"Biz bilirik ki, həm Ukraynanı, həm Azərbaycanı o zaman da, bu gün də, gələcəkdə də ram etməyi, işğal etməyi arzulayan bir ölkə var..." Bu gün verilən bir çox sualın cavabını keçmişdə tapmaq olar. Dünyanın müxtəlif ölkələri üçün müxtəlif dövrlərdə eyni tarixi düşmənin mövcud olduğu tez-tez ortaya çıxır. Sozcu.az xəbər verir ki, bu barədə "Ukrayna azərbaycanlılarının Birləşmiş Diasporu" Ümumukrayna İctimai Birliyinin sədri Hikmət Cavadov "gordonua.com" nəşrindəki bloqunda yazıb. O, qeyd edir ki, bu fikirdə şübhəsi olanlar ABŞ prezidenti Donald Trampın keçmiş milli təhlükəsizlik müşaviri Con Boltonun "Delfi" nəşrinə verdiyi müsahibə ilə tanış ola bilər. "Fikrimcə, Putin açıq şəkildə bütün Ukraynanı istəyir. O, Rusiya imperiyasını yenidən qurmağa çalışır. Bu səbəbdən, Ukraynada nə baş verməsindən asılı olmayaraq, keçmiş SSRİ respublikaları daim Moskvanın təhdidi altındadır. Ukraynanın Rusiyaya vurduğu itkiləri nəzərə alsaq, Kreml yeni əraziləri ələ keçirmək iqtidarında deyil. Amma düşünürəm ki, Kremlin hədəfləri təkcə Ukrayna ilə məhdudlaşmır. Belarus bu gün demək olar ki, Rusiyanın bir hissəsidir. Azərbaycan, Gürcüstan, Ermənistan və Orta Asiya respublikaları da risk altındadır. Baltikyanı ölkələr isə şübhəsiz ki, Kreml siyahısındadır", - Con Bolton bəyan edib. Cavadov davam edir: "Onunla qiyabi mübahisə etmək olar. Amma anlamaq vacibdir ki, bu, tanınmış və məlumatlı bir siyasətçinin şəxsi nəticəsidir. Bəli, bu, artıq baş vermiş hadisələrin təsdiqi deyil, bir proqnozdur. Lakin gəlin Azərbaycan və Ukrayna tarixindən dərs götürək, paralellər tükürpədicidir. 28 aprel 1920-ci il demokratik Azərbaycan Xalq Cümhuriyyətinin bolşevik ordusunun hücumu altında süqut etdiyi gün kimi tarixə yazılıb. Bu hadisə hələ də yaddaşlarda ağrı və həsrət yaradır. Cəmi 23 ay ərzində gənc Azərbaycan parlamentli demokratiya qurmağa, milli ordu yaratmağa, islahatlar aparmağa və özünü dünyaya tanıtmağa müvəffəq olub. Lakin yüz ildən artıq öncə bunların hamısı bir gündə puç edilib. Ukrayna Xalq Respublikasının yolu da demək olar ki, eyni olub. Hər iki dövlət - Azərbaycan və Ukrayna Birinci Dünya müharibəsindən və imperiyaların süqutundan sonra dünya siyasi xəritəsində meydana çıxıb. Hər ikisi müstəqillik uğrunda mübarizə aparır, dünyəvi, demokratik dövlətlər qururdu. Hər ikisi beynəlxalq səviyyədə tanınmışdı. Amma hər ikisi sovet Rusiyasının ekspansiyasının qurbanı oldu, bu ekspansiya proletar beynəlmiləlçiliyi şüarları ilə pərdələnmişdi. Ukrayna Xalq Respublikası 1917-ci ildə elan edilib və artıq 1919-cu ilin yanvarında bolşeviklər Kiyevi işğal edib. Ukrayna müvəqqəti olaraq dövlətçiliyini itirib. Bakıda da eyni hadisə bir il sonra təkrarlanıb: 1920-ci il aprelin 27-də səhər Qızıl Ordu hücuma keçib, aprelin 28-də isə Azərbaycan Sovet Sosialist Respublikası elan olunub. Hər iki halda Moskva öz nizamını zorla qəbul etdirib. Bu, 70 ildən çox davam edən bir işğal olub. Bu gün, yüz ildən artıq bir zaman keçib, Ukrayna yenidən həmin imperiya məntiqinə - məhz 1920-ci illərdə onu azadlıqdan məhrum edən məntiqə qarşı mübarizə aparır. 1991-ci ildə müstəqilliyini bərpa etmiş Azərbaycan da suverenliyin itirilməsinin nəyə başa gəldiyini yaxşı xatırlayır. Odur ki, Con Boltonun xəbərdarlığı bizim ölkələr və xalqlar üçün növbəti ciddi xəbərdarlıqdır. Biz bilirik ki, həm Ukraynanı, həm Azərbaycanı o zaman da, bu gün də, gələcəkdə də ram etməyi, işğal etməyi arzulayan bir ölkə var. Və biz tarix dərslərinin tənəyə çevrilməməsi üçün birgə hərəkət etməliyik", - Cavadov yazıb.moderator)
