İran Azərbaycanı Ermənistana görə HƏDƏLƏDİ

İran yenə Azərbaycanı hədələyib. Sozcu.az xəbər verir ki, bu barədə beynəlxalq məsələlər üzrə iranlı ekspert Mehdi Xorsand erməni mediasına müsahibəsində deyib. “Azərbaycan Ermənistanın Zəngəzur bölgəsində hər hansı addım atmağa cəhd etsə, bu, şübhəsiz ki, İrana zərər verəcək və Tehran susmayacaq. Cənubi Qafqaz regionunda proseslərin inkişafı təkcə Ermənistan və Azərbaycan arasında deyil, daha geniş formatda müzakirə edilməlidir. Çünki bu məsələdə regional – Türkiyə, Rusiya, İran və regiondankənar – Fransanın rəhbərlik etdiyi Avropa Birliyi, İsrail və bir qədər də ABŞ iştirak edir. Onların hər biri öz rolunu oynayır”, – Xorsand deyib.konkret

İlham Əliyev Edmondo Çiriellini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 3-də İtaliya Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çiriellini qəbul edib. Sozcu.az xəbər verir ki, dövlətimizin başçısı Azərbaycan-İtaliya ikitərəfli münasibətlərinin uğurla inkişaf etdiyini deyərək, bu baxımdan qarşılıqlı səfərlərin əhəmiyyətini vurğuladı və cari ilin əvvəlindən indiyədək, İtaliyanın 3 nazirinin, həmçinin bu gün nazir müavinin ölkəmizə səfərinin əlaqələrimizin çox yüksək səviyyədə olmasının göstəricisi kimi dəyərləndirdi. Prezident İlham Əliyev ölkələrimiz arasında münasibətlərin strateji tərəfdaşlıq müstəvisində inkişaf etdiyini qeyd edərək, əlaqələrimizin böyük hissəsinin energetika sahəsi ilə bağlı olduğunu dedi, hazırda Avropanın enerji təhlükəsizliyi istiqamətində atılan addımların Azərbaycan-İtaliya əməkdaşlığını daha da gücləndirdiyini vurğuladı. Dövlətimizin başçısı, eyni zamanda, İtaliyanın Azərbaycanın birinci ticarət tərəfdaşı olduğunu xatırladaraq, ticarət dövriyyəsinin əsas hissəsinin Azərbaycanın neft-qaz ixracını təşkil etdiyini dedi və bu baxımdan əməkdaşlığımızın strukturunun genişləndirilməsi ilə bağlı əlavə addımların atılmasının zəruriliyini qeyd etdi. Prezident İlham Əliyev Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh gündəliyi haqqında məlumat verərək ölkəmizin İkinci Qarabağ müharibəsindən dərhal sonra Ermənistanla sülh müqaviləsinin imzalanması ilə bağlı təkliflərlə çıxış etdiyini diqqətə çatdırdı. Azərbaycan Prezidenti Edmondo Çiriellinin ölkəmizə səfərinin məhsuldar olacağına əminliyini bildirdi. Azərbaycan-İtaliya əlaqələrinin minilliklərlə yaşı olduğunu qeyd edən Edmondo Çirielli münasibətlərimizin kökünün hətta antik dövrlərə gedib çatdığını vurğuladı. Azərbaycanın İtaliya üçün çox önəmli ölkə olduğunu deyən qonaq Cənubi Qafqazda sabitlik baxımından ölkəmizin strateji əhəmiyyətini qeyd etdi, Azərbaycanın regionda müstəqil və suveren siyasət apardığını vurğuladı. İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini siyasi əlaqələrlə yanaşı, iqtisadi sahədə əməkdaşlığın da xüsusi əhəmiyyət kəsb etdiyini bildirdi.

