Redaktor seçimi

Ağsuda dağlıq ərazidəki yanğın söndürülüb

Ağsu rayonu, Keçdiməz kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidəki yanğın tam söndürülüb. Bu barədə Sozcu.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib. Qeyd edilib ki, yanğınsöndürmə işləri mürəkkəb şəraitdə, əsasən əl əməyindən istifadə edilərək həyata keçirilib. Yanğın zamanı ərazidə əsasən, quru ot və kol-kos yanıb. Yanğınsöndürmə işlərində FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri ilə yanaşı, yerli sakinlər də iştirak ediblər.

"Heç bir fəlakət, dağıntılara səbəb olan zəlzələ gözlənilmir” - Qurban Yetirmişli

Ötən gün qeydə alınan yeraltı təkanlar təxminən 5 bal gücündə olub. Bu, dağıdıcı və ya fəlakət hadisə deyil. Normal standartlara uyğun inşa edilən binalar, evlər hətta 10 bal gücündə zəlzələyə də davamlı olmalıdır. Sozcu.az xəbər verir ki, bu sözləri Oxu.az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli deyib. O bildirib ki, evləri, binaları standartlara uyğun tikmirlər, ona görə də yüngül yeraltı təkanlarda belə divarlarda çatlar yaranır: “Kürdəmirdə və digər yerlərdə bəzi evlərdə çatlar olub. Bu normaldır, köhnə evlər, köhnə binalardır. Evin bər-bəzəyinə çoxlu pul tökürlər, fundamentinə diqqət etmirlər. O çatlar da olmalıdır. Ümumiyyətlə, yeraltı təkanlar 5-6 bal gücündə heç bir çatlara səbəb olmur. Əgər bina inşa ediləndə tikinti materialları, konstruktiv elementlərə düzgün riayət edilirsə, binalarda təxminən 10 bala qədər heç bir dağıntı ola bilməz. Seysmik ərazilər olduğu üçün zəlzələlər olacaq. Yüngül dalğalar yenə olacaq, gözlənilir. Amma heç bir fəlakət, dağıntılara səbəb olan zəlzələ gözlənilmir”.

Paşinyan: Sülhməramlılar missiyasını yerinə yetirmir

Rusiya sülhməramlıları üçtərəfli bəyannamənin bəndinə uyğun olaraq missiyanı yerinə yetirmirlər. Sozcu.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan “La Repubblica” qəzetinə müsahibəsində deyib. "Mən faktiki olaraq "Rusiyanın sülhməramlı qüvvələri üçtərəfli bəyannamədə onlara həvalə edilmiş missiyanı yerinə yetirmirlər" ifadəsi ilə razılaşmaqdan başqa, buna qiymət verə bilmərəm. Əslində Rusiya sülhməramlılarının Qarabağda olmasının əsas məqsədlərindən biri vətəndaş cəmiyyətinin, mülki əhalinin təhlükəsizliyidir. Bu halda təhlükəsizlik, o cümlədən sərbəst hərəkət hüququ təmin olunmur və bu, həqiqətən həyəcanverici bir faktdır".

Ordumuzun cavabı: iki erməni əsgər məhv edildi

Xəbər verdiyimiz kimi, sentyabrın 1-i səhər saatlarında Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətindəki bölmələri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisində yerləşən mövqelərinə qarşı zərbə PUA-sı tətbiq edilib. Nəticədə 3 hərbçimiz yaralanıb. Sozcu.az erməni mediasına istinadla xəbər verir ki, Ordumuzun cavab tədbirləri nəticəsində iki erməni əsgərin məhv edildiyi, bir erməni əsgərin yaralandığı bildirilir.

“Zaxarovanın son bəyanatı Moskvanın mövqeyinin iç üzünü açıb ortaya qoyur...”