Sabiq deputat, Vəhdət Partiyasının sədri Tahir Kərimli sosial şəbəkələrdə yeniyetmələrin özlərinə qadın salonlarında süni saqqal, bığ çəkdirmələri, dodaq dolğusu etmələri barədə yayılan görüntülərlə bağlı çağırış edib. T.Kərimli Pravda.az-a açıqlamasında deyib ki, bir siyasətçi kimi dedikləri müəyyən insanlarda acıq yaradır. “Heç olmasa ağsaqqal kimi insanın sözünü eşitsinlər. Artıq elə bir vəziyyət yaranıb ki... 20 il əvvəl hansısa qəzetdə köşə yazarı olmaq, yaxud hansısa televiziyada beş-on dəqiqəlik müəllif verilişi aparmaq arzusunda idim ki, millətimizin başının tacı olan mənəviyyatımızın qorunub-saxlanılması barədə fikirlərimi söyləyim, cəmiyyətdə gedən mənfi tendensiyaların artmasından narahatlığımı ifadə edim, atalara, analara, övladlara öz baxışlarımı deyim. Hətta 1990-cı ildə ilk dəfə deputat seçilən zaman Milli Məclisdə ilk çıxışım mənəviyyatla, əxlaqla bağlı olub. Dünyada qadının ən böyük yaraşığı həya, kişilərin isə vüqarı, mərdanəliyidir. Vəziyyət elə gətirib ki, biz dəfələrlə mənəviyyatımızın ağrılarından danışmışıq. İndiki halda cavan oğlanların dodaq dolğusu etmələri, süni saqqal qoymaları, bığ çəkdirmələri, qadın salonlarında hədsiz dərəcədə vaxt keçirmələri məndə xeyli narahatlıq yaradır. Sifətdə burun əyridirsə, bunu cərrahiyyə yolu ilə aradan qaldırmaq, üzdə ziyil çıxıbsa, tibbi nöqteyi-nəzərdən əməliyyat etmək olar. Lakin süni surətdə sir-sifətini dəyişib, özünü qadına oxşatmaq kişiliyə yaraşan şey deyil. İnsan birinci özündən, sonra başqalarından öyrənir. Cavan oğlanlar da birinci özlərində kişiliyi tərbiyə etməlidirlər. Bu o qədər böyük, kompleks məsələdir... Milli Məclisdə dəfələrlə məsələ qaldırdım ki, hətta kişi müəllimlərin maaşını artırmaqla onları pensiyaya çıxarmamaq, məktəbdə saxlamaq lazımdır. Çünki uşaqlarımıza ancaq qadınlar dərs deyir. Övladlarımız qadın müəllimlərdən nə öyrənə biləcəklər? Axı heç də bütün qadın müəllimlər öz tələbələrini kişi kimi yetişdirmirlər. Onları yamsılayan uşaqlar yetişdirirlər. Toyda cavan oğlanlar qız kimi əyilib-büzülürlər, əyri-üyrü fars rəqsi oynayırlar. Bu məsələlər ailənin içindən başlayır. Valideynlər buna necə imkan verirlər? İnsanlar həmişə əyriliklərlə barışıblar. Sanki bu məsələlərlə də barışıblar. İnsanların içində ictimai etiraz ölüb. Heç olmasa ailə dəyərlərinin qorunmasına çalışmaq lazımdır. Nə qədər öyüd-nəsihətlə çıxış edirəm, amma mənə qarşı hücumlar olur. Kişidən kişi iyi gələr, qadından qadın. Qadın həyalı və gözəl olmalıdır. Kişinin vüqarı, daxili aləmi, mərdliyi, comərdliyi elə onun üzünə də, bədəninə də yansıyacaq. Təəssüf edirəm ki, bu məsələ başlı-başına buraxılıb. Cənubi Koreyada kişilərin kosmetikadan istifadəsi o qədər yayılıb ki, bunların bir səbəbini türk seriallarında görürlər. Hökumət qarşısında məsələ qaldırırlar ki, türk serialları qadağan olunsun. Bizdə isə türk serialları da, digərləri də təbliğ olunur. Heç