Redaktor seçimi

Ermənistan Putinin əleyhinə olan sənədi təsdiqləyəcək - Paşinyan açıqladı

Ermənistan hökuməti Roma Statunu parlamentə göndərib və sənəd tam ratifikasiya olunacaq. Sozcu.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib. O, bu sənədin Rusiyaya qarşı olmadığını bildirib. “Bunun Ermənistan-Rusiya münasibətləri ilə heç bir əlaqəsi yoxdur, hər şey Ermənistanın təhlükəsizlik problemi ilə bağlıdır”, - Paşinyan qeyd edib. Ətraflı Xatırladaq ki, Ermənistan hökuməti Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Roma Statutunu ratifikasiya üçün parlamentə təqdim edib. Sənəddə Rusiya Prezidenti Vladimir Putinin həbsi ilə bağlı maddənin olub-olmadığı məlum deyil. Qanun layihəsi parlamentin saytında dərc olunmayıb. Martın 24-də Ermənistan Konstitusiya Məhkəməsi Beynəlxalq Cinayət Məhkəməsi (BCM) haqqında Roma Statutunda təsbit olunmuş öhdəlikləri konstitusiyaya uyğun hesab edib. Saziş Ermənistan parlamenti tərəfindən ratifikasiya edilməlidir. Bundan əvvəl Beynəlxalq Cinayət Məhkəməsi Rusiya Prezidenti Vladimir Putinin həbs edilməsi barədə order çıxarıb. BCM-nin qərarına əsasən, Putin məhkəmənin qərarını tanıyan ölkələrin ərazisində olan zaman həbs olunmalıdır. Rəsmi Moskva BCM-nin məlum qərarını tanımadığını, bu qərarın Rusiya Federasiyası üçün əhəmiyyətsiz olduğunu açıqlayıb.

Putinin antiazərbaycan çıxışının arxasında nə dayanır? – “Azərbaycanın parçalanması planının...”

