Redaktor seçimi

Ermənilər Qazaxın kəndində müharibəyə hazırlaşır - Silahlanma başladı

Ermənistanın baş naziri Nikol Paşinyan Qazaxın Əskipara kəndində məskunlaşan ermənilərlə görüşündə Azərbaycana məxsus olan kəndlərin qaytarılacağını deyib və bu ssenariyə hazırlaşmaq tapşırığı verib. Kənddə məskunlaşan ermənilər isə bununla razılaşmır, onlar hətta döyüşəcəklərini bildirirlər. Ermənistan mediası ermənilərin Paşinyanla görüşdən sonra silahlanmağa başladığını yazır. Kənddə yaşayan ermənilər silaha sarılacaqlarını bildirirlər. “Buradan çıxmayacağıq, ya öləcəyik, ya yaşayacağıq. Kənddə hər kəs belə düşünür. Sona qədər döyüşəcəyik”, - ermənilər bildirib. “Pastinfo” yazır ki, erməni əhalisi Paşinyanla görüşdən narazı qalıb. “Orada məskunlaşan ermənilərin əksəriyyəti görüşə gəlməyiblər, çünki nə deyiləcəyini bilirdilər. Kənddə əhval-ruhiyyə yoxdur, getmək istəmirlər, silahlanaraq, döyüşəcəklərini, çıxmayacaqlarını deyirlər”, - sayt yazır.//Publika.az

Azərbaycanlı şagird MIT-yə qəbul oldu

Azərbaycanlı şagird ABŞ-nin Massaçusets Texnologiya İnstitutuna (MIT) qəbul olub. Sozcu.az xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev özünün sosial şəbəkə hesablarında məlumat dərc edib. “Gəncə şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin məzunu Fidan Hüseynova dünyanın ən nüfuzlu ali məktəbi olan ABŞ-nin Massaçusets Texnologiya İnstitutuna (MIT) qəbul olub. Fidan məktəbli olduğu dövrdə bir sıra yerli və beynəlxalq olimpiadalarda qazandığı uğurları ilə seçilib. Fidanı təbrik edir və təhsilində uğurlar arzulayıram”, - Nazir bildirib.

Bu gün 46 mindən çox şagird üçün buraxılış imtahanı keçiriləcək

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) 46 min 741 şagird üçün buraxılış imtahanı keçirəcək. Bu barədə Sozcu.az-a DİM-dən məlumat verilib. Qeyd olunub ki, imtahan Bakı şəhərinin Sabunçu, Səbail, Xətai, Nəsimi, Nərimanov rayonlarında, Gəncə - 1, Samux, Daşkəsən, Qazax, Ağstafa, Şəki, Lənkəran - 1, Astara, Biləsuvar, Ağdam, Ağcabədi, Ağsu, Zərdab, Kürdəmir, İmişli, Şirvan, Qusar, Siyəzən, Xızı, Şabran rayonlarında ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə baş tutacaq. İmtahan saat 11:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar. İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur. Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər: - İmtahana buraxılış vərəqəsi; - Şəxsiyyəti təsdiq edən sənədin əsli: a) Azərbaycan vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini; b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini; - Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir). Şəxsiyyəti təsdiq edən sənədində şəkli olmayan şagirdlər buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı DİM-in saytından yükləyə bilərlər. İmtahanda iştirak edəcək şagirdlər “İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə DİM-in saytından çap edib götürə bilirlər. İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 190 imtahan binası, 3468 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 543 imtahan rəhbəri və ümumi rəhbər, 4310 nəzarətçi, 631 buraxılış rejimi əməkdaşı (mühafizə) və 190 bina nümayəndəsi ayrılıb. İmtahanda 46 min 741 şagirdin iştirakı nəzərdə tutulur. İmtahanda 40 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) şagirdlər də iştirak edəcək. Bu şagirdlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hazırda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə onlayn şəkildə təlim-seminarlar keçirilir. Bütün imtahan binalarına baxış keçirilib, imtahan zallarında şagirdlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb. İmtahana 1 gün qalmış təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahan mərkəzlərinə təkrar baxış da keçirilir və imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə verilir.

