İranın nüvə silahı üçün hər şeyi var idi, indi isə… - ABŞ

İranın nüvə silahı hazırlamaq üçün lazım olan hər şeyə sahib olduğunu demək ədalətlidir. Sozcu.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio deyib. “İranın ən azı 9-10 bomba hazırlamaq üçün kifayət qədər yüksək dərəcədə zənginləşdirilmiş uranı var idi. Onların hər şeyi hazır idi. İndi isə o qədər yox”, - katib bildirib.

ABŞ heç bir ölkənin etmədiyini etdi - Netanyahu

Donald Tramp ən təhlükəli rejimi ən təhlükəli silahından məhrum etdi. Sozcu.az xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu ABŞ-ın İranın nüvə obyektlərinə zərbəsi ilə bağlı deyib. Netanyahu Trampın addımlarını cəsur və tarixi adlandırıb: “Amerika heç bir ölkənin etmədiyini etdi. Tarix yazacaq ki, Prezident Tramp dünyanın ən təhlükəli rejimini ən təhlükəli silahlarından məhrum etmək üçün hərəkət etdi”.

İsrailin İrandakı əməliyyatı bir neçə gün ərzində bitə bilər...- "İsrael Hayom"

İsraildə ötən cümə günü başlayan əməliyyatın gedişatından məmnun qalaraq, İranla müharibənin bir neçə gün ərzində bitə biləcəyinə inanırlar. Sozcu.az xəbər verir ki, təhlükəsizlik sistemində olan mənbə "İsrael Hayom" nəşrinə belə deyib: “Biz təxmin edirik ki, biz artıq İranın qalan raket buraxılışı qurğularının demək olar ki, yarısını vurmuşuq”, halbuki ilkin əlamətlər aylardır hazırlanan "Şir millət" əməliyyatının görünməmiş uğuruna işarə edir. Müharibə ərəfəsində ordu nazirlər kabinetinə İranla mümkün münaqişə ssenarisini təqdim edərək, 400 mülki şəxsin həlak olacağını, ən pis halda isə ölənlərin sayının 800-ə çatacağını bildirib. İndiyədək İranın atəşə tutması nəticəsində 24 mülki vətəndaş həlak olub ki, bu da İsrailin hava hücumundan müdafiə sistemlərinin effektivliyini nümayiş etdirir.

Ermənistan Solovyova görə Rusiyaya nota verdi

Ermənistan Xarici İşlər Nazirliyi rusiyalı teleaparıcı Vladimir Solovyova görə Rusiyaya nota verib. Sozcu.az xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Ararat Mirzoyan məlumat verib. “Ermənistan Xarici İşlər Nazirliyi Rusiya ictimai xadimlərinin "təhrif olunmuş və qəbuledilməz qiymətləndirmələri" səbəbindən Rusiya tərəfinə nota göndərib”, - nazir vurğulayıb. Qeyd edək ki, İrəvanda saxlanılan rusiyalı iş adamı Samvel Karapetyanın müdafiəsi üçün çıxış edən Solovyov Ermənistan Baş naziri Nikol Paşinyanın ünvanına təhqirlər səsləndirib.

“Zəngəzur dəhlizini unudun...” - Simonyan

Ermənistan və Azərbaycan arasında Zəngəzur dəhlizi yox, yol olacaq. Sozcu.az Teleqraf-a istinadla xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan jurnalistlərə açıqlamasında deyib. Spiker jurnalistlərin Zəngəzur dəhlizi ilə bağlı sualına belə cavab verib: “Zəngəzur dəhlizini unudun, dəhliz yox, yol olacaq. Biz bu barədə danışmışıq, onun hüquqi tənzimləmələri dəfələrlə verilib”.

Katz əsəbiləşdi: Qorxaq qatil, əvəzini Tehran tezliklə ödəyəcək!

İran hakimiyyətinin bu hərəkətlərinin əvəzini Tehran əhalisi ödəyəcək, həm də tezliklə. Sozcu.az xəbər verir ki, bu sözləri İsrailin müdafiə naziri İsrail Katz İranın gecə ərzində mülki əhalinin tələfatı ilə nəticələnən yeni zərbələrindən sonrakı açıqlamasında deyib. “Tehrandakı təkəbbürlü diktator İsrail ordusunun onun imkanlarını məhv edən hücumlarının qarşısını almaq üçün İsraildə mülki əhalini atəşə tutmaqla qorxaq qatilə çevrilib. Tehran sakinləri bunun əvəzini ödəyəcək - və tezliklə", - o, sosial şəbəkə hesabında yazıb.