“Rusiya prezidenti Vladimir Putinin dünənki açıqlamasından öncə də onun Azərbaycanla bağlı qərəzli mövqedə açıqlamaları olmuşdu. Putinin açıqlamalarını ümumi biz məzmuna yığanda görürsən ki, Rusiya həmişə ermənilərin yanında olub”. Bu sözləri Yenisabah.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib. O, Rusiya prezidenti Vladimir Putinin ötən gün Şərq İqtisadi Forumu (ŞİF) çərçivəsində Azərbaycan və Ermənistanla bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib. Xatırladaq ki, Rusiya lideri açıqlamasında İkinci Qarabağ müharibəsindən öncə Rusiyanın Ermənistana Qarabağın dağlıq hissəsi ilə yanaşı Kəlbəcər və Laçını da təklif etdiyini dilə gətirmiş, lakin İrəvanın Moskvanın bu absurd təklifinə qarşı çıxdığını qeyd etmişdi. Eyni zamanda V. Putin rus sülhməramlılarının mandatı haqqında çıxış edərkən söyləyib ki, guya bölgədə Azərbaycan tərəfindən etnik təmizləmə riski mövcuddur deyə, sülhməramlı kontingentin Qarabağda yerləşməsi davam etməlidir. Öz növbəsində, Q. Hüseynli bildirib ki, Moskva daim işğal siyasətinin həyata keçirilməsində, sonrakı dövrlərdə isə sülh tənzimlənməsinə qədər həmişə Ermənistana məsləhət verməyə, eləcə də sülh danışıqlarında aparıcı rol oynamağa çalışan və çox zaman da buna nail olan bir dövlət olub: “Rusiyanın İkinci Qarabağ müharibəsindən əvvəlki mövqeyi yalnız 5 rayonun (Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı – red.) geri qaytarılması, Laçın və Kəlbəcərin isə Ermənistanla Qarabağın dağlıq hissəsi arasında bir plasdarm kimi həmişəlik qalması idi. Kreml bunu istəyirdi. Putin bu gün nə deyirsə-desin, bütün dövrlərdə Rusiya tərəfi Azərbaycanın ərazi bütövlüyünü tanımayıb, o cümlədən Qarabağ da daxil olmaqla Laçın və Kəlbəcərin Ermənistana verilməsini nəzərdə tutan mövqeyi müdafiə ediblər. Onlar faktiki olaraq, Azərbaycanın parçalanması planının başında durublar. Çox şükür ki, bu plan alt-üst oldu və baş tutmadı”. Analitikin fikrincə, bu gün erməni siyasi rəhbərliyi ilə Rusiya arasında bir polemika var: “Rusiya içi yana-yana gah xarici işlər naziri Sergey Lavrovun, gah nazirlik sözçüsü Mariya Zaxarovanın, gah da prezident Vladimir Putinin dilindən deyir ki, Dağlıq Qarabağın Azərbaycana verilməsində Rusiyanın günahı yoxdur, bunu erməni siyasi rəhbərliyi təsdiqləyib. Onlar bu açıqlamalar isə ərazi bütövlüyümüzə şübhə yeri qoyur və Azərbaycanın ərazi bütövlüyünün tanınmasına əlahiddə bir formada çalışırlar”. “O ki qaldı Putinin “etnik təmizləmə” ilə bağlı açıqlamasında, bu məsələdə də ruslar açıq-aşkar ermənipərəst mövqe tuturlar. Ruslar bölgədə qalmaq üçün min-bir bəhanə axtarırlar deyə, bölgədə etnik təmizləmənin baş verəcəyi ilə bağlı hədyanlar söyləyirlər. Azərbaycan tərəfi ermənilərin bu bölgədə yaşamasına, onlar üçün hər cür şəraitin yaradılmasına tərəfdardır və bunu əməl etməyə də hazırdır. Rusiyanın yenidən qıcıqlandırma siyasəti yürütməsi, olmayan hadisələrə rəng qataraq, onu başqa bir formada təqdim etməyə çalışması açıq-aşkar təxribatdan başqa bir şey deyil. Bu nöqteyi-nəzərdən, Rusiyanın bölgədə destruktiv rol oynadığına zərrə qədər şübhə yeri qalmır”, – əlavə edib. Politoloq əmindir ki, V. Putin indidən rus sülhməramlılarının bölgədən çıxmamağı üçün hələ ki nəzəri məsələləri irəli sürür: “Putin hələlik uydurma faktları gündəliyə sırıyır və guya rus əsgərinin bölgədə olması əmin-amanlıq, qarşıdurmadan yayınmaq, xüsusilə də ermənilərin etnik təmizlənməsinin qarşısının alınmasını bir zərurət kimi ortaya çıxarır. Rusiya bu gün proseslərdən narahatdır, çünki işğalçı, imperialist bir ölkədir. Rusiya bundan sonra da bölgənin və bizim başımızı hələ çox ağrıdacaq”.

“Rusiya üzərində qələbədən sonra Ukrayna hamının hesablaşmalı olacağı super gücə çevriləcək...”

