlərimizin yalnız öz aramızda, sosial mediada, internet resurslarında deyil, ali hakimiyyət orqanlarında, ən yüksək dövlət qurumlarında müzakirəsinə və həllinə səbəb olacaq. Əziz həmvətənlər! Hər kəsi Azadlıq Ədalət Hüquqi dövlət uğrunda apardığımız mübarizədə bizə dəstək olmağa, Müsavat Partiyasının namizədlərinə səs verməyə çağırırıq. Yolumuz açıq, işimiz avand olsun! Müsavat Partiyasının Seçki Qərargahı

Pakistanın bu dəstəyi böyük önəm daşıyır - Prezident

Azərbaycan-Pakistan əlaqələri keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Sozcu.az xəbər verir ki, bunu Prezident İlham Əliyev avqustun 5-də Pakistan İslam Respublikasının Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Qasım Mohiuddinin etimadnaməsini qəbul edərkən deyib. Pakistana dövlət səfərini məmnunluqla xatırlayan Azərbaycan Prezidenti ona və nümayəndə heyətinə göstərilən qonaqpərvərliyin çox xoş təsir bağışladığını dedi, bunun ölkələrimiz və xalqlarımız arasında dostluğu, qardaşlığı və tərəfdaşlığı nümayiş etdirdiyini bir daha vurğulayıb. Dövlət başçısı bu səfərin önəminə toxunaraq, əməkdaşlığımıza dair geniş sahələri əhatə edən məsələlərin müzakirə olunduğunu və sənədlərin imzalandığını məmnunluqla xatırlayıb. Prezident İlham Əliyev bu dövlət səfəri nəticəsində Azərbaycan-Pakistan əlaqələrinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu, səfər çərçivəsində müxtəlif sahələrdə, o cümlədən investisiya qoyuluşu və enerji sahələrində yeni əməkdaşlıq istiqamətlərinin müəyyən edildiyini vurğulayıb. Prezident Pakistana dövlət səfəri zamanı qəbul olunmuş qərarların, əldə edilmiş razılaşmaların və imzalanmış sənədlərin həyata keçirilməsi istiqamətində hər iki tərəfin iş apardığını bildirib. Azərbaycan Prezidenti preferensial ticarət sazişinin önəmini qeyd edərək bu sənədə yeni maddələrin əlavə edilməsi istiqamətində aidiyyəti qurumlar tərəfindən işlərin həyata keçirildiyini diqqətə çatdırıb. Prezident İlham Əliyev ərazilərimizin işğalına görə Pakistanın Ermənistan ilə diplomatik əlaqələr qurmamasını, hətta torpaqlarımızın azad edilməsindən və suverenliyimizin tam bərpa olunmasından sonra da bunu etməməsini bir daha əsl dostluğun və qardaşlığın təzahürü kimi yüksək qiymətləndirib. Dövlət başçısı Pakistan rəhbərliyinin Vətən müharibəsi dövründə Azərbaycana göstərdiyi siyasi dəstəyin bizim üçün böyük önəm daşıdığını bir daha vurğulayıb.

ABŞ Mərkəzi Komandanlığının rəhbəri Yaxın Şərqə yollandı

ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri general Maykl Kurilla avqustun 3-də Yaxın Şərqə səfər edib. Sozcu.az xəbər verir ki, bu barədə “Axios” mənbələrinə istinadla məlumat yayıb. Məlumata görə, CENTCOM-un rəhbəri bir sıra Körfəz ölkələrinə, İordaniyaya və İsrailə səfər edəcək və İranın potensial zərbəsini birgə dəf etmək üçün beynəlxalq və regional müttəfiqləri səfərbər etməyə çalışacaq. Nəşr bildirib ki, Kurillanın səfərinin əsas istiqaməti İordaniya olmalıdır, çünki bu ölkə aprelin 13-də İsrailə doğru uçan İran PUA-larının tutulmasında böyük rol oynamışdı.

Rəsmi Bakıdan Fransaya tələb - ÜZR İSTƏYİN!

