İsrail prezidenti Azərbaycana rəsmi səfərə gəlib - YENİLƏNİB

İsrail Dövlətinin Prezidenti İsxak Hersoq mayın 30-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. Sozcu.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. İsrail Prezidenti İsxak Hersoqu və xanımı Mixal Hersoqu Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşılayıblar. 08:34 İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə yola düşüb. Moderator.az xəbər verir ki, İsrail Prezidenti bu barədə “Twitter” hesabında yazıb. O, bunun mühüm dövlət səfəri olduğunu qeyd edib. İsxak Hersoq səmimi dəvətə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib. “Azərbaycan mühüm ölkədir və əminəm ki, mənim səfərim əməkdaşlığın dərinləşməsinə yol açacaq. Biz ümumi yeni imkanları və çağırışları da bölüşürük”, - deyə İsrail Prezidenti qeyd edib.

Hikmət Hacıyev və Armen Qriqoryan Bratislavada panel müzakirəsində iştirak edəcək

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Slovakiyanın paytaxtı Bratislavada keçiriləcək GLOBSEC 2023 Bratislava Forumu çərçivəsində Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə panel müzakirəsində iştirak edəcək. Bu barədə Armen Qriqoryanın ofisi məlumat yayıb. Forum mayın 30-da baş tutacaq.

Avropa İttifaqının İşçi Qrupu Azərbaycanda səfərdədir

Avropa İttifaqı Şurasının Şərqi Avropa və Mərkəzi Asiya üzrə İşçi Partiyasının (COEST) İşçi Qrupu Azərbaycanda səfərdədir. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycanın Aİ-dəki missiyası məlumat yayıb. "İşçi Qrup Azərbaycana səfəri çərçivəsində Hikmət Hacıyev (Prezidentin köməkçisi-red) ilə səmərəli görüş keçirib. Azərbaycan-Avropa İttifaqı tərəfdaşlığı və regional məsələlər üzrə məhsuldar fikir mübadiləsi aparılıb. Nümayəndələr indi Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə, Füzuli və Ağdama gedirlər" - məlumatda qeyd edilib.

Prezident Çunqvon Çunu qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 29-da Dünya Taekvondo Federasiyasının prezidenti Çunqvon Çunu qəbul edib. Sozcu.az xəbər verir ki, dövlətimizin başçısı Çunqvon Çu ilə görüşlərini məmnunluqla xatırlayaraq, Dünya Taekvondo Federasiyasının 50 illiyi münasibətilə təbriklərini çatdırıb. Görüşdə taekvondo üzrə 26-cı dünya çempionatının Bakıda keçirilməsinin önəmi vurğulanıb. Çunqvon Çu bu tədbirin yüksək səviyyədə təşkil olunduğunu məmnunluqla bildirərək qeyd etdi ki, 144 ölkənin nümayəndəsinin iştirakı ilə keçirilən bu idman yarışı taekvondo tarixində ən böyük çempionatdır. Qonaq bu çempionatın Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinin qeyd olunduğu dövrə təsadüf etməsinin rəmzi məna daşıdığını vurğulayıb. Çunqvon Çu rəhbərlik etdiyi federasiyanın Azərbaycan Taekvondo Federasiyası ilə uzun illər uğurlu əməkdaşlıq həyata keçirdiyini deyib. Söhbət zamanı Azərbaycanda idmanın inkişafına yüksək dövlət qayğısının göstərildiyi qeyd olundu, ölkəmizin dünyanın mötəbər idman yarışlarına uğurla ev sahibliyi etməsinin əhəmiyyəti bildirilib. Dövlətimizin başçısı Bakı ilə yanaşı, rayonlarımızda da müasir idman komplekslərinin fəaliyyət göstərdiyini dedi, işğaldan azad edilmiş ərazilərimizdə də geniş idman infrastrukturunun yaradılacağını vurğulayıb. Görüşdə ölkəmizdə taekvondoya olan maraq qeyd edildi, 2016-cı ildə Rio-de-Janeyroda keçirilən Olimpiya Oyunlarında idmançımızın qızıl medal qazandığı xatırlanıb.