də hamısı mənəvi cəhətdən saf deyil. Narahatlıq törədən cəhətlər də var. Bəziləri düşünürlər ki, həyatdır, qoy necə bilirlərsə, elə yaşasınlar. Dünya dəyişir, müqavimətin mənası yoxdur. Hamı düşünür ki, övlad evində öz valideynlərindən çox zəmanəsinə oxşayır, zəmanə pisləşib. Axı zəmanə şərti məfhumdur. Zəmanəni pis və yaxşı edən bizik. Biz onu gözəl, mərdanə etməli, insanlar arasında kişilik münasibətlərini möhkəmləndirməliyik. Biz yaşlanmışıq, ömrümüzün çox az hissəsi qalıb. Ancaq övladlarımızın gələcəyi barədə çox narahatam. "Qurani-Kərim"də də var, Lut qövmü bu cür biabırçılıqlarla məhv olub getdi. Dünyanın ən böyük imperiyası olan Roma kişi əxlaqsızlığından məhv oldu. Gözümüz görə-görə cəmiyyətimiz bu cür murdarlıqları əxz etməklə ailə institutu dağılır. Nigah bağlayanların, övladlarımızın sayı azalır. Getdikcə cəmiyyətdə əyri proseslər gedir. Həmişə demişəm, bizim millət özündən başqa hamıya oxşamağa çalışır. Özümüzə oxşayaq. Qafqaz vüqarımızı, İslam mənəviyyatımızı, türk mərdanəliyimizi qoruyaq”, — o bildirib.
Birbaşa mətləbə keçmək istəyirəm. Məlum olduğu kimi ölkədə işsizlik problemi var. Həmçinin bakalavr və magistratura təhsili almış gənclər də iş tapmaqda çox böyük çətinliklə qarşılaşırlar. Sual yaranır, bəs hansı səbəblərə görə Azərbaycanda vətəndaşlar öz ixtisasına uyğun olan iş tapa bilmir. Bunun səbəbi nədədir axı? Təhsilli, savadlı bilikli, elmli, istedadlı, eləcə də təhsil aldığı sahəni çox yaxşı bilən insanlar öz doğma Vətəni Azərbaycanda ixtisasına uyğun olaraq işlə təmin olunmur. İşsiz vətəndaşlar bu problemi həll etmək üçün uzun illər iş axtarışında olur və bu insanların ömrü beləcə ötüb keçir. Gənclər ali təhsil alır, həmçinin minlərlə gənc magistraturada oxuyub 2 diplom sahibi olur, yenə də bu gənclərin çoxusu oxuduğu ixtisasa görə iş tapa bilmir, nəticədə isə yüzlərlə gənc işsiz qalır. Şəxsən mən bir neçə sahə üzrə oxuyub təhsil almışam. Qeyd edim ki, təhsilim əsasən humanitar sahə üzrədir. Demək olar ki, ömrümün çox hissəsi təhsil almaqla ötüb. Yəni fəxrlə söyləyirəm ki, ömrüm uzun illər təhsil müəssisələrinin auditoriyasında keçib. Amma çox böyük təəssüf hissilə deyirəm ki, neçə ildir işsizəm. Uzun illərdir ki, müstəqil jurnalist kimi fəaliyyət göstərirəm. Amma hansısa bir qurumdan əmək haqqım yoxdur. İşsizlik isə mənə çox böyük və çox ciddi çətinliklər yaradıb. Bu xoşagəlməz hala təəssüflər olsun deyirəm. İxtisasıma uyğun olaraq rəsmi qaydada işləmək istəyirəm. Amma məlumdur ki, Azərbaycanda iş tapmaq elə də asan deyil, çox çətindir, hətta deyərdim ki, bu, çox illər mümkün olmur. Təbii ki, işsiz insan üçün sosial-iqtisadi baxımdan yaşamaq çox çətin olur. Xüsusilə də mənim kimi evi olmayan, illərlə kirayələrdə yaşayan insanlar üçün daha ağırdır işsiz qalmaq. Axı maliyyə dayağı olmasa, insan iqtisadi baxımdan necə yaşaya bilər? Ev-eşiksiz ailələr kirayə evlərdə qalmağa məcburdur. Kirayələrdə yaşamaq o qədər çətindir ki... Mənim kimi uzun illər kirayə evlərdə qalanlar evsiz olmağın çətinliyini, ağrısını, əzab-əziyyətini daha yaxşı bilir. Evimin olmadığına görə başqalarının evində elə əziyyət çəkirəm ki... Bu isə dəhşətdir. İxtisasıma uyğun Media-Holdinqdə, qəzetdə, xəbər saytında, Media Qrupda, eləcə