İlham Əliyev Türkiyənin Baş Qərargah rəisini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 28-də Türkiyə Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Mətin Gürakı qəbul edib. Sozcu.az xəbər verir ki, söhbət zamanı Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə olduğu kimi, hərbi sahədə də uğurla inkişaf etdiyi vurğulandı. Metin Gürakın vəzifəyə təyin olunmasından qısa zaman sonra ölkəmizə səfər etməsinin önəmi qeyd edildi və bu səfərin əməkdaşlığın genişləndirilməsi işinə xidmət edəcəyinə əminlik ifadə olundu. Azərbaycan və Türkiyənin hərbi qurumları arasında səmərəli iş birliyinin həyata keçirildiyi qeyd edildi. Görüşdə Azərbaycanın Vətən müharibəsində Qələbəsinin önəmi və ordumuzun bu qələbənin əldə olunmasında göstərdiyi yüksək peşəkarlığı və qəhrəmanlığı vurğulandı.

Prezident və birinci xanım Zabuxda görülmüş işlərlə tanış olublar və sakinlərlə görüşüblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 26-da Laçın rayonunun Zabux kəndində görülmüş işlərlə tanış olublar və burada kənd sakinləri ilə görüşüblər.  Sozcu.az xəbər verir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev dövlətimizin başçısına və birinci xanıma kənddə görüləcək işlər barədə məlumat verib. 

İlham Əliyev və xanımı Laçına getdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 25-də Laçın rayonuna səfər ediblər. Sozcu.az xəbər verir ki, Prezident İlham Əliyev “AzərEnerji” ASC-nin “Mişni” və “Alxaslı” kiçik su elektrik stansiyalarının açılışlarında iştirak edib. Dövlətimizin başçısı və birinci xanım Laçın Beynəlxalq Hava Limanında tikinti işlərinin gedişi ilə tanış olublar. Prezident İlham Əliyev Kəlbəcər–Laçın avtomobil yolunun 38-ci kilometrliyindən 76-cı kilometrliyinədək olan hissəsində həyata keçirilən işlərlə tanış olub. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Laçın şəhərinə yaxın ərazidə inşa ediləcək mehmanxana kompleksinin təməlqoyma mərasimində, Laçın rayonunun sənaye zonasında mebel fabrikinin açılışında iştirak edib, prefabrik modul evlərin istehsalı müəssisəsinin və xırdabuynuzlu heyvanların saxlanılması məntəqəsinin fəaliyyəti ilə tanış olub, “Hoçazfilm” yaradıcılıq studiyasının çəkiliş pavilyonunun, Laçın rayon 2 nömrəli tam orta məktəbin əsaslı təmirdən sonra və “Həkəri Balıq Təsərrüfatı”nın açılışlarında iştirak ediblər.

Bayramov və Mirzoyan arasında növbəti görüş... - XİN

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında növbəti görüşün nə vaxt olacağı ilə bağlı hələlik məlumat yoxdur. Sozcu.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə deyib. O bildirib ki, Bakı və İrəvan arasında sülh danışıqları istiqamətində proses davam edir: “Hazırda proses davam edir. Xarici işlər naziri Ceyhun Bayramov avqustun 24-də Belçika Krallığının xarici işlər, Avropa işləri, xarici ticarət və federal mədəni institutlar naziri Xədicə Labiblə birgə keçirdiyi mətbuat konfransında da bu məsələyə toxunub. Yeni görüşlər barədə isə hazırda məlumat yoxdur”, - A.Hacızadə vurğulayıb. XİN rəsmisi Ermənistanın sülh sazişi ilə bağlı Azərbaycana yeni təkliflər verdiyini təsdiqləyib. Qeyd edək ki, Azərbaycan və Ermənistan XİN başçılarının sonuncu görüşü iyulun 25-də Moskvada baş tutub. Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan avqustun 24-də hökumətin iclasında deyib ki, Ermənistan Azərbaycana sülh sazişinin imzalanması ilə bağlı yeni təkliflər verib.

