Prezident: Etibarlı məlumatlara əsasən, itkin düşmüş şəxslər Ermənistan tərəfindən işgəncələrə məruz qalaraq qətlə yetirilib

İtkin düşmüş şəxslər məsələsi Azərbaycanın üzləşdiyi ən ağır problemlərdən biridir və konfransın mövzusu ölkəmiz üçün xüsusi aktuallıq kəsb edir. Sozcu.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Bakıda keçirilən “İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirmək üçün milli və qlobal səylərin artırılması” üzrə beynəlxalq konfransın iştirakçılarına müraciətində deyilir. “Birinci Qarabağ müharibəsi zamanı Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi nəticəsində 3890 vətəndaşımız itkin düşmüşdür. İtkin düşmüş şəxslərin ümumi sayından 872 nəfərin əsir-girov götürülməsi və ya vaxtilə işğal altında olmuş ərazilərdə qalmasına dair təkzibedilməz məlumatlar mövcuddur. Etibarlı məlumatlara əsasən, itkin düşmüş şəxslər Ermənistan tərəfindən işgəncələrə məruz qalmış, qətlə yetirilmiş və Azərbaycanın əvvəllər işğal olunmuş ərazilərində kütləvi məzarlıqlarda basdırılmışdır”, - dövlət başçısı vurğulayıb.

Paşinyandan Ərdoğanın dördtərəfli görüş təklifinə CAVAB

Ermənistan Baş naziri Nikol Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dördtərəfli görüş təklifi ilə bağlı sualını cavablandırıb. Sozcu.az xəbər verir ki, o, belə təkliflərin olduğunu bildirib. "Təkliflər, ideyalar var. Mən onlardan birini xüsusi qeyd etmək istəmirəm. Məsələ burasındadır ki, şərh edəcəyim tək fikir bu deyil", - Paşinyan deyib. Onun sözlərinə görə, görüşlərlə bağlı müxtəlif təkliflər müzakirə olunur. Qeyd edək ki, Ərdoğan Azərbaycan, Ermənistan və Rusiya liderlərinin iştirakı ilə dördlü formatda görüşün keçirilməsini təklif edib. O, BMT Baş Assambleyasının iclasına getməzdən əvvəl jurnalistlərə açıqlamasında deyib ki, regionla bağlı vəziyyətin müzakirə olunmasında bu regiondan uzaq olan dövlət və hökumət başçılarının deyil, regionda olanların müzakirə etməsi vacibdir. "Biz Rusiya Prezidenti Vladimir Putinin, Azərbaycan Prezidenti İlham Əliyevin, mənim və Ermənistan Baş naziri Nikol Paşinyanın iştirakı ilə dördlü formatda görüşün keçirilməsini təklif etmişik ki, addımı ona görə ataq. Hələ bizə bu təkliflə bağlı münasibət bildirilməyib. Bu məsələni Azərbaycan Prezidenti İlham Əliyevlə də danışacağıq. Vəziyyəti yaxında izləyəcəyik", - Ərdoğan vurğulayıb.

Hikmət Hacıyev: İrəvan öhdəliklərindən imtina etsə, Bakı alternativ nəqliyyat marşrutları üzərində çalışacaq