də radio və televiziyada, İnformasiya Agentliyində çalışa bilərəm... Əfsuslar olsun ki, hələ də işsizəm, bu da, sosial baxımdan mənə də, ailəmə də bir çox saysız-hesabsız çətinliklər yaradır. Şair-jurnalist kimi düşünürəm ki, zəngin neft-qaz ölkəsi olan Azərbaycanda ziyalılar nə üçün evsiz qalmalı, kirayə evlərdə yaşamalıdır? Həmçinin hələ də anlaya bilmirəm ki, vətəndaşlar ixtisası üzrə işlə niyə təmin edilmir? İnsanlar nəyə görə öz ölkəsində illərlə iş axtarmaqla məşğul olmalıdır? Milyonlar səltənəti olan Azərbaycanda sosial-iqtisadi baxımdan yaşamaq o qədər çətindir ki... Bu, necə idarəçilikdir axı? Sözün bitdiyi andı. XATİRƏ ƏZİZ Rəhimli Şair-jurnalist
"Rusiyaya qarşı yeni sanksiyalar və daha böyük təzyiqlə adekvat cavab vacibdir və məhz ABŞ daha təsirli addımlar ata bilər..." Pasxa bayramından sonrakı dövrdə Rusiya qoşunları öz adət etdikləri hücum fəallığını bərpa edib, Rusiya dünyanı aldatmağa və müharibəni uzatmağa çalışır. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski aprelin 27-də axşam videomüraciətində bəyan edib. Onun sözlərinə görə, aprelin 26-da Vatikan və Romada keçirilən görüşlər Ukraynanın tərəfdaşlarının vəziyyəti anladığını təsdiqləyib. "Biz mövqelərimizi möhkəm saxlayırıq ki, düzgün diplomatiya üçün bütün imkanlar olsun. Rusiyalılar guya ABŞ-ın təkliflərinə getməyə hazır olduqlarını deyir, amma Rusiya ordusunda real atəşkəsə hazırlıq əlamətləri müşahidə edilmir. Əksinə, Pasxadan sonra işğalçılar adət etdikləri hücum fəallığını bərpa edib və əlbəttə ki, bunu böyük itkilər bahasına edirlər", - dövlət başçısı bildirib. O, qeyd edib ki, rusiyalılar irəliləməyə çalışır, lakin bu, onlara böyük itkilər bahasına başa gəlir. "Hər gün cəbhədə gedən döyüşlər açıq şəkildə sübut edir ki, Rusiya həqiqətən də dünyanı - Amerikanı və digərlərini aldatmağa və müharibəni daha da uzatmağa çalışır", – Zelenski vurğulayıb. O, Rusiyaya qarşı təzyiqin vacibliyini qeyd edib: "Təzyiqsiz rusiyalıları bütün lazımi addımları atmağa, müharibəni dayandırmaq üçün vacib olan hər şeyə getməyə məcbur etmək mümkün deyil". Zelenski bildirib ki, dünyadan yeni sanksiyalar və Rusiyaya qarşı daha böyük təzyiq şəklində adekvat cavab olmalıdır. Dövlət başçısı vurğulayıb ki, məhz ABŞ Moskvaya qarşı "ən təsirli addımları ata" bilər. Prezidentin fikrincə, aprelin 26-da Vatikan və Romada keçirilən görüşlər bir daha göstərdi ki, tərəfdaşlar baş verənləri anlayır: "Ukrayna diplomatiya sahəsində maksimum sürətlə irəliləməyə hazırdır. Biz 47 gün əvvəl ABŞ-ın qeyd-şərtsiz atəşkəs təklifini qəbul etdik və daha sonra rusiyalılara öz təkliflərimizi verdik ki, heç olmasa mülki obyektlərə hücumları dayandıraq. Amma Moskva buna cavab olaraq "Shahed" dronları, raketlər, artilleriya atəşi və yeni hücumlar həyata keçirir", - Zelenski vurğulayıb. Ukraynada müharibə: Zelenskinin bəyanatı Xatırladaq ki, Zelenskinin sözlərinə görə, Ukraynada cəbhənin bir çox istiqamətlərində vəziyyət hələ də mürəkkəb olaraq qalır: "Artıq bu günün ortalarına qədər rusiyalılar bizim mövqelərimizə təxminən 70 hücum həyata keçirib. Döyüşlər davam edir. İşğalçılar hücum cəhdlərini davam etdirir. Ən çox döyüşlər Pokrovsk, Kramatorsk, Liman və Kursk istiqamətlərində gedir".