Ələsgər Məmmədli həbsdə qaldı

“Toplum TV”nin təsisçisi Ələsgər Məmmədli haqda seçilmiş həbs qərarından verilmiş şikayətə baxılıb.  Sozcu.az-ın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçirilən iclasda müdafiə tərəfi təqsirləndirilən media eksperti barəsindəki qətimkan qərarının ləğv edilməsini istəyib.  Məhkəmə şikayəti əsaslı hesab etməyib. Birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb.  Qeyd edək ki, Ə. Məmmədli qaçaqmalçılıqda ittiham edilir. 

Azərbaycanda məmur rüşvətə görə həbs edildi

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Ağdam Rayon Mənzil kommunal istismar sahəsinin rəisi Valeh Abdullayevin qanunsuz hərəkətləri ilə bağlı keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.  Sozcu.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.  Əməliyyat-istintaq tədbirləri ilə Valeh Abdullayevin müxtəlif şəxslərin işlə təmin olunması, təqaüd yaşına çatanların işdən çıxarılmaması, faktiki olaraq işə gəlməyən şəxslərə əmək haqqı verilməsinə şərait yaradılması, təmsil etdiyi qurumun balansında olan mənzillərin başqa şəxslərin istifadəsinə verilməsi və digər bu kimi qanunsuzluqlar müqabilində onlardan təkrarən rüşvət istəməsinə əsaslı şübhələr müəyyən edilib. Valeh Abdullayev tələb etdiyi pul vəsaitlərini vətəndaşlardan alarkən cinayət başında yaxalanıb.  Sadalanan qanunsuz əməllər əməliyyat-axtarış tədbirləri zamanı qeydə alınan videogörüntülər, Valeh Abdullayevin xidməti otağına keçirilmiş baxış nəticəsində götürülmüş sənədlər və digər sübutlarla təsdiqini tapıb.  İlkin sübutlar əsasında Valeh Abdullayev Cinayət Məcəlləsinin 311.3.2 (rüşvət alma təkrar törədildikdə) və 312-1.1 (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri) maddələri ilə şübhəli şəxs qismində tutulmaqla ona həmin maddələrlə ittiham elan edilib, barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə ev dustaqlığı və vəzifədən kənarlaşdırma növündə qətimkan tədbirləri seçilib.  Hazırda qeyd edilən qanunsuz əməllərin törədilməsində hər hansı formada iştirak etmiş şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi və digər halların yoxlanılması istiqamətində əməliyyat-istintaq tədbirlərinin həyata keçirilməsi davam etdirilir. 

"Varlı açıq-saçıq geyinəndə deyirlər ki, “modadır”, kasıb o cür geyinəndə deyirlər, “pozğunluqdur”

