Prezidentdən Anar Kərimovla bağlı SƏRƏNCAM

Anar Kərimov əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsindən azad edilib. Sozcu.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq sərəncam imzalayıb.  Digər Sərəncamla A.Kərimov maliyyə nazirinin birinci müavini vəzifəsinə təyin edilib. 

Prezident təsdiqlədi: onların təhsil haqqını dövlət ödəyəcək

Qarabağdakı peşə məktəblərində oxuyanların təhsil haqqını dövlət ödəyəcək. Sozcu.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "Təhsil haqqında" və "Peşə təhsili haqqında" qanunlara dəyişikliyi təsdiqləyib. Belə ki, təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilən şəxslər sırasına işğaldan azad edilən ərazilərdə məskunlaşan və 2025/2026, 2026/2027, 2027/2028-ci tədris illərində dövlət, bələdiyyə və özəl peşə təhsili müəssisələrinə qəbul olunmuş, habelə həmin təhsil müəssisələrində təhsil almaqda olan şəxslər də daxil edilib. Qanun sentyabrın 15-dən qüvvəyə minəcək.

Prezident Avropa Şurasının baş katibi ilə görüşdü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 12-də Antalyada Avropa Şurasının Baş katibi Alen Berse ilə görüşü olub. Sozcu.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

Prezident: “Türkiyə ilə İsrailin ilk dəfə barışmasında Azərbaycan vasitəçilik edib”

Türkiyə ilə İsrailin ilk dəfə barışmasında Azərbaycan vasitəçilik edib. İlk böhran zamanı biz fəal rol oynadıq ki, bu iki ölkənin mövqeyini bir-birinə yaxınlaşdıraq. Sozcu.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumda çıxışı zamanı deyib. Hər iki ölkənin Azərbaycanın yaxın dostu olduğunu diqqətə çatdıran dövlət başçısı əlavə edib: “Türkiyə ilə müttəfiq ölkəyik. Biz 2021-ci ildə Şuşa Bəyannaməsini imzalamışıq və rəsmi olaraq müttəfiqik”. İsrailin də Azərbaycan üçün dost ölkə olduğunu vurğulayan Prezident deyib ki, bu qarşılıqlı dostluq müxtəlif çətin vəziyyətlərdə uzun illərdir özünü büruzə verib. Ona görə də bu iki ölkə arasında olan hər hansı bir anlaşılmazlıq bizi narahat edir.

Ukrayna ATƏT-in təcili iclasını çağırdı

Ukrayna Rusiyanın Krivoy Roqa raket zərbəsi endirməsi ilə əlaqədar ATƏT-in təcili iclasını çağırıb. Sozcu.az xəbər verir ki, bu barədə Ukraynanın ATƏT-dəki nümayəndəsi Yuri Vitrenko məlumat verib. O, ATƏT-in növbədənkənar iclasının aprelin 8-də keçiriləcəyini bildirib. Qeyd edək ki, aprelin 4-də Rusiya Krivoy Roqa ballistik raketlərlə və PUA-larla hücum edib. Nəticədə xeyli sayda insan ölüb və yaralanıb.

İlham Əliyev bu tarixdə Çinə səfər edəcək

Azərbaycan Prezidenti İlham Əliyev Çinə səfər edəcək. Sozcu.az xəbər verir ki, bu barədə “Azərbaycan-Çin strateji tərəfdaşlığı: Qlobal Cənubda konsolidasiya və əməkdaşlığın təşviqi” mövzusunda konfransda Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin (ÇKP MK) üzvü, ÇKP MK Beynəlxalq əlaqələr şöbəsinin müdiri Lyu Cyançao bildirib. Lyu Cyançao qeyd edib ki, bu ilin aprel ayında baş tutacaq səfər çərçivəsində konkret layihələrlə bağlı qərarlar qəbul ediləcək: "Münasibətlərimizin dərinləşməsi üçün böyük potensial var. Prezident İlham Əliyev bu ilin aprel ayında Çinə səfər edəcək. Bu səfər çərçivəsində daha konkret layihələrlə bağlı qərarlar qəbul edəcəyik”.

Almaniya səfiri Azərbaycan XİN-ə çağırıldı

Martən 31-də Almaniyanın Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ralf Horlemann Xarici İşlər Nazirliyinə çağırılıb. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Naziriyindən bildirilib. Qeyd olunub ki, görüş zamanı, Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin Ermənistana səfəri çərçivəsində rəsmi Instagram səhifəsində Azərbaycanın keçmiş işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin “bayrağını” paylaşmaqla ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı edilmiş paylaşıma görə kəskin etiraz bildirilib. Bölgəyə səfər zamanı bu açıq siyasi təxribatın qəbuledilməz olduğu, Almaniya tərəfinin bu paylaşıma görə ictimai şəkildə üzrxahlıq etməsinin zəruriliyi diqqətə çatdırılıb. Almaniya Prezidentinin bu paylaşımının Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin dəstəkləndiyi barədə bəyanatlara və davam edən sülh prosesinə zidd olduğu vurğulanıb. Bununla yanaşı, Qarabağ bölgəsinin erməni sakinləri barədə fikirlər ifadə olunarkən, Azərbaycanın keçmiş işğal olunmuş ərazilərindən və Ermənistandan zorla qovulmuş 1 milyondan artıq azərbaycanlının hüquqlarına məhəl qoyulmamasının Azərbaycana qarşı qərəzli münasibətin daha bir göstəricisi olduğu qeyd edilib. Azərbaycanın 30 ilə yaxın müddətdə davam etmiş münaqişəni hərbi-siyasi yolla həll etdiyi, ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdiyi, münaqişənin keçmişdə qaldığı Almaniya tərəfinin diqqətinə çatdırılıb. Azərbaycanda “Dağlıq-Qarabağ” adlı inzibati ərazi vahidi olmadığı xatırlanıb. Ərazilərimizə istinad edərkən mövcud olmayan, siyasi qərəzli və saxta adlardan istifadə etməkdən çəkinməyin zəruri olduğu bildirilib.

