BMT Baş katibi Azərbaycana GƏLƏCƏK

COP29-un Azərbaycanda keçirilməsi əlamətdar hadisədir və çox böyük əhəmiyyət kəsb edir. Sozcu.az xəbər verir ki, bunu “Report”a müsahibəsində BMT Baş katibinin sözçüsü Stefan Dujarrik deyib. Onun sözlərinə görə, bunun BMT üçün də çox böyük əhəmiyyəti var. “Biz ötən həftələrdə Azərbaycanın Ermənistanla razılaşma əldə etməsini, əsirlərin mübadiləsinin şahidi olduq ki, bu da müəyyən mənada münasibətlərin normallaşması və gərginliyin azalmasına gətirib çıxardı və eyni zamanda Azərbaycanın səriştəli və aydın bir ölkə kimi COP29-a ev sahibliyi etmək üçün rəsmi namizəd olmasına imkan verdi”, - o deyib. Onun sözlərinə görə, Ermənistanın COP29-un ev sahibliyinə namizədlikdə Azərbaycanı dəstəkləməsi gərginliyin azalmasının əlamətidir. “İqlim dəyişikliyi hamımızın üzləşdiyi əsas qlobal problemdir. Qafqaz və Mərkəzi Asiya ölkələri də iqlim dəyişikliyindən əziyyət çəkib və əziyyət çəkməkdə davam edir. Ona görə də biz Azərbaycanın COP29-a sədrliyini çox səbirsizliklə gözləyirik. İqlim dəyişikliyi ilə mübarizə Baş katibin həqiqətən ürəkdən davam etdirdiyi mübarizədir və düşünürəm ki, heç bir dünya lideri bu məsələdə onun qədər daha açıq və tutarlı olmayıb. Baş katib bu mübarizəni davam etdirəcək və o növbəti dəfə Azərbaycan Prezidenti ilə əməkdaşlığı səbirsizliklə gözləyir. Bəli, heç şübhəsiz ki, Baş katib COP29-da Azərbaycanda olacaq və ümid edirəm ki, mən də onunla gedəcəm və Azərbaycanı görəcəm (gülür). Mən bunu səbirsizliklə gözləyirəm.

Azərbaycanla üç prinsip əsasında... - Paşinyan

Biz Azərbaycanla artıq razılaşdırılmış üç prinsip əsasında sülh gündəliyinə sadiq qalırıq. Sozcu.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib. "Ümid edirik ki, son vaxtlar regionda və region ölkələrində baş verən hadisələr sülh prosesinin qəsdən ləngiməsinin baş verdiyini göstərmir", - Paşinyan qeyd edib.

Müsavat başqanı ATƏT müşahidə missiyasının nümayəndələri ilə görüşdü

Bu gün Müsavat Partiyasının başqanı Arif Hacılı ATƏT-in DTİHB (Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu) müşahidə missiyasının nümayəndələri doktor Martina Barker Tsiqanikova və Qoran Petrov ilə görüşüb. Görüşdə Azərbaycanda fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri ərəfəsində ölkədəki durum müzakirə edilib. Arif Hacılı Müsavat Partiyasının seçkilərdə iştirakdan imtinasının səbəbləri barədə məlumat verib. Qeyd edək ki, Müsavat Partiyası Azərbaycan hakimiyyətini seçkiqabağı demokratik mühit yaratmağa, bütün siyasi məhbusları azad etməyə, sərbəst toplaşma, söz və ifadə azadlığınını təmin etməyə, seçki komissiyalarında iddiaçı tərəflərin təmsilçiliyinin təmin etməyə çağırsa da, bu çağırışlar cavabsız qalıb. Əksinə, növbədənkənar seçkilər təyin olunduqdan sonra ölkədə repressiyalar davam edib. Müsavat Partiyası bütün bunları, eləcə də Müsavat Partiyası strukturlarında aparılan müzakirələrin və ictimai sorğuların nəticələrini nəzərə alaraq, fevralın 7-nə təyin olunan növbədənkənar prezident seçkilərində iştirak etməmək haqqında qərar qəbul edib.

İsrail terror törədir - Roma Papası

Roma Papası Fransisk Təl-Əvivin Qəzzada terror taktikalarından istifadə etdiyi, o cümlədən İsrail hərbçilərinin kilsə binasına sığınan iki xristian qadını öldürməsi xəbərindən təəssüfləndiyini bildirib. Sozcu.az xəbər verir ki, bu barədə "Röyters" məlumat yayıb. "Qəzzadan çox ciddi və ağrılı xəbərlər almağa davam edirəm. Silahsız mülki şəxslər bomba və atışmaların hədəfindədir. Bu, hətta terrorçuların olmadığı, ailələrin, uşaqların, xəstələrin, əlillərin, rahibələrin olduğu kilsə kompleksində baş verib. Bəziləri deyəcək: "Bu, müharibədir, bu terrorizmdir". Bəli, bu müharibədir. Bu terrorizmdir",- o bildirib.