“Məndən soruşurlar ki, cəmiyyətdə əxlaqsızlığın artması sizi narahat etmirmi, buna qarşı necə mübarizə aparmaq olar? Bu, çox ağır mövzudur. Doğrudan da, sosial şəbəkələr, televiziyalar və digər vasitələrdə sosializm dağılandan sonra elə vəziyyət yarandı ki, əxlaqsızlıq həndəsi silsilə ilə artdı. Çox geniş vüsət alıb. Cəmiyyətdə əxlaqsızlığı təmizləmək kömürü ağartmaq kimi bir şeydir, yəni bu qədər çətindir. Həzrəti Peyğəmbərdən soruşurlar ki, bütün peyğəmbərlərin möcüzəsi var, bəs sənin möcüzən nədir? O deyir ki, mən əxlaqı tamamlamaq üçün göndərildim. Əxlaq bizim milli sərvətimizdir. Hətta cəhalətə qarşı mübarizə aparan Mirzə Fətəli Axundov deyib ki, dinin əsas vəzifəsi əxlaqdır. Ümumiyyətlə, 4 şey insan əxlaqını pozur - tamahkarlıq, qorxaqlıq, tənbəllik, borc alıb qaytarmamaq. Əxlaqlı insan odur ki, onda hiylə olmaz. Kiminsə hiyləsi varsa, o, əxlaqlı insan deyil. Bütün dahilər deyiblər ki, övladlarınıza puldan çox əxlaq verin”. Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli deyib. Deputat düşünür ki, əxlaqsızlığa ən çox kütləvi təsir vasitələri yol açır: “Subyektiv səbəblər də var. Mən vaxtilə çox müqavimət göstərdim. Avropa Şurasına daxil olanda, bizdən tələb etdilər ki, Cinayət Məcəlləsinin 113-cü - namus maddəsini ləğv edin. Ləğv etdik, bu, düzgün deyildi. Baxın, Avroviziya mahnı müsabiqəsində geylərin paradı təşkil olunur. Belə şeylərdən narahat oluram. Əxlaqdan kənar insanlıq yoxdur, heyvanlıq var. Hətta bəzi heyvanlar belə təknikahlı olur. Bütün insani dəyərlərin təməli əxlaqdır. Deyirlər ki, əxlaq məhdudiyyətdir. Belə deyil. Əksinə, əxlaq azad, dürüst həyata itaət etməkdir. Mənəviyyat, əxlaq insanlar arasında olan münasibətlərin ən mühümüdür, böyük bir vəzifədir. Yohann Volfqanq Höte deyərdi ki, əxlaq köynəyini soyunan başqa heç bir köynək geyinə bilməz. Əxlaqın ölçüsü ən birinci qadına münasibətlə, qadınların öz davranışları ilə bağlıdır. Bu, təkcə müsəlman cəmiyyətinə deyil, bütün bəşəriyyətə aiddir. İnsanın içindəki əxlaq həmişə bəşəriyyəti heyran edir. İki cür əxlaq var - varlıların və kasıbların əxlaqı. Varlı açıq-saçıq geyinəndə deyirlər ki, “modadır”, kasıb o cür geyinəndə deyirlər, “pozğunluqdur”. Bir də görürsən, türk seriallarında göstərirlər ki, elit, açıq-saçıq geyinmiş insanların məclisində sadə geyinmiş kimsə gəlir, deyirlər, “sadə adam burada nə gəzir?” Bu cür məsələlər əxlaqımıza çox ciddi maneə olur. Sosializm hər şeyi qadağan edirdi, o cümlədən əxlaqsızlığı da. Kapitalizm isə hər şeyə icazə verir, o cümlədən əxlaqsızlığa da. Əxlaqsızlar hər yerdə əxlaq dərsi keçirlər. Ən böyük dəhşət budur. Məsələn, boşanırlar, pis yola gedirlər və əsaslandırırlar ki, niyə belə edirlər, bu, guya doğrudur. İnsanın fiziki boyu başından yerə qədərdir, mənəvi boyu isə başından göyə qədər. Buna görə də mənəvi boya fikir vermək lazımdır. Sanki tərəzinin iki gözüdür - əxlaq və qəbahət. Tərəzinin bir gözü qalxanda, digəri enir. Bu qanundur, bunu Platon müəyyən edib, mən yox. Əxlaqi münasibətləri guya estetikaya, etikaya zidd sayırlar. Əksinə, adətlərimiz çox gözəl əxlaq, gözəllik mənbəyidir. Sokrat deyərdi ki, kişilər qanunları icad ediblər, qadınlar isə əxlaqı. Buna görə də qadınların əxlaqlı olmaları, kişilərin isə onların əxlaqına dəyər vermələri çox mühümdür. Əxlaqsızlığı aradan qaldırmaq üçün ən az iki nəsil yaşamaq lazımdır. Biz həyanı uduzmuşuq. O halda uduzuruq ki, qumara qoyuruq. Həyası olmayan cəmiyyət sağlam ola bilməz. Şübhəsiz ki, əxlaq varsa, əxlaqsızlıq da var. Əxlaqsızlıq həm də tamah doğurur. Qadın ləyaqətinin meyarı onun sevdiyi kişi olmalıdır. Hələ 1990-cı ildə ilk dəfə deputat seçiləndə əxlaq və mənəviyyat komissiyasının yaradılmasını təklif etdim. Halbuki əxlaqsızlıq 1990-cı ildə min dəfə bundan aşağı idi. Çox az yerlərdə əxlaqsızlıq var idi. Amma mənim gücüm çatmadı. Bir növ uduzdum. Bundan sonra ümidim çox azdır, amma yenə də əxlaq, sağlamlaşma uğrunda vuruşuram. Həm cəmiyyət, həm də hökumət tərəfindən əxlaqa mütləq ədalətli münasibət lazımdır. Əxlaqi qaydalara riayət etmək vacibdir. Hesab edirəm, texnoloji geriliyimiz əvəzinə bizim İslam, Qafqaz, türk mövcudiyyətindən gələn əxlaq sistemimiz var ki, bu, başımızın tacıdır və buna əməl etməliyik”.

