30 il əvvəl taksi sürücüsünü boğaraq meyitini boruda gizlədən iki nəfər həbs edilib - BİRGƏ MƏLUMAT

30 il əvvəl törədilmiş qətlin üstü açılıb, iki nəfər həbs edilib. Sozcu.az xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında deyilir. Məlumata görə, Bayramov Gülməmməd Xanəhməd oğlunun 10 aprel 1996-cı il tarixdə yaşadığı evdən çıxaraq geri qayıtmaması faktı üzrə 12 iyun 1997-ci il tarixdə başlanmış cinayət işinin istintaqı Baş Prokurorluğun İstintaq idarəsində davam etdirilib: "Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən həyata keçirilmiş çoxsaylı istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilov Şahin Mahmud oğlu və Qafarov Hidayət Şirzad oğlunun qabaqcadan əlbir olan bir qrup şəxs halında quldurluq basqını edərək tamah niyyəti və başqa cinayəti gizlətmək məqsədi ilə Gülməmməd Bayramovu qəsdən öldürmələrinə əsaslı şübhələr müəyyən edilib. Araşdırmalarla müəyyən olunub ki, Ş.Cəlilov və H.Qafarov qabaqcadan əlbir olaraq bir qrup şəxs halında birləşib, 10 aprel 1996-cı il tarixdə Bakı şəhəri “Neftçilər” metrostansiyası yaxınlığında asudə vaxtlarında taksi fəaliyyəti ilə məşğul olan Gülməmməd Bayramova müştəri kimi yaxınlaşıblar. Onlar Suraxanı rayonu, Qaraçuxur qəsəbəsinə gedərkən avtomobildə zərərçəkmişi iplə boğaraq tamah məqsədi ilə qəsdən öldürüblər. Daha sonra onlar cinayətin izlərini gizlətmək məqsədilə meyiti Qaraçuxur qəsəbəsində beton örtüklü boru xəttinin içərisində gizlədiblər və zərərçəkmişə məxsus avtomobili isə hissələrə ayıraraq sataraq əldə etdikləri vəsaiti aralarında bölüşdürüblər. Şübhəli şəxslərin ifadələri yerində yoxlanılarkən Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının iştirakı ilə aparılmış axtarış tədbirləri nəticəsində hadisə yerində Gülməmməd Bayramovun meyitinin qalıqları aşkar olunub". Qeyd olunub ki, aprelin 22-də Şahin Cəlilov və Hidayət Qafarov Azərbaycan Respublikasının 1 sentyabr 2000-ci ilədək qüvvədə olmuş Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq onlara ittiham elan edilib, istintaq orqanının vəsatəti və prokurorun təqdimatı əsasında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarları ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir. "Əvvəlki illərdən bağlı qalmış cinayətlərin açılması daim diqqət mərkəzində saxlanılmaqla bu istiqamətdə aidiyyəti dövlət orqanları ilə birgə tədbirlər davam etdirilir", birgə məlumatda deyilir.