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) 26 iyul tarixində Parisdə keçirilən Yay Olimpiya Oyunlarının açılış mərasimi zamanı "France 2" telekanalının ölkəmizə qarşı qərəzli ifadələri ilə bağlı Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsi tərəfindən Beynəlxalq Olimpiya Komitəsinə göndərilən rəsmi etiraz məktubuna cavab olaraq 2 avqust tarixində Beynəlxalq Olimpiya Komitəsinin Azərbaycana ünvanladığı üzrxahlıq məktubuna münasibət bildirib. Bu barədə Sozcu.az-a XİN-dən bildirilib. "Qeyd etdiyiniz kimi, Beynəlxalq Olimpiya Komitəsi tərəfindən Azərbaycanın rəsmi etiraz məktubuna münasibət bildirilib, "France2" telekanalının səsləndirdiyi qəbuledilməz ifadələrlə bağlı ölkəmizdən üzrxahlıq edilərək, bu ifadələrin Beynəlxalq Olimpiya Komitəsinin idman və Olimpiya Oyunları vasitəsilə təşviqinə çalışdığı prinsiplər və dəyərlərlə bir araya sığmadığı vurğulanıb. Fransanın rəsmi dövlət kanalında səsləndirilmiş və Olimpiya Oyunlarının siyasiləşdirilməsinə xidmət göstərən qərəzli fikirlər Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasının tərkib hissəsi olduğu və buna məqsədyönlü şəkildə yol verildiyi qənaətindəyik. Bu baxımdan, məsuliyyət daşıyan tərəfin ilk növbədə Olimpiya Oyunlarının ev sahibi Fransa olması səbəbindən bu ölkənin də üzrxahlıq edəcəyini gözləyir, Azərbaycana qarşı bu kimi addımların gələcəkdə təkrarlanmamasını tələb edirik", - məlumatda vurğulanıb.

Bəzi Dairə Seçki Komissiyalarının sədrləri dilətutma, təhrik və təhdid usullarından istifadə edərək...

Hələlik Milli Məclisə növbədənkənar seçkilərə qatılmış 6 Müsavat təmsilçisinin namizədliyi qeydə alınıb.  Qeydəalma prosesi yaxın günlədə də davam edəcək.  Bu mərhələdə üzləşdiyimiz qanun pozuntularından biri də bəzi seçki dairələrində Müsavat namizədlərinin qeydiyyatına mane olmaq cəhdləridir.  Bəzi Dairə Seçki Komissiyalarının sədrləri dilətutma, təhrik və təhdid usullarından istifadə edərək namizədlərimizi seçki marafonundan çıxarmağa çalışır.  Bu hallar, həmçinin bəzi İcra Hakimiyyəti strukturları və seçki komissiyaları tərəfindən seçicilərə zəng vuraraq onların Müsavat namizədinin imza vərəqələrində imzası barədə sorğu etmələri seçicilərə təziq üsullarından biri olmaqla yanaşı ciddi qanun pozuntusudur.  Bizə dəqiq məlumdur ki, seçki marafonuna qoşulmuş namizədlərin əksəriyyəti, ümumiyyətlə imza toplamır və onlardan Müsavat namizədlərindən tələb olunan bürokratik prosedurlara əməl edilməsi tələb olunmur.  Biz ən bürokratik tələblədən xəbərdarıq və qanunun müxtəlif maddələrində qoyulmuş tələlərə düşməyəcək qədər təcrübəli seçki komandamız var.  Seçki komissiyalarının üzvləri hər kəsdən daha yaxşı bilir ki, bütün tələblərə əməl edərək imza və digər sənədləri DSK lara təqdim edən də bizim namizədlərimizdir.  Hər bir təmsilçilərimizin qeydə alınacağı ümidi ilə qeydə alınan və qeydiyyatını gözləyən bütün namizədlərimizə uğurlar arzulayıram. Arif Hacılı, Müsavat Partiyası Məclis sədri

Azərbaycan və Ermənistan razılığa gəldi

Azərbaycan və Ermənistan sərhədlərin demarkasiyası prosesi ilə bağlı razılığa gəlib.  Sozcu.az xəbər verir ki, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayn Senatın Xarici Əlaqələr Komitəsinin Regional və Təhlükəsizlik Əməkdaşlığı Alt Komitəsində "Avropanın Gələcəyi" barədə dinləmələr zamanı sualları cavablandırarkən deyib.  Diplomat daha sonra sözlərinə belə davam edib: "Hər iki tərəf sərhədin demarkasiyası prosesi ilə bağlı razılığa gəlib. Onlar sərhəd xətlərinin hara olması barədə razılığa gəliblər. Hər iki tərəfin hələ də nəzarətdə saxladığı bəzi ərazilər var. Ancaq yəqin ki, razılaşdırılmış sərhəd xəttlərinə görə geri çəkiləcəklər və bu mənada yüksək dağlıq ərazilər xüsusi maraq doğurur. Amma bir daha vurğulayıram ki, bu, hər iki tərəfin üzərində işlədiyi bir prosesdir. Biz çox açıq şəkildə bildirdik ki, əgər sərhəddə hər hansı düzəliş olarsa, hər iki tərəf eyni fikirdə olmadığı müddətcə, razılaşdırılmış sərhəd tətbiq edilməlidir. Sülh sazişi ilə bağlı danışıqlar gedir və eyni zamanda sərhədlərin demarkasiyası ilə bağlı digər kanal vasitəsilə də danışıqlar davam edir." 