Ermənistanın Baş naziri Nikol Paşinyan ötən gecə İrəvanda keçirilən məşəl yürüşü zamanı Türkiyə və Azərbaycan bayraqlarının yandırılmasını pisləyib və bunu təxribat adlandırıb. Sozcu.az xəbər verir ki, bunu Paşinyanın mətbuat katibi Nazeli Baqdasaryan deyib. “Baş nazir Paşinyan bunu məsuliyyətsiz və qəbuledilməz hesab edərək pisləyir. Beynəlxalq səviyyədə tanınmış bir dövlətin, xüsusən qonşu dövlətlərin bayraqlarının yandırılması dövlət başçısı tərəfindən başqa cür qəbul edilə bilməz. Bu təxribatçı və təhrikedici bir təcrübədir”, - o bildirib.
Qida Təhlükəsizlik Agentliyinin Bakı Regional bölməsinin rəisi vəzifəsindən istefa verib. Sozcu.az Manset.az-a istinadən xəbər verir ki, qurumun Bakı Regional bölməsinin rəisi Zaur Kərimov ərizə yazaraq AQTA-nın sədri Qoşqar Təhməzliyə təqdim edib. Daha sonra Q.Təhməzlinin müvafiq əmri ilə Zaur Kərimov tutduğu vəzifəsindən azad edilib. Onun vəzifəsi Qida Təhlükəsizlik Agentliyinin Hüquq şöbəsinin müdiri Elşad İsgəndərova həvalə edilib. Məlumat AQTA-dan təsdiq edilib. Zaur Kərimovun istefa vermə səbəbi bəlli deyil. Qeyd edək ki, Qida Təhlükəsizlik Agentliyinin Bakı Regional bölməsi qurumun ən mühüm strukturlarından hesab edilir.
“Vətəndaşların təlimə çağırılması ilə bağlı bütün məsuliyyət SHXÇDX-nin (Səfərbərlik və Hərbi Xidmət Çağırış üzrə Dövlət Xİdməti) üzərinə düşür. Xidmət həmin həm müəssisələrə, həm də dövlət qurumlarına rəsmən izah etməlidir ki, əgər vətəndaş qısa, yaxud uzunmüddətli təlim toplanışlarına cəlb olunursa, onun iş, yaxud təhsil yeri toxunulmaz qalmalıdır”. Bunu "Yeni Sabah"a ehtiyatda polkovnik və hərbi ekspert Üzeyir Cəfərov deyib. O bildirib ki, sözügedən məsələ xeyli vaxtı insanları narahat edir: “Bu məsələ xeyli vaxtı insanları narahat edir. Bu məsələni Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) həll etməlidir. Bu məsələ Müdafiə Nazirliyinin işi deyil. Müdafiə Nazirliyi yalnız təlimlərdən sonra həmin təlimlərə cəlb olunan şəxslərə arayış verir ki, filan şəxs 20 gün, yaxud 1 ay ərzində Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində təkmilləşdirmə kursunu bitirib. Vətəndaşların çağırılması ilə bağlı bütün məsuliyyət SHXÇDX-nin üzərinə düşür. Onlar həmin özəl müəssisələrə, o cümlədən dövlət qurumlarına rəsmən qanuni şəkildə izah etməlidirlər ki, əgər vətəndaş qısa, yaxud