Bakı və İrəvan arasında yeni “ərazi münaqişəsi” – Taus kimin olub?

Erməni ekspertlər zaman-zaman Qazaxın işğaldakı 7 kəndi ilə yanaşı Ermənistanın Tavuş rayonunun da Azərbaycana veriləcəyi ilə fikirlər səsləndirirlər. Rəsmi Bakı isə Ermənistana ərazi iddiası olmadığını, bu ölkənin ərazisindəki anklavları daxil olmaqla 8 kəndin təhvil verilməsini tələb edir. Ermənistanın Baş naziri Nikol Paşinyan martın 12-də keçirdiyi mətbuat konfransında Tavuş bölgəsinin və oradakı hansısa kəndin təslim edilməsi ilə bağlı müzakirə aparılmadığını deyib. Tez-tez gündəmə gələn, Ermənistan ərazisi kimi bilinən Tavuş coğrafi olaraq haranı əhatə edir? Bu sözün etimologiyası nədir? Mövzu ilə bağlı Globalinfo.az-a danışan fəlsəfə doktoru, siyasi şərhçi Faiq Ələkbərli deyib ki, Azərbaycan Ermənistandan 8 kəndin geri qaytarılmasını tələb edir: “Sərhəddə yerləşən 4 kəndin qaytarılması problem doğurmur, lakin digər 4 kəndin Azərbaycanla bağlantısı Sovet dövründə kəsildiyi üçün Bakı və İrəvan arasında sərhədlər müəyyənləşərkən bu nəzərə alınacaq. İşğal altında qalan 8 kənd qədim Azərbaycan torpaqlarıdır. O ki qaldı Tavuşa, əslində, ərazinin əsl adı “Taus” olub, sonralar haylar “Tavuş” adlandırıb. Söz isə “tau”dan götürülüb, mənası “yüksək dağlıq ərazi”dir. Yəni yüksək dağda salınmış hərbi şəhər anlamındadır. Vaxtilə qıpçaqların hökmran olduğu dönəmlərdə Qıpçaq dövlətləri, hunlar kimi tanınan qıpçaq kökənli türk tayfaları bu bölgələrdə hərbi şəhərlər tikmişlər. Onlardan biri də Tavuşdur. Bu söz bizdə “Tovuz”, Ermənistanda isə “Tavus” formasında istifadə edilir. Onun etimologiyasına nəzər salsaq aydın olar ki, buranın qədim sakinləri türklər olub”.

Baydenin oğlu 25 ilə qədər həbs edilə bilər

ABŞ prezidenti Cozef Baydenin oğlu Hanter Bayden iyunun 3-də silah ittihamı ilə məhkəmə qarşısına çıxacaq. Sozcu.az xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb. Qeyd edilib ki, prokurorlar işə baxılmasının üç gündən dörd günə qədər çəkəcəyini, vəkillər isə öz növbəsində prosesin iki gündən çox davam edə biləcəyini gözləyirlər. Daha əvvəl Delaver ştatındakı böyük münsiflər heyəti açıqlanan sənədə əsasən, ABŞ prokurorları tərəfindən Baydenə qarşı silah saxlamaqla bağlı üç cinayətə görə irəli sürülən ittihamları təsdiqləyib. O cümlədən, iki cinayət faktı 2018-ci ildə “Colt Cobra” revolverini alarkən yalandan narkotik vasitə qəbul etmədiyini yazılı şəkildə yazması ilə bağlıdır. Üçüncüsü, narkomanların odlu silaha sahib olmasını qadağan edən qanunun pozulmasını nəzərdə tutur. İttihamların cəminə əsasən, Bayden 25 ilə qədər həbs edilə bilər: iki maddə üzrə maksimum 10 il həbs cəzası və 250 000 dollar cərimə, üçüncüsü isə maksimum 5 il həbs cəzası və 250 000 dollar cərimə nəzərdə tutur. Baydenin silah saxlaması ilə bağlı təhqiqat 2018-ci ildə, onun həmin dövrdə narkotik istifadə etdiyi və tapançaya sahib olduğu məlum olduqdan sonra başlayıb. Amerika qanunları narkotikdən istifadə edən və ya saxlayan insanlara silah almağı və ya saxlamağı qadağan edir.

