“Bu gün Qarabağ ətrafında baş verən oyunlar bir çox mənzərəni aydınlaşdırır. Biz görürük ki, bəzi dövlətlər özlərinin marağı üçün bundan istifadə edirlər. Bu ölkələrdən biri də Fransadır”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında ehtiyatda olan polkovnik Üzeyir Cəfərov deyib.
O, Fransanın Ermənistandan Azərbaycanın hava sərhədlərini pozaraq Qarabağa “humanitar yardım” göndərmək üçün açmaq istədiyi hava dəhlizinin detallarından söz açıb.
Polkovnik xatırladıb ki, dünən Azərbaycan Prezidenti ilə fransız həmkarı arasında telefon danışığı olub:
“Mənə elə gəlir ki, dövlət başçısı lazım olanı Fransa liderinin diqqətinə çatdırıb. Fransanın şou xarakterli çıxışları, Ermənistandan Qarabağa təyyarə uçuşlarını həyata keçirməyi mümkünsüzdür. Çünki Azərbaycanın hava məkanı Azərbaycanın Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə sistemləri tərəfindən qorunur. Belə bir cəhd olacaqsa, sözsüz ki, Azərbaycan buna seyrçi mövqe tutmayacaq”.
Ü. Cəfərov hesab edir ki, Fransanın hava məkanımızdan Qarabağa “humanitar yardım” gətirmək istəyi sadəcə şou xarakterlidir:
“Eləcə də “Spayka” TIR-larında İrəvandan Qarabağa gətirilmiş “humanitar yüklər” vəziyyətin normallaşmasına əsla xidmət etmir. Hesab edirəm ki, dünən Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən göndərilən yük bir az çiy hazırlanmış iş idi. Çünki yüklər Bakıdan çıxmamışdan öncə məsələ Rusiya sülhməramlıları ilə müzakirə olunmalı idi. Amma baxanda görürük ki, reallıq fərqlidir, rus əsgəri bizim nümayəndə heyətimizin üzvlərinin telefon nömrəsini götürüb və deyir ki, gözləyin. İndi də fransızlar eyni hərəkəti edirlər. Azərbaycan onsuz da yükləri göndərib. Açsınlar yolu, humanitar yardımı götürsünlər. Ən azından, orada 40 ton un məhsulları var.
Müsahibimiz qeyd edib ki, bu gün Qarabağ məsələsindən kifayət qədər sui-istifadə etmək halları mövcuddur:
“Separatçılar guya 8 aydır ki, acından ölür, qırılır, amma hələ də bölgədə bununla bağlı 1 dənə də ölüm baş verməyib. O cümlədən orada 10 minə yaxın əlisilahlı adam var ki, onları da gündə 3 dəfə yedirdib-içirtmək lazımdır”.
“Fransanın etdiklərinə gəldikdə isə onların bu addımları əbəs və mənasızdır. Fikrimcə, İlham Əliyevlə Emmanuel Makron arasındakı telefon danışığında bu məsələlər müzakirə olunub. Rəsmi Paris özü üçün eqoistlik edir. O düşünür ki, necə ola bilər, mən BMT Təhlükəsizlik Şurasının 5 əsas üzvündən biriyəm, amma Azərbaycan sözümə baxmır. Sərhədlərini bağlamaq Azərbaycanın suveren hüquqlarıdır. Əgər fransızlar ermənilər üçün bu qədər narahatdırlarsa, İrəvandan Qarabağa “humanitar yük” daşımaq yerinə Qarabağ erməniləri sərhəddən Ermənistana keçsin və fransızlar onları Fransaya aparıb ermənilərin qayğısına qalsın. İronik də olsa, mən belə təklif edərdim”, – o, fikirlərini tamamlayıb.