Qriqoryan: Müharibədə batan, totalitar Rusiya, sus!

Baş nazir Nikol Paşinyanın strateji düşüncə nümayiş etdirdiyi bir zamanda rusiyalı siyasətçilər susmalı və Ermənistana məsləhət verməməlidirlər. Paşinyanın qərarı ilə Ermənistan XİN-in tərkibində Avropaya inteqrasiya departamenti yaradılıb. İlk baxışdan bu, sadəcə texniki addım kimi görünsə də, əslində vacib simvolik və strateji qərardır. Ermənistan AB ilə yaxınlaşma kursunu ritorika səviyyəsində deyil, dövlət diplomatiyası strukturu səviyyəsində institusionallaşdırır. Bu o deməkdir ki, Avropa istiqaməti İrəvan üçün prioritet istiqamətə çevrilir. Məhz belə bir anda Moskvada qıcıq və hədələrlə dolu səslər eşidilir. Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini Viktor Vodolatski AB-ni guya Ermənistan, Azərbaycan və Gürcüstanın “dövlətçiliyini məhv etmək” cəhdində ittiham edir. Vodolatskinin sözlərinə görə, AB ölkələri Ukrayna ssenarisinə doğru aparır. Bu bəyanat, digərləri kimi, Rusiya rəsmisinin suveren dövlətlərin daxili işlərinə kobud müdaxiləsinin növbəti nümunəsidir. Sozcu.az xəbər verir ki, bunu erməni analitik Qalust Qriqoryan deyib. “Bu, qonşular üçün narahatlığı yox, qorxunu əks etdirir: keçmiş sovet respublikalarının Rusiyanın təsir orbitindən çıxacağından və həqiqətən müstəqil oyunçulara çevriləcəyindən doğan qorxunu. Vodolatski Ermənistanın Avropa seçimini şərh etmək əvəzinə, öz ölkəsində baş verənlərə diqqət yetirə bilərdi. Rusiya bu gün siyasi azadlığı olmayan, vətəndaş təşəbbüslərinin boğulduğu və ictimai rəyə ciddi nəzarət olunan bir mühitdə yaşayır. Vaxtilə müxtəlif baxışların səsləndiyi yerdə indi ancaq şüarlar qalıb. Seçkinin keçirilməli olduğu yerdə ancaq imitasiya qalıb. Əvvəllər dissident adlandırdıqlarını isə bu gün “xarici agent” adlandırırlar. Bu, müasir Rusiyanın reallığıdır - müxalifətin sadəcə susdurulmadığı, əksinə məhv edildiyi Stalin repressiyaları dövrünə yaxın bir reallıqdır. Qoy hər kəs öz işi ilə məşğul olsun. İqtisadi və demoqrafik problemlər içində boğulan, Ukraynaya qarşı müharibədə batan, minlərlə insan və milyardlarla dollar itirən Rusiya başqalarına mühazirə oxumaq üçün mənəvi haqqını itirib. Ermənistana münasibətdə belə bəyanatlar qəbuledilməzdir. Paşinyan Avropaya inteqrasiya departamentini yaradan zaman strateji düşüncə nümayiş etdirib. O, sadəcə olaraq xarici siyasət idarəsinin aparatını gücləndirmir, Avropa vektorunu institutsionallaşdırır. Rusiya siyasətçiləri isə susmalı, Ermənistana məsləhət verməməlidirlər. Axı onların ölkəsi çoxdan örnək olmaqdan çıxıb. Moskva Ukrayna ilə öz sisteminin zəif tərəflərini və beynəlxalq təcridini üzə çıxaran müharibədə bataqlığa düşüb”, - o bildirib.

21 nəfər saxta şəhadətnamə əldə edib - Rəsmi

2024-cü ilin aprel ayından 2025-ci ilin aprel ayına qədər Qaydaların 4.1-ci bəndinin tələblərinə uyğun olmadığı üçün kvalifikasiyasının tanınması barədə imtina qərarı verilmiş 12 nəfərin müxtəlif yollarla saxta tanınma şəhadətnaməsi əldə etmələri tərəfimizdən aşkar olunub və qanunvericiliyin tələblərinə uyğun olaraq hüquqi qiymət verilməsi məqsədilə aidiyyəti qurumlara göndərilib. Bu barədə Sozcu.az-a Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib. "Təəssüflə qeyd edirik ki, son 5 ay ərzində 9 belə hal aşkarlanıb. Bildiririk ki, bəzi şəxslər tərəfindən tanınma qərarlarının müxtəlif qeyri-rəsmi üsullarla dəyişdirilə biləcəyi ilə bağlı verilən vədlər həqiqətə uyğun deyil və bu cür hallara yol verilməsi qanunvericilikdə müəyyən olunmuş məsuliyyətə, o cümlədən cinayət məsuliyyətinə səbəb ola bilər. Bu baxımdan, vətəndaşlara yalnız qanunvericilikdə müəyyən olunmuş rəsmi prosedurlar çərçivəsində hərəkət etmələri tövsiyə olunur", - məlumatda bildirilib. Qeyd edək ki, xaricdə əldə olunmuş kvalifikasiyaların tanınması Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları” (bundan sonra Qaydalar) əsasında həyata keçirilir. Qeyd edək ki, xaricdə əldə olunmuş kvalifikasiyaların tanınması üçün Qaydaların 4-cü bölməsində təsbit olunan tanınmaya dair tələblərin tam təmin olunması zəruridir.

