“Hətta Ermənistanın havadarları belə, Qarabağın işğaldan azad olunmamış və Rusiya sülhməramlı kontingentinin nəzarətində olan əhalinin Azərbaycana reinteqrasiya prosesinin aparılması siyasətinə qarşı çıxmırlar. Bu, bütün normalara uyğundur”.
Politoloq Qafar Çaxmaqlı bunu Musavat.com-a açıqlamasında söyləyib.
Ekspert bildirib ki, Xankəndi və digər yerlərdə yaşayan əhali Azərbaycan vətəndaşıdır və onların digər Azərbaycan vətəndaşı kimi bütün haqları qorunacaq: “Azərbaycan müharibənin bitdiyi gündən bəri bunu elan edir və onu səmimiyyətsizlikdə ittiham edənlər də Azərbaycanın ənənəvi düşmənləridir. Burada yaşayan əhalinin müəyyən qrupları da bu prosesi dəstəkləyir, amma separatçı rejim və rəsmi Ermənistan bundan narahatdır, odur ki, danışıqları pozmaq üçün hər addımda hiylələrə əl atır”.
Qarabağ separatçılarının Azərbaycan təmsilçiləri ilə görüş üçün Rusiya hərbi kontingentinin yardımına ehtiyac duymalarına gəldikdə, Q.Çaxmaqlı xatırlatdı ki, bundan əvvəl bir kimsənin vasitəçiliyi olmadan gerçəkləşən görüşlərdə elə bir problem ortaya çıxmayıb ki, ermənilər indi Rusiya lıların vasitəçiliyini istəsinlər: “Demək, bu prosesə məqsədli şəkildə Rusiyanı daxil etmək istəyi var. Separatçılar gələcəkdə də Rusiyanı bu prosesə daxil etmək istəyirlər. Hiylə elə buradadır. Erməni separatçılar bir müddət bu formatda müzakirələri aparandan sonra tələb edəcəklər ki, bu işə beynəlxalq güclər də müdaxilə etsin. Ermənistana göndərilən Avropa İttifaqı müşahidəçi missiyasını buraya da gətirmək planı var və diaspora erməniçiliyi də bu məqsədin üzərində dayanır, həmçinin “əhalinin təhlükəsizliyi” məsələsinin beynəlmiləlləşməsini planlaşdırır. Dolayısı ilə Xankəndidəki rejim ermənilərinin tələblərini Qərb sahəsinə keçirmək istəyir”.
Politoloq qeyd etdi ki, görüşün Bakıda keçirilməsindən imtina edilməsi və Ermənistanla sərhəddəki son təxribatlar da bu hiyləyə hesablanıb: “Onlar Azərbaycanın “ermənilərin təhlükəsizliyini təmin edə bilməyəcəyi” qənaətini yaratmaq istəyirlər”. Bütün bunlara baxmayaraq, ekspert hesab edir ki, Azərbaycan ermənilərlə birbaşa təmasların daha effektiv yol olduğunu və reinteqrasiyanın qarşılıqlı güvənə dayanacağını təsdiq edən fəaliyyət mexanizmini təklif etməlidir: “Ermənilərin buna getməyəcəyi təqdirdə qanunlar işə düşməlidir. Azərabaycanın bu ərazidə öz suverenliyini bərpa etməkdən başqa çarəsi yoxdur. Çünki məsələ bu şəkildə davam edərsə, Azərbaycan dövlətinə qarşı təhdidlər arta bilər”.