uzunmüddətli təlim toplanışlarına cəlb olunursa, onun iş, təhsil yeri toxunulmadan saxlansın. Bu təşkilatın, yaxud idarənin problemidir ki, filan şəxs 3 aylıq toplanışa gedəcək, həmin müddət ərzində onun işini kim görəcək?” Ekspert SHXÇDX-yə çağırış edib: “Azərbaycanın qanunları var, Azərbaycan hərbçisi həmin özəl, yaxud dövlət qurumlarının müdafiəsi və təhlükəsizliyi ilə məşğuldur. O insanlar hərbi təlimə öz kefindən getmir. Onlar hazırlığı keçirlər ki, sabah baş verə biləcək təhlükələrdə dövlətin yanında ola bilsinlər. İnsanalara problem yaratmaq olmaz. Bu işi SHXÇDX görməlidir. Həmin qurumda çalışan dostlarımıza təklif edirəm ki, işlərini ancaq çağırışla yekunlaşdırmasınlar. İnsanların digər problemlərinin həlli ilə də məşğul olsunlar. Çünki hərbidə olan insanlar Azərbaycan dövlətinin, hökumətinin maraqlarını təmsil etmək üçün həmin təlimlərə cəlb olunurlar. Bu nöqteyi-nəzərdən SHXÇDX məsuliyyət daşıyır və qanunlara əməl edilməsini onlar tələb etməlidir”. Xatırladaq ki, toplanışa çağırılmış hərbi vəzifəlilər çağırış üzrə vəzifələrini yerinə yetirdikləri, toplanış yerinə gedib-gəldikləri və toplanış keçirdikləri bütün dövrdə daimi iş yerində orta əmək haqqı saxlanılmaqla işdən azad edilirlər. Bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti məlumat yayıb. Göstərilən şəxslərin əmək müqaviləsinə, onlar çağırış vərəqəsi aldıqları gündən toplanışdan qayıdana qədər təşkilatın ləğv edildiyi hallar istisna olmaqla, xitam verilə bilməz: "Hərbi vəzifəlinin işlədiyi təşkilat ləğv olunduqda toplanış dövründə ona verilməli məbləğlər ləğv edilən təşkilat və ya onların hüquq varisi tərəfindən ödənilir. Toplanış dövründə xəstələnmiş hərbi vəzifəlinin iş yeri (vəzifəsi) müalicə müddəti ərzində saxlanılır, ona müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada müavinət ödənilir".
Ermənistanın əvvəlki konstitusiya referendumları xalqın iradəsini əks etdirmir. Sozcu.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib. Baş nazirin sözlərinə görə, Ermənistanda asayiş və cəmiyyət arasında uçurum var: “Ədliyyə sektorunda problemlər məhz buna görə yaranır. Və bu boşluq, digər məsələlərlə yanaşı, bütün konstitusiya referendumlarında ictimaiyyətin rəsmi nəticələrin xalqın iradəsini ifadə etmədiyi və ya tam ifadə etmədiyinə əmin olması ilə bağlıdır”.
