Azərbaycanla AŞ arasında daha bir sənəd imzalandı

Azərbaycan Avropa Şurasının (AŞ) "Terrorçuluğun qarşısının alınması haqqında" Konvensiyasının Əlavə Protokolunu imzalayıb. Sozcu.az xəbər verir ki, protokol Strasburqda Avropa Şurasının mənzil qərargahında ölkəmizin Avropa Şurası yanında daimi nümayəndəsi, səfir Fəxrəddin İsmayılov və Avropa Şurasının Baş katibinin müavini Byorn Berqenin iştirakı ilə imzalanıb. AŞ-nin "Terrorçuluğun qarşısının alınması haqqında" Konvensiyanın Əlavə Protokolu terrorçuluq məqsədilə birlik və ya qrupda iştirak etmək, terror təliminə cəlb olunmaq, terrorçuluq məqsədi ilə xaricə səfər etmək və ya belə məqsədli səfəri təşkil etmək və maliyyələşdirməyi cinayət əməli kimi müəyyən edir, həmçinin sürətli məlumat mübadiləsini asanlaşdıran sutkada 24 saat fəaliyyət göstərən milli əlaqələndiricilər şəbəkəsinin yaradılmasını nəzərdə tutur. Müvafiq dövlətdaxili ratifikasiya prosesi yekunlaşdıqdan sonra, bu Əlavə Protokol, onun 10-cu maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasına münasibətdə qüvvəyə minəcək və ölkəmizin terrorçuluqla mübarizədə beynəlxalq əməkdaşlığa əlavə töhfə verməsinə xidmət edəcək.

Müsavat başqanı Azərbaycan xalqını təbrik etdi

Müsavat Partiyasının başqanı Arif Hacılı Novruz Bayramı münasibətiilə Azərbaycan xalqını təbrik edib. Təbrikdə deyilir: “Əziz həmvətənlər! Novruz bayramı münasibətiilə Sizi ürəkdən təbrik edir, Sizə uzun ömür, can sağlığı, şəxsi həyatınızda xoşbəxtlik, işlərinizdə uğurlar arzulayıram. Bahar Bayramı xalqımızın ən qədim və ən sevimli bayramlardan biridir. Baharın gəlişi, təbiətin oyanması ilə bağlı olan bu bayram, həm də qədim ənənələrimizin qorunub saxlanması, nəsildən nəsilə ötürülməsi baxımından çox əhəmiyyətlidir. Xalqımızın kimliyini unutdurmaq, assimilyasiya etmək istəyənlər zaman-zaman tariximizi təhrif etmiş, başqa adət-ənənələrimiz kimi bu bayramımızı da unutdurmağa, mahiyyətini dəyişdirməyə çalışıblar. Xüsusilə sovet dövründə qadağan edilmiş Bahar Bayramımız Azərbaycanda gizli şəkildə qeyd edilirdi. Soydaşlarımız bir- birilərini gizli təbrik edir, bayram nemətlərini gizli hazırlayır, bayram şənliklərini gizli keçirirdilər. Müstəqilliyimiz əldə olunandan sonra isə Novruz rəsmi dövlət bayramları arasında öz layiqli yerini tutdu. İndi təntənə ilə qeyd edilir və xalqın ən sevimli bayramlardan biridir. Təəssüf ki, zəngin sərvətlərə sahib olan bir ölkənin vətəndaşları digər bayramlar kimi Novruzu da ürəkləri istədiyi kimi qeyd edə bilmirlər. Sosial- iqtisadi durumun pisləşməsi, qiymətlərin ardıcıl olaraq böyük sürətlə artması nəticəsində sadə Azərbaycan ailəsi ucuz bir bayram süfrəsi də aça bilmir. Belə ailələrsə ölkə əhalisinin böyük bir hissəsini təşkil edi Artıq üçüncü ildir ki, İşğaldan azad edilmiş torpaqlarımızda bayram tonqalları yanır. Bu əziz gündə, bu qələbəni bizə yaşadan, ərazi bütövlüyümüz uğrunda qəhrəmanlıqla həlak olan bütün şəhidlərimizi sayğı ilə anır və onlara Allahdan rəhmət diləyirəm. İnanıram ki, Bahar Bayramını işğaldan azad edilmiş ərazilərdə yenidən qurulmuş şəhər və kəndlərimizdə qeyd edəcəyimiz gün də çox uzaqda deyil. Əziz həmvətənlər! Sizi bir daha Novruz Bayramı münasibəti ilə təbrik edirəm. Sizə şəxsi həyatınızda xoşbəxtlik, işlərinizdə uğurlar arzulayıram”.

