Britaniya səfiri Müsavatın qərargahına gəldi - FOTO

Bu gün Müsavat Partiyasının qərargahında Müsavat Partiyasının başqanı Arif Hacılı ilə  Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri Fergus Auld  arasında görüş keçirilib.  Sozcu.az -ın verdiyi xəbərə görə, görüşdə,  Azərbaycanda ictimai-siyasi vəziyyət, insan hüquqları, demokratik inkişafa mane olan amillər, siyasi məhbuslar barədə ətraflı müzakirələr keçirilib.  Qarabağ nizamlanması, regional probleblər Azərbaycanla Birləşmiş Krallıq arasında münasibətlər və digər məsələlər barədə fikir mübadiləsi aparılıb.   Görüşdə Müsavat Partiyası başqanının müavini Səxavət Soltanlı da iştirak edib. 

İrəvanda “Nemezis”lə bağlı abidə açıldı – XİN-dən reaksiya

Aprelin 25-də Ermənistanın paytaxtı İrəvan şəhərində “Nemezis” terror əməliyyatına həsr olunmuş abidənin açılmasını qətiyyətlə pisləyirik. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. "Bu abidənin Ermənistanın aidiyyəti dövlət qurumlarının icazəsi və təsdiqi ilə hazırlanması, habelə açılış mərasimində hakim partiyanın üzvü olan Ermənistan merinin müavini və digər rəsmilərin də iştirak etməsi Ermənistan tərəfindən terrorçuluq siyasətinin təşviq olunması və tarix boyu həyata keçirdiyi terror əməllərinin təbliğatıdır. Azərbaycan Demokratik Respublikası və Osmanlı dövlət xadimlərini hədəf alan “Nemezis” terror əməliyyatı zamanı, Osmanlı dövlətinin rəsmi şəxsləri ilə yanaşı, 1920-1922-ci illərdə Azərbaycanın keçmiş baş naziri Fətəli xan Xoyski, Azərbaycan parlamentinin keçmiş sədr müavini Həsən bəy Ağayev, Azərbaycanın keçmiş daxili işlər naziri Behbud xan Cavanşir, Azərbaycanın keçmiş Baş naziri Nəsib bəy Yusifbəyli qətlə yetiriliblər. Hər kəsə bəllidir ki, Ermənistanda dövlət siyasəti səviyyəsində irəlilədilən terrorçuluq, ASALA və digər erməni terror təşkilatları 1970-1980-ci illərdə dünyanın 22 ölkəsində 235-dən çox terror aktı törədərək, 24 türk diplomatını qətlə yetiriblər. 1980-ci illərin sonundan etibarən Ermənistan Azərbaycana qarşı metro və avtobusların partladılması daxil, 30-a yaxın genişmiqyaslı terrorçuluq aktları törədilib, mülki əhali terrorçuların hədəfinə alınıb. Azərbaycanlılara qarşı Xocalıda soyqırımının törədilməsində ASALA və onun alt-qolları olan “Arabo” və “Aramo” terrorçu qruplarının yaxından iştirak etməsi məlumdur. Türkiyə diplomatı Kamal Arıkanı qətlə yetirən erməni terrorçu, ASALA üzvü Ambik Sassunyanın Ermənistanda qəhrəmanlaşdırılması, Ermənistanda Nasizmin təbliğinin dövlət siyasətinin tərkib hissəsi olması, SS generalı Njde Qaregin və “Dro” ləqəbi ilə tanınan Drastamat Kanayanın “milli qəhrəman” kimi təbliğ edilməsi, onların adlarının əbədiləşdirilməsi və “Njdeizmin” təbliğatı Ermənistan rejiminin əsl mahiyyətini açıq şəkildə göstərir. Tarix boyu radikal erməni qruplarının istifadə etdiyi terrorçuluğun Ermənistanda dövlət səviyyəsində dəstəklənməsi beynəlxalq ictimaiyyət tərəfindən qətiyyətlə qınanmalı, bölgədə sülh və əmin-amanlığın təmin edilməsi üçün Ermənistan tərəfindən terrorçuluq siyasətinə son qoyulmalıdır. Erməni terrorizmi, ekstremizmi, aqressiv separatizmi və irqi ayrı-seçkiliyin bütün forma və təzahürlərinə qarşı birmənalı və ikili standartlardan kənar şəkildə qəti mübarizə aparılmalıdır. Ermənistanın bu cür addımları, bu ölkənin Azərbaycan və Türkiyə ilə davam edən normallaşma danışıqları ilə bağlı iddia etdiyi “səmimiyyətini” və “xoş iradəsini” ciddi sual altına qoyur. Qeyd edək ki, sülh və barışığa aparan yol сinayət və səhvlərin daha çox tərənnüm edilməsindən deyil, bunların etiraf olunmasından keçir", - məlumatda bildirilib.

Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstan Prezidenti Rumen Radev ilə təkbətək görüşü oldu - YENİLƏNDİ

Aprelin 25-də Sofiyada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev ilə təkbətək görüşü olub. Sozcu.az xəbər verir ki, görüşdə ölkələrimiz arasında əlaqələrin strateji tərəfdaşlıq xarakteri daşıdığı qeyd olunub. Prezident Rumen Radev Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiyanın ötürücü sistem operatorları və SOCAR arasında Anlaşma Memorandumunun imzalanması tədbirində iştirak üçün Bolqarıstana səfər etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib və “Həmrəylik Halqası” STRİNG layihəsinin uğurla həyata keçiriləcəyinə ümidvarlığını ifadə edib. Prezident İlham Əliyev səfərə dəvətə görə Prezident Rumen Radevə minnətdarlığını bildirib. Görüşdə “Həmrəylik Halqasi” adlandırılan Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın təkmilləşdirilmiş ötürücü şəbəkə sistem operatorları və SOCAR arasında Anlaşma Memorandumunun imzalanmasının əhəmiyyəti qeyd edilib. Ölkələrimiz arasında əməkdaşlıq məsələləri müzakirə olunub, bu xüsusda Azərbaycanın etibarlı tərəfdaş kimi Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə verdiyi töhfəsi vurğulanıb. Söhbət zamanı siyasi, iqtisadi, nəqliyyat, energetika və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. *** 14:45 Aprelin 25-də Sofiyada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev ilə təkbətək görüşü olub. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Prezident: Azərbaycan-İsrail əlaqələri daim yüksələn xətlə inkişaf edir

Ötən dövr ərzində İsrail bütün sahələrdə mühüm nailiyyətlər əldə etmiş və dünyanın ən inkişaf etmiş ölkələri sırasında yer almışdır. Sozcu.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin İsrail Dövlətinin Prezidenti İsxak Hersoqa təbrik məktubunda deyilir. “Azərbaycan-İsrail əlaqələrinin daim yüksələn xətlə inkişaf edərək bugünkü səviyyəyə çatması məmnunluq doğurur. Bunun təməlində xalqlarımızı birləşdirən çoxəsrlik möhkəm dostluq və qarşılıqlı rəğbət hissləri dayanır”, - dövlət başçısı vurğulayıb.

Fransa xarici işlər naziri Azərbaycana gəlir

Fransanın Avropa və xarici işlər naziri Katrin Kolonna 26-28 aprel tarixləri ərzində Azərbaycana və Ermənistana səfər edəcək. Sozcu.az xəbər verir ki, bu barədə Fransa XİN-in mətbuat xidməti məlumat yayıb. "Nazir səfər zamanı Fransanın ədalətli, davamlı, ərazi bütövlüyünə və beynəlxalq hüququn prinsiplərinə hörmətlə yanaşan sülh naminə iki ölkə arasında danışıqların dəstəklənməsinə sadiqliyini ifadə edəcək", - məlumatda qeyd edilir. Səfər çərçivəsində K.Kolonnanın azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüş keçirəcəyi gözlənilir.

İlham Əliyev Gürcüstanın müdafiə nazirini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 24-də Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladzeni qəbul edib. Sozcu.az xəbər verir ki, görüşdə iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif sahələrdə, o cümlədən hərbi sahədə uğurla inkişaf etdiyi vurğulanıb. Bu ilin aprelində Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin ölkəmizə səfəri xatırlanıb, səfər zamanı əlaqələrimizin daha da genişləndirilməsi ilə bağlı səmərəli müzakirələrin aparıldığı qeyd olunub. Dövlət başçısı və Gürcüstanın müdafiə naziri əməkdaşlığımızın perspektivlərini, regional təhlükəsizlik məsələlərini müzakirə ediblər.

Ermənistan təxribatları dərhal dayandırmalıdır - XİN

Ermənistan Azərbaycanın suveren ərazisindəki bütün hərbi təxribatları dərhal dayandırmalıdır. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Tvitter səhifəsindəki paylaşımda bildirilib. "Şuşa rayonu ərazisində Ermənistanın hərbi təxribatı nəticəsində Azərbaycan Ordusunun hərbi yük maşını qəsdən basdırılmış minaya düşüb və mina partlayışı nəticəsində 3 hərbçi yaralanıb. Ermənistan Azərbaycanın suveren ərazisindəki bütün hərbi təxribatları dərhal dayandırmalıdır!", - paylaşımda vurğulanıb. Qeyd edək ki, aprelin 22-si saat 17:00 radələrində Allahqulular kəndi ətrafındakı yüksəkliklərdə yerləşən mövqelərimizə təminat vasitələrini daşıyan Azərbaycan Ordusunun hərbi yük maşını ermənilər tərəfindən qəsdən yolun hərəkət istiqamətində basdırılmış minaya düşərək partlayıb. Nəticədə avtomobilin sürücüsü və maşın başçısı yaralanıb, nəqliyyat vasitəsi sıradan çıxaraq yararsız vəziyyətə düşüb. Dərhal yaralılara yardım göstərmək üçün gələn hərbi qulluqçulardan biri də piyada əleyhinə minaya düşərək xəsarət alıb. Minaya düşən 3 hərbi qulluqçumuza təxirəsalınmaz tibbi yardım göstərilib.