Hesablama Palatası səhiyyə sektorunda nöqsanlar aşkarladı

Hesablama Palatasının 2025-ci il üzrə İş Planına əsasən həyata keçirdiyi kənar dövlət maliyyə nəzarəti (KDMN) tədbirləri çərçivəsində səhiyyə sektorunda bir sıra ciddi maliyyə və idarəetmə nöqsanları aşkarlanıb. Sozcu.az xəbər verir ki, bu barədə Hesablama Palatasının "Dövlət auditi" bülletenində bildirilir. Sənədə əsasən, aparılan yoxlamalar zamanı İcbari Tibbi Sığorta Fondunun (İTSF) gəlir və xərc göstəricilərinin bəzi hallarda düzgün əks etdirilmədiyi müəyyən edilib. Belə ki, gəlirlərin icrası ilə bağlı göstəricilərin tam nəzərə alınmaması, əvvəlki illərə dair xərclərin və öhdəliklərin düzgün tanınmaması Milli Məclisə təqdim edilən büdcə icrası hesabatlarında təhriflərə səbəb olub. Auditin nəticələrinə görə, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən tibb müəssisələrinin maliyyələşmə mexanizmi də sığorta prinsiplərinə tam uyğun qurulmayıb. Mövcud sistemin əsasən saxlanma xərclərinə yönəldiyi qeyd olunur. Eyni zamanda, dövlət büdcəsindən əhalinin sığortalanmasına ayrılan vəsaitlərin proqnozlaşdırılması zamanı əhali sayının rəsmi statistik göstəricilərlə uyğun gəlmədiyi, bəzi hallarda eyni kateqoriyadan olan şəxslərin bir neçə mənbə hesabına sığortalanmasının nəzərdə tutulduğu aşkarlanıb. Bu isə dövlət büdcəsinə əlavə maliyyə yükü yaradaraq İTSF-in qalıq vəsaitlərinin artmasına səbəb olub. Hesabatda həmçinin qeyd edilir ki, idarəetmə xərcləri ilə bağlı hüquqi çərçivənin tam formalaşmaması, bu xərclərin yuxarı həddinin müəyyən edilməməsi və müxtəlif xərc istiqamətlərində parçalanaraq göstərilməsi inzibati xərclərin artımına gətirib çıxarıb. TƏBİB tərəfindən yaradılan hüquqi şəxslərin sayının çoxalması da bu tendensiyanı gücləndirib. Audit zamanı müəyyən edilib ki, adambaşına düşən icbari tibbi sığorta haqqının tərkibinə daxil edilən xərclər hər hansı hüquqi və ya metodoloji sənədlə əsaslandırılmayıb. Bununla yanaşı, sığorta haqqı, sığorta məbləği və tibbi xidmətlərin tariflərinin müəyyən edilməsi üzrə aydın və əsaslandırılmış mexanizmlər formalaşdırılmayıb ki, bu da tariflərlə xərclər arasında uyğunsuzluq riskləri yaradır. Bundan başqa, dövlət proqramları çərçivəsində həyata keçirilən satınalmalarda ehtiyac və tələbat göstəricilərinin düzgün müəyyən edilmədiyi, bəzi hallarda alınmış tibbi məhsulların ehtiyac sahiblərinə çatdırılmadığı qeyd olunub. Bu isə səhiyyə xidmətlərinə əlçatanlığın məhdudlaşmasına səbəb olub.("Report")

İran ABŞ-dan bunu tələb etdi – Bəyanat

İran Xarici İşlər Nazirliyi ABŞ ordusunun 20 apreldə Oman körfəzində ticarət gəmisi "Toska"ya hücumunu qətiyyətlə pisləyir. Sozcu.az xəbər verir ki, bu barədə İran XİN bəyanat yayıb. “Gəminin heyət üzvlərinin, eləcə də onların ailələrinin qorxudulması ilə müşayiət olunan bu hərəkət dəniz piratçılığı və terror aktıdır. Bu da təkcə BMT-nin Nizamnaməsinin və beynəlxalq hüququn fundamental prinsiplərinə və qaydalarına zidd deyil, həm də 8 aprel 2026-cı il tarixli atəşkəs sazişinin açıq şəkildə pozulmasının daha bir nümunəsidir və İrana qarşı təcavüz aktı hesab olunur. İran ABŞ-ın bu qanunsuz və cinayətkar hərəkətinin çox təhlükəli nəticələri barədə xəbərdarlıq edir və İran gəmisinin, dənizçilərinin, heyətinin və onların ailələrinin dərhal azad edilməsinin vacibliyini vurğulayır. Şübhəsiz ki, İran İslam Respublikası İranın milli maraqlarını və təhlükəsizliyini müdafiə etmək, İran xalqının hüquq və ləyaqətini qorumaq üçün bütün imkanlarından istifadə edəcək. Aydındır ki, regiondakı vəziyyətin daha da mürəkkəbləşməsinə görə tam məsuliyyət ABŞ-ın üzərinə düşür”, - bəyanatda qeyd olunub. Qeyd edək ki, ABŞ qüvvələri 20 apreldə İrana məxsus yük gəmisini dəniz blokadasını pozmağa cəhd etdiyinə görə ələ keçirib.

NATO ABŞ-ın Hörmüz boğazı ilə bağlı planına qoşulmayacaq

NATO ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazında İranın blokada planına qoşulmayacaq. Sozcu.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə bu gün ABŞ-ın NATO-dakı müttəfiqləri bildirib. Məlumata görə, bu qərar alyans daxilində onsuz da kövrək olan gərginliyi daha da artıracaq. (“Reuters“)