Rəsmi Bakıdan Ermənistana xəbərdarlıq

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən verilmiş məlumata əsasən, 20 mart tarixində Ermənistan silahlı qüvvələrinin bölmələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Ağbaşyurd yüksəkliyində yerləşən mövqelərini atəşə tutması nəticəsində 1 nəfər hərbi qulluqçumuz yaralanıb. Sozcu.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. "Ermənistan tərəfinin bu növbəti hərbi təxribatını qətiyyətlə pisləyir və Ermənistan tərəfindən son zamanlar daha da artan təcavüzkar ritorikasından əl çəkməyi və bölgədə gərginliyi artıran bu kimi addımlara son qoymağı tələb edirik. Ermənistan tərəfi Avropa İttifaqının mülki monitorinq missiyasının ərazisində yerləşməsindən bölgədə gərginliyi artırmaq və hərbi təxribatlarını ört-basdır etmək məqsədilə sui-istifadəyə son qoymalıdır. Ermənistanda sözügedən missiyanın mövcudluğunun Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən boyun qaçırması üçün bəhanəyə çevrilməməsi zəruridir. Bölgədə Azərbaycanın apardığı sülh quruculuğu tədbirlərinə qarşı təxribatlara görə bütün məsuliyyət Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür".

Prezident icra başçısını işdən çıxardı

Elşad Novruz oğlu Məmmədov Naxçıvan Muxtar Respublikası Ordubad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Sozcu.az-ın xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

TDT-nin Ankara Bəyannaməsində Azərbaycanın Tehrandakı səfirliyinə hücum qınanılıb

Türk Dövlətləri Təşkilatı (TDT) Azərbaycanın Tehrandakı səfirliyinə hücumu qınayıb. Bu barədə TDT Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə imzalanan Ankara Bəyannaməsində bildirilib. Bəyannamə sənədində vurğulanıb ki, hadisəyə görə məsuliyyət daşıyanlar ədalət qarşısında cavab verməlidirlər.

Azərbaycanda bu nazir vəzifədən çıxarıldı - Yeni təyinat

Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Nicat Babayev vəzifəsindən azad olunub. Sozcu.az Report-a istinadən xəbər verir ki, bu barədə müvafiq sərəncam imzalanıb. Digər sərəncamla Ceyhun Cəlilov Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib. O, əvvəllər Bakıda DOST Agentliyinin İdarə Heyətinin sədr müavini vəzifəsində çalışıb. Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev martın 16-da Naxçıvana gedib. O, bu gün C.Cəlilovu Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivinə təqdim edəcək.

Əvəz Zeynallının işini araşdıracaq hakim məlum oldu

“Xural” internet televiziyasının rəhbəri Əvəz Zeynallı və “Səda TV” MMC-də rəhbər vəzifədə işləmiş Elnur Şükürovun cinayət işi icraata verilib. Sozcu.az xəbər verir ki, iş Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə araşdırılacaq. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik təyin edilməyib.APA

“Azərbaycan yeni hərbi əməliyyatlara hazırlaşır” - Ermənistan və İran mediası

Erməni Telegram kanalları Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan və Qarabağla sərhəddə toplanması barədə iddialar yayırlar. Dünən baş nazir Paşinyan da öz çıxışında sərhəddə yenidən eskalasiya ehtimalının yüksək olduğunu bildirib. Məsələnin maraqlı tərəfi budur ki, İran mediası da heç bir əsas olmadan eyni iddialarla çıxış edir. Bu da İran və Ermənistan dayanışmasının növbəti sübutu sayıla bilər. Məsələn, İranın molla mediası iddia edir ki, İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) "...Bakı Respublikasının (molla rejimi Azərbaycan adını çəkməyi də öz kirli mahiyyətinə yaraşdırmır-Red.) böyük qoşun kolonlarının hərəkətini qeydə alır". İran adlanan molla respublikasının saytları iddia edir ki, rəsmi Bakı "...Qafqazda regional müharibəyə başlamaq niyyətindədir". Arxasınca da heç bir əsası olmayan bu yalançı iddiaya guya cavab verərək, Azərbaycanı "düşmən" adlandırır və təhdid edir. Sitatı yazaq ki, oxucularımız bu həyasızlıqla tanış olsunlar və bir az da gülsünlər: "İran İslam Respublikası Qafqazın təhlükəsizliyinə cavabdehdir və düşmənlərin istənilən niyyətini kökündən məhv etmək fikrindədir". Öz xalqını təmin və idarə edə bilməyən, xalqlar həbsxanasına çevrilən İran Qafqazın təhlükəsizliyinə cavabdehmiş. Başlarına haradan gəldiyini hələ də müəyyən edə bilmədikləri dronlar yağır, ərazisində yaşayan xalqlar aclıqdan və səfalətdən, haqsızlıqdan və zülümdən bezərək, üsyana qalxıb, rejimi devirmək istəyir, bunlar da özlərini "Qafqazın təhlükəsizliyinə cavabdeh" sayırlar. Ölkənin hakim zümrəsi olan mollalar ictimai yerdə xalqın qorxusundan əmmamə ilə gəzə bilmirlər. Yanlarından keçən hər kəs dərhal onların əmmamələrini vurub, başlarından salır. Bu bədbəxtlərsə görün nələrə iddia edirlər. Yazının sonunda İranda yeni trend olan əmmaməsalma hobbisinə dair videoları təqdim edirik! Başında sarığı qoruya bilməyın molla rejimi Qafqazı Azərbaycandan qoruyacaqmış.Müsavat.com