İrəvan Bakının təkliflərinə 6 həftədir cavab vermir

Ermənistan sülh sazişinin mətni ilə bağlı Azərbaycanın sonuncu təkliflərinə 6 həftədir cavab vermir. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Erika Olsonla görüşdə məlumat verib. Nazir postmünaqişə mərhələsində Azərbaycanın Ermənistanla normallaşma, o cümlədən gələcək sülh sazişinin imzalanması istiqamətində əsas təşəbbüs irəli sürən tərəf kimi, prosesin uğurla nəticələnməsində maraqlı olduğunu bildirib. Buna baxmayaraq, qeyd edilən istiqamətlərdə Ermənistan tərəfindən prosesə maneçilik səyləri, sülh sazişinin mətni üzrə Azərbaycanın sonuncu təkliflərinə 6 həftə ərzində hələ də cavab verməməsi, bir sıra provokativ bəyanatlar və təxribatlar diqqətə çatdırılıb. C.Bayramov bununla yanaşı, Ermənistandan azaraq Azərbaycana keçmiş hərbçilərin qısa müddətdə Ermənistana geri təhvil verilməsi kimi etimad quruculuğu tədbirlərinə baxmayaraq, Ermənistanda Azərbaycan hərbçilərinə qarşı son zorakılığın Ermənistan tərəfindən pozucu fəaliyyətin nümunəsi olduğunu qeyd edib. Eyni zamanda bölgədə dayanıqlı sülh və təhlükəsizliyin təmin edilməsi üçün tərəflər arasında əldə edilmiş razılaşmaların həyata keçirilməsinin vacibliyi vurğulanıb.

Almaniya XİN-nin məsul şəxsi müsavatçı vəkil və hüquq müdafiəçiləri ilə görüşüb

Bakıda səfərdə olan Almaniya Xarici İşlər Nazirliyi Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə şöbə müdiri Mattihast Volert vəkil Nemət Kərimli və hüquq müdafiəçiləri ilə Rüfət Səfərov və Elşən Həsənovla görüşüb. Bu haqda “Basta”ya Nemət Kərimli məlumat verib. Görüşdə Azərbaycanda insan haqlarının durumu, siyasi məhbuslar və digər məsələlər müzakirə olunub, – deyə, Nemət Kərimli bildirib. Basta

Milli Məclisin aprelin 25-də keçiriləcək iclasının gündəliyi açıqlanıb

Milli Məclisin aprelin 25-də keçiriləcək iclasının gündəliyi açıqlanıb. Toplantıda 12 məsələnin müzakirəsi nəzərdə tutulub. Həmin məsələlər aşağıdakılardır: 1. İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibində dəyişiklik edilməsi haqqında. 2. Azərbaycan Respublikası Hesablama Palatasının illik hesabatı. 3. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş). 4. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş). 5. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş). 6. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş). 7. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş). 8. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş). 9. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş). 10. “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş). 11. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş). 12. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

İlham Əliyev Olsonu qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 19-da ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Erika Olsonu qəbul edib. Sozcu.az xəbər verir ki, görüşdə Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsi üzrə danışıqlarla bağlı fikir mübadiləsi aparıldı. Dövlətimizin başçısı qeyd etdi ki, 44 günlük Vətən müharibəsinin başa çatmasından sonra Ermənistanla sülh müqaviləsinin imzalanması məhz Azərbaycanın təşəbbüsüdür və bu xüsusda sülh müqaviləsinin əsasını təşkil edəcək 5 prinsip ölkəmiz tərəfindən təklif olunub. Erika Olson vurğuladı ki, ABŞ regional sülh gündəliyini və Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin tezliklə imzalanmasını dəstəkləyir. Bu əsnada ABŞ Dövlət katibi Antoni Blinkenin rolu xüsusi qeyd olundu. Söhbət zamanı regional məsələlər, Azərbaycan ilə ABŞ arasında ikitərəfli siyasi əlaqələr, o cümlədən enerji, bərpaolunan enerji və digər sahələrdə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıldı.

“İsraildə səfirliyimizin açılması əlaqələrimizin yüksək səviyyəsinin göstəricisidir”

“Azərbaycan və İsrail arasında yaxşı siyasi əlaqələr mövcuddur. Azərbaycanın İsraildə səfirliyinin açılması əlaqələrimizin yüksək səviyyədə olmasının göstəricisidir”. Sozcu.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev İsrail Dövlətinin xarici işlər naziri, Birgə Komissiyanın həmsədri Eli Koheni qəbul edərkən söyləyib. Dövlətimizin başçısı vurğulayıb ki, ölkələrimiz arasında əlaqələr dostluq, qarşılıqlı etimad, hörmət və dəstəyə əsaslanır. Əməkdaşlıq gündəliyinin genişləndiyini deyən Prezident İlham Əliyev Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın fəaliyyətini xüsusi qeyd edib və bunun əlaqələrin şaxələnməsi işinə töhfə verə biləcəyinə ümidvar olduğunu bildirib.