“Elektrik enerjisindən istifadə etmirsə, vətəndaş niyə pul ödəməlidir ki?”

İyunun 10-da Milli Məclisin komitə iclasında müzakirəyə çıxarılan “Elektroenergetika haqqında” və “Qaz təchizatı haqqında” yeni qanun layihələri vətəndaşlar arasında xeyli suallar doğurub. Anlaşılmazlıq təkcə "sabit tarif" anlayışı iə bğlı deyil. "Yeni Sabah"a müsahibəsində iqtisadçı Allahverdi Aydın bir sıra vacib məqamlara izah verib. - Dövlət qurumlarının qaz və işıqla bağlı tariflərin dəyişdirilməsi ilə bağlı təşəbbüs yəqin ki birdən-birə yaranmayıb, bu nədən qaynaqlanır? - Əhali indidən yeni tarifləri xeyli narazılıqla qarşıladı. Dünya praktikasında və qonşu ölkələrin nümunəsində kommunal xidmətlərlə bağlı tariflər, ümumiyyətlə, aşağı-yuxarı eyni məntiqə söykənir. Misal üçün, elektrik enerjisi ilə bağlı gecə-gündüz tarifi tətbiq olunur. Türkiyə, Gürcüstan və Ermənistanda hazırda tətbiq edilən tarif məhz budur. Təbii qazla bağlı isə yay-qış, yəni havanın temperaturuna görə tariflər tətbiq olunur. Dünyanın hər yerində şirkətlər kommunal tarifləri bu cür həyata keçirir. Azərbaycanda kommunal xidmətlərlə bağlı diferensial tarif tətbiq edilir. Bu yanlış üsuldur. Qlobal təcrübədə artıq diferensial tarif tətbiq olunmur. Dediyim kimi, ya gecə-gündüz, ya da temperatura görə tariflər tətbiq edilir. Fikrimcə, yeni tariflər kommunal xidmət göstərən qurumların özləri üçün də sərfəli olmayacaq. - Yeni qanun layihələrində geniş kütlə üçün ən anlaşılmaz məqam qaz tariflərinin 8 növə bölünməsidir. Sıravi vətəndaş bunu başa düşmür. Əksəriyyətin fikrincə, bu, sadəcə qazın qiymətini rtırmaq məqsədi daşıyır. Həm də belə məlum olur ki, qazın qiymətini tənzimləyəcək qurum dəyişir. Tarif Şurasından başqa hansısa qurumun belə bir səlahiyyəti varmı? -  Azərbaycanda fiziki və hüquqi şəxslərə fərqli kommunal tariflər tətbiq olunur. Düşünürəm ki, bu da yanlış bir şeydir. Mövcud dünya praktikasında belə tarif bölgüsü artıq tətbiq olunmur. Bunun heç bir məntiqi əsası yoxdur. Biz mağazaya girib çörək alanda satıcı çörək alanın kim olduğunu soruşmur. Məhsulun bir qiyməti olar və həmin qiymətdən satılar. Burada ədalətsizlik ortaya çıxır. Əhali də eyni məhsuldan istifadə edir, şirkətlər də. Ekspertlər dəfələrlə təklif etmişdi ki, bu fərqli tarif qiymətlərini ortadan qaldırmaq lazımdır. Növbəti çoxsayılı tariflərin tətbiq edilməsi də yanlış bir siyasətdir. Bu sahibkarlara, şirkətlərə əlavə problem və yük gətirəcək. Bu həm də sui-istifadə hallarına da şərait yaradacaq. Məsələn, əhali kateqoriyasında qeydiyyatdan keçib hansısa müəssisə işlədənlər olacaq. İndiki halda, sabit tariflər yanlış qərardır. Bir məhsulu ortaya çıxaran maya dəyəri və satış qiyməti var. Hər kəsə eyni satış qiyməti ilə təklif olunmalıdır. Ola bilsin ki, dövlət sabit tarifləri tətbiq etməklə, sabit gəlirləri sığortalamaq istəyir. Yanlış qərardır! Digər tərəfdən, Azərbaycanda kommunal xidmətlər sahəsində rəqabətlilik yoxdur. Dövlət qurumlarına alternativ şirkətlər mövcud deyil. Xidmətləri və onların tairflərini də dövlət şirkətləri tənzimləyir. Dəfələrlə demişəm ki, kommunal xidmət qurumları mütləq şəkildə özəlləşdirilməlidir. Bazarda hər sahə üzrə alternativ ən azı 2 şirkət fəaliyyət göstərməlidir. - Sakini olmayan və enerji sərfiyyatı olmayan mənzilə görə sahibinin aylıq 5 manat ödəməsi xüssusiıə çoxlu sual və narazılıq doğurur... - Açığı, bu qanun layihəsində məntiqli bir şey görmürəm. İndiki halda, belə bir addımın həm sosial, həm də iqtisadi əsaslandırması yoxdur. Elektrik enerjisindən istifadə etmirsə, vətəndaş niyə pul ödəməlidir ki?! Sayğacın təmiri, texniki baxımı qarşılıqlı müqavilə ilə tənzimlənməlidir. Vətəndaşa sayğac gətirib qoyurlar və deyirlər ki, bu qiymətədir. Şirkətlərin alternativi olmadığı kimi, təmir servislərinin də alternativi yoxdur. Bu gün hansısa vətəndaşın evində sayğac xarab olursa, mütləq rəsmi dövlət qurumuna müraciət etməlidir. Azərbaycanda uzun illərdir ki, kommunal xidmət sektoru birbaşa dövlət inhisarındadır. Bütün hallarda vətəndaşların kommunal xidmətlərlə bağlı alternativ seçim şansı olmalıdır. Vətədaşın narazı olduğu xidmətdən imtina etmək hüququ olmalıdır. Lakin imtina etdikdən sonra üz tutacağı alternativ yoxdur. Problemin kökü, qaynağı buradadır.

