“Rusiya bir gündə bayquş vəziyyətinə düşə bilər”

“Rusiya bir gündə bayquş vəziyyətinə düşə bilər” Bu sözləri "Yeni Sabah"a hərbi ekspert Üzeyir Cəfərov bildirib. O,  rəsmi Bakının Ukraynaya silah-sursat tədarükünə qoyulmuş embarqonu ləğv edə biləcəyinə dair iddialara münasibət bildirib. Xatırladaq ki, bu barədə etibarlı mənbələrə istinadla caliber.az məlumat yayıb. “Azərbaycan Ukraynaya lazım olan hər şeyi edib, edir və edəcək. Buna heç kimin şübhəsi olmasın. Azərbaycanın Ukrayna ilə hər bir sahədə sıx əlaqələri var və bunu hamı bilir. Bu gün Azərbaycanın verə biləcəyi silahlardan qat-qat güclü silahları Ukrayna Qərbdən alır. Müdafiə sənayesi xətti ilə bəzi silahlar istehsal olunur, onları da Ukrayna yetərincə haradan lazımdırsa, alır”, - deyə Üzeyir Cəfərov vurğulayıb. Ekspertin sözlərinə görə, bəzi məlumatların paylaşılması bəzən Azərbaycana qarşı istifadə olunur: “Bəzi yaramazlar bu xəbərlərdən istifadə edib Rusiyada Zatulin kimiləri cuşa gətirdir, onlar da Azərbaycana ittihamlar yağdırır. Ukraynaya hansı silah lazımdır?! Onsuz da Ukrayna 44 günlük müharibəni öyrənən ilk ölkələrdən biridir. Ukraynanın hazırkı ehtiyacı elektrik avadanlıqlarıdır. Rusiya bu infrastrukturu vəhşicəsinə dağıdır. Hazırda Ukraynaya kommunikasiya xətləri, generatorlar, borular və s. lazımdır. Azərbaycan da bu istiqamətdə dəstək verir. Rusiya bu məsələdə Azərbaycana irad tuta bilməz. Azərbaycana uzadılan dil, əslində, Türkiyəyə, Pakistana, İsrailə uzadılmış dildir. Rusiya bir gündə bayquş vəziyyətinə düşə bilər”. Hərbi ekspert əlavə edib ki, Ukraynanın taleyini yalnız Ukrayna xalqı və rəhbərliyi həll edə bilər: “Trampın Putin sevgisi olsa belə, bu, Putinin gücünə görə deyil ki, Ukraynanın hər hansı bir torpağını rəsmiləşdirsin. Ukrayna bir qarış ərazisini belə Rusiyaya verməz!”

Rubio Makronu ittiham etdi: Danışıqları pozdun!

ABŞ Dövlət katibi Marko Rubio Fransa Prezidenti Emmanuel Makronu İsrail və HƏMAS arasında atəşkəs danışıqlarını pozmaqda ittiham edib. Sozcu.az xəbər verir ki, Rubio bu barədə EWTN telekanalına müsahibəsində deyib. Rubionun sözlərinə görə, danışıqlar Fransa prezidentinin Fələstin dövlətinin tanınması ilə bağlı birtərəfli qərar qəbul etdiyi gün kəsilib: “HƏMAS-ın yerində olsaydım, qərar verərdim: “Gəlin atəşkəs etməyək. Çünki mükafatlandıra bilərlər, biz bunu qələbə hesab edə bilərik. Makronun bəyanatından sonra digər ölkələr də bu mövqeyə qoşularaq bəyan ediblər ki, sentyabr ayına qədər atəşkəs əldə olunmasa, Fələstin dövlətini tanıyacağıq”.

"Sovet dövründəki sərhədlər bərpa edilməlidir" - Paşinyan

Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiya prosesi davam edəcək, Sovet dövründə mövcud olan sərhədlər bərpa edilməlidir. Sozcu.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan onlayn mətbuat konfransı zamanı deyib. “Elə ərazilər var ki, bizə məxsusdur. Amma Azərbaycanın nəzarəti altındadır. Elə ərazilər də var ki, Azərbaycana məxsusdur. Lakin bizim nəzarətimizdədir. Delimitasiya prosesi davam etməlidir. Müstəqil Ermənistanın ərazisi Sovet dönəmindəki Ermənistanın ərazisi ilə eynidir. Eyni zamanda, müstəqil Azərbaycanın ərazisi də Sovet dövründəki Azərbaycan ərazisi ilə eynilik təşkil edir” - Paşinyan qeyd edib.

