Rəsmi Bakı: “İranın təhdidləri Azərbaycanı heç zaman qorxuda bilməz”

“İran tərəfinin bu təhdidləri Azərbaycanı heç zaman qorxuda bilməz”. Bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə 31 mart tarixində İranın Xarici İşlər Nazirliyin mətbuat katibi Nasir Kənani tərəfindən səslənmiş iddialara cavab verərkən bildirib. İran ərazisindən Ermənistana göndərilən hərbi dəstəyə baxmayaraq, Azərbaycan ordusu 2020-ci ildə işğalçı Ermənistan ordusunu darmadağın etdi. Bundan sonra da, Azərbaycana qarşı hər hansı bir təcavüzün və təxribatın qarşısı qətiyyətlə alınacaqdır.

İlham Əliyev sərəncam imzaladı

Prezident İlham Əliyev Zaqatala rayonunun Yevlax–Zaqatala–Gürcüstanla dövlət sərhədi (150 km)–Əliabad–Bəhmətli–Kürdəmir–Lahıc avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sozcu.az xəbər verir ki, sərəncamla on doqquz min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Yevlax–Zaqatala–Gürcüstanla dövlət sərhədi (150 km)–Əliabad–Bəhmətli–Kürdəmir–Lahıc avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.10-cu yarımbəndinə uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 6,7 milyon (altı milyon yeddi yüz min) manat ayrılsın. Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək və Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Rəsmi Bakı: "Azərbaycanlılar Ermənistanın etnik təmizləmə siyasətinə məruz qalıb"

"Ermənistanın azərbaycanlılara qarşı etnik nifrət və dözümsüzlük siyasətinin ayrılmaz tərkib hissəsi olan etnik təmizləmə, soyqırımı və digər insanlıq əleyhinə cinayətlər Azərbaycana qarşı 30 ilə yaxın davam edən hərbi təcavüz siyasəti, o cümlədən 44 günlük Vətən müharibəsi zamanı da davam etdirildi". Bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanatında əksini tapıb. Bildirilib ki, Ermənistanda yaşayan azərbaycanlıların deportasiyası, o cümlədən Azərbaycan ərazilərinin işğalı nəticəsində öz yurdlarından didərgin düşən həmvətənlərimiz Ermənistanın etnik təmizləmə siyasətinə məruz qalıb, dinc əhali Xocalı soyqırımı da daxil olmaqla, soyqırımı aktları, çoxsaylı hərbi cinayətlər və insanlıq əleyhinə cinayətlərin qurbanına çevrilib. "44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın cəbhə bölgəsindən kənarda yerləşən Gəncə, Bərdə, Tərtər və digər şəhərlərinin dinc sakinlərinə qarşı törədilən raket hücumları Ermənistanın dövlət səviyyəsində azərbaycanlılara qarşı etnik təmizləmə siyasətini davam etdirdiyini bir daha sübuta yetirdi", - bəyanatda qeyd olunub.

Ceyhun Bayramov Fələstin Prezidenti ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fələstin Prezidenti Mahmud Abbasla görüşüb. Sozcu.az xəbər verir ki, Ceyhun Bayramov bu barədə tviterdəki hesabında yazıb. “Fələstinə rəsmi səfərim çərçivəsində Fələstin Prezidenti Mahmud Abbas tərəfindən qəbul olunmaqdan məmnunam. Azərbaycanla Fələstin arasında ikitərəfli və çoxtərəfli münasibətlərin perspektivləri, regional və beynəlxalq vəziyyət, qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib. Qonaqpərvərliyə və səmərəli görüşə görə minnətdarlığımı bildirdim”, - Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri qeyd edib.

VHP: Dövlətimizə, istiqlalımıza qarşı istənilən təhdidə lazımi cavab veriləcək!