Sandu Gürcüstanda etirazçılara dəstək verdi

Moldova Prezidenti Maya Sandu Tiflisdə baş verən etiraz aksiyalarına dəstək verib. Sozcu.az xəbər verir ki, Sandu bu barədə özünün X səhifəsində yazıb. “Mənim fikirlərim öz azadlığını və Avropa gələcəyini müdafiə edən Gürcüstan xalqının yanındadır. Demokratiyanı susdurmaq olmaz. Moldova sizin tərəfinizdədir”, - Sandu bildirib. Qeyd edək ki, ötən gün Tiflisdə bələdiyyə seçkilərinin nəticələrinə etiraz edən müxalifət aksiya keçirib. Etiraz aksiyaları nəticəsində 21-i polis olmaqla 27 nəfər yaralanıb.

DİN-dən xəbərdarlıq: Bu kodu tanımadığınız şəxslərə verməyin!

Bank kartlarından kiber oğurluq hallarının sayı ümumilikdə kəskin azalsa da, son günlər vətəndaşların bank kartlarına kiber müdaxilə halları yenidən müşahidə olunur. Bu barədə Sozcu.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, xarici nömrələrdən bank əməkdaşı adı ilə daxil olan saxta zənglər və mesajlar kart sahiblərini aldadaraq maliyyə məlumatlarını ələ keçirmə cəhdləridir: "Heç vaxt bank kartınızın PIN kodunu, SMS-ə gələn təsdiq şifrəsini, CVV kodunu və digər məxfi məlumatları tanımadığınız şəxslərlə paylaşmayın. Heç bir bank telefon zəngi və ya SMS vasitəsilə kart məlumatı tələb etmir, belə müraciətlərə inanmayın, onlar saxtadır. Şübhəli zəng və yazışmalara heç bir halda cavab verməyin, əlaqəni dərhal kəsin və nömrəni bloklayın. Əgər kart məlumatlarınızı bölüşmüsünüzsə və ya şübhəli əməliyyat aşkar etmisinizsə, dərhal bankınızla əlaqə saxlayın, kartı blokladın və əməliyyatlar üzrə məlumat verin. Zərərçəkmiş olmusunuzsa və ya saxta zəng barədə məlumatınız varsa, polis orqanlarına müraciət edin və şübhəli nömrə və mesaj barədə məlumat verin. Hər kəsə diqqətli olmağı, kiber təhlükəsizlik qaydalarına riayət etməyi tövsiyə edirik".

Şərurlu İsfəndiyarın işi üzrə ekspert rəyi elan edildi

"Şərur MTK"nın sahibi İsfəndiyar Axundova (Şərurlu İsfəndiyar) qarşı “Proqress 2016” MTK-nın həbsdə olan rəhbəri Emil Səməndərov tərəfindən xüsusi ittiham qaydasında şikayət ərizəsi üzrə məhkəmə prosesi keçirilib. Sozcu.az xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrlik etdiyi prosesdə ekspertiza rəyi elan edilib. Linqivistik ekspertiza müəyyən edib ki, İsfəndiyar Axundov verdiyi müsahibələrdə bir neçə dəfə Emil Səməndərovu təhqir edib. Təqsirləndirilən şəxsin vəkilləri Ülvi Nəsibli və Şahbaz Kərimli isə ekspertiza rəyinin ziddiyyətli olduğunu bildiriblər. Vəkil Ülvi Nəsibli AMEA-nın Dilçilik İnstitutundan əlavə müttəxəssis çağırılması ilə bağlı vəsatətlə çıxış edib. Emil Səməndərovun vəkili Asim Abbasov isə qeyd edib ki, linqivistik ekspertizanın rəyində İsfəndiyar Axundovun müvəkkilini təhqir etdiyi açıq-aşkar göstərilib. Bu səbəbdən vəsatətin təmin edilməməsini xahiş edib. Məhkəmə vəsatəti təmin edib. Vəkil Asim Abbasov məsələyə rəy verən ekspert Almaz Bayramovanın da prosesə çağırılması üçün vəsatət verib. Məhkəmə vəsatətə baxılmasını təxirə salıb. Növbəti proses oktyabrın 16-na təyin edilib. Xatırladaq ki, İsfəndiyar Axundovu “Proqress 2016” MTK-nın həbsdə olan rəhbəri Emil Səməndərov məhkəməyə verib. Buna əsas kimi Axundovun onu yekun məhkəmə qərarı olmadan dələduz adlandırmasını göstərib. Buna görə də İ. Axundov Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə xüsusi ittiham qaydasında şikayət edilib. Xüsusi ittihamçı İsfəndiyar Axundovun qeyd olunan maddələrin sanksiyası həddində azadlıqdan məhrum edilməsini istəyir.

