Hər iki əsgərimiz şiddətli şəkildə döyülüb - XİN-dən reaksiya

Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən azaraq itkin düşən Azərbaycan Ordusunun 2 əsgəri Ermənistan tərəfindən saxlanılıb. Sozcu.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə Tvitterdə yazıb. “Onlar şiddətli şəkildə döyülüb və işgəncələrə məruz qalıblar. Bu cür pis rəftar, tamamilə qəbuledilməzdir və beynəlxalq səviyyədə pislənməlidir!”, - o bildirib.

Prezident Bosniya və Herseqovina lideri ilə görüşdü

Aprelin 13-də Sarayevoda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri xanım Jelka Tsviyanoviç, Rəyasət Heyətinin üzvləri Jelko Komşiç və Denis Beçiroviç ilə görüşü başlayıb. Sozcu.az xəbər verir ki, əvvəlcə rəsmi foto çəkdirilib.

Mirzoyanla Bayramov görüşəcək

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan azərbaycanlı həmkarı Ceyhun Bayramovla yaxın zamanlarda görüşəcək. Sozcu.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, erməni nazir bu barədə parlamentdə çıxışı zamanı deyib. Nazir Ermənistan və Azərbaycanın birbaşa və üçüncü ölkələr vasitəsilə kontaktda olduqlarını da vurğulayıb.

“Məsələ bu şəkildə davam edərsə, Azərbaycan dövlətinə qarşı təhdidlər arta bilər” - Xəbərdarlıq

“Hətta Ermənistanın havadarları belə, Qarabağın işğaldan azad olunmamış və Rusiya sülhməramlı kontingentinin nəzarətində olan əhalinin Azərbaycana reinteqrasiya prosesinin aparılması siyasətinə qarşı çıxmırlar. Bu, bütün normalara uyğundur”. Politoloq Qafar Çaxmaqlı bunu Musavat.com-a açıqlamasında söyləyib. Ekspert bildirib ki, Xankəndi və digər yerlərdə yaşayan əhali Azərbaycan vətəndaşıdır və onların digər Azərbaycan vətəndaşı kimi bütün haqları qorunacaq: “Azərbaycan müharibənin bitdiyi gündən bəri bunu elan edir və onu səmimiyyətsizlikdə ittiham edənlər də Azərbaycanın ənənəvi düşmənləridir. Burada yaşayan əhalinin müəyyən qrupları da bu prosesi dəstəkləyir, amma separatçı rejim və rəsmi Ermənistan bundan narahatdır, odur ki, danışıqları pozmaq üçün hər addımda hiylələrə əl atır”. Qarabağ separatçılarının Azərbaycan təmsilçiləri ilə görüş üçün Rusiya hərbi kontingentinin yardımına ehtiyac duymalarına gəldikdə, Q.Çaxmaqlı xatırlatdı ki, bundan əvvəl bir kimsənin vasitəçiliyi olmadan gerçəkləşən görüşlərdə elə bir problem ortaya çıxmayıb ki, ermənilər indi Rusiya lıların vasitəçiliyini istəsinlər: “Demək, bu prosesə məqsədli şəkildə Rusiyanı daxil etmək istəyi var. Separatçılar gələcəkdə də Rusiyanı bu prosesə daxil etmək istəyirlər. Hiylə elə buradadır. Erməni separatçılar bir müddət bu formatda müzakirələri aparandan sonra tələb edəcəklər ki, bu işə beynəlxalq güclər də müdaxilə etsin. Ermənistana göndərilən Avropa İttifaqı müşahidəçi missiyasını buraya da gətirmək planı var və diaspora erməniçiliyi də bu məqsədin üzərində dayanır, həmçinin “əhalinin təhlükəsizliyi” məsələsinin beynəlmiləlləşməsini planlaşdırır. Dolayısı ilə Xankəndidəki rejim ermənilərinin tələblərini Qərb sahəsinə keçirmək istəyir”. Politoloq qeyd etdi ki, görüşün Bakıda keçirilməsindən imtina edilməsi və Ermənistanla sərhəddəki son təxribatlar da bu hiyləyə hesablanıb: “Onlar Azərbaycanın “ermənilərin təhlükəsizliyini təmin edə bilməyəcəyi” qənaətini yaratmaq istəyirlər”. Bütün bunlara baxmayaraq, ekspert hesab edir ki, Azərbaycan ermənilərlə birbaşa təmasların daha effektiv yol olduğunu və reinteqrasiyanın qarşılıqlı güvənə dayanacağını təsdiq edən fəaliyyət mexanizmini təklif etməlidir: “Ermənilərin buna getməyəcəyi təqdirdə qanunlar işə düşməlidir. Azərabaycanın bu ərazidə öz suverenliyini bərpa etməkdən başqa çarəsi yoxdur. Çünki məsələ bu şəkildə davam edərsə, Azərbaycan dövlətinə qarşı təhdidlər arta bilər”.