Prezidentdən Soyqırım Günü ilə bağlı paylaşım

Azərbaycan Prezidenti İlham Əliyev 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib. Sozcu.az xəbər verir ki, dövlət başçısı bununla bağlı sosial şəbəkə hesablarında paylaşım edib.

Bakıdan müəyyən məlumatlar almışıq - Paşinyan

"İrəvan diplomatik kanallar vasitəsilə Bakıdan müəyyən məlumatlar alıb və indi onu öyrənir".  Sozcu.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.  "Biz konkret məlumat olan bütün halları araşdırmağa hazırıq. Və biz diplomatik kanallar vasitəsilə bu mesajı göndərmişik və göndəririk, eyni kanallar vasitəsilə də bir sıra məlumatlar almışıq və vəziyyəti daha dəqiq başa düşmək üçün bütün ciddilik və səmimiyyətlə araşdırma aparırıq", - deyə o, Ermənistanın atəşkəs rejimini pozması ilə bağlı Azərbaycan tərəfinin yaydığı məlumatlara münasibət bildirərkən qeyd edib. 

Ermənistan Aİ-yə üzvlük prosesinin başlanmasını rəsmiləşdirdi

Ermənistan parlamenti respublikanın Avropa İttifaqına (Aİ) üzvlük prosesinin başlanması haqqında qanun layihəsini ikinci və sonuncu oxunuşda qəbul edib. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Qanun layihəsi bir sıra ictimai və siyasi təşkilatların təşəbbüsü çərçivəsində irəli sürülüb, onlar bu layihə üçün 60 min imza toplayıblar.

Sülh müqaviləsinin imzalanması üçün əsas şərt... - XİN

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ermənistanla sülh müqaviləsinin imzalanması üçün əsas şərti açıqlayıb. Sozcu.az xəbər verir ki, bu barədə XİN-in Mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə bildirib. “Danışıq aparılmış mətnin imzalanması üçün əsas şərtin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı iddiaların aradan qaldırılması məqsədilə Ermənistanın konstitusiyasına dəyişiklik edilməsi olduğu barədə Azərbaycanın prinsipial mövqeyini bir daha diqqətə çatdırırıq. Bununla yanaşı, ATƏT-in köhnəlmiş və qeyri-funksional Minsk Qrupunun və aidiyyəti strukturların rəsmi şəkildə ləğv olunmasının zəruriliyini vurğulayırıq", - XİN sözçüsü vurğulayıb.

Müsavat Məclisinin sessiyası keçirildi - Fotolar

Martın 15-də Müsavat Partiyası Məclisinin sessiyası keçirilib.  Partiya başqanı İsa Qəmbər ölkədəki ictimai siyasi vəziyyət və qurumun qarşısında duran vəzifələrlə bağlı məruzə ilə çıxış edib. Məclisin Gender Komissiyasının sədri Könül Alı və Seçki Komissiyasının sədri Yusif Mehdi rəhbərlik etdikləri komissiyanın fəaliyyəti barədə məlumat veriblər.  Məruzə ətrafında Məclis üzvləri Razim Əmiraslanlı, Gülağa Aslanlı, Səxavət Soltanlı, Zakir İsmayıl, Seyran Rüstəmov, Tahir Sofulu, Namiq Niftili, İman Əliyev və Osman Kazımov çıxış ediblər.  Məclisin sədri Arif Hacılı ölkədəki repressiyalar və Tofiq Yaqublunun barəsində çıxarılan qanunsuz hökm ilə bağlı bəyanat layihəsini təqdim edib. Layihə səsə qoyulub və yekdilliklə qəbul edilib. Sənəddə deyilir: Müsavat Partiyası Məclisinin bəyanatı Azərbaycan ictimaiyyəti və beynəlxalq təşkilatların etirazlarına baxmayaraq, ölkədə repressiya dalğası artan xətt üzrə davam etməkdədir. Jurnalistlərin və ictimai-siyasi fəalların əsassız ittihamlarla həbsi adi hal alıb. Hakimiyyət tənqidə dözümsüz olduğu üçün qanunsuzluqlara uca səslə etiraz edənləri susdurmağa çalışır. Eyni zamanda hakimiyyət bəzi Qərb dövlətləri ilə apardığı ədavət çərçivəsində də öz vətəndaşlarını cəzalandırmaq xəttini seçib. Nəticədə onlarla jurnalist, yüzlərlə ictimai-siyasi fəal bu repressiyanın qurbanına çevrilib.  Məclisin sessiyası ərəfəsində ictimai fəallar Məmməd Məmmədzadə və Bəşir Süleymanlı saxlanılıb.  Müsavat Partiyasının üzvü Tofiq Yaqublu və vəkilləri ona qarşı irəli sürülən ittihamların tamamilə əsassız olduğunu sübuta yetirsə də, Bakı Ağır Cinayətlər Məhkəməsi onun 9 il müddətinə azadlıqdan məhrum edilməsi barədə sifarişli hökm çıxarıb. Müsavat Partiyası Tofiq Yaqublunun və siyasi motivlərlə həbs olunan bütün şəxslərin azadlığa buraxılmasını, ölkədə repressiyalara son qoyulmasını tələb edir.