Bayramov Labiblə Zəngəzur dəhlizindən danışdı

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Belçikanın xarici işlər naziri Xədicə Labib Zəngəzur dəhlizinin açılması məsələsini müzakirə ediblər. Sozcu.az xəbər verir ki, bunu C.Bayramov avqustun 24-də Bakıda X.Labiblə birgə keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, görüş zamanı Şərq-Qərb Orta dəhlizi və onun artan rolu barədə danışıblar. C.Bayramov Zəngəzur dəhlizinin də Şərq-Qərb dəhlizinin yeni bir qolu kimi əhəmiyyətini belçikalı nazirin diqqətinə çatdırıb.

Prezident ermənipərəstliyinə görə Belçika XİN rəhbərini qəbul etməyəcək

Azərbaycan Prezidenti İlham Əliyev ermənipərəst mövqeyinə görə Belçika XİN rəhbərini qəbul etməyəcək. Sozcu.az APA-ya istinadən xəbər verir ki, Belçikanın xarici işlər naziri Hadca Labib Ermənistanda səfərdə olarkən reallıqdan uzaq, regiondakı durumla uzlaşmayan ermənipərəst açıqlamalar verib. Belçika XİN rəhbəri regiona səfəri çərçivəsində bu gün Azərbaycana gələcək. Ölkəmizdə səfərdə olan xarici dövlətlərin XİN rəhbərləri, adətən, Prezident İlham Əliyev tərəfindən qəbul olunur, ikitərəfli münasibətlər, regionda və dünyada aktual məsələlər ətrafında fikir mübadiləsi aparılır. Ermənipərəst mövqeyinə və Ermənistanda səfərdə olarkən səsləndirdiyi əsassız iddialara görə Prezident İlham Əliyev Belçika XİN rəhbərini qəbul etməyəcək. Qeyd edək ki, Belçika XİN rəhbərinin bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşü nəzərdə tutulur. Belçikanın xarici işlər naziri Hadca Labibin avqustun 22-də regiona səfəri başlayıb. İlk olaraq Ermənistana səfər edib, avqustun 23-də isə Gürcüstanda olub. Ermənistanda qondarma “erməni soyqırımı” abidəsini də ziyarət edən Hadca Labib bu ölkənin xarici işlər naziri və Baş naziri ilə görüşlərində ermənipərəst mövqeyini bir daha ortaya qoyaraq, Azərbaycanın ünvanına əsassız iddialar səsləndirib.

İlham Əliyev Zelenskini təbrik etdi

Prezident İlham Əliyev Ukraynanın Prezidenti Vladimir Zelenskiyə təbrik məktubu ünvanlayıb. Sozcu.az məktubun mətnini təqdim edir: "Hörmətli cənab Prezident, Ukraynanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram. Azərbaycan ilə Ukrayna arasında münasibətlərin hazırkı yüksək səviyyəsi xalqlarımızın tarixən təşəkkül tapmış sıx dostluq və qarşılıqlı hörmət ənənələrindən irəli gəlir. Bu iradədən qaynaqlanan və möhkəm təməllər üzərində qurulan dövlətlərarası əlaqələrimizin birgə səylərimizlə dinamik inkişaf edərək yeni mərhələyə yüksəlməsi məmnunluq doğurur. Azərbaycan-Ukrayna əlaqələrinin keçən ilin yanvarında Ukraynaya səfərim zamanı imzaladığımız Birgə Bəyannamədə öz əksini tapmış məram və məqsədlərə uyğun olaraq bundan sonra da inkişaf edəcəyinə inanıram. Cari ilin iyununda Kişineuda Sizinlə görüşümüzü, Azərbaycan-Ukrayna ikitərəfli əlaqələri ətrafında apardığımız fikir mübadiləsini ən xoş təəssüratlarla xatırlayıram. Azərbaycan BMT Nizamnaməsinə, beynəlxalq hüququn norma və prinsiplərinə daim sadiq qalaraq bütün dövlətlərin, o cümlədən Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə hörmət edir. Biz Ukrayna xalqına humanitar yardım məsələlərini daim diqqətdə saxlayır, bundan sonra da lazımi yardım göstərməyə hazır olduğumuzu bildiririk. Əminəm ki, xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan ilə Ukrayna arasında dostluq münasibətlərinin genişlənməsi, qarşılıqlı faydalı əməkdaşlığımızın möhkəmlənməsi yolunda birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik. Bu bayram günündə Sizə ən xoş arzularımı çatdırır, dost Ukrayna xalqına sülh və əmin-amanlıq diləyirəm".