Çavuşoğlu Bayramova zəng etdi

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında telefon danışığı baş tutub. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Məlumata görə, Çavuşoğlu Azərbaycan - Ermənistan sərhədində baş verən qarşıdurmada Azərbaycan Ordusunun 3 əsgərinin şəhid olması ilə bağlı başsağlığını bildirib. Nazir, həmçinin Türkiyə və türk xalqının Azərbaycanı tam dəstəklədiyini vurğulayıb.

Erməni komandanın təxribat zamanı ərazidə olması... - Nazir

Ötən gün Ermənistan planlı şəkildə təxribat törədib. Sozcu.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani ilə birgə keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, hadisə ilə bağlı təhlillər davam edir: “Təəssüf ki, bölgədə iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində addım atılan zaman Ermənistanın hərbi-siyasi təxribata əl atması ilk deyil. İlkin rəy onu deməyə əsas verir ki, bu, planlaşdırılmış təxribat idi. Ermənistan xüsusi təyinatlı korpusunun komandanının və onun müavininin təxribat zamanı ərazidə mövcudluğu göstərir ki, dünənki hadisə, konkret olaraq, düşünülmüş plan idi". Nazir bildirib ki, təxribatın Laçında baş tutması həm də məcburi köçkünlərin geri qayıdışına mane olmaq cəhdi kimi qiymətləndirə bilər: "Ermənistan belə destruktiv addımlardan çəkinməlidir. Əks halda nəticəsi ağır olacaq. Biz dünən də bunu gördük. Ona görə də Ermənistan məsuliyyətsiz, təhlükəli addımlardan çəkinməlidir. Beynəlxalq tərəfdaşlar da buna çalışmalıdırlar. Prezident İlham Əliyev Qazaxıstanda qarşı tərəfə ciddi mesajlar vermişdi. Əlbəttə, bir gün sonra bu cür təxtibatın baş verməsi qəbuledilməzdir”.

XİN-dən erməni təxribatı ilə bağlı açıqlama

Törətdiyi təxribatlara görə məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanın 11 aprel təxribatı ilə bağlı açıqlamasında deyilir. Bəyanata görə, Ermənistanın bu kimi təxribatlarının beynəlxalq ictimaiyyət tərəfindən sülh sazişi üzrə danışıqlara ciddi çağırışlar fonunda baş verməsi Ermənistanın sülh prosesində maraqlı olmadığını göstərir. Ermənistanın bu kimi hərbi təxribatları, eyni zamanda siyasi təhrikçi addımlarla və bəyanatlarla müşayiət olunur. Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərini tapdalayaraq Azərbaycana qarşı apardığı təxribatlar nəinki Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini pozur, eyni zamanda regional sülh və təhlükəsizliyi ciddi şəkildə təhdid edir. Ermənistanın bu əməlləri ciddi formada beynəlxalq ictimaiyyət tərəfindən rədd edilməli və qınanılmalıdır. Ermənistanın təxribatlarının qarşısını almaq məqsədilə Azərbaycan Respublikasının Silahlı Qüvvələri bütün lazımı tədbirləri görür və bundan sonra da görəcək. Qeyd edək ki, Müdafiə Nazirliyi tərəfindən verilmiş məlumata əsasən, 11 aprel tarixində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini atıcı silahlardan intensiv atəşə tutub. Qarşı tərəfin törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları şəhid olub və yaralanıb.

