Prezident İlham Əliyev Münxendə Slovakiyanın müdafiə naziri ilə görüşdü

Prezident İlham Əliyev fevralın 13-də Münxendə Slovakiya Respublikasının Baş nazirinin müavini və müdafiə naziri Robert Kalinak ilə görüşüb. Sozcu.az xəbər verir ki, söhbət zamanı Azərbaycan Prezidentinin ötən ilin dekabrında Slovakiyaya rəsmi səfəri məmnunluqla xatırlanaraq, yüksəksəviyyəli qarşılıqlı səfərlərin əlaqələrimizin inkişafına mühüm töhfə verdiyi vurğulandı. Görüşdə iki ölkə arasında strateji tərəfdaşlıq xarakteri daşıyan ikitərəfli münasibətlərin qarşılıqlı anlaşma və dəstəyə əsaslandığı vurğulandı, müxtəlif istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi üçün imkanların olduğu bildirildi, bu xüsusda hərbi-texniki sahədə tərəfdaşlığın inkişafından məmnunluq ifadə edildi, bu tərəfdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıldı.

Ermənistan Avropa müşahidəçilərinin sərhəddə qalmasını istəyir

Ermənistan Avropa İttifaqının müşahidə missiyasının ölkədə fəaliyyətini davam etdirməsini istəyir. Sozcu.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib. Onun sözlərinə görə, rəsmi İrəvan həm açıq bəyanatlarda, həm də Avropa İttifaqındakı tərəfdaşlarla qapalı görüşlərdə Brüssellə əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayıb və Ermənistandakı Aİ missiyasının fəaliyyətini müsbət qiymətləndirib. Qriqoryan qeyd edib ki, müşahidə missiyası sabitlik amili baxımından müsbət təsir göstərib, regionda sabitliyin möhkəmlənməsinə töhfə verib və sərhədyanı icmalar arasında təhlükəsizlik və dayanıqlılığa inamı artırıb. Onun sözlərinə görə, missiya Ermənistan–Azərbaycan münasibətlərində sülhün bərqərar olması prosesində də mühüm rol oynayıb. Təhlükəsizlik Şurasının katibi, həmçinin ABŞ Prezidenti Donald Trump-ın Ermənistan–Azərbaycan münaqişəsinin nizamlanmasında mühüm rol oynadığını bildirib. Missiyanın gələcək fəaliyyəti ilə bağlı suala cavabında Qriqoryan deyib ki, Ermənistan istənilən halda Aİ-nin mülki müşahidə missiyasının ölkədə qalmasını arzulayır. Onun sözlərinə görə, hazırda imzalanmalı və ratifikasiya olunmalı olan sülh sazişi çərçivəsində müəyyən razılaşmalar mövcuddur və sənəd qüvvəyə mindikdən sonra bu istiqamətdə növbəti addımlar müəyyənləşdiriləcək. Qriqoryan əlavə edib ki, Avropa İttifaqı ilə gələcək əməkdaşlığın formaları hazırda müzakirə mərhələsindədir və bu məsələdə də sülh müqaviləsinin ratifikasiyası həlledici rol oynayacaq.

Məktəblərin tədris proqramına dəyişikliklər edilməlidir - İlham Əliyev

"Kadr hazırlığına gəldikdə, bu, əsas vəzifələrdən biridir. Son vaxtlar bu istiqamətdə müəyyən işlər görülür". Sozcu.az xəbər verir ki, Prezident İlham Əliyev bunu “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə zamanı deyib. "Biz öz təhsil sistemimizdə bu sahəyə daha böyük diqqət göstərməliyik. Həm Azərbaycanda fəaliyyət göstərən ali məktəblərdə, eyni zamanda, dövlət xətti ilə xaricə göndərilən tələbələr bu ixtisas üzrə peşəkarlığı artırmalıdırlar. Ona görə nəzərə alsaq ki, bu, uzunmüddətli proses olacaq və bu proses ancaq və ancaq genişlənəcək, gələcəkdə bu sahədə kadrlara böyük ehtiyac olacaq. Təbii ki, orta məktəblərdə şagirdlərə ilkin biliklərin aşılanması üçün tədris proqramına da müəyyən dəyişikliklər edilməlidir", - Prezident qeyd edib.

İlham Əliyevin sədrliyi ilə müşavirə keçirildi

Fevralın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə "Azərbaycanın yeni rəqəmsal arxitekturası" adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə keçirilib. Sozcu.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

İlham Əliyev Venslə məhdud tərkibdə görüşdü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Ceyms Devid Vens ilə məhdud tərkibdə görüşü başa çatıb. 18:02 Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Ceyms Devid Vens ilə məhdud tərkibdə görüşü başlayıb. Sozcu.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Prezident Statistika Komitəsinə yeni sədr təyin etdi

Azər İsmayıl oğlu Mursaqulov Dövlət Statistika Komitəsinin sədri təyin edilib. Sozcu.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Qeyd edək ki, Dövlət Statistika Komitəsinin bundan əvvəlki sədri Tahir Budaqov olub. O, dövlət başçısının Sərəncamı ilə Nəsimi rayonunun icra başçısı təyin edilib.