Sumud basqınını lənətləyirəm – Ərdoğan

Qəzzadakı fələstinlilərə yardım göndərmək məqsədilə yola çıxmış Sumud donanmasına qarşı törədilən bu quldurluğu lənətləyirəm. Sozcu.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. “İsrail rəhbərliyinin beynəlxalq sularda dinc insanlara qarşı həyata keçirdiyi bu hücum Qəzzadakı insanlıq əleyhinə cinayətlərini gizlətmək üçün soyqırım dəstəsinin necə dəliyə döndüyünü bir daha sübut edir. Sumud basqını Qəzzadakı vəhşiliyi və qatillərin əsl simasını bütün dünyaya göstərdi. Donanmadakı bütün sərnişinlərin yanındayıq”, - Ərdoğan bildirib. Qeyd edək ki, 37 ölkədən 200-dən çox üzvü olan 21 gəmidən ibarət Sumud donanması avqustun sonunda Barselona limanından yola çıxıb. İsrail Hərbi Dəniz Qüvvələri donanmanı ötən gün Qəzza zolağından 130-150 kilometr aralıda saxlayıb və fəalları girov götürüb. Saxlanılan şəxslər arasında Türkiyə vətəndaşları da var.

400 minlik qaçaqmalçılıq: vəzifəli şəxslər saxlanıldı

İranla Azərbaycan arasında dərman və tütün qaçaqmalçılığına şərait yaradan vəzifəli şəxslər saxlanılıb. Sozcu.az xəbər verir ki, bu barədə Baş Prokurorluq və Dövlət Gömrük Komitəsi birgə məlumat yayıb. Qeyd olunub ki, istintaqla Dövlət Komitəsinin Biləsuvar Gömrük İdarəsinin 1-ci şöbəsinin inspektoru Vüsal Hüseynov və həmin şöbəyə təhkim olunmuş "Azərterminalkompleks" Birliyinin instruktor-kinoloqu Asif Hacımuradovun Etibar Hatəmli və İran vətəndaşı Jafar Rezeyan ilə qabaqcadan əlbir olaraq öz qulluq mövqelərindən istifadə etməklə aralarındakı razılaşmaya uyğun sonuncunun İrandan əldə etdiyi ümumilikdə 400 min manat dəyərində dövlət qeydiyyatından keçməyən, o cümlədən tərkibində güclü təsir edən və psixotrop maddələr olan dərman vasitələrini və aksiz markasız tütün məmulatlarını gömrük nəzarətindən kənar keçirib Azərbaycan ərazisində aidiyyəti şəxslərə təhvil verilməsini təmin etmələrinə əsaslı şübhələr müəyyən edilib. Toplanmış ilkin sübutlar əsasında Vüsal Hüseynov, Asif Hacımuradov, Jafar Rezeyan və Etibar Hatəmliyə müvafiq olaraq Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda dərman vasitələrinin qanunsuz dövriyyəsi), 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda qaçaqmalçılıq), 213-1.2.1, 213-1.2.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan idxal etmə), 234.4.1, 234.4.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda psixotrop maddələrin qanunsuz dövriyyəsi), 240.3.2 (külli miqdarda güclü təsir edən maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilib. İstintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Vüsal Hüseynov, Asif Hacımuradov və Etibar Hatəmli barəsində məhkəmənin qərarı ilə həbs, Jafar Rezeyan barəsində isə istintaq orqanının qərarı ilə həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilib. Hazırda iş üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

AB Rusiyaya qarşı mövqeyini sərtləşdirməlidir - Makron

Avropa Birliyi Rusiyaya qarşı mövqeyini sərtləşdirməlidir. Sozcu.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib. “Bizim iki əsas məqsədimiz var: Ukraynaya yardım və Avropa müdafiəsinin qurulması. Əsas olan müdafiə proqramları üçün kreditlərin ayrılmasına imkan verən yeni maliyyə alətlərinin yaradılması barədə qərarlar qəbul edilib”, - Makron qeyd edib.

