Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 17-də Slovakiya parlamentinin sədri Boris Kolları qəbul edib. Sozcu.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
15:36 Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Tacikistan Respublikasının Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə fərman imzalayıb. Sozcu.az fərmanın mətnini təqdim edir: 1. 2023-cü il aprelin 5-də Düşənbə şəhərində imzalanmış “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Tacikistan Respublikasının Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş” təsdiq edilsin. 2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin. 3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Tacikistan Respublikası Hökumətinə bildiriş göndərsin. *** Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Tacikistan Respublikası Hökuməti yanında Gömrük Xidməti arasında Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında keçirilən mal və nəqliyyat vasitələri barədə ilkin məlumat mübadiləsinin təşkili haqqında Protokol”un təsdiq edilməsi barədə fərman imzalayıb. Fərmanda deyilir: 1. 2023-cü il aprelin 5-də Düşənbə şəhərində imzalanmış “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Tacikistan Respublikası Hökuməti yanında Gömrük Xidməti arasında Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında keçirilən mal və nəqliyyat vasitələri barədə ilkin məlumat mübadiləsinin təşkili haqqında Protokol” təsdiq edilsin. 2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Protokol qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi onun müddəalarının həyata keçirilməsini təmin etsin. 3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Tacikistan Respublikası Hökumətinə bildiriş göndərsin. *** Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında yerquruluşu, torpaq münasibətləri, kadastr, geodeziya, kartoqrafiya, Yerin məsafədən zondlanması və coğrafi informasiya sistemləri sahələrində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə fərman imzalayıb. Fərmanda deyilir: 1. 2023-cü il aprelin 5-də Düşənbə şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında yerquruluşu, torpaq münasibətləri, kadastr, geodeziya, kartoqrafiya, Yerin məsafədən zondlanması və coğrafi informasiya sistemləri sahələrində əməkdaşlıq haqqında Saziş” təsdiq edilsin. 2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin. 3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Tacikistan Respublikası Hökumətinə bildiriş göndərsin. *** Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 4 aprel tarixli 853-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 713-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 8 iyul tarixli 938 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb. Fərmanda deyilir: 1.1. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 45-ci maddəsinin “Qeyd” hissəsinin 3-cü bəndində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir; 1.2. həmin Məcəllənin 45.1.6-1-ci maddəsində, 45-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndində, 52.1.10-cu (hər iki halda) və 52.1.11-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirir; 1.3. həmin Məcəllənin 45.3-cü maddəsinin birinci və ikinci cümlələrində, 52-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci və 3-cü bəndlərinin birinci və ikinci cümlələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirir. 2. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 4 aprel tarixli 853-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin. 3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi üç ay müddətində: 3.1. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 45.1.6-1-ci və 52.1.10-cu maddələrinə uyğun olaraq, Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq icazəsinin verilməsi (müddətinin uzadılması) üçün həmin maddələrdə nəzərdə tutulan hüquqi şəxsin ödənilməli olan nizamnamə kapitalının miqdarını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 3.2. həmin Məcəllənin 45-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə, 52.1.10-cu və 52.1.11-ci maddələrinə uyğun olaraq, Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq icazəsinin verilməsi (müddətinin uzadılması) üçün həmin maddələrdə nəzərdə tutulan şəxslərin dövriyyə həcmini təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin. 4. “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 713-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 8 iyul tarixli 938 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 7, maddə 803; 2014, № 9, maddə 1050, № 11, maddələr 1382, 1413, № 12, maddə 1588; 2015, № 10, maddə 1121; 2016, № 6, maddələr 1020, 1044, № 11, maddə 1827; 2018, № 7 (I kitab), maddə 1476; 2019, № 7, maddə 1240; 2020, № 6, maddə 703; 2021, № 1, maddə 36; 2023, № 2, maddə 237; Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 3 mart tarixli 2056 nömrəli Fərmanı) aşağıdakı dəyişikliklər edilsin: 4.1. 