Ceyhun Bayramov ABŞ nümayəndələri ilə TRIPP marşrutunu müzakirə etdi

10 fevral 2026-cı il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ABŞ Ticarət Palatasının baş vitse-prezidenti Xuş Çoksinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. XİN-dən Sozcu.az-a verilən xəbərə görə, nümayəndə heyətinin tərkibinə 31 şirkətin rəhbər şəxsləri və nümayəndələri daxildir. Görüş zamanı Azərbaycanla ABŞ arasında strateji tərəfdaşlıq əlaqələrinin təsis edilməsi istiqamətində atılan addımlar, ölkələrimiz arasında enerji, ticarət, nəqliyyat, logistika, TRIPP marşrutu da daxil olmaqla regional bağlantılar, bir sıra əhəmiyyətli sahələrdə iqtisadi sərmayə kimi istiqamətlərdə ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti, planlar və ABŞ-nin özəl sektoru ilə əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib. Ötən ilin 8 avqust tarixində Vaşinqton Sülh Sammitindən sonra Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması istiqamətində qeyd edilən sahələr üzrə ayrı-ayrılıqda aparılmış ikitərəfli təmaslar və müzakirələr yüksək qiymətləndirilib, imzalanacaq Xartiyanın münasibətlərə əlavə təkan verəcəyi vurğulanıb. Bundan əlavə, görüşdə Azərbaycanın regionun enerji təhlükəsizliyində mühüm rolu, bərpaolunan enerji resurslarının inkişafının əhəmiyyəti, Orta Dəhlizdə ticarət marşrutlarının şaxələndirilməsi, Azərbaycanda mövcud əlverişli biznes və investisiya mühiti və yeni əlaqələrin qurulması imkanları, habelə digər qarşılıqlı maraq doğuran mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Bu sahədə aparılan yoxlamalar daha bir il dayandırıldı

Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması ilə bağlı qanuna dəyişiklik edilib. Sozcu.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı qanun imzalayıb. Dəyişikliyə əsasən, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanunda nəzərdə tutulan müddət 2026-cı ildən 2027-ci ilə qədər uzadılıb. Bununla da sahibkarlıq subyektlərində planlı yoxlamaların dayandırılması daha bir il qüvvədə qalacaq. Qanun 2026-cı il yanvarın 1-dən tətbiq ediləcək.

ABŞ vitse-prezidenti regiona gəlir - İrəvanda hazırlıq

ABŞ-dan olan nümayəndə heyəti bir neçə gün əvvəl Ermənistana gəlib. Onların gəlişi ABŞ-ın vitse-prezidenti Ceyms Vensin regiona səfərinə hazırlıqla əlaqəli olduğu bildirilir. Sozcu.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb. Qeyri-rəsmi məlumatlara görə, nümayəndə heyəti üçün Armenia Marriott otelinin ayrıca mərtəbəsi ayrılıb. ABŞ vitse-prezidenti C.D.Vensin İrəvana səfərinin 9 fevrala planlaşdırıldığı bildirlib. Onun daha sonra Bakıya səfər edəcəyi gözlənilir.

Ermənistanın Baş naziri: "Sülh hər kəsə lazımdır"

“Zayed İnsan Qardaşlığı Mükafatı” xalqlarımızın əldə etdiyi nailiyyətlərə verilən qiymətdir. Həmçinin bizim iradəmizi, gələcəyə yönələn baxışlarımızı göstərir". Sozcu.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimində bildirib. “Biz bundan sonra düşünməliyik ki, dəyişikliklər edə və öz xalqlarımız üçün əmin-aman gələcəyi təmin edə bilərik”, - deyən Ermənistanın Baş naziri diqqətə çatdırıb ki, bu istiqamətdə atılan addımlar etimada əsaslanır. “Sülh hər bir kəsə lazımdır”, - deyə o əlavə edib. (Mənbə:AZƏRTAC)

İlham Əliyevlə Paşinyan arasında geniş tərkibdə görüş keçirilir

Bu dəqiqələrdə Əbu-Dabidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə geniş tərkibdə görüşü keçirilir. Sozcu.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

Azərbaycan ABŞ-la 907-ci düzəlişin ləğvini müzakirə etdi

Bu gün Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Məsələlər Komitəsinin peşəkar heyətini qəbul edib. Bu barədə Sozcu.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, görüşdə cari regional vəziyyət, 8 Avqust Vaşinqton Sülh Sammiti çərçivəsində əldə olunmuş razılaşmaların əhəmiyyəti, Azərbaycan-Ermənistan normallaşma prosesi və sülh sazişi ilə bağlı görülən tədbirlər, yekunlaşmaqda olan ABŞ-Azərbaycan Strateji Tərəfdaşlıq Xartiyası layihəsi, eləcə də ikitərəfli gündəlikdə duran və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib. Görüş zamanı həmçinin Azərbaycanla bağlı Konqresdə qaldırılmış təşəbbüslər üzrə fikir mübadiləsi aparılıb və Azadlığa Dəstək Aktına 907-ci Düzəlişin Azərbaycana münasibətdə ləğv edilməsinin əhəmiyyəti vurğulanıb.