VHP deputata qarşı terroru pislədi: Dövlətimizə, istiqlalımıza qarşı istənilən təhdidə lazımi cavab veriləcək! Vətəndaş Həmrəyliyi Partiyası Milli Məclisin deputatı Fazil Mustafaya qarşı sui-qəsd hadisəsi ilə bağlı bəyanat verib. Bəyanatda deyilir: “28 mart 2023-cü il tarixdə saat 21:51-də Milli Məclisinin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında – “Kalaşnikov” konstruksiyalı avtomat silahından atəş açılaraq terror aktı törədilib. Sui-qəsd nəticəsində Fazil Mustafa iki güllə yarası alıb. Vətəndaş Həmrəyliyi Partiyası baş vermiş terror aktını qətiyyətlə pisləyərək, millət vəkilinə şəfalar diləyir. Azərbaycan Respublikasının Ali qanunverici orqanının üzvü, Milli Məclisinin deputatına qarşı terror siyasi mahiyyət etibarı ilə Azərbaycan dövlətinə qarşı edilən terrordur. Əminik ki, ən yaxın vaxtda terror aktını həyata keçirənlər tapılacaq və hadisəyə hüquqi-siyasi qiymət veriləcək. VHP eyni zamanda bəyan edir ki, heç bir güc Azərbaycan Respublikası ilə hədə və terror dili ilə danışa bilməz. Azərbaycanın bütün siyasi qüvvələri və hər bir vətəndaş milli maraqlar və dövlətçilik məsələsində bir yumruq kimi birdir. Dövlətimizə, istiqlalımıza qarşı istənilən təhdidə lazımi cavab veriləcək!”

Ceyhun Bayramov israilli həmkarı ilə görüşdü

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla israilli həmkarı Eli Koen görüşüb. Sozcu.az xəbər verir ki, bu barədə E.Koen Tvitterdə paylaşım edib. “30 ildən sonra ilk dəfə olaraq Azərbaycanın İsrailə səfiri gələcək və daimi səfirlik açılacaq. İsrailə xoş gəlmisiniz”, - israilli nazir bildirib. Qeyd edək ki, bu gün İsraildə Azərbaycanın səfirliyi açılacaq. Bu məqsədlə Azərbaycanın xarici işlər naziri C.Bayramov və Milli Məclisin bir qrup deputatı İsraildə səfərdədir. Xatırladaq ki, 2022-ci ilin sonunda Milli Məclis Azərbaycanın İsraildə səfirliyinin təsis edilməsi haqqında qanun layihəsini qəbul edib. Noyabrın 26-da Prezident İlham Əliyev “Azərbaycan Respublikasının İsrail Dövlətində Səfirliyinin təsis edilməsi haqqında” qanunu təsdiqləyib. Prezident İlham Əliyevin yanvarın 11-də imzaladığı sərəncamı ilə Muxtar Məmmədov Azərbaycanın İsraildəki fövqəladə və səlahiyyətli səfir təyin edilib. M.Məmmədov bu il martın 26-da etimadnaməsini İsrail Prezidenti İsxak Hersoqa təqdim edib.

İsrail XİN başçısından Azərbaycanla bağlı açıqlama

Azərbaycan İsrailin strateji tərəfdaşıdır. Səfirliyin açılması iki ölkə arasında strateji münasibətləri əks etdirir. Sozcu.az xəbər verir ki, bunu İsrailin xarici işlər naziri Eli Kohen mətbuata açıqlamasında bildirib. O qeyd edib ki, Azərbaycan səfirliyinin açılması əlaqələrimizin 30 illik tarixi ərzində mühüm əhəmiyyət kəsb edir. “Biz regional təhlükəsizlik, enerji, turizm və digər sahələrdə əməkdaşlıq edirik. Azərbaycanda müsəlman dünyasında ən böyük yəhudi icmalarından biri mövcuddur”, - deyə nazir qeyd edib.