Yoxlamalar zamanı 299,1 milyon manat pozuntu üzə çıxarılıb - Palata

Hesablama Palatası 2025-ci ildə Azərbaycanda büdcə icrası və layihəsi üzrə 299,1 milyon manatlıq uyğunsuzluq aşkarlayıb. Sozcu.az xəbər verir ki, bu barədə "Hesablama Palatasının 2025-ci ildə fəaliyyəti haqqında hesabat"da bildirilir. Sənəd Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilir. Hesabat əsasən, 2024-cü ilin dövlət büdcəsinin icrasına rəy üzrə uyğunsuzluqlar arasında dövlət büdcəsi gəlirlərinin iki uçotu üzrə fərq 6,8 milyon manat təşkil edib. Xərclərin funksional təsnifatında uyğunsuzluqlar 290 milyon manat, tanınmayan gəlirlər isə 2,4 milyon manat olub. Eyni zamanda, ləğv edilmiş hüquqi aktlara görə tutulmuş dövlət rüsumlarının məbləği 5,3 milyon manat göstərilib, bölgüsü aparılmamış xərclərin təyinatı üzrə istifadə edilməməsi və ya uyğun olmayan istiqamətlərə yönəldilməsi isə 45 milyon manat təşkil edib. 2026-cı ilin dövlət büdcəsinin layihəsinə rəy üzrə hesablamalarda da uyğunsuzluqlar müəyyən edilib. Belə ki, xərclərin VBT-yə uyğun nəzərdə tutulmaması ilə bağlı uyğunsuzluqlar 236,3 milyon manat olub. Bundan əlavə, layihəyə təsir edən uyğunsuzluq məbləği 160,4 milyon manat təşkil edib. İqtisadi təsnifat üzrə icmal büdcə xərclərində uçota alınan ümumi uyğunsuzluq məbləği isə 299,1 milyon manat göstərilib. Hesabata əsasən, büdcə prosesi üzrə ümumilikdə 136 tövsiyə verilib. Onlardan 60-ı 2024-cü ilin dövlət büdcəsinin icrasına rəy, 7-si Dövlət Neft Fondunun 2024-cü il büdcəsinin icrasına rəy, 38-i 2026-cı ilin dövlət büdcəsinin layihəsinə rəy, 11-i İşsizlikdən Sığorta Fondunun 2026-cı il büdcəsinin layihəsinə rəy, 12-si DSMF-nin 2026-cı il büdcəsinin layihəsinə rəy, 8-i isə Dövlət Neft Fondunun 2026-cı il büdcəsinin layihəsinə rəy üzrə təqdim edilib.

Ukraynanın 10 il döyüşmək üçün insan resursu var

Ukraynanın 10 il və daha çox döyüşmək üçün kifayət qədər insan resursu var. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Ali Radasının deputatı Aleksandr Merejko deyib. “Əsas problem onları idarə etmək və insanları necə motivasiya etməkdir”, - deputat bildirib.

Merz: İran ətrafındakı münaqişə NATO müharibəsi deyil

Almaniya kansleri Fridrix Merz bildirib ki, İran ətrafında baş verən münaqişə NATO müharibəsi hesab edilmir. Bu barədə FAZ nəşri məlumat yayıb. Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp da bu qənaətə gəlib və Vaşinqton bu mövqeni qəbul edib. Merts qeyd edib ki, ABŞ-ın hazırkı addımları deeskalasiya deyil, əksinə, vəziyyətin daha da gərginləşməsinə səbəb olur. “Trampın hazırda etdikləri sülhə gətirmir, bu, nəticəsi qeyri-müəyyən olan ciddi eskalasiyadır”, – deyə kansler bildirib. O əlavə edib ki, Trampla son telefon danışığı fikir ayrılıqları fonunda keçib. “Əgər bizim köməyimizi istəyirsənsə, bunu əvvəlcədən deməlisən, sonradan mətbuat vasitəsilə yox”, – deyə Mer vurğulayıb. Kansler həmçinin qeyd edib ki, Tramp bir neçə dəfə NATO-nun dəstəyinə ehtiyac duymadığını bildirib.

NATO-dan Azərbaycanla bağlı MÜHÜM AÇIQLAMA

Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) Azərbaycanla Ermənistan arasında sülhə doğru əhəmiyyətli irəliləyişi alqışlayır. Sozcu.az xəbər verir ki, bu barədə alyansın baş katibi Mark Rüttenin 2025-ci ilin yekunlarına dair hesabatında deyilir. Sənəddə avqust ayında sülh sazişinin paraflanmasının münasibətlərin normallaşması və regional təhlükəsizliyin möhkəmləndirilməsi yolunda mühüm addım olduğu vurğulanır. Bu baxımdan alyans hər iki ölkə ilə dialoqu və əməkdaşlığı dərinləşdirməyə hazırdır. "Xüsusilə regionun Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsinin nəticələrini öz üzərində davamlı olaraq hiss etməsini nəzərə alaraq Cənubi Qafqaz NATO-nun təhlükəsizliyi üçün mühüm əhəmiyyət kəsb edir", - sənəddə qeyd olunur. Hesabatda deyilir ki, 2025-ci il üçün Hərbi Təhsilin Təkmilləşdirilməsi Proqramı çərçivəsində Azərbaycan tərəfdaş dövlətlərlə qabaqcıl təcrübə mübadiləsini intensivləşdirib. "Sülh naminə tərəfdaşlıq" proqramı çərçivəsində NATO 16 ölkə, o cümlədən Azərbaycanla əməkdaşlıq edir. Bundan başqa, sənəddə NATO-nun mükəmməllik mərkəzlərinin - alyansın imkanların dəstəkləmək üçün milli və çoxmillətli səviyyələrdə yaradılan təşkilatların fəaliyyətinə də diqqət ayrılıb. Bu gün 30 mükəmməllik mərkəzi NATO akkreditasiyasına malikdir, daha 5-i isə qiymətləndirmə prosesinin müxtəlif mərhələlərindədir. "NATO-nun üzvü olan bütün 32 dövlət bu ekosistemə cəlb olunub və 8 tərəfdaş ölkə də (onların sırasına Azərbaycan da daxildir) öz töhfəsini verir", - hesabatda qeyd olunub.("Report")