5.1-ci bəndə “44.6-cı” sözlərindən sonra “maddələrində, 45-ci maddəsinin “Qeyd” hissəsinin 3-cü bəndində” sözləri əlavə edilsin; 4.2. 5.4-cü bənddə “45.2-ci maddəsinin” sözləri “45.2-ci və 45.3-cü maddələrinin” sözləri ilə əvəz edilsin və həmin bəndə “52.3-cü” sözlərindən sonra “maddələrində, 52-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci və 3-cü bəndlərinin birinci və ikinci cümlələrində” sözləri əlavə edilsin; 4.3. aşağıdakı məzmunda 5.11-1-ci bənd əlavə edilsin: “5.11-1. həmin Məcəllənin 45.1.6-1-ci maddəsində, 45-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndində, 52.1.10-cu (hər iki halda) və 52.1.11-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirir;”; 4.4. 5.19-cu bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 5.20-ci bənd əlavə edilsin: “5.20. həmin Məcəllənin 45-ci maddəsinin “Qeyd” hissəsinin 3-cü bəndində, “iqtisadi rayonlar” dedikdə, “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 iyul tarixli 1386 nömrəli Fərmanının 1.6-cı və 1.13-cü bəndlərində göstərilmiş Azərbaycan Respublikasının iqtisadi rayonları nəzərdə tutulur.”. *** Prezident İlham Əliyev “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 4 aprel tarixli 854-VIQD nömrəli Qanununun tətbiqi və “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 26 mart tarixli 42 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb. Fərmanda deyilir: 1. Müəyyən edilsin ki, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 41.2-ci maddəsinin dördüncü abzasında nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirir. 2. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 26 mart tarixli 42 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 3, maddə 143; 2010, № 2, maddə 80; 2014, № 11, maddə 1392; 2017, № 4, maddə 550; 2021, № 12, maddə 1373; 2022, № 8, maddə 862) 3-cü hissəsində aşağıdakı dəyişikliklər edilsin: 2.1. 3.2-ci bənd aşağıdakı redaksiyada verilsin: “3.2. həmin Qanunun 41.2-ci maddəsinin dördüncü abzasında nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirir;”; 2.2. 3.3-cü bənd ləğv edilsin. 3. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 4 aprel tarixli 854-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin. *** Prezident İlham Əliyev “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 4 aprel tarixli 855-VIQD nömrəli Qanununun tətbiqi və “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1284-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 iyul tarixli 566 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb. Fərmanda deyilir: 1. Müəyyən edilsin ki, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikası Qanununun 28.4-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirir. 2. “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1284-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 iyul tarixli 566 nömrəli Fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 7, maddə 834; 2016, № 6, maddə 1049; 2017, № 5, maddə 847; 2019, № 7, maddə 1214) aşağıdakı məzmunda 2.5-ci bənd əlavə edilsin: “2.5. həmin Qanunun 28.4-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirir.”. 3. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 4 aprel tarixli 855-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.
“Vaşinqton hesab edir ki, Azərbaycanla Ermənistan arasında uzunmüddətli sülh mümkündür”. “Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibinin birinci müavini Vedant Patel bildirib. O, Azərbaycan və Ermənistan XİN başçılarının Vaşinqton danışıqlarını belə şərh edib: “ABŞ bu danışıqların tərəfi olmayıb. Amma Arlinqtonda apardığımız danışıqların davamı olaraq, bunların irəliləmək üçün vacib addımlar olduğuna inanırıq və əvvəki kimi hesab edirik ki, bu iki ölkə arasında davamlı sülh mümkündür”. Xatırladaq ki, Azərbaycan və Ermənistan XİN başçıları Ceyhun Bayramov və Ararat Mirzoyanın Vaşinqtondakı görüşü 4 gün (1-4 may) davam edib. Nazirlər iki dəfə ABŞ Dövlət katibi Entoni Blinkenlə görüşüb. Danışıqlardan sonra Blinken bəyan edib ki, Azərbaycan və Ermənistan sülh müqaviləsinin imzalanması yolunda əhəmiyyətli irəliləyiş əldə ediblər. Bundan sonra Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanın Avropa Şurası Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə mayın 14-də Brüsseldə görüşü baş tutub.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Belçikanın paytaxtı Brüsseldə Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Josep Borellə görüşüb. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycanın NATO-dakı nümayəndəsi Cəfər Hüseynzadə məlumat verib. Görüşdə Azərbaycan ilə AB arasında münasibətlər də daxil olmaqla bir sıra məsələlər müzakirə edilib. Qeyd edək ki, C.Bayramov Brüsseldə səfərdədir.