İlham Əliyev fərman imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 7 mart tarixli 838-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb. Sozcu.az fərmanın mətnini təqdim edir: 1. Müəyyən edilsin ki: 1.1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.39-cu, 106.1.32-ci və 218-1.1.7-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir; 1.2. həmin Məcəllənin 102.1.39-cu, 106.1.32-ci və 218-1.1.7-ci maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi nəzərdə tutulur. 2. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 7 mart tarixli 838-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin. 3. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (III kitab), maddə 616; 2005, № 12, maddə 1099; 2006, № 5, maddə 400, № 12, maddə 1034; 2007, № 4, maddə 323, № 12, maddə 1225; 2008, № 11, maddə 972; 2009, № 3, maddə 163, № 4, maddə 226, № 10, maddə 780; 2010, № 7, maddə 610; 2011, № 7, maddə 631; 2013, № 7, maddə 805, № 11, maddə 1324; 2014, № 4, maddə 359, № 5, maddə 477, № 9, maddə 1027, № 10, maddə 1198, № 11, maddələr 1390, 1420; 2015, № 1, maddə 12, № 12, maddə 1454; 2016, № 2 (II kitab), maddələr 261, 265, № 3, maddə 450, № 5, maddə 882, № 6, maddələr 1023, 1024, 1042, 1065, № 7, maddə 1257, № 9, maddə 1464, № 11, maddə 1838, № 12, maddə 2089; 2017, № 5, maddələr 760, 811, 845, № 7, maddə 1344, № 8, maddə 1521; 2018, № 9, maddələr 1830, 1843, № 12 (I kitab), maddələr 2571, 2599; 2019, № 8, maddələr 1396, 1407; 2020, № 5, maddə 560, № 11, maddə 1356, № 12 (I kitab), maddə 1504; 2021, № 1, maddə 35, № 3, maddə 220, № 4, maddə 323, № 6 (I kitab), maddə 585, № 12, maddələr 1398, 1425; 2022, № 1, maddə 22, № 12, maddə 1456; Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 7 fevral tarixli 2027 nömrəli Fərmanı) aşağıdakı dəyişikliklər edilsin: 3.1. 1.1-ci bəndə “102.1.37-ci,” sözlərindən sonra “102.1.39-cu,” sözləri, “106.1.31-ci,” sözlərindən sonra “106.1.32-ci,” sözləri və “218-1.1.3-cü” sözlərindən sonra “, 218-1.1.7-ci” sözləri əlavə edilsin; 3.2. 1.12-1-ci bəndə “İcbari” sözündən sonra “Tibbi” sözü əlavə edilsin; 3.3. 1.50-ci bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 1.51-ci bənd əlavə edilsin: “1.51. həmin Məcəllənin 102.1.39-cu, 106.1.32-ci və 218-1.1.7-ci maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi nəzərdə tutulur.”. 4. Bu Fərman 2023-cü il yanvarın 1-dən tətbiq edilir.

Rəsmi Bakı: “İranın təhdidləri Azərbaycanı heç zaman qorxuda bilməz”

“İran tərəfinin bu təhdidləri Azərbaycanı heç zaman qorxuda bilməz”. Bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə 31 mart tarixində İranın Xarici İşlər Nazirliyin mətbuat katibi Nasir Kənani tərəfindən səslənmiş iddialara cavab verərkən bildirib. İran ərazisindən Ermənistana göndərilən hərbi dəstəyə baxmayaraq, Azərbaycan ordusu 2020-ci ildə işğalçı Ermənistan ordusunu darmadağın etdi. Bundan sonra da, Azərbaycana qarşı hər hansı bir təcavüzün və təxribatın qarşısı qətiyyətlə alınacaqdır.