Britaniya baş nazirinin ticarət elçisi Bakıya gəlir

Böyük Britaniyanın Baş nazirinin ticarət elçisi Baronessa Emma Nikolson Bakı Enerji Həftəsində iştirak etmək üçün mayın 29-u Azərbaycana dördgünlük rəsmi səfərə gələcək. Bu barədə Sozcu.az-a Böyük Britaniyanın Azərbaycandakı Səfirliyindən məlumat verilib. Bildirilib ki, bu səfər Böyük Britaniyanın Azərbaycan ilə iqtisadi əlaqələrin gücləndirilməsinə sadiqliyinin növbəti göstəricisidir. Baronessa Nikolson Bakıda Azərbaycanın energetika naziri Pərviz Şahbazov, mədəniyyət naziri Adil Kərimli, Milli Məclisin spikeri Sahibə Qafarova, eləcə də enerji, tikinti və tibb şirkətlərinin nümayəndələri ilə görüşəcək. Böyük Britaniya Baş nazirinin ticarət elçisi bərpa edilmiş ərazilərin bərpasında əməkdaşlıq imkanlarını müzakirə etmək üçün Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Azərbaycan Prezidentinin Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında xüsusi nümayəndəsi Vahid Hacıyev və Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov ilə görüşlər keçirəcək. Səfər çərçivəsində Baronessa Nikolson Azərbaycanın enerji bazarı imkanlarını və "təmiz" enerjiyə keçidi müzakirə etmək üçün "Baku Connect" tədbirində, həmçinin Bakı Enerji Həftəsində və Bakı Enerji Forumunda iştirak edəcək.

Müsavat başqanı Cümhuriyyət Günü ilə bağlı Azərbaycan xalqını təbrik edib

Müsavat Partiyasının başqanı Arif Hacılı Azərbaycan xalqını 28 May – Cümhuriyyət Günü münasibəti ilə təbrik edib. Təbrikdə deyilir: “Əziz həmvətənlər, Əziz bacı və qardaşlarım! Sizi 28 May Cümhuriyyət Günü münasibəti ilə təbrik edirəm. 1918-ci il may ayının 28-də M.Ə. Rəsulzadənin rəhbərliyi, Müsavat Partiyasının təşlikatçılığı, Azərbaycan xalqının iradəsi ilə Azərbaycan Xalq Cümhuriyyəti quruldu. M.Ə. Rəsulzadənin başçılıq etdiyi Azərbaycan Milli Şurası tərəfindən Tiflis şəhərində elan edilən Cümhuriyyətimiz xalqımızın dövlətçilik tarixinin ən şərəfli səhifələrindən biridir. Yaradılan dövlətimiz Cənubi Qafqazın əksər ərazilərini əhatə edən, müsəlman Şərqində ilk demokratik dövlət idi. Azərbaycan Xalq Cümhuriyyəti dünyanın siyasi xəritəsinə dövrün az sayda olan azad dövlətlərindən biri kimi daxil oldu. Müsavat Partiyasının başqanı M.Ə.Rəsulzadə bu hadisəni “28 may 1918-ci ildə elan olunan Azərbaycan Şurayi-milliyəsi, sözün siyasi mənası ilə, bir Azərbaycan millətinin varlığını təsbit etmişdir. Belə ki, Azərbaycan kəlməsi sadə coğrafi, etnoqrafi və linqvistik bir kəlmə olmaqdan çıxaraq, siyasi bir aləm olmuşdur”, – deyərək qiymətləndirirdi. Azərbaycan Xalq Cümhuriyyəti mövcud olduğu 23 ay ərzində xalqımız üçün ciddi işlər gördü. Ölkəmizin ərazisində demokratik ideyalar, insan haqları, bütün sahələrdə bərabər imkanlar şəraitinin yaradılması təbliğ və tədbiq olundu. Bəzi Avropa dövlətlərindən daha tez qadınlara seçki hüququ verildi. Təəssüf ki, qısa müddət sonra Cümhuriyyətimiz bolşevik Rusiyası tərəfindən 1920-ci ilin 27 aprelində işğal olundu. Azərbaycanda hüquqi dövlət, azad cəmiyyət quruculuğu istiqamətində gedən proseslər dayandırıldı. Müstəqilliyimiz itirildi. Lakin xalqımızın qəlbinə əbədi həkk olunan İstiqlal eşqini silib atmaq mümkün olmadı. M.Ə.Rəsulzadənin dediyi kimi, bir kərə yüksələn bayraq, bir daha enmədi. İstiqlal idealına sadiq olan Azərbaycan xalqı 1991-ci il oktyabr ayının 18 də özünün itirilmiş dövlət müstəqilliyini yenidən bərpa etdi. Təəssüf ki, hakimiyyət uzun illərdi Cümhuriyyətimizin banilərinə, xüsusilə M.Ə.Rəsulzadəyə qarşı qısqanclıqla yanaşaraq gözdən salmağa çalışsa da xalqımız ona yoxdan bir bayraq və müasir dövlət yaratmış başda böyük Məhəmməd Əmin Rəsulzadə olmaqla unudulmaz tarixi şəxsiyyətləri layiqincə dəyərləndirir, onları hörmətlə yad edir. Müsavat Partiyası və digər demokratik qüvvələr ölkədə demokratik cəmiyyət qurulması uğrunda mübarizə aparır və əminik ki, ölkədə demokratik cəmiyyət qurulduqdan sonra ulu öndərimiz Məhəmməd Əmin Rəsulzadənin ideyaları tam şəkildə həyata keçmiş olacaq. Əziz həmvətənlər! Sizi bir daha xalqımızın ən önəmli bayramı olan 28 May – Cümhuriyyət Günü münasibəti ilə təbrik edir, Sizə şəxsi həyatınızda xoşbəxtlik, işlərinizdə uğurlar arzulayıram.