"Avropa İttifaqı Şurasının Prezidentinin təşkilatçılığı ilə Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri arasında bu formatda 14 may tarixli sayca beşinci görüşü iki ölkə arasında normallaşma gündəliyinin irəlilədilməsi baxımından faydalı və nəticə yönümlü hesab edirik". Sozcu.az xəbər verir ki, bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin Avropa İttifaqı Şurasının Prezidentinin təşkilatçılığı ilə Azərbaycan Prezidenti və Ermənistanın baş naziri arasında keçirilmiş növbəti görüşə dair şərhində əksini tapıb. İlk növbədə, müxtəlif müdaxilə və şərtləndirmə cəhdlərinə görə 9 aya yaxın müddətdə fasilə verilən “Brüssel formatı”nda görüşün yenidən keçirilməsi tərəflər arasında ən yüksək səviyyədə dialoqun təşviqi baxımından əhəmiyyət kəsb edir. Görüş zamanı, Azərbaycan və Ermənistan arasında ikitərəfli sülh sazişi layihəsinin razılaşdırılması, sərhədlərin delimitasiyası və kommunikasiyaların bərpası istiqamətləri üzrə konkret nəticələrin əldə edilməsi məqsədilə ətraflı fikir mübadiləsi aparılıb. Azərbaycan tərəfinin regionda sülh və sabitliyin təmin edilməsi ilə bağlı prinsipial mövqeyi bir daha tərəf-müqabillərin diqqətinə çatdırılıb. Xüsusilə, dövlətlərin ərazi bütövlüyünə hörmətin bir daha təsbit edilməsi, bu kontekstdə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün Ermənistan tərəfindən də qəbul edilməsi müstəsna əhəmiyyət kəsb edir. Görüş həmçinin münaqişədən sonrakı normallaşma baxımından vacib olan humanitar məsələlərin müzakirəsi üçün bir fürsət təşkil edib. Bu kontekstdə, xüsusilə itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi və minasızlaşdırma sahələrində addımlar atılmasının sürətləndirilməsinin vacibliyi bir daha vurğulanıb. Azərbaycan və Ermənistan arasında bir-birinin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərinin qarşılıqlı tanınması və hörmət edilməsi əsasında münasibətlərin normallaşdırılmasının regionda davamlı sülh və sabitliyin təmini üçün yeganə yol olduğunu bəyan edirik. Bu istiqamətdə münasibətlərin normallaşması üçün tərəqqi əldə edilməsinə dəstək verən səyləri alqışlayır, bu məqsədi güdən beynəlxalq tərəfdaşlarla dialoqu və qarşılıqlı fəaliyyəti davam etdirməyə hazır olduğumuzu bir daha təsdiq edirik.
Ötən gün Belçikanın paytaxtı Brüssel şəhərində Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçirilib. Sozcu.az xəbər verir ki, liderlər beşinci dəfə Brüsseldə bir araya gəliblər. Üçtərəfli danışıqlardan sonra Şarl Mişel mətbuata açıqlamasında bildirib ki, tərəflər Brüssel görüşlərini mümkün qədər tez-tez keçirmək barədə razılığa gəliblər. Onun sözlərinə görə, bu il tərəflər arasında daha 3 görüşün keçirilməsi gözlənilir. Belə ki, iyunun 1-də Moldovanın paytaxtı Kişinyov şəhərində keçiriləcək 2-ci Avropa Siyasi Birliyi Zirvə Toplantısı çərçivəsində Fransa Prezidenti Emmanuel Makron və Almaniya Kansleri Olaf Şoltsun iştirakı ilə liderlər arasında növbəti danışıqların aparılması planlaşdırılır. İyul ayında isə Brüsseldə yenidən üçtərəfli görüşün keçirilməsi nəzərdə tutulur. Brüssel danışıqlarında Mişel, İlham Əliyev və Paşinyan iştirak edəcək. "Mən, həmçinin liderləri oktyabrda Qranadada təşkil ediləcək 3-cü Avropa Siyasi Birliyi Zirvə Toplantısı çərçivəsində daha bir görüşə dəvət etmək niyyətindəyəm", - Mişel deyib. Qeyd edək ki, Azərbaycan və Ermənistan tərəfləri görüşlərə razılıq verilib-verilməməsi barədə məlumat yaymayıb. Azərbaycan Xarici İşlər Nazirliyinin Brüssel görüşündən öncə yaydığı məlumatda bildirilib ki, Kişinyovda Avropa Siyasi Birliyinin növbəti iclası çərçivəsində Fransa Prezidenti və Almaniya Kanslerinin iştirakı ilə Azərbaycan və Ermənistan liderləri arasında görüş keçirilməsi təklif olunub. "Azərbaycan tərəfi öz növbəsində, Brüssel formatını əvəz etməmək və bu formatı dəyişdirməmək şərtilə Kişinyovda qeyri-formal görüşdə Azərbaycan tərəfinin iştirakının mümkün olduğunu bildirib", - XİN-in məlumatında bildirilib.