Ermənistan öz üzərinə düşən öhdəlikləri yerinə yetirməkdən imtina edərsə, Azərbaycan alternativ nəqliyyat marşrutları üzərində çalışacaq. Bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev TASS-a müsahibəsində bildirib. Hacıyevin sözlərinə görə, Azərbaycan logistika ehtiyaclarını “Ermənistan hökumətinin şıltaqlığı”na uyğunlaşdırmaq niyyətində deyil və ölkəmiz regional tərəfdaşları ilə birlikdə irəliləyəcək: “İrəvan müxtəlif bəhanələrlə öz öhdəliklərindən imtina edərsə və əgər təcrid olunmuş vəziyyətdə qalmağı davam etdirmək istəyirsə, o zaman Bakı gözləmək fikrində deyil. Regionun digər ölkələri ilə alternativ layihələr üzərində artıq fəal işlər görülür". Prezidentin köməkçisi vurğulayıb ki, Azərbaycan ardıcıl olaraq regionda bütün nəqliyyat kommunikasiyalarının açılmasının tərəfdarıdır, çünki sıx ticari-iqtisadi əlaqələr regionun sülh, sabitlik və rifahına töhfə verəcək. Bu istiqamətdə irəliləyiş əldə etmək üçün böyük səylər göstərən Rusiyanın mövqeyini Azərbaycan yüksək qiymətləndirir. Hikmət Hacıyev bildirib ki, nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı danışıqlarda müəyyən durğunluq müşahidə olunur. Prezidentin köməkçisi həmçinin əlavə edib ki, Rusiya, Ermənistan və Azərbaycan liderlərinin üçtərəfli bəyanatının müddəalarından biri Zəngəzur dəhlizinin açılmasıdır ki, bu da Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz əlaqənin Ermənistan ərazisindən keçərək təmin edilməsi deməkdir. Bəyanatın bu bəndi, təqribən üç ilə yaxın zaman keçsə də, Ermənistan tərəfindən hələ də yerinə yetirilməyib. “Zəngəzur dəhlizinin açılması ilk növbədə Ermənistanın özü üçün sərfəlidir, hansı ki, bu ölkə Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti nəticəsində 30 ilə yaxın müddət ərzində regionun nəqliyyat və logistika arxitekturasından kənarda qalıb”, - Hikmət Hacıyev vurğulayıb.

Ermənistan hər an təxribat törədə bilər – Rəsmi Bakı

Azərbaycanın Qarabağ bölgəsinə istinadlarında Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü şübhə altına alan Ermənistan tərəfinin bölgədə qüvvə toplamasını ört-basdır etməsi və hər an törədə biləcəyi təxribat səylərindən fikir yayındırmaq cəhdləri ciddi təhdid mənbəyidir. Sozcu.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistan Xarici İşlər Nazirliyinin sentyabrın 13-də yaydığı bəyanata dair şərhində bildirib. O qeyd edib ki, bölgədə sülh və sabitliyin əsas şərti Ermənistanın Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı sözdə və əməldə iddialardan əl çəkməsi, bütün erməni silahlı qüvvələrini ərazilərimizdən çıxarması, revanşist siyasətə və əməllərə son qoymaqdır.