“Bu gün dövlətçilik qurmaq bizim mütləq prioritetimizdir”. Sozcu.az xəbər verir ki, bunu aprelin 17-də Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə bildirib. "Təxminən 30 ildir ki, biz ilk növbədə Qarabağ probleminin həllinə, Qarabağ hərəkatına və bunun üçün hər şeyi qurban vermək məntiqinə sadiq olan bir dövlət modeli qururuq, bunu tənqid kimi deyil, reallıq kimi deyirəm, çünki hamımız, ən azı, çoxumuz bu modelə razıyıq. Mən Ermənistan Respublikasının Baş naziri kimi tədricən, addım-addım, əvvəlcə qeyri-müəyyən, sonra konkret olaraq başa düşdüm ki, əgər bizim üçün müstəqillik və dövlətçilik təsəvvür etdiyimiz Qarabağ probleminin həlli vasitəsidirsə, bir sıra xarici aktorlar üçün Qarabağ məsələsi dövlətimizin müstəqilliyi və inkişafının qarşısının alınması, dövlətçiliyimizə son qoyulması vasitəsidir”, - Paşinyan bildirib. Baş nazir bu hədəfin həyata keçirilməsinin 2020-ci ilin sentyabrında yekun mərhələsinə qədəm qoyduğunu, 2021-ci ilin mayında isə pik həddinə çatdığını, bu son məqsədin Ermənistanda da tərəfdarlarının olduğunu, müstəqillik və dövlətçilik deyil, Qarabağ məsələsinin vacib olduğuna inandıqlarını vurğulayıb. Paşinyan deyib ki, “Daşnaksütyun”un funksionerlərinin, Ermənistanın keçmiş rəhbərlərinin bu çərçivəyə, bu məntiqə uyğun olduğunu vurğulayıb: “Bu gün bu epoxal ideoloji toqquşmanın ikinci aktı baş verir. Hakim çoxluq və şəxsən mən bəyan edirik ki, Qarabağ hərəkatını davam etdirmək cəhdi dağıdıcıdır, çünki bu, Ermənistanın dövlətçiliyinin, müstəqilliyinin və suverenliyinin qarşısının alınması üçün alət olub və olacaq. Təəssüf ki, biz bunu çox gec başa düşdük. Müxalifət isə mahiyyət etibarı ilə deyir ki, Ermənistan dövlətçiliyinin bir məqsədi və mənası var – Qarabağ hərəkatı, Qarabağ məsələsi. Müxalifət deyir ki, Qarabağ hərəkatı onun hansı nəticələrindən asılı olmayaraq davam etməlidir”. Paşinyanın sözlərinə görə, 2018-ci ilin “məxməri inqilabı” nəticəsində Ermənistanda hakimiyyətə gələn siyasi komanda amansız sınaqlar və zərbələr altında intuisiya və cəsarət nümayiş etdirərək, Qarabağ hərəkatının çoxdan sona çatdığı faktına doğru addım-addım və hissə-hissə irəliləyib.
Ermənistanla Azərbaycan arasında yeni eskalasiya və hətta yeni müharibəni proqnozlaşdıran bütün söhbətlərə cavab vermək istəyirəm. Müharibə üçün heç bir əsas yoxdur. Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü, suverenliyini, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını, güc tətbiqinin yolverilməzliyini tanıyıb. Sozcu.az xəbər verir ki, bunu Ermənistan baş naziri Nikol Paşinyan parlamentdə çıxışında deyib. “Ermənistan və Azərbaycan xalqları sülhə və dinc yanaşı yaşamağa layiqdirlər. Müharibə olmayacaq, sülh olacaq”, - o bildirib.
Respublikaçı senatorlar arasında ABŞ prezidenti Donald Trampın səlahiyyətlərinin məhdudlaşdırılmasının zəruriliyindən danışan səslər peyda olmağa başlayıb. Sozcu.az "TSN"-ə istinadla xəbər verir ki, bunu "Ekspresso" kanalının efirində ABŞ dövlət katibinin keçmiş müşaviri, ABŞ Milli Təhlükəsizlik Şurasının Avropa və Avrasiya məsələləri üzrə keçmiş direktoru, eyni zamanda ABŞ-ın Azərbaycanadakı sabiq səfiri Metyu Brayza deyib. Onun sözlərinə görə, artıq respublikaçılar arasında belə söhbətlər gedir, lakin hələlik bu, gerçəkdən Trampın səlahiyyətlərini məhdudlaşdırmaq üçün kifayət deyil. Hətta bəzi respublikaçı senatorların Trampın səlahiyyətlərinin məhdudlaşdırılmalı olduğunu və bu səlahiyyətlərin ABŞ Konqresinə qaytarılmasına ehtiyac