Almaniyaya sığınan azərbaycanlılar Ukraynaya geri qayıdıblar

Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Almaniyaya sığınmaq məcburiyyətində qalan Ukrayna vətəndaşı olan azərbaycanlıların bir qrupu Ukraynaya qayıdıb. “Report”un Avropa bürosunun əldə etdiyi məlumatda deyilir ki, ötən gün Ukraynaya geri qayıtmaq istəyənlər Almaniyanın Duysburq şəhər vağzalına toplaşıblar. Geri dönmək istəyənlərin sırasında ümumilikdə 11 azərbaycanlı olub. Polis və miqrasiya idarəsinin əməkdaşları tərəfindən yoxlanılan şəxslər avtobusa mindirilərək, yola düşüblər. Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarədən (BAMF) bildirilib ki, müharibə səbəbindən edilən xəbərdarlığa baxmayaraq son iki ayda Ukraynaya geri qayıdan insanların sayında artım qeydə alınıb. BAMF-dan bildirilib ki, Rusiya-Ukrayna müharibəsi başlayandan indiyə kimi geri dönən Ukrayna vətəndaşlarının sayı on minə yaxındır.

Palata sədri sabah Milli Məclisdə hesabat verəcək

Sabah Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçiriləcək. Sozcu.az-ın məlumatına görə, komitənin iclasının gündəliyinə “Hesablama Palatasının 2022-ci ildə fəaliyyəti haqqında” hesabatı daxil edilib.  Qeyd edək ki, parlamentə sənədi Hesablama Palatasının sədri Vüqar Gülməmmədov təqdim edəcək.