Ermənistanın davranışları bölgədəki sabitliyə təhdiddir - Ceyhun Bayramov

13 sentyabr 2023-cü il tarixində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun İsveçrə Konfederasiyasına işgüzar səfəri çərçivəsində Cenevrə Universitetinin Qlobal Araşdırmalar İnstitutu ilə birgə “Regional təhlükəsizlik və Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı” mövzusunda dəyirmi masa müzakirələri təşkil olunub. Bu barədə Sozcu.az-a Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.  Müzakirələr zamanı Ceyhun Bayramov ölkəmizin xarici siyasət prioritetləri, qonşu ölkələr ilə əlaqələrin perspektivləri, mövcud regional təhlükəsizlik məsələləri, çağırışlar və imkanlar barədə çıxış edib. Cənubi Qafqaz və Mərkəzi Asiya bölgələrinin, o cümlədən baş verən regional proseslərin əlaqəliliyindən bəhs edən nazir son dövrlər ərzində həm ikitərəfli əsasda, o cümlədən çoxtərəfli platformalar çərçivəsində münasibətlərin inkişafında intensivliyin müşahidə olunduğunu bildirib. İqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, bağlantılar və s. sahələr ilə regional əməkdaşlığın perspektivlərinin mövcud olduğu, xüsusilə Transxəzər Beynəlxalq Şərq-Qərb Orta Dəhlizinin əhəmiyyətinin artdığı bir şəraitdə bu sahədə əməkdaşlıq imkanlarının nəzərdən keçirilməsinin vacibliyi vurğulanıb. Regional təhlükəsizlik məsələlərindən bəhs edən Ceyhun Bayramov, Ermənistanın Azərbaycan və Ermənistan arasında mövcud kövrək normallaşma və sülh gündəliyini təhlükəyə atan davranışlarının bölgədəki sabitliyə təhdid olduğunu bildirib. Bu xüsusda, son olaraq, bir tərəfdən Laçın yolu ətrafında vəziyyətlə bağlı guya bölgədə “gərgin humanitar vəziyyət” və “blokada”nın mövcudluğu ilə əlaqədar əsassız iddiaların səsləndirilməsinin, digər tərəfdən Qarabağ bölgəsində yaşayan erməni əsilli sakinlərin tələbatlarının ödənilməsi üçün Azərbaycanın Ağdam-Xankəndi və Laçın yollarının eyni zamanda istifafə edilməsi təkliflərinin rədd edilməsinin bu ölkənin bir-biri ilə ziddiyyət təşkil edən addımlarının nümunələrindən sadəcə biri olduğu diqqətə çatdırılıb. Nazir Ceyhun Bayramov, həmçinin Ermənistan baş nazirinin Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə bağlı verdiyi bəyanata baxmayaraq, ərazilərimizdə separatizmi təşviq edən ziddiyyətli açıqlamalar səsləndirməsinin anlaşılan olmaması ilə yanaşı, sülh prosesinin gələcəyini sual altında qoyduğunu bildirib.  Bu xüsusda, bölgədə gedən proseslər və regional vəziyyətin beynəlxalq ictimaiyyət tərəfindən düzgün anlaşılması, habelə Ermənistanın sülh prosesinə zərbə vuran qeyri-sabit davranışlarının qınanmasının vacibliyi vurğulanıb. Daha sonra, müzakirələr sual-cavab sessiyası ilə davam edib.

Bakıdan yeni təkliflər aldıq - Mirzoyan

Ermənistan sülh müqaviləsi ilə bağlı Bakıdan yeni təkliflər alıb. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan məlumat verib. XİN rəhbəri prosesin davam etdiyini, bəzi məsələlərdə fikir ayrılığının olduğunu bildirib.

Putin Ermənistan-Azərbaycan münaqişəsinin bitməməsi üçün əlindən gələni edəcək - Arif Hacılı

Putin Dağlıq Qarabağın tam olaraq, üstəlik Laçın və Kəlbəcərin dəhliz kimi Ermənistana verilməsi planının baş tutmamasına görə məyusluğunu gizlətmir.  Azərbaycanın ərazi bütövlüyünü  tanıdığı üçün Paşinyana qarşı qəzəbini açıq ifadə edir.  Bununla belə Putini Azərbaycanın dostu kimi təbliğ edən soydaşlarımız da var.  Özünü l Pyotrun ardıcılı kimi təqdim etməyə çalışan Putin Rusiyanın Pyotrun çarlığı dövründə başlayan və 1828-ci ildə Azərbaycan ərazilərində erməni vilayətinin yaradılması ilə nəticələnən siyasətini yalnız Paşinyanla münasibətlərə görə dəyişdirməyəcək.  Putin Ermənistan-Azərbaycan münaqişəsinin bitməməsi üçün əlindən gələni edəcək və onu yalnız Ukrayna cəbhəsində ağır məğlubiyyət durdura bilər. Arif Hacılı, Müsavat Partiyasının başqanı 

Əxlaqsızlıq sərhəd tanımır! - Hikmət Hacıyev

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan Ordusunun Xocavənd rayonu istiqamətində döyüş növbətçiliyi aparan hərbi qulluqçularına qarşı itdən sui-qəsdçi kimi istifadə etməklə terror aktı törətməyə cəhd edən Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin bu əməlini “əxlaqsız terror aktı” kimi qiymətləndirib. Bu barədə Prezidentin köməkçisi sosial şəbəkədə yazıb. “Ermənistan silahlı qüvvələrinin və marionet rejiminin qanunsuz qüvvələrinin uzaqdan idarəolunan partlayış bombası ilə təchiz edilmiş itlərdən istifadə etməklə Azərbaycan forpostuna qarşı növbəti əxlaqsız terror aktı. Əxlaqsızlıq sərhəd tanımır!”, - o qeyd edib.