“Rusiya üzərində qələbədən sonra Ukrayna hamının hesablaşmalı olacağı super gücə çevriləcək...” Gürcüstanın keçmiş Prezidenti və Odessa Regional Dövlət Administrasiyasının keçmiş rəhbəri Mixail Saakaşvili Ukraynanın hazırda atəşkəsə razılaşacağı halda nə baş verəcəyini proqnozlaşdırıb. O, hesab edir ki, belə olduğu təqdirdə bir-iki ildən sonra Rusiya Ukraynanı məhv edəcək və başqa dövlətlərin ərazisində müharibələrə başlayacaq. Sozcu.az xəbər verir ki, Saakaşvili bu barədə “Ukrainskaya pravda”da təqdim etdiyi köşə yazısında yazıb. Saakaşvili hesab edir ki, Rusiyanın Ukraynaya hücumu kollektiv Qərbə qarşı müharibədir və hələlik bunu yalnız ukraynalılar yaşayır. Lakin siyasətçinin fikrincə, əgər rəsmi Kiyev indi atəşkəsə razılaşarsa, onda bir-iki ildən sonra Ukrayna çökəcək və Putin yeni müharibələrə başlayacaq. "Ukrayna indi atəşkəs elan etsə, nə olacaq? Nə olacaq ki, bir-iki ildən sonra o, mütləq çökəcək və Putin mütləq Polşanı və Baltikyanı ölkələri işğal edəcək. O, yol boyu faktiki olaraq heç bir xüsusi səy göstərilmədən Gürcüstan və Moldovanı da udacaq” , – Gürcüstanın eks-prezidenti belə deyib. Saakaşvili onu da əlavə edib ki, Ukrayna öz qurbanları bahasına indi Avropaya öz həyat tərzini qoruyub saxlamağa kömək edir. O qeyd edib ki, indi Zelenskini tərəfdaşlara qarşı sərt davranışda ittiham edənlər dərk etməlidirlər ki, məhz ənənəvi diplomatiya indi baş verənlərə gətirib çıxarıb. Siyasətçi proqnozlaşdırır ki, Rusiya üzərində qələbədən sonra Ukrayna hamının hesablaşmalı olacağı super gücə çevriləcək. "Və siz hələ də hazır olmalısınız ki, bu qələbədən sonra Ukrayna bütün regionun - Mərkəzi Asiyadan tutmuş Atlantikaya qədər super gücünə çevriləcək. Mən bu barədə 2005-ci ildə danışdım, ancaq onda heç kim məni ciddi qəbul etmədi. Zelenski, demək olar ki, instinktiv olaraq bu müharibənin əsas fabulasını hiss etdi və eyni zamanda Ukraynanı və bütün müttəfiqlərini və tərəfdaşlarını düzgün nəticəyə aparır. Və Qərb artıq bu qatardan atlana bilməyəcək”,- deyə  Saakaşvili vurğulayıb. Xatırladaq ki, Saakaşvili ukraynalı uşaqlara kömək etmək təşəbbüsü ilə çıxış edir.

"Putin vəziyyəti hamıdan yaxşı bilir" - Paşinyan

Ermənistan-Azərbaycan sərhədində vəziyyət gərgindir. Sozcu.az xəbər verir ki, bunu Nikol Paşinyan televiziyaya açıqlamasında bildirib. O qeyd edib ki, həyat yoldaşının Ukraynaya səfəri siyasiləşdirilib. "Mən Vladimir Putinə gərginliyə görə zəng etməmişəm, çünki ona yeni heç nə deyə bilmərəm. Vəziyyəti hamıdan yaxşı bilir", - Paşinyan deyib.

Vəhşilik: Ermənilər itə partlayıcı bağlayıb təxribata əl atdı - Foto

Sentyabrın 11-i saat 08:30 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Ordumuzun Xocavənd rayonu istiqamətində döyüş növbətçiliyi aparan hərbi qulluqçularına qarşı itdən sui-qəsdçi kimi istifadə etməklə terror aktı törətməyə cəhd göstəriblər. Bu barədə  Sozcu.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. "Belə ki, qeyri-qanuni erməni silahlı dəstələri itin üzərinə uzaqdan idarə olunan əldəqayırma (improvizə edilmiş) partlayıcı qurğu bağlayaraq mövqelərimiz istiqamətində hərəkət etməyə məcbur ediblər. Hərbi qulluqçularımızın sayıqlığı nəticəsində erməni silahlılarının terror-təxribat əməlinin miqyasını böyütmək və şəxsi heyətə daha çox xəsarət yetirmək məqsədilə mövqelərimizə daxil olan itin üzərindəki əldə düzəlmə partlayıcı qurğunu işə salmaq cəhdinin qarşısı alınıb. Bu təxribatı Adi silahların müəyyən növlərinin istifadəsinə qadağa və məhdudiyyətlərə dair Konvensiyanın Minaların, mina-tələlərinin və digər qurğuların tətbiqinə qoyulan qadağalar və ya məhdudiyyətlər haqqında protokoluna zidd olan əməl kimi qətiyyətlə pisləyirik. Heyvanlardan sui-qəsd məqsədilə istifadə olunması mənəviyyatsız hərəkətdir və bunu terror aktı kimi qiymətləndiririk", - MN-in məlumatında deyilir.