Bayramov NATO xüsusi nümayəndəsi ilə nələri müzakirə etdi...

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə NATO baş katibinin siyasi məsələlər və təhlükəsizlik siyasəti üzrə köməkçisinin müavini, Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina arasında görüş keçirilib. Bu barədə Sozcu.az-a XİN-dən məlumat verilib. Görüş zamanı NATO ilə Azərbaycan arasında əməkdaşlıq məsələləri, Azərbaycan-Ermənistan normallaşma prosesi və danışıqların cari vəziyyəti müzakirə edilib. Görüşdə Azərbaycan tərəfindən regionda və onun hüdudlarından kənarda sülh və təhlükəsizliyə töhfə verən və tərəfdaş ölkə kimi Azərbaycanla NATO arasında müntəzəm siyasi dialoqun aparılması və praktiki əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyəti qeyd edilib. Nazir Ceyhun Bayramov Azərbaycan və Ermənistan arasında normallaşma prosesi, sülh gündəliyinin irəli aparılması istiqamətində Azərbaycan tərəfindən atılan addımlar, Ermənistanın sülh prosesinə xələl gətirən hərbi-siyasi təxribatları barədə qarşı tərəfi məlumatlandırıb. Görüşdə Xavyer Kolomina NATO-nun Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesini dəstəklədiyini vurğulayıb. Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Yeni publik hüquqi şəxs yaradıldı