ABŞ: "Qarabağı müstəqil və suveren dövlət kimi tanımırıq"

ABŞ Qarabağda keçirilən qondarma “prezident seçkiləri”ni tanımır. Sozcu.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib. "Qarabağı müstəqil və suveren dövlət kimi tanımırıq. Beləliklə, oradakı qondarma "prezident seçkiləri"nin nəticələrini tanımırıq”, - Miller qeyd edib.

Britaniya Azərbaycanın Qarabağ bölgəsində keçirilən qondarma “seçkilər”i tanımır

Britaniya Azərbaycanın Qarabağ bölgəsində keçirilən qondarma “seçkilər”i tanımır". Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld "X" sosial şəbəkəsində paylaşım edib. "Böyük Britaniya sentyabrın 9-da Qarabağda keçirilən qondarma “prezident seçkiləri”ni tanımır. Biz beynəlxalq hüququn prinsip və normalarının əhəmiyyətini vurğulayaraq, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik", - səfir qeyd edib.

Avropa İttifaqı: Qarabağdakı qondarma “prezident seçkiləri”ni tanımırıq

“9 sentyabr 2023-cü il tarixində Xankəndi/Stepanakertdə keçirilən qondarma “prezident seçkiləri”ni nəzərə alaraq, Avropa İttifaqı bir daha bəyan edir ki, o, "seçkinin" keçirildiyi konstitusiya və hüquqi çərçivəni tanımır”. Bunu Aİ-nin Xarici Fəaliyyət Xidmətinin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə sözçüsü Nabila Massrali bildirib. “Eyni zamanda, Aİ hesab edir ki, Qarabağ ermənilərinin Bakı ilə nəticəyönümlü müzakirələr aparmağa qadir və buna hazır olan de-fakto liderlik ətrafında cəmləşməsi vacibdir. Aİ bu prosesi dəstəkləməyə sadiqdir” – o, qeyd edib.

Müsavat Partiyası qeydiyyatdan keçdi

Ədliyyə Nazirliyi daha bir siyasi partiyanı dövlət qeydiyyatına alıb. Sozcu.az xəbər verir ki, bu dəfə qeydiyyatdan keçən təşkilat müstəqil Azərbaycanın qurucu partiyası olan Müsavat Partiyasıdır.  Beləliklə, qeydə alınan partiyaların sayı 17- yə çatıb. Bunlar aşağıdakılardı: 1. Müsavat partiyası  2. Yeni Azərbaycan Partiyası (sədr İlham Əliyev) 3 Ağ Partiya (sədr Tural Abbaslı) 4. Vətəndaş Həmrəyliyi Partiyası (sədr Sabir Rüstəmxanlı) 5. Milli Dirçəliş Hərəkatı Partiyası (sədr Fərəc Quliyev) 6.Milli Cəbhə Partiyası (sədr Razi Nurullayev) 7.  Ana Vətən Partiyası (sədr Fəzail Ağamalı) 8.  Haqq Ədalət Partiyası (sədr Əli İnsanov) 9. Azərbaycan Milli İstiqlal Partiyası (sədr Arzuxan Əlizadə) 10. Ümid Partiyası (sədr İqbal Ağazadə) 11. Böyük Azərbaycan Partiyası (sədr Elşad Quliyev) 12. Azərbaycan Demokrat Partiyası (sədr Sərdar Cəlaloğlu) 13. Azərbaycan Xalq Partiyası (sədr Pənah Hüseyn) 14. Vəhdət Partiyası (sədr Tahir Kərimli) 15. Azad Vətən Partiyası (sədr Akif Nağı) 16. Klassik Xalq Cəbhəsi Partiyası (sədr Mirmahmud Mirəlioğlu) 17. Müasir Müsavat partiyası (sədr Hafiz Hacıyev)