Putinin milyarder "desantı"nın dəstəklədiyi təzə “prezident” ilk çıxışındaca status tələb etdi...

"O, martın 1-də Xocalıda rəsmi Bakının nümayəndələri ilə görüşdə Qarabağdakı erməni icmasının əsas nümayəndəsi kimi iştirak edib..." “Dağlıq Qarabağ status almalıdır, Laçın dəhlizi ilə Ermənistanla birbaşa əlaqəmiz olmalıdır, başqa yollar açıla bilər, amma dəhlizi əvəz etməməlidir.” Sozcu.az xəbər verir ki, bunu Azərbaycan Respublikası ərazisində Kreml tərəfindən  32 il öncə qondarılmış separatçı-terrorçu rejimin qanunsuz “parlament”i tərəfindən bu gün “seçilmiş”   növbəti qondarma “prezidenti” Samvel Şahramanyan baş separatçı kimi ilk çıxışında söyləyib. Qeyd edək ki, “prezident”liyə namizədliyi “sənədlərinin doğru olmaması səbəbindən” rədd edilmiş digər namizəd  Samvel Babayan da öz adaşını təbrik etməyə məcbur olub... Xatırladaq ki, Yuxarı Qarabağdakı qondarma “eks-prezident” Bako Saakyanın dövründən “milli təhlükəsizlik xidməti”nin direktoru, “təhlükəsizlik şurası”nın katibi kimi yüksək “vəzifə”lərdə çalışan və avqustun 31-də istefa verməmişdən öncə sonuncu “prezident” Araik Arutyunyan tərəfindən  “dövlət naziri” təyin olunmuş  Samvel Şahramanyan Ermənistanın terrorçu eks-prezidenti Serjik Sərkisyanın adamı sayılır. Putinin milyarder desantı Ruben Vardanyan da “seçki”yə hazırlıq günlərində onu açıq şəkildə dəstəkləyib... O, martın 1-də Xocalıda rəsmi Bakının nümayəndələri ilə görüşdə Qarabadakı erməni icmasının əsas nümayəndəsi kimi iştirak edib...

"Qarabağdakı erməni qüvvələri kazarmalarından çıxaraq cəbhə xəttinə yerləşdirilib"

"Azərbaycan Silahlı Qüvvələri payız-qış mövsümünə hazırlıq məqsədilə əvvəldən planlaşdırılmış təlimlər keçirir, Ermənistan isə sərhədə qoşun cəmləşdirir". Sozcu.az xəbər verir ki bunu "Reuters"ə açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib. "Bu, müntəzəm planlaşdırma prosesinin bir hissəsidir", - deyən Hikmət Hacıyev Ermənistanı öz qoşunlarını sərhəddə cəmləşdirməkdə və yeni silah sistemləri almaqda ittiham edib. Onun sözlərinə görə, Qarabağdakı qanunsuz erməni qüvvələri də öz kazarmalarından çıxaraq yüksək döyüş hazırlığı şəraitində cəbhə xəttindəki mövqelərə yerləşdirilib. "Bizim strategiyamız Azərbaycana qarşı hər hansı silahlı və ya qeyri-qanuni hərbi hərəkətlərin və ya təxribatların qarşısını almaq və zərərsizləşdirməkdən ibarətdir”, - Hikmət Hacıyev bildirib.

Arutyunyan “dövlət naziri” təyin olunacaq

Araik Arutyunyanın müttəfiqi Artur Arutyunyan Qarabağdakı separatçıların “dövlət naziri” təyin olunacaq. Sozcu.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb. Məlumata görə, yeni “dövlət naziri” iqtisadi layihələrin həyata keçirilməsində tam iştirak edəcək, yəni ona yalnız maliyyə-iqtisadi bloka nəzarət həvalə olunacaq.