Prezident su problemindən danışdı

Suyun paylanması ilə bağlı görülməli çox iş olacaq. Hazırda biz su təchizatı və sanitariya şəraitinin yaxşılaşdırılmasına ehtiyac duyduğumuz bir çox şəhərdə layihələr həyata keçiririk. Sozcu.az xəbər verir ki, bunu Prezident İlham Əliyev martın 13-də Berlində Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşündə deyib. Dövlət başçısı bildirib ki, hədəfimiz bütün ölkə ərazisində içməli su təchizatının 100 faiz təmin edilməsidir: “Sözsüz ki, bunu etmək çətin olacaq, çünki görülməli işin həcmi böyükdür. Lakin bizim, həmçinin su ehtiyatlarının idarə olunması sahəsində bəzi struktur islahatlarının həyata keçirilməsi ilə bağlı planlarımız var. Bunun vaxtı gəlib çatıb. Hazırda hökumət müxtəlif variantları və xüsusilə indi suyun ildən-ilə azaldığını gördüyümüz bir vaxtda, suyun paylaşdırılması ilə bağlı müasir texnologiyaların tətbiqini dəyərləndirir Qeyd etdiyim kimi, Xəzər dənizi dayazlaşır, həmçinin çaylarımızda, transsərhəd çaylarında və mənbəyini Azərbaycandan götürən çaylarda sululuq azalıb. Əfsuslar olsun ki, biz bunu görürük. Beləliklə, su ehtiyatlarının idarə olunması, su ehtiyatlarından səmərəli istifadə sözsüz ki, qarşıdakı illər üçün prioritetlərdən biri olacaq”.

Prezident: "Avropa İttifaqı-Azərbaycan əlaqələri istiqamətində çox önəmli addımlar atılır"

"Avropa İttifaqı-Azərbaycan əlaqələri istiqamətində çox önəmli addımlar atılır. Xüsusilə keçən il Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış enerji təhlükəsizliyi üzrə Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu bizim niyyətimizi göstərir". Sozcu.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev martın 14-də Berlində Almaniya Kansleri Olat Şolts ilə mətbuata bəyanatında söyləyib. “Memorandumun sürətlə və vaxtında icrası bir daha göstərir ki, Azərbaycan Avropa üçün etibarlı tərəfdaşdır”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.

Su problemi ilə bağlı narazılıqlar və etirazlar getdikcə artacaq" - Arif Hacılı

"Su problemi yalnız Saatlı rayonuna deyil, ölkənin əksər kənd rayonlarına aiddir".  Sozcu.az xəbər verir ki, bunu Müsavat Partiyasının başqanı Arif Hacılı ölkədə yaradılan su probleminə münasibət bildirərkən deyib.  "Su qıtlığı təbii fəlakət nəticəsində yox, gözü doymayanların 10 minlərlə hektar torpaq sahələrinə əl qoyması, bütün su ehtiyatlarını bu sahələrdəki əkinlərə, bağlara yönəltmələri ilə bağlıdır" - deyən Müsavat başqanı qeyd edib ki, su problemi ilə bağlı narazılıqlar və etirazlar getdikcə artacaq: "Gürcüstan ərazisində aşıb-daşan Kür çayının Azərbaycan ərazisində qurumasının başqa izahı yoxdur.  Sonuncu tikəsi də əlindən alınan əhalinin etirazlarının qarşısını güllə atmaqla, həbslərlə almaq yox, qlobal xarakter almış su problemini həll etmək lazımdır.  Qarşıdan su tələbatını artıran fəsillər gəlir. Saatlı hadisələri anonsdur. Narazılıqlar və etirazlar getdikcə artacaq".

Əliyevin Almaniya prezidenti ilə təkbətək görüşü başladı

Martın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Berlində Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü başlayıb. Sozcu.az xəbər verir ki, Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb. Dövlət başçıları birgə foto çəkdiriblər. Prezident İlham Əliyev Fəxri qonaqlar kitabına ürək sözlərini yazıb.