Aşotyandan ağlasığmaz iddia: “3 maddə var, Qarabağı bu tarixdə qaytara bilərik”

“Biz Qarabağı qaytara bilərik, lakin ağlımızda, qəlbimizdə, yaddaşımızda ondan imtina etsək, itkisi qaçılmaz olacaq”. Sozcu.az xəbər verir ki, bunu Ermənistanın Respublikaçılar Partiyasının vitse-prezidenti Armen Aşotyan deyib. Dünyanın, o cümlədən Ermənistanın Qarabağı Azərbaycan ərazisi kimi tanıması reallığını unudan Aşotyan iddia edib ki, guya “artsax” problemi qlobal siyasi əhəmiyyət kəsb edir: “Mənim üç maddəlik şərtim var. Birinci şərt “artsax”ın qaytarılmasını arzu, məqsəd, ümumxalq ideyası kimi qəbul etməkdir. İkinci şərt bu məqsədə çatmaq üçün kompleks səylər göstərmək, erməni potensialını tam üzə çıxarmaq və istiqamətləndirmək, dövləti gücləndirməkdir. Üçüncü şərt əlverişli beynəlxalq vəziyyət, geosiyasi iqlimin yaranmasıdır. Tarix sübut edir ki, bu da mümkündür. Mən öz yanaşmamı qısaca xülasə etsəm, “artsax”ı qaytarmaq üçün biz işləməli və əlverişli şəraitdə istəyimizi həyata keçirməyə hazır olmalıyıq. Bunun mümkün olduğunu yəhudilər sübut etdilər: təxminən 2000 ildən sonra Qüdsü geri aldılar. Mənim təsvir etdiyim alqoritmlə Paşinyan bir araya sığmır. Ona görə də ilk növbədə Ermənistanda hakimiyyətin dəyişdirilməsinə ehtiyac var”. Qeyd edək ki, A.Aşotyanın bu iddiası erməni müxalifətinin Nikol Paşinyanı qaralamaq cəhdindən başqa bir şey deyil. Ermənistan əhalisinin sürətlə azaldığı bir vaxtda hansısa “yəhudi düsturu”ndan danışan Aşotyan Qüdsün 2000 il sonra “qaytarılması”na işarə edir. Onun məntiqi ilə ermənilər Qarabağı 4023-cü ildə qaytara bilərlər. Lakin əhalisinin sürətlə azaldığı bir vaxtda ermənilərin o tarixə qədər varlığını davam etdirməsi mümkünsüz görünür.globalinfo)

Azərbaycanda jurnalistlərin saxlanılmasına – ABŞ-dən reaksiya

“Azərbaycanda jurnalistlərin həbsi ilə bağlı son tendensiya dərin narahatlıq doğurur”. Sozcu.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller keçirdiyi ənənəvi brifinqdə deyib. “Biz Azərbaycan hökumətini hər kəsin, o cümlədən ifadə azadlığından istifadə edənlərin insan hüquqlarına və əsas azadlıqlarına hörmət etməyə çağırmaqda davam edirik”, - M. Miller bildirib. O bildirib ki, ABŞ bu məsələni dəfələrlə Azərbaycan hökuməti ilə müzakirə edib. Qeyd edək ki, Azərbaycanda son olaraq dekabrın 13-də araşdırmaçı jurnalist Hafiz Babalı saxlanılıb və o, noyabrın 20-dən etibarən Azərbaycanda saxlanılan 7-ci KİV nümayəndəsi olub.