Qarabağ separatçılarına İrəvanda qadağa

Qarabağdakı keçmiş separatçıların qondarma “parlamenti”nin sabiq üzvləri Ermənistan sərhədindən xaricə buraxılmır. Sozcu.az xəbər verir ki, bu barədə “Joqovurd” qəzeti məlumat yayıb. “Zvartnots hava limanında Ermənistan sərhədini keçməsi qadağan edilən Geqam Stepanyan da oxşar vəziyyətlə üzləşib. Bizə çatan məlumata görə, bu qərarın səbəbi konkret cinayət işindədir. Bu yaxınlarda parlament üzvlərinin dəvət olunduğu İstintaq Komitəsi “artsax”da baş verən son hadisələrlə, xüsusən də Araik Arutyunyanı “prezident” postundan istefa verməyə vadar edən səbəblərlə maraqlanır”, - məlumatda deyilir. Qeyd olunur ki, məlumatı Stepanyanın özü ilə dəqiqləşdirməyə çalışsalar da, o, zənglərə cavab verməyib.

Suallarımıza cavab verilməsə, Ermənistan KTMT-ni tərk edəcək - Paşinyan

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) qarşısında qaldırdığımız suallara cavab verilməsə, Ermənistan təşkilatı tərk edəcək. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında bildirib. Paşinyan İrəvanın KTMT-də iştirakının “dondurulması”nı şərh edərək deyib ki, siyasi qərarlar hüquqi proseslərlə qarışdırılmamalıdır: “Biz faktiki olaraq KTMT-də iştirakımızı dondurmuşuq və görüşlərdə iştirak etmirik. Hazırda yalnız bir suala cavab gözləyirik: təşkilatın Ermənistanda məsuliyyət zonası nədən ibarətdir? Bütün problemlər İrəvanın bu məsələni qaldırdığı andan başlayıb”. Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə sonuncu dəfə nə vaxt danışması ilə bağlı verilən suala cavabında deyib ki, son dialoq yeni il bayramından əvvəl baş tutub.

“Papanın bu biabırçı çağırışı elə Vatikanın adına layiqdir... -Vatikan dəyərlərdən başqa hər şeydir...”