Mirziyayev Füzuliyə getdi, Prezident qarşıladı

Azərbaycan Respublikasında dövlət səfərində olan Özbəkistan Respublikasının Prezidenti Şövkət Mirziyayev avqustun 23-də Füzuli rayonuna gedib. Sozcu.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Özbəkistan Prezidenti Şövkət Mirziyayevi və xanımı Ziraatxan Mirziyayevanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva qarşılayıblar.

Prezidentlərin təkbətək görüşü keçirildi

Avqustun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasının Prezidenti Şövkət Mirziyayev ilə təkbətək görüşü başlayıb. Sozcu.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb. *** Avqustun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə təkbətək görüşü olub.

Mirziyoyev Azərbaycana niyə gəlir? - Şuşa və Füzuliyə də gedəcək...

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev avqustun 22-də Azərbaycana dövlət səfərinə yola düşüb. Sozcu.az xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, dövlət səfəri Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə həyata keçirilir. Səfər çərçivəsində iki ölkə liderlərinin iştirakı ilə yüksək səviyyəli danışıqlar və digər tədbirlər keçiriləcək. Görüşlər zamanı Özbəkistan-Azərbaycan strateji tərəfdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi və prioritet istiqamətlər üzrə praktiki əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunacaq. Məlumatda bildirilir ki, Mirziyoyev Şuşa və Füzuliyə səfər edəcək. Danışıqların sonunda ikitərəfli sazişlərin imzalanması planlaşdırılır. Mirziyoyevin Azərbaycana səfəri 2 gün davam edəcək və avqustun 23-də başa çatacaq.

Bərdədə ermənilərlə görüş gözlənilir

Yaxın günlərdə Azərbaycanın hökumət nümayəndələri ilə Qarabağın erməni icması arasında Bərdədə görüş keçirilə bilər. Sozcu.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb. Məlumata görə, görüş zamanı Ağdam-Xankəndi yolunun açılması məsələsi müzakirə olunacaq.

ASALA dünyanın 22 ölkəsində 235-dən çox terror törədib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Beynəlxalq Terror Qurbanlarının Xatirəsini Anma Günü ilə bağlı "X" hesabında paylaşım edib. Sozcu.az xəbər verir ki. paylaşımda deyilir ki, erməni terrorunun qurbanı təkcə Azərbaycan deyil. “Məlumdur ki, terroru dövlət səviyyəsində dəstəkləyən ölkə olan Ermənistanın terror təşkilatları, o cümlədən ASALA dünyanın 22 ölkəsində 235-dən çox terror aktı törədib. Erməni terror təşkilatları Azərbaycana qarşı ərazi iddialarının ardınca 1980-ci illərdən başlayaraq Azərbaycanın mülki əhalisini hədəfə alıblar. Azərbaycanın mülki əhalisinə qarşı ictimai avtobusların və metro qatarlarının partladılması daxil olmaqla 30-a yaxın irimiqyaslı terror aktı törədilib. Bu gün biz erməni terrorunun günahsız qurbanlarının xatirələrini ehtiramla yad edirik”, - XİN-dən bildirilib.