Baqdasaryandan II Qareginə: Kilsədən rədd ol!

Bu adamda ən iyrənc şey bilirsinizmi nədir? Xalqın ona necə nifrət etdiyini bilə-bilə 25 ildir ki, Rusiya FTX-nin göstərişi ilə katolikos rolunu oynamağa davam edir. Sozcu.az xəbər verir ki, bunu tanınmış erməni bloger Roman Baqdasaryan Feysbuk səhifəsində erməni katolikosu II Qareginin şəklini paylaşaraq yazıb. “Bu bir canavardır, katolikos deyil! Söhbət Paşinyanın bu cinayətkar haqqında söylədiyi sözlərdən getmir! Söhbət onun özündən gedir! Qoy hər kəs özünə sual versin: “Bütün xalq sizə nifrət edirsə, “bütün ermənilərin” katolikosu olmağa davam edəcəksiniz?” Varlığınızla ölkədə gərginlik yaradıb, cinsi qalmaqallarla xalqınızı rüsvay edəcəksiniz? Siz cavabı bilirsiniz və indi nəticəyə gələ bilərsiniz, qarşımızda katolikos qiyafəsində şeytan var. Kilsədən rədd ol!”, - o bildirib.

Zelenski: Rusiyanı buna məcbur edən bilərik!

Rusiyanı müharibəni dayandırmağa məcbur edə biləcəyimiz məqama çox yaxınlaşmışıq. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib. "Biz bunu hiss edirik. ABŞ-ın köməyi olmasa, Rusiyanın qələbə şansı daha yüksəkdir, Ukrayna isə daha böyük itkilərə məruz qalacaq", - o bildirib.

Bakı üçün zəlzələ ANONSU – Təhlükə buradan gəlir!