Prezident Laçına xüsusi nümayəndə təyin etdi

Məsim Əhməd oğlu Məmmədov “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 iyul tarixli 1386 nömrəli Fərmanı ilə müəyyən edilmiş Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib. Sozcu.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

İsrailin Azərbaycandakı səfirliyi fəaliyyətini bərpa etdi

20:51 İsrailin Azərbaycandakı səfirliyi fəaliyyətini müvəqqəti dayandırıb. Sozcu.az xəbər verir ki, İsrail səfirliyi və konsulluğu növbəti xəbərdarlığa qədər müvəqqəti olaraq işləməyəcək. Qeyd edək ki, İsraildə Netanyahunun təklif etdiyi məhkəmə islahatları böyük etirazlara səbəb olub. 26 martda gecə saatlarında Baş nazirini bu təşəbbüsünə qarşı çıxan müdafiə naziri Qalant istefaya göndəriləndən sonra küçə etirazları daha da genişlənib. Bu gün isə İsrailin ən böyük həmkarlar təşkilatı "Histadrud" bütün dövlət qulluqçularına, o cümlədən xaricdəki diplomatik nümayəndəliklərin əməkdaşlarına tətilə çıxmaq çağırışı edib. Artıq İsrailin ABŞ və Fransa da daxil olmaqla, 6 ölkədə diplomatik nümayəndəlikləri tətil elan edib. *** İsrailin Azərbaycandakı səfirliyi işini qısa müddətə dayandırdıqdan sonra fəaliyyətini bərpa edib. Bu barədə səfirlikdən məlumat verilib. "Tətil bitib və biz normal fəaliyyətə qayıtdıq", - diplomatik nümayəndəlikdən bildiriblər.

Prezident Mədət Quliyevə yeni müavin təyin etdi

Azərbaycanda müdafiə sənayesi nazirinin müavini vəzifəsinə təyinat olub. Sozcu.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən, sözügedən vəzifə Vüqar Valeh oğlu Mustafayevə həvalə edilib. O, 1986-cı ildə Bakıda anadan olub, 2004-2008-ci illərdə Prezident yanında Dövlət İdarəçilik Akademiyasında "Mühəndis iqtisadiyyatı və idarəetmə" (Menecment) ixtisası üzrə bakalavr, 2010-2013-cü illərdə isə Xəzər Universitetində "Maliyyə və kredit" ixtisası üzrə magistr təhsili alıb, “Biznesin idarə edilməsi" (MBA) dərəcəsi əldə edib. V.Mustafayev əmək fəaliyyətinə 2006-2008-ci illərdə müxtəlif şirkətlərdə Təlim Koordinatoru, maliyyə və mühasibatlıq üzrə mütəxəssis işləməklə başlayıb, 2009-2012-ci illərdə “Ernst & Young" beynəlxalq audit şirkətində baş mütəxəssis, 2012-2014-cü illərdə "Azerfon" MMC-də Daxili audit departamentinin direktoru, 2014-2022-ci illərdə isə "PAŞA Holdinq" MMC və ona daxil olan şirkətlərdə müxtəlif vəzifələrdə çalışıb, o cümlədən "PAŞA Sığorta" və "PAŞA Həyat Sığorta" ASC-lərin Təftiş Komissiyalarının sədri olub. Qeyd edək ki, Azərbaycanın Müdafiə Sənayesi naziri Mədət Quliyevdir.

Prezidentdən Mişelə: Ermənistan hələ də silah daşıyır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 25-də Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişellə telefon danışığında Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərinə Ermənistan tərəfindən silah-sursat və şəxsi heyətin daşınması prosesinin hələ də həyata keçirildiyini bildirib. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Qeyd olunub ki, Azərbaycan Prezidenti Ermənistan rəhbərliyinin təhlükəli və eskalasiyaya yönəlmiş rəsmi açıqlamalarına diqqət çəkib. Dövlətimizin başçısı qeyd edib ki, 2023-cü il martın 20-də Avropa Birliyi missiyasının yerləşdiyi Ermənistan-Azərbaycan dövlət sərhədi istiqamətində Ermənistanın növbəti təxribatı zamanı Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu yaralanıb və martın 5-də Azərbaycanın Qarabağ bölgəsində qeyri-qanuni erməni hərbi birləşmələrinin törətdikləri təxribat zamanı 2 hərbi qulluqçumuz şəhid olub.