“Şərqi Zəngəzur İqtisadi Rayonunda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs yaradılıb. Sozcu.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev fərman imzalayıb. Fərmana əsasən, həmçinin “Şərqi Zəngəzur İqtisadi Rayonunda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Nizamnaməsi” təsdiq edilib. Müəyyən olunub ki, Şərqi Zəngəzur İqtisadi Rayonunda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti Laçın və Kəlbəcər rayonlarına əhalinin qayıdışı ilə əlaqədar çoxmənzilli binaların və fərdi yaşayış evlərinin tikintisinin təşkili, bu qaydada tikilmiş çoxmənzilli binaların idarə edilməsi, habelə müvafiq ərazidə abadlaşdırma, yaşıllaşdırma və mənzil-kommunal təsərrüfatı sahələrində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Xidmətin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün sədr də daxil olmaqla, 5 üzvdən ibarət Müşahidə Şurası yaradılır. Xidmətin fəaliyyətinə cari rəhbərliyi Xidmətin Müşahidə Şurasının vəzifəyə təyin və vəzifədən azad etdiyi İcraçı direktor həyata keçirir. Xidmətin nizamnamə fondu 500 min manatdır və dövlət büdcəsinin vəsaiti hesabına formalaşır. Xidmətin saxlanılma xərcləri və fəaliyyəti dövlət büdcəsi və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşir. Prezidentin sərəncamı ilə “Şərqi Zəngəzur İqtisadi Rayonunda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilib: Müşahidə Şurasının sədri Məsim Məmmədov – Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Müşahidə Şurasının üzvləri Elnur Əliyev – Azərbaycan Respublikası iqtisadiyyat nazirinin birinci müavini Sarvan Cəfərov – Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini Namiq Hümmətov – Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Azadə Hüseynova – Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi sədrinin müavini.

Müsavat başqanı İsveç Krallığına səfərə gedib

Müsavat Partiyasının başqanı Arif Hacılı və başqanın beynəlxalq məsələlər üzrə müavini Səxavət Soltanlı ALDE - liderlərinin konfransına qatılmaq üçün İsveç Karallığının paytaxtı Stockholma gediblər.  Sozcu.az saytının əldə etdiyi məlumata görə, konfransda Azərbaycana aid siyasi, iqtisadi problemlər, Qarabağın işğalının region üçün təhlükəli nəticələri, siyasi məhbuslar, Azərbaycan-Avropa İttifaqı münasibətlərinin prespektivləri və digər məsələrlə bağlı müzakirələrin də  keçiriləcəyi gözlənilir.  Xatırladaq ki, Avropa Liberallar və Demokratlar İttifaqı (ALDE) Avropa Parlamentinin ən böyük fraksiyalarından biridir. Qrup Avropa Parlamentində 100 deputatla təmsil olunur. Qrupa 43 ölkədən olan siyasi partiyalar daxildir. Müsavat Partiyası 2007-ci ildən ALDE-nin üzvüdür.

Əliyev açıqladı: Üçtərəfli görüş keçiriləcək!

Ermənistan istisna olmaqla, Azərbaycanın Avrasiya İqtisadi Birliyinin üzvləri ilə əməkdaşlığı 30 il ərzində uğurla inkişaf edir. Sozcu.az xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev mayın 25-də Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında çıxış edərkən deyib. İclasda qonaq qismində iştirak edən dövlətimizin başçısı çıxışında bildirib: “Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı şəkildə tanınması əsasında ciddi imkanlar var”. Dövlətimizin başçısı, həmçinin bu gün Rusiya tərəfinin təşəbbüsü ilə Rusiya, Azərbaycan və Ermənistan rəhbərlərinin üçtərəfli görüşünün keçiriləcəyini vurğulayıb.

İlham Əliyev Rusiyaya getdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 25-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Moskvaya işgüzar səfər edib. Sozcu.az xəbər verir ki, Moskvanın Vnukovo-2 beynəlxalq hava limanında dövlət başçısını Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin və digər rəsmi şəxslər qarşılayıblar.

Rusiya XİN rəsmisi həmsöhbətim ola bilməz - Paşinyan

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi mənim həmsöhbətim ola bilməz, həmsöhbətlərim Rusiya Federasiyasının prezidenti və baş naziridir. Sozcu.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya XİN rəsmisi Mariya Zaxarovanın KTMT ilə bağlı verdiyi şərhə cavab olaraq bildirib. "Hörmətli və dost Rusiyanın Xarici İşlər Nazirliyinin nümayəndəsi mənim sözlərimi şərh edə bilməz, o, sadəcə onları nəzərə ala bilər", - Paşinyan qeyd edib.