İlham Əliyev sərəncam imzaladı

Prezident İlham Əliyev Zaqatala rayonunun Yevlax–Zaqatala–Gürcüstanla dövlət sərhədi (150 km)–Əliabad–Bəhmətli–Kürdəmir–Lahıc avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sozcu.az xəbər verir ki, sərəncamla on doqquz min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Yevlax–Zaqatala–Gürcüstanla dövlət sərhədi (150 km)–Əliabad–Bəhmətli–Kürdəmir–Lahıc avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.10-cu yarımbəndinə uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 6,7 milyon (altı milyon yeddi yüz min) manat ayrılsın. Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək və Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Rəsmi Bakı: "Azərbaycanlılar Ermənistanın etnik təmizləmə siyasətinə məruz qalıb"

"Ermənistanın azərbaycanlılara qarşı etnik nifrət və dözümsüzlük siyasətinin ayrılmaz tərkib hissəsi olan etnik təmizləmə, soyqırımı və digər insanlıq əleyhinə cinayətlər Azərbaycana qarşı 30 ilə yaxın davam edən hərbi təcavüz siyasəti, o cümlədən 44 günlük Vətən müharibəsi zamanı da davam etdirildi". Bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanatında əksini tapıb. Bildirilib ki, Ermənistanda yaşayan azərbaycanlıların deportasiyası, o cümlədən Azərbaycan ərazilərinin işğalı nəticəsində öz yurdlarından didərgin düşən həmvətənlərimiz Ermənistanın etnik təmizləmə siyasətinə məruz qalıb, dinc əhali Xocalı soyqırımı da daxil olmaqla, soyqırımı aktları, çoxsaylı hərbi cinayətlər və insanlıq əleyhinə cinayətlərin qurbanına çevrilib. "44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın cəbhə bölgəsindən kənarda yerləşən Gəncə, Bərdə, Tərtər və digər şəhərlərinin dinc sakinlərinə qarşı törədilən raket hücumları Ermənistanın dövlət səviyyəsində azərbaycanlılara qarşı etnik təmizləmə siyasətini davam etdirdiyini bir daha sübuta yetirdi", - bəyanatda qeyd olunub.

Ceyhun Bayramov Fələstin Prezidenti ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fələstin Prezidenti Mahmud Abbasla görüşüb. Sozcu.az xəbər verir ki, Ceyhun Bayramov bu barədə tviterdəki hesabında yazıb. “Fələstinə rəsmi səfərim çərçivəsində Fələstin Prezidenti Mahmud Abbas tərəfindən qəbul olunmaqdan məmnunam. Azərbaycanla Fələstin arasında ikitərəfli və çoxtərəfli münasibətlərin perspektivləri, regional və beynəlxalq vəziyyət, qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib. Qonaqpərvərliyə və səmərəli görüşə görə minnətdarlığımı bildirdim”, - Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri qeyd edib.

VHP: Dövlətimizə, istiqlalımıza qarşı istənilən təhdidə lazımi cavab veriləcək!

VHP deputata qarşı terroru pislədi: Dövlətimizə, istiqlalımıza qarşı istənilən təhdidə lazımi cavab veriləcək! Vətəndaş Həmrəyliyi Partiyası Milli Məclisin deputatı Fazil Mustafaya qarşı sui-qəsd hadisəsi ilə bağlı bəyanat verib. Bəyanatda deyilir: “28 mart 2023-cü il tarixdə saat 21:51-də Milli Məclisinin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında – “Kalaşnikov” konstruksiyalı avtomat silahından atəş açılaraq terror aktı törədilib. Sui-qəsd nəticəsində Fazil Mustafa iki güllə yarası alıb. Vətəndaş Həmrəyliyi Partiyası baş vermiş terror aktını qətiyyətlə pisləyərək, millət vəkilinə şəfalar diləyir. Azərbaycan Respublikasının Ali qanunverici orqanının üzvü, Milli Məclisinin deputatına qarşı terror siyasi mahiyyət etibarı ilə Azərbaycan dövlətinə qarşı edilən terrordur. Əminik ki, ən yaxın vaxtda terror aktını həyata keçirənlər tapılacaq və hadisəyə hüquqi-siyasi qiymət veriləcək. VHP eyni zamanda bəyan edir ki, heç bir güc Azərbaycan Respublikası ilə hədə və terror dili ilə danışa bilməz. Azərbaycanın bütün siyasi qüvvələri və hər bir vətəndaş milli maraqlar və dövlətçilik məsələsində bir yumruq kimi birdir. Dövlətimizə, istiqlalımıza qarşı istənilən təhdidə lazımi cavab veriləcək!”