İlham Əliyev 2 fərman imzaladı

Prezident İlham Əliyev “Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2004-cü il 19 iyul tarixli 90 nömrəli, “Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” 2005-ci il 19 yanvar tarixli 175 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb. Sozcu.az fərmanın mətnini təqdim edir: 1. Müəyyən edilsin ki: 1.1. “Fövqəladə vəziyyət və sosial xarakterli fövqəladə mühit haqqında” Azərbaycan Respublikası Qanununun 2-3.3-cü maddəsinin birinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini sosial xarakterli fövqəladə mühit rejimi Azərbaycan Respublikasının bütün ərazisində tətbiq edildiyi halda Azərbaycan Respublikasının Prezidenti, ayrı-ayrı yerlərdə tətbiq edildiyi halda isə Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir; 1.2. həmin Qanunun 2-3.3-cü maddəsinin ikinci cümləsində və 2-3.6-cı maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həyata keçirir; 1.3. həmin Qanunun 2-2.3-cü maddəsinin birinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. 2. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 2.1. üç ay müddətində: 2.1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 2.1.2. “Fövqəladə vəziyyət və sosial xarakterli fövqəladə mühit haqqında” Azərbaycan Respublikası Qanununun 2-3.3-cü maddəsinin ikinci cümləsinə uyğun olaraq, sosial xarakterli fövqəladə mühitin aradan qaldırılması üzrə komissiyanın (qərargahın) fəaliyyəti qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin; 2.1.3. həmin Qanunun 2-3.6-cı maddəsinə uyğun olaraq, sosial xarakterli fövqəladə mühit rejiminin tətbiqi zamanı həmin fövqəladə mühitin aradan qaldırılması üzrə tədbirlərin növləri və həyata keçirilməsi qaydasını və dövlət ehtiyatlarının yaradılması, istifadə edilməsi və bərpası qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin. 2.2. “Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin. 3. “Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 19 iyul tarixli 90 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 7, maddə 529) aşağıdakı dəyişikliklər edilsin: 3.1. adına, preambulaya və 2.1-ci bəndə “vəziyyət” sözündən sonra “və sosial xarakterli fövqəladə mühit” sözləri əlavə edilsin; 3.2. aşağıdakı məzmunda 2.1-1-ci və 2.1-2-ci bəndlər əlavə edilsin: “2.1-1. həmin Qanunun 2-3.3-cü maddəsinin birinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini sosial xarakterli fövqəladə mühit rejimi Azərbaycan Respublikasının bütün ərazisində tətbiq edildiyi halda Azərbaycan Respublikasının Prezidenti, ayrı-ayrı yerlərdə tətbiq edildiyi halda isə Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir; 2.1-2. həmin Qanunun 2-3.3-cü maddəsinin ikinci cümləsində və 2-3.6-cı maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həyata keçirir;”; 3.3. 2.2-ci bəndə “Qanunun” sözündən sonra “2-2.3-cü maddəsinin birinci cümləsində,” sözləri əlavə edilsin. 4. “Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 19 yanvar tarixli 175 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 1, maddə 9; 2017, № 12 (I kitab), maddə 2303; 2020, № 3, maddə 248) adına, preambulasına və 1.1-ci bəndinə “vəziyyət” sözündən sonra “və sosial xarakterli fövqəladə mühit” sözləri əlavə edilsin. *** Prezident İlham Əliyev “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 831-VIQD nömrəli Qanununun tətbiqi və “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 iyul tarixli 792 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb. Fərmanda deyilir: 1. Müəyyən edilsin ki: 1.1. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8-1-ci, 48.1-ci, 48.1-1-ci maddələrində, 48.1-2-ci maddəsinin ikinci cümləsində, 48.1-3-cü maddəsinin birinci cümləsində, 48.1-4-cü, 48.1-4.1-ci, 48.1-4.2-ci, 48.1-5-ci, 48.1-6-cı və 48.2-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir; 1.2. həmin Qanunun 48.1-2-ci maddəsinin ikinci cümləsində və 48.2-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur; 1.3. həmin Qanunun 48.1-ci maddəsində nəzərdə tutulmuş orqanın (qurumun) səlahiyyətlərini (iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət vaxtı və hərəkət sürəti, habelə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin həmin Qanunun 48.1-1-ci maddəsinə uyğun olaraq avtonəqliyyat vasitələri ilə müşayiət edilməsi tələb olunduqda, hərəkət marşrutu Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə razılaşdırılmaqla) Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi həyata keçirir; 1.4. həmin Qanunun 1.0.8-1-ci maddəsində, 48.1-3-cü maddəsinin birinci cümləsində və 48.1-4-cü maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzərdə tutulur; 1.5. həmin Qanunun 48.1-1-ci və 48.1-4.1-ci maddələrində “orqan (qurum)” dedikdə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin müşayiət avtomobili ilə müşayiət olunmasına münasibətdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, mühafizə avtomobili ilə müşayiət olunmasına münasibətdə isə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi nəzərdə tutulur; 1.6. həmin Qanunun 48.1-4.2-ci, 48.1-5-ci və 48.1-6-cı maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi nəzərdə tutulur. 2. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 2.1. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun 48.1-2-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, iriqabaritli və ağırçəkili nəqliyyat vasitəsinin mühafizə və müşayiət avtomobilləri ilə müşayiət olunmasına və hərəkət marşrutunun müəyyən olunmasına görə xidmət haqqının məbləğini bir ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 2.2. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 831-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin. 3. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 iyul tarixli 792 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 7, maddə 610; 2009, № 10, maddə 779; 2016, № 4, maddə 661, № 6, maddə 1064, № 11, maddə 1840; 2017, № 6, maddə 1083; 2018, № 12 (I kitab), maddə 2600; 2019, № 5, maddə 838, № 8, maddə 1408; 2020, № 5, maddə 544; 2021, № 1, maddə 17, № 6 (I kitab), maddə 593; Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 3 mart tarixli 2047 nömrəli və 30 mart tarixli 2076 nömrəli fərmanları) aşağıdakı dəyişikliklər edilsin: 3.1. 2.1-ci bəndə “Qanununun” sözündən sonra “1.0.8-1-ci,” sözləri əlavə olunsun və həmin bənddə “və 59-cu maddəsində” sözləri “, 48.1-ci, 48.1-1-ci maddələrində, 48.1-2-ci maddəsinin ikinci cümləsində, 48.1-3-cü maddəsinin birinci cümləsində, 48.1-4-cü, 48.1-4.1-ci, 48.1-4.2-ci, 48.1-5-ci, 48.1-6-cı, 48.2-ci və 59-cu maddələrində” sözləri ilə əvəz edilsin; 3.2. 2.1-1-ci bənddən “48.2-ci maddəsində,” sözləri çıxarılsın; 3.3. aşağıdakı məzmunda 2.1-2-ci, 2.3-1-ci və 2.3-2-ci bəndlər əlavə edilsin: “2.1-2. həmin Qanunun 48.1-2-ci maddəsinin ikinci cümləsində və 48.2-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;”; “2.3-1. həmin Qanunun 1.0.8-1-ci maddəsində, 48.1-3-cü maddəsinin birinci cümləsində və 48.1-4-cü maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzərdə tutulur; 2.3-2. həmin Qanunun 48.1-ci maddəsində nəzərdə tutulmuş orqanın (qurumun) səlahiyyətlərini (iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət vaxtı və hərəkət sürəti, habelə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin həmin Qanunun 48.1-1-ci maddəsinə uyğun olaraq avtonəqliyyat vasitələri ilə müşayiət edilməsi tələb olunduqda, hərəkət marşrutu Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə razılaşdırılmaqla) Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi həyata keçirir;”; 3.4. 2.2-ci bənddən “48.1-ci,” sözləri çıxarılsın; 3.5. 2.3-cü bənddə “beynəlxalq avtomobil daşımalarını yerinə yetirən xarici dövlətlərdə qeydiyyatda olan nəqliyyat vasitələrinə sərhəddə “İcazə” blankları verildiyi hallarda Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, digər hallarda isə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz edilsin; 3.6. 2.6-cı bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 2.7-ci və 2.8-ci bəndlər əlavə edilsin: “2.7. həmin Qanunun 48.1-1-ci və 48.1-4.1-ci maddələrində “orqan (qurum)” dedikdə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin müşayiət avtomobili ilə müşayiət olunmasına münasibətdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, mühafizə avtomobili ilə müşayiət olunmasına münasibətdə isə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi nəzərdə tutulur; 2.8. həmin Qanunun 48.1-4.2-ci, 48.1-5-ci və 48.1-6-cı maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi nəzərdə tutulur.”.