Müsavat seçkidə iştirakdan imtina etdi

Dekabrın 15-də Müsavat Partiyası Divanının iclası keçirilib.  Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, iclasda əvvəlcə Müsavat Partiyası və Milli Şuranın üzvü Tofiq Yaqublunun uydurma ittihamlarla həbsi ilə bağlı məsələ müzakirə olunub. Bu həbs Müsavat Partiyasına və bütövlükdə müxalifətə təzyiq etmək, cəmiyyət xof yaratmaq məqsədilə atılan repressiv addım kimi dəyərləndirilib. Tofiq Yaqublunun azadlığa buraxılması tələbilə partiyanın bəyanatı qəbul edilib.  Azərbaycanda son həftələr ərzində 10-dan artıq jurnalistin, o cümlədən “Turan” agentliyinin əməkdaşı Hafiz Babalının həbsi ölkədə söz və media azadlığına qarşı basqıların davamı kimi qiymətləndirilərək pislənilib. Bütün siyasi məhbusların və sifarişlə həbs edilən jurnalistlərin azadlığa buraxılması tələb edilib.  İclasda fevralın 7-nə təyin olunan növbədənkənar prezident seçkiləri müzakirə olunub. Qeyd edilib ki, bir qayda olaraq seçkilərdə iştirak edən Müsavat Partiyası Azərbaycan hakimiyyətini seçkiqabağı demokratik mühit yaratmağa, bütün siyasi məhbusları azad etməyə, sərbəst toplaşma, söz və ifadə azadlığınını təmin etməyə, seçki komissiyalarında iddiaçı tərəflərin təmsilçiliyinin təmin etməyə çağırsa da, bu çağırışlar cavabsız qalıb. Əksinə, növbədənkənar seçkilər təyin olunduqdan sonra ölkədə repressiyalar davam edib. Hakimiyyət heç bir ictimai müzakirə aparılmadan qəfil seçki qərarı verməklə, siyasi müxalifətin və ölkədə dəyişiklik istəyən təbəqələrin seçkiyə hazırlaşmaq imkanını minimuma endirib. Seçki kampaniyasının qəfil elan olunması ilə seytnot vəziyyətinin yaradılması bu seçkini formal bir prosedura çevirmək istəyən hakimiyyətin maraqlarına uyğundur. Müsavat Partiyası bütün bunları, eləcə də Müsavar Partiyası strukturlarında aparılan müzakirələrin və ictima sorğuların nəticələrini nəzərə alaraq, fefralın 7-nə təyin olunan növbədənkənar prezident seçkilərində iştirak etməmək haqqında qərar qəbul edib.

Şənbə günü AXCP-nin qurultayı keçiriləcək

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) qurultaya hazırlaşır. Sozcu.az xəbər verir ki, bu barədə partiya sədri Əli Kərimli sosial şəbəkə hesabında məlumat yayıb. “AXCP-nin Şənbə günü keçirəcəyimiz qurultayında çox ciddi qərarlar verəcəyik. Əvvəla, partiyanın müasir zamanın tələblərinə uyğun yeni proqramını qəbul edəcəyik. İkincisi, qurultay artıq təyin olunmuş növbədənkənar prezident seçkilərini də müzakirə edib, seçkilərdə iştirak edib-etməməklə bağlı qərar verəcək”, – deyə Ə. Kərimli qeyd edib.

Yaxın vaxtlarda sülh sazişinin imzalanması… - Paşinyan

Yaxın vaxtlarda Azərbaycanla sülh sazişinin imzalanması realdır. Sozcu.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin nazirlərinin görüşündə deyib.

Şarl Mişel: “Azərbaycan və Ermənistan liderləri arasında görüşün təşkilinə çalışırıq”

“Avropa İttifaqı Şurası Azərbaycan və Ermənistan liderləri arasında görüş təşkil etmək istiqamətində cəhdləri davam etdirir”. Bunu Şuranın sədri Şarl Mişel Ermənistanın “Azatutyun” portalına müsahibəsində bildirib. O deyib ki, Ermənistan və Azərbaycan arasında münasibətlərin tənzimlənməsini təşkil etmək üçün sülh sazişi lazımdır: “Bu sülh sazişi demarkasiya prosesinə əsaslanmalıdır. Eyni zamanda bizim regionda əməkdaşlığımız üçün bir vasitə kimi istifadə edə biləcəyimiz müsbət əsas ola bilər”. Ş.Mişel qeyd edib ki, bu da Cənubi Qafqaz regionunun digər ölkələri, o cümlədən Gürcüstan iqtisadiyyatının inkişafı üçün yaxşı haldır. “Danışıqların əsas istiqaməti Ermənistanla Azərbaycan arasında münasibətlərin nizamlanmasıdır”, - o vurğulayıb.

Ceyhun Bayramov Brüsselə yola düşdü

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov “Şərq tərəfdaşlığı” xarici işlər nazirlərinin görüşündə iştirak etmək məqsədilə Belçika Krallığına işgüzar səfərə yola düşüb. Bu barədə Sozcu.az-a Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib. Səfər zamanı C.Bayramovun Brüssel şəhərində keçirilən tədbirdə çıxışı və ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Müsavat Partiyası seçki müzakirələrinə başladı

Bu gün Müsavat Partiyasının rayon təşkilatı sədrləri və bir qrup fəalının partiya başqanı Arif Hacılı ilə görüşü keçirilib. Görüşdə fevralın 7-nə təyin olunan növbədənkənar prezident seçkiləri ilə bağlı müzakirələr aparılıb. Partiya strukturlarına bu müzakirələrin davam etdirilməsi tapşırılıb. Qeyd edək ki, bir gün əvvəl Müsavatın Divanı növbədənkənar seçki ilə əlaqədar xüsusi bəyanat yayıb. Bəyanatda Azərbaycan hakimiyyətindən siyasi məhbusların dərhal azad olunması və ölkədə demokratik seçki mühitinin yaradılması tələb edilir.