“Əgər Moskva sülh prosesində maraqlıdırsa, sülh prosesi birinci tərəflərin biri-birinin ərazi bütövlüyünü tanımasından başlayır. Niyə Rusiya buna qarşıdır?..” “Zaxarovanın son bəyanatı Moskvanın mövqeyinin iç üzünü tam şəkildə açıb ortaya qoyur. Baxın Rusiya XİN rəsmisi deyir ki, baş verənlər Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımasının nəticəsidir"... Məgər Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanımır. Bunu ki, həmişə bəyan edir”.  Sozcu.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında Rusiya  XİN rəsmisi M.Zaxarovanı "Laçın yolunda hazırda yaranmış vəziyyət Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımasının nəticəsidir” bəyanatını şərh edən siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu söyləyib. “Əgər Moskva sülh prosesində maraqlıdırsa, sülh prosesi birinci tərəflərin biri-birinin ərazi bütövlüyünü tanımasından başlayır. Niyə Rusiya buna qarşıdır? Məsələ burasındadır ki, Rusiya burada da istər “sülhməramlı”larının davranışından, istər bu cür bəyanatlarla açıq-aydın göstərir ki, bütün bu proses onun marağındadır. Və faktiki olaraq indi iç üzünü açır. İndi mənə maraqlıdır ki, rəsmi Bakı Zaxarovanın bu bəyanatına necə reaksiya verəcək. Deyə bilərəm. Heç bir reaksiya olmayacaq...  Gəlin 2022-ci ilin sentyabrında Ermənistanla sərhəddə baş verən toqquşmaları xatırlayaq. Hələ o zaman da, ondan sonra da sizə şərhlərimdə demişdim ki, bütün bu prosesin pozulmasında, sülh danışıqlarının baş tutmamasında yeganə maraqlı tərəf Rusiyadır. Çünki Moskva konflikti belə bir vəziyyətdə saxlamaqla 3 əsas məqsədini təmin etmiş olur. Birincisi, Qarabağın dağlıq hissəsindəki hərbi kontingentini qoruyub saxlamaq, ikincisi, Ermənistanı Rusiya təsir dairəsindən çıxmağa qoymamaq, üçüncüsü, Azərbaycanı Rusiyanın sferasında saxlamaq. Bəli, Azərbaycan Rusiyanın sferasındadır. Azərbaycanın bu gün atdığı bütün addımlar Rusiyanın marağındadır. Bax, buna görə də biz Moskvadan Zaxarovanın  həmin o bəyanatsayağı açıqlamalarını-filanlarını, çağırışları eşidirik”,- deyə analitik vurğulayıb.  

Arutyunyanı bu separatçı əvəz edəcək

Xəbər verdiyimi kimi ,separatçı rejimin “rəhbəri” Araik Arutyunyan istefa verib.  Sozcu.az xəbər verir ki, A. Arutyunaynı əvəzləyəcək şəxsin adı məlum olub.  Növbəti “prezident seçkiləri”nə kimi A. Arutyunyanın “vəzifəsi”ni qondarma rejimin “təhlükəsizlik şurası”nın “katibi” Samvel Şahramanyan icra edəcək. 

Xankəndidəki rusun Bakıya qarşı çıxışı

Ötən gün Xankəndidəki Mədəniyyət Sarayında qondarma “artsaxın rus icmasının” nümayəndələrinin görüşü keçirilib. Sozcu.az erməni mediasına istinadla xəbər verir ki, görüşdə “artsaxın rus icmasının” rəhbəri kimi özünü təqdim edən Aleksandr Bodrov vəziyyətin çox ağır olmasından, “blokadadan” danışıb: “Təbii ki, babalarımıza, atalarımıza da asan başa gəlmədiyini xatırlayırıq, çünki bu, əcdadlarımızın müqəddəs Qarabağ torpağında yaşamaq hüququ uğrunda mübarizədir”. O, Rusiyanın Qarabağda “tarixi mövcudluğu”ndan, əsrlər boyu “ermənilərlə ruslar arasında mənəvi bağlar” olmasından bəhs edib: “Bizim Azərbaycan əhalisinə qarşı qətiyyən heç bir problemimiz yoxdur, lakin Azərbaycanın hərbi-siyasi rəhbərliyinin Qarabağ torpağında həyata keçirdiyi əməliyyatların əleyhinəyik. Bütün bunlar, eləcə də Sumqayıtda, Bakıda, Dağlıq Qarabağda erməni əhaliyə qarşı amansız cinayətlərin törədildiyi faciəli hadisələrin tarixi yaddaşı Azərbaycanın tərkibində olmağın, birgə yaşamağın mümkünsüzlüyünü diktə edir”.axar.az

“Acından ölərik, türk çörəyi yemərik!” - Ermənilər yolu bağlamağa HAZIRLAŞIR

Acından ölərik, amma türk çörəyi yemərik. Sozcu.az xəbər verir ki, bunu Əsgəranda qeyri-qanuni məskunlaşmış Armine Xaçatryan deyib. Qadın humanitar yük daşıyan yük maşınlarını buraxmamaq üçün separatçıları Ağdam-Xankəndi yoluna getməyə çağırıb. Qeyd edək ki, bu gün Bakıdan Xankəndi şəhərinə 40 ton humanitar yardım göndərilib.

Axtarışda olan diktator Putin hansı ölkələrə gedə bilər?..