İrana hücumlarımız davam edir - Netanyahu

Prezident Tramp inanır ki, müharibənin məqsədlərinə çatmaq üçün İsrail və ABŞ ordusunun böyük nailiyyətlərindən istifadə etmək, həyati maraqlarımızı qoruyacaq bir razılaşma əldə etmək imkanı var. Sozcu.az xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu deyib. “Bununla paralel olaraq, həm İranda, həm də Livanda hücumlarımızı davam etdiririk. Raket proqramını və nüvə proqramını metodik şəkildə dağıdırıq və Hizbullaha sərt zərbələr endirməyə davam edirik. Cəmi bir neçə gün əvvəl daha iki nüvə alimini məhv etdik. Hər hansı bir razılaşmada həyati maraqlarımızı qoruyacağıq”, - Netanyahu bildirib.

Dövlət Departamenti: Bütün səfirliklər İrandan gələn potensial təhdidlərə hazır olmalıdırlar

ABŞ Dövlət Departamenti ölkənin bütün səfirliklərinə və diplomatik nümayəndəliklərinə təhlükəsizlik vəziyyətini dərhal qiymətləndirməyi və ABŞ-İsrail hərbi əməliyyatı fonunda əlavə tədbirləri nəzərdən keçirməyi əmr edib. Sozcu.az xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti ABŞ Dövlət Departamentinin daxili yazışmalarına istinadən məlumat yayıb. Qeyd olunub ki, müvafiq göstəriş "Yaxın Şərqdəki mövcud və inkişaf edən vəziyyət və onun mümkün nəticələri" ilə bağlıdır. Nəşrin məlumatına görə, ABŞ dövlət katibi Marko Rubio diplomatik nümayəndəliklərə potensial təhdidləri müəyyən etmək və cavab planları hazırlamaq üçün xüsusi qruplar yaratmaq tapşırığı verib. Son həftələrdə oxşar təlimatların yalnız Yaxın Şərqdəki Amerika diplomatik nümayəndəliklərinə göndərildiyi bildirilir. İndi isə bu əmr dünyanın bütün ABŞ səfirliklərinə şamil edilib. Nəşrin vurğuladığı kimi, bu, ilk dəfədir ki, dünya üzrə bütün Amerika diplomatik nümayəndəliklərinə İrandakı müharibə ilə əlaqədar təhlükəsizlik tədbirlərini nəzərdən keçirmək əmri verilib.

Orbanın Putindən bircə fərqi var: raket atmır!

Viktor Orbanın Vladimir Putinlə fərqi ondadır ki, o, Ukraynaya raket atmır. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib. “Rusiyanın tammiqyaslı işğalının başlanğıcından bəri Orban Moskvaya qarşı bütün sanksiyaları bloklayıb, Macarıstandan silahların tranzitinə və Ukraynaya hərbi yardımın göstərilməsinə mane olub. O, pulu, silahları, AB-yə gedən yolumuzu, həyat yolumuzu bloklayır. Həmçinin Rusiyanın hekayələrini təbliğ edir. O, Rusiya liderinin tərəfindədir. Bu gün onun etmədiyi tək şey ərazilərimizə raketlər və ya dronlarla hücum etmək və əsgərlərini göndərməməkdir”, - Zelenski bildirib.

Tramp: İrana qarşı əməliyyatın nə vaxt başa çatacağına Netanyahu ilə birgə qərar verəcəyik

ABŞ prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatın nə vaxt başa çatacağına İsrailin baş naziri Benyamin Netanyahu ilə birgə qərar verəcəklərrini açıqlayıb. Sozcu.az xəbər verir ki, Tramp bu barədə "The Times of Israel" qəzetinə verdiyi müsahibədə danışıb. "Düşünürəm ki, bu, birgə qərardır. Çox da vacib deyil. Mən qərarı uyğun vaxtda verəcəyəm, amma hər şey nəzərə alınacaq", - Tramp deyib.