“Və biz unutmamalıyıq ki, 80 il bundan öncə Vatikan Almaniyadakı faşizmi, Hitleri dəstəkləmişdi. Və yeri gəlmişkən, həmin dövrdəki Roma papası XII Piyin Hitleri dəstəkləmək haqqındakı bullası(fərman) bu günə qədər də ləğv olunmayıb və qüvvədədir...” Roma papası Frensiskin Ukraynanı "ağ bayraq" qaldırmağa və demək olar ki, işğalçı Rusiya qarşısında təslim olmağa çağırış etməsini necə dəyərləndirmək olar? Nədən papa Qəzzada baş verənləri soyqırımı adlandırır, buna görə İsraili qınayır, amma 3-cü ildir Ukraynanı işğal edən, dinc  insanları öldürən Putini sərt qınamır, onu savaşı dayandırmağa çağırmır? Onları hansısa maraqlar birləşdirə bilər? Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında siyasi təhlükəsizlik məsələlər üzrə ekspert Ərəstun Oruclu bunları söyləyib: “Roma papasının Ukraynaya “ağ bayraq” qaldımaq çağırışı ilk baxışdan təəccüblü göründü. Lakin tarixi təcrübəyə baxsaq, bu, hec də təəccüblü deyil. Düzdü, dünya və Avropa siyasətçiləri, elə Ukrayna rəhbərliyinin özü papadan izahat istəyəndə onun mətbuat xidmətindən belə bir açıqlma gəldi ki, papa deməyib ki, Ukrayna “ağ bayraq” qaldırsın. Halbuki o deyibdi ki, Ukrayna torpaqları Rusiyaya güzəştə getsin. Bir sözlə, Vatikan çalışdı ki, Roma papasının ifadələrinin arxasından qaçsın və ona baş qa cür şərh versinlər. Görünür, tarixən Vatikanın həmişə zorakı, faşist tərəflərə meyli güclü olub. Və biz unutmamalıyıq ki, 80 il bundan öncə Vatikan Almaniyadakı faşizmi, Hitleri dəstəkləmişdi. Və yeri gəlmişkən, həmin dövrdəki Roma papası XII Piyin Hitleri dəstəkləmək haqqındakı bullası(fərman) bu günə qədər də ləğv olunmayıb və qüvvədədir. Çox qəribə bir tarixi məqamdır”.  Analitik Roma papasının Türkiyədəki qondarma “erməni soyqırımı”nı tanımasını da xatırladıb. “Vatikan Türkiyədə heç bir sənədi-sübutu və faktoloji bazası olmayan qondarma “erməni soyqırımı”nı tanıyır, İsrailə qarşı məlum mövqeni sərgiləyir, amma Rusiyanın Ukraynadakı faşizmə bərabər əməllərini papa qınamır. Bəs nədir bunun səbəbi? Yəqin ki, səbəb hansısa əlaqələrin olmasındadır. Mən istisna etmirəm ki, bu, Rusiya ilə Vatikanın müəyyən ortaq maliyyə maraqları ilə də bağlı ola bilər. Biz bilirik ki,  Putin müharibəyə hazırlaşdığı dövrdə Rusiyanın maliyyə resursları bir çox yerlərdə olduğu kimi, Vatikanın da hansısa maliyyə strukturlarında gizlədilib. Məsələn, Vatikan bankı nəzarətdən kənar olan bir qurumdur. Və faktiki olaraq həmin banka heç bir maliyyə institutunun nəzarəti yoxdur. Bundan başqa, Vatikanın Kremllə hansısa bilmədiyimiz spesifik əlaqələri də ola bilər. Amma hər bir halda Roma papasının belə bir biabırçı çağırış etməsi əslində elə Vatikanın adına layiqdir. Yəni Vatikanın tarixinə baxmaq lazlmdır. Vatikanın tarixi insanlıq tarixinin bir utanc parçasıdır. İnkvizisiya kimi biabırçı bir hadisəni, Varfolomey gecəsi kimi öz din qardaşları olan lütteranlara qarşı soyqırımını və s. törətmiş bir qurumdan başqa mövqe gözləmək bir qədər təəccüblü olardı. Ona görə əslində papanın bugünkü addımlarına da təəccüblənmək lazım deyil. Mən bunu həmin Roma katolik kilsəsi qondarma “erməni soyqırımı”nı tanıyanda da demişəm, bu gün də deyirəm: Vatikan dəyərlərdən başqa hər şeydir...”

Bayden: ABŞ-da islamafobiyaya yer yoxdur

ABŞ-da müsəlmanlara qarşı zorakılıq və nifrət artıb. Sozcu.az xəbər verir ki, bu barədə Amerika prezidenti Co Bayden bunu Ramazan ayının başlanması münasibəti ilə deyib. Onun sözlərinə görə, ABŞ-da islamafobiyaya yer yoxdur: “Biz evdə müsəlman amerikalılara qarşı dəhşətli nifrət və zorakılıq dalğasını görürük. Din azadlığı üzərində qurulan və müsəlman mühacirlər də daxil olmaqla immiqrantların töhfələri əsasında qurulan ABŞ-da islamafobiyaya yer yoxdur. Mənim Administrasiyam Amerikada müsəlmanlara, sikxlərə, cənubi asiyalılara və ərəb icmalarına qarşı nifrətin baş verdiyi yerdə İslamofobiya və əlaqəli qərəz və ayrı-seçkilik formaları ilə mübarizə üzrə ilk Milli Strategiya hazırlayır”.