Sülh müqaviləsi üzərində iş istədiyimiz kimi getmir - Prezident

Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması məsələsində Qazaxıstanın mövqeyinə görə Prezident Tokayevə təşəkkür edirəm. Mən normallaşmaya dair danışıqlar prosesinin indiki statusu barədə həmkarıma məlumat vermişəm. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev aprelin 10-da Astanada Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə mətbuata birgə bəyanatında bildirib. “Biz normallaşma əzmindəyik və İkinci Qarabağ müharibəsi başa çatandan sonra məhz Azərbaycan sülh müqaviləsi üzərində işə başlamağı təklif etdi. Praktiki olaraq bu iş başlanıb, amma bizim istədiyimiz kimi rəvan getmir. Lakin bunun alternativi yoxdur. Hətta 30 illik işğala və Azərbaycan xalqının məruz qaldığı məhrumiyyətlərə, hazırda bərpa etməli olduğumuz dağıntılara baxmayaraq, qonşular arasında münasibətlər normal olmalıdır. Bununla belə, biz gələcəyə baxırıq və hesab edirik ki, suverenlik, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, BMT-nin Nizamnaməsi, beynəlxalq hüququn bütün əsas normaları və prinsipləri əsasında sülh müqaviləsinə nail olmaq mümkündür, bu müqavilə çoxillik düşmənçilik səhifəsini çevirəcək”, - dövlət başçısı qeyd edib.

Müsavat Başqanı Almaniyaya dəvət olundu

Aprelin 10-da Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. Qurumun mətbuat xidmətindən verilən məlumata görə, iclasda əvvəlcə qərarların icrası ilə bağlı məlumat dinlənilib. Daha sonra təşkilati məsələlər müzakirə edilib, müvafiq tapşırıqlar verilib. Partiya başqanı Arif Hacılı ötən həftə Gürcüstanda keçirilən beynəlxalq tədbirdə iştirakı ilə bağlı məlumat verib. Tədbirdə başqanın müavini Səxavət Soltanlı və Məclis üzvü Ayxan Hacıbəyli də iştirak ediblər. Beynəlxalq tədbirdə Rusiya silahlı qüvvələrinin Cənubi Qafqazdan çıxarılması barədə mövqe ifadə edilib. Arif Hacılı Almaniyanın hakimiyyət koalisiyasında təmsil olunan Azad Demokratlar Partiyasının (FDP) aprelin sonunda keçiriləcək qurultayına dəvət olunduğunu bildirib. Daha öncə Almaniyanın Azərbaycandakı səfiri ilə görüşdüyünü xatırladan başqan Müsavatın beynəlxalq əlaqələrinin getdikcə genişləndiyini vurğulayıb. Ukrayna ordusunun Rusiya tərəfindən işğal olunmuş ərazilərin azad edilməsi məqsədilə gözlənilən əks hücumu, Türkiyədə keçirilən seçkilər və digər proseslərlə əlaqədar fikir mübadiləsi aparılıb.