Ceyhun Bayramov israilli həmkarı ilə görüşdü

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla israilli həmkarı Eli Koen görüşüb. Sozcu.az xəbər verir ki, bu barədə E.Koen Tvitterdə paylaşım edib. “30 ildən sonra ilk dəfə olaraq Azərbaycanın İsrailə səfiri gələcək və daimi səfirlik açılacaq. İsrailə xoş gəlmisiniz”, - israilli nazir bildirib. Qeyd edək ki, bu gün İsraildə Azərbaycanın səfirliyi açılacaq. Bu məqsədlə Azərbaycanın xarici işlər naziri C.Bayramov və Milli Məclisin bir qrup deputatı İsraildə səfərdədir. Xatırladaq ki, 2022-ci ilin sonunda Milli Məclis Azərbaycanın İsraildə səfirliyinin təsis edilməsi haqqında qanun layihəsini qəbul edib. Noyabrın 26-da Prezident İlham Əliyev “Azərbaycan Respublikasının İsrail Dövlətində Səfirliyinin təsis edilməsi haqqında” qanunu təsdiqləyib. Prezident İlham Əliyevin yanvarın 11-də imzaladığı sərəncamı ilə Muxtar Məmmədov Azərbaycanın İsraildəki fövqəladə və səlahiyyətli səfir təyin edilib. M.Məmmədov bu il martın 26-da etimadnaməsini İsrail Prezidenti İsxak Hersoqa təqdim edib.

İsrail XİN başçısından Azərbaycanla bağlı açıqlama

Azərbaycan İsrailin strateji tərəfdaşıdır. Səfirliyin açılması iki ölkə arasında strateji münasibətləri əks etdirir. Sozcu.az xəbər verir ki, bunu İsrailin xarici işlər naziri Eli Kohen mətbuata açıqlamasında bildirib. O qeyd edib ki, Azərbaycan səfirliyinin açılması əlaqələrimizin 30 illik tarixi ərzində mühüm əhəmiyyət kəsb edir. “Biz regional təhlükəsizlik, enerji, turizm və digər sahələrdə əməkdaşlıq edirik. Azərbaycanda müsəlman dünyasında ən böyük yəhudi icmalarından biri mövcuddur”, - deyə nazir qeyd edib.

Prezident Laçına xüsusi nümayəndə təyin etdi

Məsim Əhməd oğlu Məmmədov “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 iyul tarixli 1386 nömrəli Fərmanı ilə müəyyən edilmiş Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib. Sozcu.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

İsrailin Azərbaycandakı səfirliyi fəaliyyətini bərpa etdi

20:51 İsrailin Azərbaycandakı səfirliyi fəaliyyətini müvəqqəti dayandırıb. Sozcu.az xəbər verir ki, İsrail səfirliyi və konsulluğu növbəti xəbərdarlığa qədər müvəqqəti olaraq işləməyəcək. Qeyd edək ki, İsraildə Netanyahunun təklif etdiyi məhkəmə islahatları böyük etirazlara səbəb olub. 26 martda gecə saatlarında Baş nazirini bu təşəbbüsünə qarşı çıxan müdafiə naziri Qalant istefaya göndəriləndən sonra küçə etirazları daha da genişlənib. Bu gün isə İsrailin ən böyük həmkarlar təşkilatı "Histadrud" bütün dövlət qulluqçularına, o cümlədən xaricdəki diplomatik nümayəndəliklərin əməkdaşlarına tətilə çıxmaq çağırışı edib. Artıq İsrailin ABŞ və Fransa da daxil olmaqla, 6 ölkədə diplomatik nümayəndəlikləri tətil elan edib. *** İsrailin Azərbaycandakı səfirliyi işini qısa müddətə dayandırdıqdan sonra fəaliyyətini bərpa edib. Bu barədə səfirlikdən məlumat verilib. "Tətil bitib və biz normal fəaliyyətə qayıtdıq", - diplomatik nümayəndəlikdən bildiriblər.