Son günlər Türkiyə və Azərbaycan ərazisində qeydə alınan yeraltı təkanlar əhali arasında ciddi narahatlığa səbəb olub. Seysmoloji aktivliyin artması ilə bağlı yayılan məlumatlar insanlar arasında təşvişi artırır və yaxın gələcəkdə baş verə biləcək təbii fəlakətlərlə bağlı suallar doğurur. Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunun seysmologiya və seysmik təhlükənin qiymətləndirilməsi şöbəsinin rəhbəri, Yer elmləri üzrə elmlər doktoru dosent Qulam Babayev sözügedən məsələni belə şərh edib: “Əvvəlki müsahibələrimdə də qeyd edirdim ki, Azərbaycanda seysmik və tektonik aktivlik artmaqdadır. Nəinki Azərbaycanda, bütün dünya miqyasında bu davamlı şəkildə baş verir və belə davam edəcək. Egey dənizində hiss olunan, güclü zəlzələlər baş verir. Bu yaxında hətta Türkiyədə də bir neçə zəlzələ oldu və yenə də davamlı şəkildə olacaq. Çünki Türkiyə ərazisi mürəkkəb tektonik ərazidə yerləşir və mürəkkəb tektonik qırılmalar var və aktivdirlər. Gördüyünüz kimi, Etna vulkanı da püskürdü. Tektonik və seysmik aktivlik dünya miqyasında artır və getdikcə artmaqdadır. Azərbaycanı Türkiyə ilə müqayisə etsək, dərinliklərdə baş verən geodinamik proseslər və yerdəyişmələr o dərəcədə intensiv deyil, aktivdir. Özünə görə bir neçə nəhəng plitənin qovşağında yerləşirik. Amma seysmik və tektonik baxımdan o dərəcədə aktiv ərazi deyil. Azərbaycan seysmik zona sayılsa da, yerdəyişmə prosesləri çox da aktiv olmadığından güclü, dağıdıcı zəlzələ ölkə ərazisində baş vermir. Hiss olunan zəlzələ isə qaçılmazdır. Qonşu dövlətlərin, Türkiyə, İran və Gürcüstan ərazilərində tektonik aktivlik davam edirsə, Azərbaycanda da sabitliq gözləmək olmaz.  Bu fizika qanunlarına ziddir. Azərbaycanda da daima ocaqlar hərəkətdə olacaq. Onsuz da hər gün hərəkətdədirlər və hər gün hiss olunmayan zəlzələ qeydə alır. Amma əsas məsələ hiss olunan yeraltı təkanlardır. Bir seysmoloq kimi hər zaman qeyd edirəm ki, dərinlik burada çox böyük rol oynayır. Hansı nöqtədə toqquşma baş verdi və qırılma müşahidə olundusa, bu əsasdır. Çünki deyək ki, 30-35 kilometr dərinlikdə 4-4,5 maqnitudalı zəlzələ baş veribsə, səthə zəif təkanla gəlib çatacaq. Ancaq həmin maqnituda olan zəlzələ səthə yaxın olsa, bu təbii ki, daha intensiv şəkildə özünü göstərəcək. Ona görə də dərinlik əsas rol oynayır”. Ekspert bildirib ki, Abşeron yarımadası və Bakı şəhəri isə əsas seysmik təhlükəni Xəzər dənizində olan ocaqlardan görür: “Üstəlik Şamaxı və İsmayıllı ocaqlarından da seysmik təhlükə ilə üzləşir. Amma həmin ocaqlarda elə bir hiss olunan zəlzələ baş verməlidir ki, o gəlib Bakı şəhərinə çıxsın. Tarixdə belə hadisələr var. Şamaxıda 5,5 maqnitudalı zəlzələ Bakıda hiss edilib. Xəzər dənizinin bütün hissələrində yerləşən ocaqlar paytaxt ərazisi üçün təhlükə mənbəyidir və mürəkkəb tektonik ocaqlar aktivlik təşkil edir. Bu səbəbdən dağıdıcı olmasa da hiss olunan zəlzələ qaçılmazdır. Seysmik və tektonik aktivliyin fəsillə heç bir əlaqəsi yoxdur. Bu dərinliklərdə baş verən proseslərin nəticəsində meydana gəlir”.yenisabah)

Ruben Vardanyanın məhkəmə prosesi davam etdirilir

Bakı Məhkəmə Kompleksində müharibə qanunlarını və adətlərini pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər maddələrlə təqsirləndirilən Ruben Vardanyanın cinayət işi üzrə məhkəmənin baxış iclası başlayıb. Sozcu.az xəbər verir ki, proses Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilir. Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, aparma), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə) əməllərinin törədilməsində təqsirləndirilib. O, həmçinin həmin məcəllənin 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma), 318-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələrində nəzərdə tutulan əməllərin törədilməsində ittiham olunur.

Vasif Talıbovun səhhəti pisləşdi - Ölkədən buraxılmadı

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun səhhətində problem yaranıb. Sozcu.az xəbər verir ki, bu barədə Yenisabah.az-a V.Talıbovun qohumlarından biri məlumat verib. Onun sözlərinə görə, V.Talıbovun səhhətində olan problemlər son bir neçə ayda özünü daha qabarıq şəkildə göstərməyə başlayıb. Ötən həftə isə keçmiş rəhbərin sağlıq durumu daha da pisləşib. Şəxsi həkimi onu evində müayinə edəndən sonra xəstəxana şəraitində müalicə almasını vacib olduğunu bildirib. Amma Talıbov Naxçıvanda fəaliyyət göstərən tibb müəssisələrinə getməkdən imtina edib. Qohumu deyib ki, sabiq sədr xaricdə müalicə olunmağa üstünlük versə də, bu arzusunu reallaşdıra bilməyib. Bakı onun ölkəni tərk etməsinə imkan verməyib. Qeyd edək ki, Vasif Talıbov 21 dekabr 2022-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsindən istefa verib. Bundan sonra o, Naxçıvandakı malikəsinə çəkilərək, kənar şəxslərlə əlaqəni tamamilə kəsib. Keçmiş “Xan”ın hətta yaxın qohumlarının xeyir-şər məclislərinə də qatılmadığı bildirilir.