Brüsseldə işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə görüşü başlayıb. Bu barədə Prezidentin mətbuat xidmətindən xəbər verilib.
Avropa İttifaqı Şurası mayın 14-da keçirilməsi planlaşdırılan üçtərəfli görüş barədə məlumat yayıb. Sozcu.az xəbər verir ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin mayın 13-ü axşam saatlarında Ermənistan Baş naziri Nikol Paşinyanla ikitərəfli görüş keçirəcəyi bildirilir. Mayın 14-ü səhər saatlarında isə Mişelin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü planlaşdırılır. Elə həmin gün günorta saatlarında üçtərəfli görüş başlayacaq. Bundan əvvəl Avropa İttifaqının Brüssel görüşü barədə açıqlamasında deyilir ki, Şarl Mişel Aİ-nin Cənubi Qafqazda sabitliyi və iki ölkə arasında normallaşmanı təşviq etmək səylərini inkişaf etdirmək üçün Azərbaycan və Ermənistan liderləri ilə sıx əlaqə saxlamağa davam edir.
Bütün dünyanın diqqət mərkəzində olan Türkiyə seçkiləri sona çatır. Bu seçkilər Türkiyənin bütün islam dünyasında ən demokratik dövlət olduğunu, bəzi məqamlara, xüsusilə cəmiyyətin siyasi fəallığına görə hətta bəzi Avropa ölkələrindən geri qalmadığını təsdiq etdi. Ümid edirik, inanırıq ki, seçki günü və seçkidən sonrakı günlərdə bəzi qüsurlara baxmaraq əsasən azad siyasi rəqabət şəraitində keçən seçkilərə kölgə salacaq hər hansı olaylar baş verməyəcək. Seçki kampaniyası dövrünə aid bəzi nüanslara baxmayaraq hər kəs bilməli və nəzərə almalıdır ki, Türkiyə-Azərbaycan dostluğu seçkilərin istənilən nəticələrindən asılı olmayaraq yenə davam edəcək. Çünki, bu dostluq ayrı-ayrı siyasi liderlərin, dövlət xadimlərinin, hətta hökümətlərin qarşılıqlı münasibətlərinə deyil, dövlətlərarası, xalqlar arası dostluq münasibətlərinə əsaslanır. Bizim üçün ən vacib məsələ isə Türkiyədəki seçkilərin demokratikliyinin təmin edilməsi, xalqın iradəsinə əsaslanan hakimiyyət strukturlarının formalaşmasıdır. Əgər seçkilərin nəticələrinə haram qatılmasa hər şey çox gözəl olacaq! Türkiyəmiz üçün xeyirli, uğurlu olsun!! Arif Hacılı, Müsavat Partiyasının başqanı
Paşinyanla Əliyev arasında ən azı iyunun 1-də Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Kişinyovda keçirilməsi planlaşdırılan görüş zamanı konkret sənəd ətrafında razılaşma baş tuta və sənəd imzalana bilər. Sozcu.az xəbər verir ki, bu barədə “İravunk” qəzeti yazır. Nəşr qeyd edir ki, Paşinyanın Brüssel görüşü öncəsi ilk növbədə diasporla bağlı bəzi qorxuları var: “İstər Nikol Paşinyan, istərsə də diasporla iş üzrə baş komissarı Zare Sinanyan səviyyəsində diaspor nümayəndələri ilə son təmaslar göstərdi ki, bundan sonra heç kim susub dözmək istəmir. Paşinyanın Azərbaycanla sülhün bağlanması gündəliyi ilə Brüsselə səfəri təbii ki, diaspordan yan keçməyəcək və sürprizlər az olmayacaq”. Qeyd edək ki, mayın 14-də Avropa Birliyi Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə Ermənistan və Azərbaycan liderləri Nikol Paşinyan və İlham Əliyevin görüşü gözlənilir.