"Prokurorluğun fəaliyyətində müəyyən nöqsanlar var" - Kamran Əliyev

Prokurorluğun fəaliyyətində müəyyən nöqsan və qüsurlar var. Sozcu.az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev 1 Oktyabr Azərbaycan prokurorluq işçilərinin peşə bayramı günü və Azərbaycan Prokurorluğunun yaradılmasının 107-ci ildönümünə həsr olunmuş tədbirdə deyib. O, prokurorluq orqanlarının fəaliyyətindəki mövcud nöqsanların aradan qaldırılması üzərində işlədiklərini vurğulayıb

Adnan həbs olundu, ödənişlər dayandı: Onlar geri göndərilir

Artıq 2 ildən çoxdur ki, “Marset” Futbol Akademiyası ilə ASTA (Azerbaijan Sport Talents Academy) arasında əməkdaşlıq çərçivəsində 30-dan çox azərbaycanlı uşaq bu akademiyada futbol oynayır. Sozcu.az Sportal.az-a istinadən xəbər verir ki, iş adamı Adnan Əhmədzadənin həbsindən sonra “Marset” azərbaycanlı uşaqları geri göndərmək qərarı verib. Buna səbəb ASTA-nın növbəti ay üçün ödənişləri etməməsidir. Oradakı uşaqların valideynlərinə mövcud durumla bağlı bildiriş olub. Ehtimal var ki, “Marset” ən istedadlı bir neçə nəfəri saxlasın. Oktyabrın 1-də İspaniya klubu yekun qərarını verəcək. ASTA-nın rəhbəri Rafael Bünyatov açıqlamalarında bu günə qədər bütün xərclərin Adnan Əhmədzadə tərəfindən qarşılandığını deyib. İş adamının həbs olunması ilə ödənişlər dayandırılıb. Qeyd edək ki, Bakının Səbail Rayon Məhkəməsi sentyabrın 20-də SOCAR-da yüksək vəzifələr tutmuş A.Əhmədzadə barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Adnan Əhmədzadə iqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur.

Putin başqa cəbhə açacaq - Zelenski

Rusiya Prezidenti Vladimir Putin Ukraynadakı müharibə bitməmiş yeni bir cəbhə açmağı planlaşdırır. Sozcu.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladmir Zelenski brifinqdə çıxış edərkən deyib. “Kreml Avropanın reaksiyasını PUA təxribatları ilə yoxlayır. Çünki Kiyevə olan dəstəyi zəiflətməyə çalışır. Rusiya hərəkətləri gözlənilməz olmayıb. Artıq Putinin yeni müharibəyə hazırlaşdığı barədə xəbərdarlıqlar edilmişdi. Mən düşünürdüm ki, bu daha tez baş verəcək və bu barədə danışmışam. Sual yaranır ki, Putin Ukraynada müharibənin bitməsini gözləməyəcəkmi? O başqa cəbhə açacaq. Ukrayna artıq bir neçə ölkə ilə məsləhətləşmələr aparıb. Lakin hansı ölkələrlə olduğunu açıqlamayacağıq. Dron əleyhinə əməliyyatlar ilə bağlı mütəxəssislər birgə qrup yaradacaq və bəzi ölkələrin nümayəndələri təlim üçün Ukraynaya gələcəklər”, - deyə Zelenski bildirib.

ABŞ səfirliyi Anım Günündə Azərbaycanla həmrəyliyini ifadə etdi

Azərbaycanın Anım Günündə on illərlə davam edən münaqişə zamanı həyatını itirən azərbaycanlıları xatırlayırıq. Sozcu.az xəbər verir ki, bu barədə Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyinin X sosial şəbəkə hesabında paylaşım edilib. "Avqustun 8-də Vaşinqtonda biz Cənubi Qafqaz üçün yeni bir mərhələnin başlanğıcını gördük və Amerika Birləşmiş Ştatları bu bölgədə daimi sülhün möhkəmlənməsi üçün səylərini davam etdirəcək. Amerika Birləşmiş Ştatlarının Səfirliyi yaxınları itirmiş azərbaycanlılara və onların ailələrinə ən dərin hüznlə başsağlığı verir", - deyə paylaşımda bildirilib.