olduğunu dediklərini eşitməyə başlayırıq.Lakin biz hələ də bu az sayda senatorun onun səlahiyyətlərini gerçəkdən məhdudlaşdıra bilməsindən çox uzağıq. Düşünürəm ki, ABŞ iqtisadiyyatının həqiqətən də böyük ziyana uğradığı aydınlaşdıqda, Trampın tarif siyasətinin və qlobal ticarət müharibəsinin çılğınlığından geri çəkiləcəyini görəcəyik və biz bunu artıq ABŞ fond bazarlarında azalma ilə müşahidə edirik. Və düşünürəm ki, biz getdikcə daha çox Amerika şirkətlərinin investisiya qərarlarını və inkişaf planlarını təxirə salacaqlarını söyləyəcəklərini görəcəyik ki, bu da iqtisadiyyatda ləngiməyə gətirib çıxaracaq,” - Brayza izah edib. Onun sözlərinə görə, ticarət müharibəsinin nəticələri aydınlaşdıqdan sonra Ağ Ev öz siyasətini dəyişəcək. Amma hətta siyasət dəyişikliyi də Donald Tramp administrasiyasının siyasəti nəticəsində yaranacaq böyük itkilərin qarşısını ala bilməz. "Bu, staqflyasiyaya gətirib çıxaracaq - 1970-ci illərdə ABŞ-da olduğu kimi, aşağı artımla yüksək inflyasiya. Yaponiya bunu 1990-cı illərdə yaşadı. Görünür, ABŞ iqtisadiyyatı da eyni istiqamətdə gedir. Və biz bu iqtisadi fəlakətə düşdükdən sonra düşünürəm ki, Trampın ticarət müharibəsindən geri çəkilməkdən başqa çarəsi qalmayacaq. Lakin bu, böyük iqtisadi zərər və ABŞ-ın hüquq sistemini sarsıtmaq üçün potensial cəhdlər bahasına olacaq”, - o, əlavə edib. Brayza əmindir ki, Donald Tramp hələ də ABŞ qanunverici sistemini pozmağa çalışacaq. “Nəhayət, Tramp artıq ona qarşı çıxan aparıcı Amerika hüquq firmalarına təzyiq göstərməyə başlayıb və bu çox təhlükəlidir. Hər bir ölkədə olduğu kimi ABŞ-da da qanun müqəddəs olmalıdır. ABŞ-da hamı, hətta prezident də qanunlara tabe olmalıdır. Amma Tramp bu ənənəni aradan qaldırmağa çalışacaq”, - deyə keçmiş səfir yekunlaşdırıb.
Sosial şəbəkələrdə uşaq yaradıcılıq mərkəzlərində çalışan müəllimlərin də sertifikasiya prosesə cəlb ediləcəyi ilə bağlı iddialar yayılıb. Mövzu ilə bağlı Modern.az-a danışan Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Rasif Dünyamalıyev bildirib ki, bu məsələyə birtərəfli baxılmamalıdır: “Uşaq yaradıcılıq mərkəzlərinin hamısı vaxtilə təhsil müəssisələri idi. İdman məktəbləri, şahmat məktəbləri, yaradıcılıq mərkəzləri fəaliyyət göstərir. Orta məktəbdə rastlaşdığımız neqativ hallar həmin mərkəzlərdə də var. Orada da bəzi əməkdaşlar vaxtilə hansısa yollarla işə düzəliblər. Onların inkişafı, yoxlanılması ilə bağlı heç bir fəaliyyət həyata keçirilməyib. Elm və Təhsil Nazirliyinin səlahiyyəti var ki, öz əməkdaşlarını yoxlasın. Çünki həmin şəxslərin əmək haqqı dövlətin büdcəsindən ödənilir. Həmin şəxslər tutduqları vəzifəyə uyğun deyillərsə, dövlət büdcəsini talamış sayılırlar. Biz məsələyə bu cür baxmalıyıq. Əgər bir nəfərin yerinə 5 nəfər uyğun olmayan şəxs işləyirsə, onları azad edək, həmin uyğun olan bir nəfərə də yüksək əmək haqqı verək. Bu məsələ digər məktəblərin sertifikatlaşdırılmasının yanında kölgədə qalır. Bu proses artıq gecikir. “Bu yaxınlarda Mədəniyyət Nazirliyinin tabeliyindəki məktəblərdə imtahanlar keçirildi. Gördünüzmü necə biabırçılıq ortaya çıxdı. Həmin insanlar da vaxtilə hansısa yollarlasa bu müəssisələrə doluşublar. Həmin şəxslər dövlət büdcəsini dağıtmaqla məşğuldurlar. Ona görə də, bu sahədə də sertifikatlaşdırma prosesinin zamanıdır. Gələcək bizdən tələb edir ki, büdcəmizi daha səmərəli və effektiv istidadə edək. Ona görə də cəmiyyət olaraq bu məsələlərin qarşısında durmamalı, dəstəkləməliyik”, - R.Dünyamalıyev qeyd edib.