"Putin həbsdən qorxur, ona görə də ancaq Belarusa gedəcək..." “Rusiya diktatoru Vladimir Putin xaricə getməyə hazırlaşırdı, lakin indi onun səfərləri açıqlanmayacaq, çünki o, Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən axtarışa verilib”. Sozcu.az xəbər verir ki, bu sözləri politoloq İqor Eydman Ukraynanın “Kanal 24” kanalına şərhində deyib. Rusiyalı təbliğatçılar diktator Putinin xarici səfərlər planlaşdırdığını bildiriblər. Politoloq hesab edir ki, burada yəqin ki, Belarusa səfərlərdən söhbət gedir. "Bu iki kloun bir-birini əyləndirir. Onlar inanılmaz tezliklə görüşürlər. Düşünürəm ki, Lukaşenko Putinlə öz yüksək vəzifəli məmurlarından daha tez-tez görüşür", - İqor Eydman hesab edir. Həmçinin, politoloqun fikrincə, diktator Rusiya Federasiyasının protektoratı altında olan Mərkəzi Asiya ölkələrinə də gedə bilər. Bir də istisna Putinin Çinə səfəri ola bilər. Xatırladaq ki, Putin Hindistanda keçiriləcək “G20” sammitinə getməkdən imtina edib.

Araikin 6 saatlıq “tş görüşü”nün nəticəsi...

Qarabağdakı separatçıbaşı Araik Arutyunyan “təhlükəsizlik şurası”ndakı müzakirəklərin nəticələrini Xankəndidə meydana toplaşmış ermənilərə təqdim edib. Sozcu.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb. Separatçıbaşı bildirib ki, “iclas”da Azərbaycan bayrağını təhqir etdikləri üçün “Laçın” postunda tutulan 3 erməni, çörək məsələsi, eləcə də özünün mümkün istefası müzakirə olunub. Arutyunyan hətta orada toplaşanlara söz verib ki, “çörək problemi” bir neçə günə həll olunacaq. Qeyd edək ki, ötən gecə Arutyunyan son vəziyyətlə bağlı “tş üzvləri” ilə görüş keçirib. Görüş 6 saat davam edib. “İclas” müddətində erməni sakinlər meydana toplaşaraq, hansı qərarən verildiyini öyrənmək istəyiblər.

Rusiyada yaşayan 1 milyon soydaşımızın başı dərddədir - AÇIQLAMA

"Onlar Rusiya pasportundan imtina edib, Azərbaycan vətəndaşlığını qəbul edərlərsə, soydaşlarımız qəbul etməyə hazır olmalıyıq”. Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli Rusiya Dövlət Dumasına səfərbərlikdən yayınan gəlmələrlə və o cümlədən onların ailə üzvlərinin vətəndaşlıqdan çıxarılması və ölkədən deport edilməsini nəzərdə tutan qanun layihəsinin göndəriləcəyini şərh edərkən deyib:  "Rusiya Dövlət Dumasına göndərilməsi gözlənilən bu qaun layihəsi əslində etnik mənsubiyyətə görə diskriminasiyadır. Çünki bu qanun layihəsi ölkə vətəndaşlarını etnik mənsubiyyətə görə bölür. Artıq Rusiya vətəndaşı olan şəxsin gəlmə olub-olmamasının nə fərqi var ki? Vətəndaşlar Konstitusiyaya görə qanun qarşısında bərabər olmalıdır. Həmin qanun qəbul olunsa, deməli, Rusiyanın öz Konstitusiyasna belə hörmət etmədiyi ortaya çıxacaq”.  Ekspert hesab edir ki, belə bir qanunun qəbul fonunda Azərbaycan tərəfi ikili vətəndaşlığı olanlara seçim etmək üçün müraciət etməlidirlər. "700 minə yaxın soydaşımızın həm Rusiya, həm də Azərbaycan vətəndaşlığı var. Onlar Rusiya pasportundan imtina edib, Azərbaycan vətəndaşlığını qəbul edərsə, ölkəmiz soydaşlarını qəbul etməyə hazır olmalıdır. Onlara belə bir seçim verilməlidir. Çünki insanlarımıza bu müharibədə iştirak edib, həlak olmaq kimi bir seçim qoymaq olmaz. Onlara müxtəlif istiqamətlərdə öz həyatlarını yenidən qurmaq üçün şərait yaradılmalıdır”.  Qeyd edək ki, Rusiya mətbuatının yazdığına görə, gələn həftə Rusiya Dövlət Dumasına səfərbərlikdən yayınan gəlmələrin, o cümlədən onların ailə üzvlərinin vətəndaşlıqdan çıxarılması və ölkədən deport edilməsini nəzərdə tutan qanun layihəsi göndəriləcək. Bu ölkədə  bildiyimiz kimi, xeyli sayda azərbaycanlı yaşayır. Onlarn  sayının 700 min-1 milyon nəfər arasında olduğu bildirilir. 

MN: Ermənilərin yaydığı bu məlumat yalandır!

Avqustun 27-si saat 23:30-da Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin Əzizli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinin atəşə tutulması barədə bu ölkənin müdafiə nazirliyinin yaydığı məlumatı qəti surətdə təkzib edirik. Sozcu.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.