Ermənistan ehtiyatda olanları hərbi təlimə ÇAĞIRDI

2023-cü il oktyabrın 1-dən dekabrın 8-dək Ermənistanda ehtiyat olan rütbəlilər hərbi təlim toplanışlarına cəlb ediləcək. Sozcu.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, təlimlərə 2059 nəfərə qədər ehtiyatda olan hərbçi çağırılacaq. Təlimlərdə məqsəd ehtiyatda olanların döyüş qabiliyyətlərini artırmaqdır.

“Yelo Bank”da vergi qalmaqalı: Nazirliyi məhkəməyə verdi

“Yelo Bank” ASC İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə qarşı məhkəmə iddiası qaldırılıb. Sozcu.az xəbər verir ki, məhkəmə iddiası noyabr ayının 1-i tarixində Bakı Apellyasiya Məhkəməsinin hakimi Pərviz Hüseynovun sədrlyi ilə keçiriləcək. Qaldırılan iddia vergi məsələləri üzrə mübahisələrlə bağlıdır. Qeyd edək ki, 378 milyon manat nizamnamə kapitalı olan “Yelo Bank” ASC (VÖEN -9900014901) 1994-cü ildən fəaliyyət göstərir. Əvvəlcə "Ülpər" kommersiya bankı kimi fəaliyyətə başlayıb. Daha sonra 2002-ci ildə rebrending edərək "Nikoil Bank" adlandırılıb. 2019-cu ildən isə “Yelo Bank” adlanır. “Yelo Bank” Rusiyada yaşayan Azərbaycan əsilli milyarder, “Lukoil” şirkətinin sahibi Vahid Ələkbərova məxsusdur./Ekonominfo.az

Separatçılar vəzifə bölüşdürür: Araikin adamı “nazir” olacaq

Qondarma rejimin “dövlət naziri” “vəzifə”si separatçıların sabiq “rəhbər”i Araik Arutyunyanın komanda yoldaşına veriləcək.  Sozcu.az xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.  Erməni nəşri yazır ki, söhbət qondarma rejimin “hakim” “Azad Vətən” - “KMD Daşnik” “parlament fraksiyası”nın hazırkı “rəhbər”i Artur Arutyunyandan gedir:  “O, iqtisadi layihələrin həyata keçirilməsi ilə məşğul olacaq. Yəni ona ancaq maliyyə-iqtisadi məsələlərlə bağlı işlər həvalə olunacaq. “Ölkə”nin siyasi idarə edilməsi və “silahlı qüvvələr”in işinin koordinasiyası “Artsax prezidenti” tərəfindən həyata keçiriləcək”.  Qəzet xatırladıb ki, separatçı rejim “parlament”i şənbə günü “ölkə prezidenti”ni seçəcək:  “Sentyabrın 5-də Samvel Şahramanyanın namizədliyini irəli sürən üç “müxalifət fraksiyası”nın və “Azad Vətən” “fraksiyası”nın üzvlərinin onunla görüşü olub. “Prezident” seçildikdən sonra yeni “hökumət” formalaşacaq ki, bu da bütün məəslələrdə konsensus olacağına dəlalət edir. Burada demək olar ki, bütün “siyasi qüvvələr” təmsil olunacaqlar”. 

General-mayor İlqar Məmmədov vəzifədən azad edildi

Daxili İşlər Nazirliyinin Daxili Qoşunları Ali Hərbi Məktəbinin rəisi general-mayor İlqar Məmmədov vəzifədən azad edilib.  Sozcu.az Qafqazinfo-ya istinadla xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.  İ.Məmmədovun yerinə hələlik təyinat yoxdur.  Qeyd edək ki, Prezidentin sərəncamı ilə 2014-cü ildə general-mayor rütbəsi verilən İ.Məmmədov elə həmin ildən Daxili Qoşunları Ali Hərbi Məktəbinin rəisi vəzifəsini tuturdu.