Ermənistanla Azərbaycan fundamental bir mərhələyə qədəm qoyur - Paşinyan

Ermənistan və Azərbaycan ikitərəfli münasibətlər baxımından fundamental bir mərhələyə qədəm qoyur. Sozcu.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ Prezidenti Donald Tramp ilə birgə mətbuata bəyanatında deyib. “Keçmişi keçmişdə qoyaraq irəli baxırıq. Bu mərhələ Prezident Trampın şəxsi iştirakı olmadan mümkün olmazdı”, - deyə Ermənistanın Baş naziri vurğulayıb.

Mənim istəyim bölgədə sülhün və rifahın təmin olunmasıdır - Tramp

Ermənistan və Azərbaycan 30 ildən çox müharibə içində idi. Bu müharibə hər iki dövlətə böyük ziyanlar vurmuşdur. Sozcu.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla görüşündə söyləyib. "Mənim istəyim bölgədə sülhün və rifahın təmin olunmasıdır", - o deyib.

Məktəbəhazırlıq qrupuna getməyən uşaqların birinci sinfə qəbuluna aydınlıq gətirildi

Məktəbəhazırlıq qrupuna getməyən uşaqların birinci sinfə qəbulunda heç bir maneə yoxdur. Bunu MÜTDA-nın Ümumi təhsilin təşkil şöbəsinin aparıcı məsləhətçisi Aidə Əsgərli deyib. "Məktəbəhazırlıq qrupları icbari xarakter daşımır. Birinci sinfə qəbul zamanı məktəbəhazırlıq mərhələsində iştirak etməyən uşaqlar da qeydiyyatdan keçə bilərlər”, - Aidə Əsgərli qeyd edib.APA

İxtisas seçimində dələduzluq - Onlara inanmayın!

Son illərdə ixtisas seçimi prosesi bəzi şəxslər tərəfindən kommersiya vasitəsinə çevrilib. Özünü “ekspert” elan edən, lakin bu sahədə nə peşəkar bilik, nə də psixoloji yanaşma qabiliyyəti olmayan şəxslərin təklif etdiyi yanlış istiqamətlər nəticəsində yüksək bal toplayan abituriyentlər bəzən istədikləri ixtisasa daxil ola bilmirlər və bu, onların həm təhsil, həm də gələcək karyerasına mənfi təsir göstərir. Bu sözləri Modern.az-a açıqlamasında Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova deyib. O qeyd edib ki, hazırda ölkəmizdə ixtisas seçimi üzrə rəsmi lisenziyalaşdırma və ya akkreditasiya mexanizmi mövcud deyil. Bu isə hər kəsin özünü "ekspert" kimi təqdim etməsinə zəmin yaradır: “Halbuki, beynəlxalq təcrübədə – məsələn, ABŞ, Kanada və Avropa ölkələrində – ixtisas yönləndirilməsi və təhsil məsləhətçiliyi yalnız müvafiq ixtisası olan, akkreditasiyadan keçmiş məsləhətçilər tərəfindən həyata keçirilir. Bu şəxslər həm təhsil proqramlarını, həm də əmək bazarını dərindən bilirlər və məsləhətlərini yalnız nəticə əsaslı deyil, həm də abituriyentin maraqları, şəxsiyyət xüsusiyyətləri və uzunmüddətli məqsədləri ilə əlaqələndirirlər”. G.Əkbərova onu da əlavə edib ki, düzgün informasiya və sadə təhlil bacarığı olan hər bir valideyn və abituriyent bu prosesi uğurla həyata keçirə bilər: “Dövlət İmtahan Mərkəzinin (DİM) təqdim etdiyi elektron sistem kifayət qədər şəffaf və funksionaldır. Əsas məsələ düzgün məlumatı əldə etmək və emosional deyil, rasional qərar verməkdir. Düzgün ixtisas seçimi üçün valideynlər övladlarının ilk öncə maraq və bacarığına diqqət etməlidir. Yəni, Abituriyent hansı sahəyə maraq göstərir, hansı dərslərdə daha uğurludur? Bu, gələcəkdə davamlı motivasiyanın və peşəkar inkişafın əsasını qoyur”. O həmçinin vurğulayıb ki, ikinci əsas diqqət yetirilməli məqamlardan biri isə əmək bazarının tələbatıdır: “Hansı ixtisaslar əmək bazarında tələbat görür? Hansı sahələrdə artım, hansı sahələrdə isə durğunluq müşahidə olunur? Hətta düşünürəm ki, bu baxımdan əmək və əhalinin sosial müdafiəsi sahəsindəki statistika və beynəlxalq trendlər nəzərdən keçirilməlidir. Seçilən ixtisas gələcəkdə magistratura və ya iş imkanlarını genişləndirirmi? Beynəlxalq tanınma varmı? Yəni bu suallara valideyn və ya abituriyentlər özləri kiçik bir araşdırma edərək cavab tapa bilər və ya etibar etdiyi, məsləhət ala biləcəkləri biri ilə danışa bilərlər. Təbii ki, bunların hamısının əsasında isə abituriyentin topladığı bal ilə həmin ixtisasa keçid balı arasında uyğunluq varmı? Gələcəkdə qəbul ola bilməmək riski nə qədərdir? Bunları da bilmək vacibdir”.  Günay Əkbərova onu da diqqətə çatdırıb ki, valideyn və abituriyentlər bir neçə sadə göstərici ilə düzgün qərar verə bilərlər, sadəcə bu kontekstdə doğru məlumat mənbələrindən istifadə etməlidirlər: “Əgər məsləhət almaq ehtiyacı varsa, bu zaman ya universitetlərin rəsmi məsləhət xidmətlərinə, ya da tanınmış təhsil ekspertlərinə müraciət olunmalıdır. Unutmayaq ki, ixtisas seçimi bir insanın həyat yolunu formalaşdıran əsas addımlardan biridir və bu qərarın qeyri-peşəkar “ekspertlərə” həvalə olunması olduqca risklidir. Ən sonda isə bir tövsiyə: beynəlxalq təcrübədə uğur qazanmış abituriyentlər çox zaman valideyn təzyiqindən uzaq, öz güclü tərəflərini və maraqlarını anlayaraq qərar verənlərdir. Azərbaycanda da bu yanaşmanın yayılmasını arzulayıram”,- deyə o bildirib.