Ötən il Brüsseldə Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında bir neçə görüş keçirilib. Dekabr ayında, məhz Ermənistan tərəfi Brüsseldə eyni formatlı görüşdə iştirakdan imtina edib, bununla da prosesə maneçilik törədilib. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə deyib. O bildirib Azərbaycan tərəfi, ötən il baş tutmamış və Aİ Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü və iştirakı ilə may ayında yenidən bərpa olunması planlaşdırılan Brüssel görüşünə razılıq verib. "Eyni zamanda, Kişinyovda Avropa Siyasi İcmasının növbəti iclası çərçivəsində Fransa Prezidenti və Almaniya Kanslerinin iştirakı ilə Azərbaycan və Ermənistan liderləri arasında görüş keçirilməsi təklif olunub. Azərbaycan tərəfi öz növbəsində, Brüssel formatını əvəz etməmək və bu formatı dəyişdirməmək şərtilə Kişinyovda qeyri-formal görüşdə Azərbaycan tərəfinin iştirakının mümkün olduğunu bildirib. Bununla yanaşı, sözügedən görüşün təfərrüatları barədə müfəssəl məlumat verilmədiyi nəzərə alınaraq, Kişinyov görüşündə iştiraka dair yekun razılıq hələlik mövcud deyil", - XİN-dən bildirilib.
Vaşinqton danışıqlarında biz bir addım irəli getdik. Bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov bildirib. "ABŞ-da sülh müqaviləsi ətrafında danışıqlar aparılıb. Sülh müqaviləsi ilə bağlı təşəbbüslər Azərbaycan tərəfindən irəli sürülüb. Hələ 2021-ci ildə Prezident İlham Əliyev bunu ilk dəfə səsləndirib. Ötən ilin fevral ayında 5 baza prinsipini irəli sürüb və nəhayət 2022-ci ilin oktyabr ayında Cenevrədə ilk dəfə sülh müqaviləsi üzrə danışıqlara başlanıb. Həmin danışıqlarda Azərbaycanın yekun təqdim etdiyi genişlənmiş baza prinsipləri ətrafında danışıqlara başlanılıb. Daha sonra noyabr ayında Vaşinqtonda görüş keçirilib. Dekabrda Moskvada görüşün keçirilməsi planlaşdırılıb. Üçüncü görüşdən Ermənistan tərəfi imtina etmişdi, müxtəlif səbəblər gətirərək boykot etdi. Onlar Laçın yolu ətrafındakı məsələsini bəhanə etmişdilər. Beləliklə 6 aya yaxın elə görüşlər keçirilmədi", - XİN rəhbəri qeyd edib. Nazir bildirib ki, ABŞ vasitəçiliyi ilə Ermənistan yenidən danışıqlar masasına qayıtdı: "Bizim Vaşinqtonda 4 gün ərzində sülh müqaviləsi ətrafında kifayət qədər intensiv müzakirələrimiz oldu. Orada bir sıra maddələri, vacib məsələləri özündə ehtiva edir. Biz tam razılaşma barədə deyə bilmərik, tərəflərin mövqeləri arasında kifayət qədər fərqlər var, ancaq bu danışıqlarda sülh müqaviləsi üzrə bəlli maddələrdə razılaşmalar əldə edildi. Biz bir addım da irəli getdik. Biz bu prosesə realist yanaşmalıyıq. Bir görüşdə bütün məsələlərin razılaşdırılmasI əlbəttə ki yaxşı olardı. Biz bunu arzulayardıq, lakin biz buna hələ ki hazır deyilik. Azərbaycan sülh prosesinə sadiqliyini daim nümayiş etdirir”, - o deyib.