Azərbaycan XİN Ararat Mirzoyana cavab verib: “Ermənistan sülh danışıqlarına qeyri-ciddi yanaşır”

Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə martın 23-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Misirin “AlQahera” xəbər agentliyinə müsahibəsi zamanı Azərbaycanla sülh sazişi layihəsinə Ermənistanın təklifləri ilə bağlı açıqlamasını şərh edib. Sozcu.az-ın xəbərinə görə, mətbuat katibi deyib ki, A.Mirzoyanın Misirin “AlQahera” xəbər agentliyinə müsahibəsi zamanı Azərbaycanla Ermənistan arasında sülh sazişinin layihəsi üzrə danışıqların mahiyyətini təhrif etməsi və beynəlxalq ictimaiyyət arasında çaşqınlıq yaratmaq cəhdi tamamilə qəbuledilməzdir. Ermənistan nazirinin bu açıqlamaları növbəti dəfə Ermənistanın sülh sazişi üzrə danışıqlarda nə dərəcədə manipulyasiyalara yol verdiyinin və prosesə qeyri-ciddi yanaşmasının bariz nümunəsidir. Məlum olduğu kimi, sülh sazişi üzrə danışıqların tərəflər arasında razılaşdırılmış formatına və bu danışıqlarda müəyyən qaydalara əməl etməyə dair razılıqlara baxmayaraq, Ermənistan tərəfi dekabr ayında danışıqların növbəti raundunu boykot edib və danışıqları pozub. Ermənistan tərəfi sülh sazişi üzrə danışıqlara hələ də qayıtmayıb. Digər tərəfdən, Ermənistan tərəfi sülh sazişi layihəsinə təklif etdikləri bəzi elementləri kontekstdən çıxarmaqla şərh edir və ictimaiyyət arasında yanlış rəy formalaşdırır. Bu yanaşma prosesə heç bir müsbət töhfə vermir, əksinə sülh sazişi üzrə danışıqlara maneçilik törətmək məqsədi daşıyır. Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin “hüquq və təhlükəsizliyi üçün beynəlxalq mexanizm” ilə bağlı Ermənistan xarici işlər nazirinin iddialarına gəldikdə isə qeyd etmək istərdik ki, bu məsələdə Azərbaycanın mövqeyi Ermənistana məlumdur. Bu barədə müddəanın Azərbaycan-Ermənistan arasında ikitərəfli sülh sazişi layihəsinə daxil edilməsi səyləri beynəlxalq hüququn norma və prinsiplərinə zidd olaraq, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından hələ də əl çəkmədiyini nümayiş etdirir və bu kimi cəhdlərin heç bir nəticəsi olmayacaq. Azərbaycan tərəfindən dəfələrlə qeyd edildiyi kimi, bölgədə yaşayan erməni əsilli sakinlərin reinteqrasiyası Azərbaycan Respublikasının Konstitusiyası və qanunvericilik aktlarına uyğun olaraq təmin ediləcək. Azərbaycan tərəfi bu istiqamətdə erməni sakinlərlə dialoq aparılmasında qərarlıdır və bu məsələdə kənar müdaxilələrin qarşısı alınacaq. Azərbaycan tərəfi erməni sakinlərin reinteqrasiyası istiqamətdə növbəti görüşün Bakıda keçirilməsi barədə təklif irəli sürüb və Ermənistan bu istiqamətdə Azərbaycanın fəaliyyətinə mane olmamalıdır. Bir daha Ermənistan tərəfini sülh sazişi üzrə danışıqlar masasına qayıtmağa və bu istiqamətdə ciddi iş aparmağa çağırırıq. Azərbaycan sülh sazişi üzrə danışıqlarda dərhal iştirak etməyə hazırdır".