Rubiodan kritik zəng: Bakı və İrəvan arasında sülh...

ABŞ Dövlət katibi Marko Rubio və Fransa xarici işlər naziri Jan Noel Barro arasında telefon danışığı baş tutub. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb. Bildirilib ki, Rubio fransalı həmkarı ilə Azərbaycanla Ermənistan arasında sülh sazişinin bağlanması prosesini müzakirə edib.

Departament rəisləri işdən çıxarılıb? - "Bakı Metropoliteni"

"Bakı Metropoliteni" QSC iki departament rəisinin işdən çıxarılması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib. Qurumdan Axar.az-a verilən məlumata görə, Bakı Metropoliteninin Maliyyə departamentinin rəisi Asəf İsgəndərli karyerasında yeni mərhələyə başlamaq məqsədilə fəaliyyətini öz ərizəsi əsasında dayandırıb. Qurumun Təchizat departamentinin rəisi Tərlan Həsənli ilə bağlı yayılan məlumatlar isə həqiqəti əks etdirmir. O, hazırda vəzifəsinin icrasını davam etdirir.

Ultimatumun son günü: Tramp Rusiyanı hədələdi...

Avqustun 8-dək Ukraynada atəşkəs əldə olunmasa, ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək. Sozcu.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib. “Sanksiyalar olacaq, lakin görünür, Rusiya onlardan qaçmaqda kifayət qədər uğurludur. Bilirsiniz, onlar hiyləgər insanlardır və sanksiyalardan qaçmağa müvəffəq olurlar”, - Tramp bildirib. Qeyd edək ki, avqustun 8-i Trampın verdiyi on günlük ultimatumun son günüdür.

Fələstin dövlətini tanımağa hazıram - Stubb

Finlandiya Fələstin dövlətini tanımağa hazırdır. Sozcu.az xəbər verir ki, bunu Finlandiya Prezidenti Aleksandr Stubb sosial şəbəkə hesabında bildirib. “Dövlətin tanınması prezidentin qərarıdır, lakin hökumətin təklifi əsasında olmalıdır. Fələstin dövlətinin tanınması təklifi olsa, mən onu qəbul etməyə hazıram. Onu təklif edib-etməyəcəyi hökumətin qərarıdır. Başa düşürəm ki, finlərin Fələstinin tanınması ilə bağlı fərqli baxışları və narahatlıqları var. Ancaq mən xarici siyasət məsələlərində Fələstin də daxil olmaqla, açıq, dürüst və obyektiv müzakirələri təşviq etmək istəyirəm”, - prezident vurğulayıb.

“Google”da Zəngəzur dəhlizi açıldı - FOTO

“Google Maps” xəritə tətbiqetməsində Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasındakı nəqliyyat yolları ilə bağlı dəyişiklik edilib. Sozcu.az Teleqraf-a istinadən xəbər verir ki, tətbiqdə Mehri üzərindən keçən yol açıq görünür. Tətbiqdə göstərilən yol Zəngəzur dəhlizinin marşrutuna uyğun gəlir.