Münaqişə səhifəsini bağlamaq istəyirik - Mirzoyan

Ermənistan Azərbaycanla münaqişə səhifəsini bağlamaq istəyir. Sozcu.az xəbər verir ki, bunu xarici işlər naziri Ararat Mirzoyan Nikosiyada keçirdiyi brifinqdə deyib. "Cənubi Qafqaz mühüm kəsişmədə yerləşir və iqtisadi inkişaf, rifah üçün ciddi perspektivlər var. Onlardan da istifadə etmək lazımdır", - nazir bildirib.

Azərbaycanla sülh sazişinin vaxtıdır - ABŞ səfirliyi

Azərbaycanla sülh sazişi imzalamaq vaxtı çatıb. Sozcu.az xəbər verir ki, bu fikirlər ABŞ-ın Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bononun Ermənistanın yüksək vəzifəli rəsmiləri ilə keçirdiyi görüşlərdən birində səslənib. Amerikanın Ermənistandakı səfirliyindən bildiriblər ki, nümayəndələr Ermənistan və Azərbaycan arasında uzunmüddətli və ləyaqətli sülhün bərqərar olması ilə bağlı müzakirələr aparıb. Vurğulanıb ki, Cənubi Qafqazın sosial və iqtisadi potensialını açacaq sülh sazişini imzalamağın vaxtı çatıb. Xatırladaq ki, Bono İrəvanda səfərdədir.

Azərbaycan Ordusuna atəş açmağı mən əmr etdim

Ermənistanın sabiq müdafiə naziri Arşak Karapetyan 2021-ci ildə baş verən toqquşmalara görə məsuliyyət daşıdığını dolayısı ilə etiraf edib. Sozcu.az xəbər verir ki, bu barədə Karapetyan sosial şəbəkə hesabında yazıb. O bildirib ki, Azərbaycan Ordusuna atəş açmaq əmrini verdiyini təsdiqləyib: “Bəli, sərhədi qanunsuz pozan düşmənə atəş açmaq əmri vermişəm. Bəs bu əmr olmasaydı, əsgərim necə qoruna bilərdi?” O iddia edib ki, sərəncamı Paşinyanın xoşuna gəlməyib və onu dərhal vəzifədən azad edib. Qeyd edək ki, Karapetyanın çox böyük ehtimalla 13 noyabr 2021-ci ildə Qarabağdakı separatçı-terrorçu tör-töküntülərinin Azərbaycan əsgərinə qarşı təxribatı ilə başlayan, daha sonra isə Ermənistan ordusunun sərhəddə Ordumuza qarşı atəş açması ilə davam edən toqquşmanı nəzərdə tutur. Belə ki, separatçı-terrorçulara “yardım üçün” sərhəddə atəşi pozmağa başlayan Ermənistan ordusuna 15-16 noyabrda ağır zərbə vurulmuş və düşmən susmağa məcbur olmuşdu. Məhz həmin gün də Karapetyan vəzifədən alınmışdı.

Paşinyan Bakıya gəlir? - Rəsmi cavab

Nikol Paşinyan məzuniyyətdən sonra, avqustda mətbuat konfransı keçirməyi planlaşdırır. O, burada noyabrda Bakıda keçiriləcək COP29 sammitində Ermənistanın iştirakı ilə bağlı Azərbaycanın dəvətinə cavabını açıqlayacaq. Sozcu.az Globalinfo.az-a istinadla xəbər verir ki, bu barədə “Hraparak”ın sorğusuna Ermənistan hökumətinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib. Qeyd edək ki, bir qədər əvvəl rəsmi Bakı Ermənistanı COP29 İqlim sammitinə dəvət edib.