Ermənistandakı Rusiya hərbi bazası Qarabağa köçürülür? - ŞOK İDDİA

Ermənistan XİN rəhbərinin MDB iclasında iştirakdan imtina etməsinə gəlincə, bu, İrəvan rəhbərliyinin ilk demarşı deyil. İrəvanın davranışı eyni anda iki stulda oturmaq istəyini ortaya qoyur. Bu isə yumşaq desək, son dərəcə çirkin görünür və üstəlik, belə bir məqamda nəyisə, məsələn, şalvarı cırmaq olar.  Sozcu.az xəbər verir ki, bunu rusiyalı ekspert Aleksey Martınov deyib. "Mİ-6-nın rəhbəri Riçard Mur tez-tez İrəvana gedir, Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Börns də orada olur. Bütün bunlar Ermənistan tərəfindən təxribat xarakterlidir. Rusiya-Ermənistan münasibətlərinin gələcəyi ilə bağlı proqnozdan danışsaq, o zaman Moskva, əlbəttə ki, heç bir kəskin addım atmayacaq. Çünki Rusiya ümumiyyətlə, emosional düşüncələrə meylli deyil, baxmayaraq ki, Paşinyanın yeni Qərb dostları tərəfindən fəal şəkildə təhrik olunur. Rusiyanın Cənubi Qafqazdakı hərbi mövcudluğuna gəlincə isə xatırlatmaq istərdim ki, Ermənistan ərazisində Gümrüdə Rusiya hərbi bazası var və bu, təkcə Rusiyanın mövcudluğunu deyil, həm də bütün regionun təhlükəsizliyini təmin edir. Baxmayaraq ki, Ermənistan Azərbaycanla münaqişə vəziyyətindədir və hələ də sülh müqaviləsi imzalanmayıb, əminəm ki, Rusiya regionda öz hərbi mövcudluğunu qoruyacaq. Baza məsələsi yenidən gündəmə gəlsə, o zaman çox güman ki, Rusiya bazası Qarabağ ərazisinə keçəcək. Rusiya istənilən digər münaqişədə olduğu kimi bu münaqişədə də heç kimin tərəfini tutmur, lakin Kreml regionda olmasını tələb edən geostrateji maraqlarını müdafiə edir və bu, təmin olunacaq", - o bildirib.

“Rusiya çalışır ki, Azərbaycan və Ermənistan arasında hərbi toqquşma olsun”

“Rusiya hazırda çalışır ki, Azərbaycan və Ermənistan arasında yeni hərbi toqquşma baş versin. Ümid edirəm ki, bizim hakimiyyət bu ssenaridən yayına biləcək”. Sozcu.az xəbər verir ki, bunu politoloq Şahin Cəfərli özünün sosial şəbəkə hesabında yazıb. O bildirib ki, Azərbaycan Rusiya ilə imzalanmış Bəyannamə əsasında Ermənistanın Rusiyadan qopub, Qərblə yaxınlaşmasına qarşı sərt mövqe nümayiş etdirmək öhdəliyi götürüb. “Bəzən mürəkkəb görünən məsələlərin sadə izahı olur. Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında imzalanmış Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə var. Bəyannamənin 4-cü maddəsində yazılıb: “Rusiya Federasiyası və Azərbaycan Respublikası aktual beynəlxalq problemlər üzrə eyni və ya yaxın mövqelər tutmaqla, o cümlədən ikitərəfli səviyyədə də daxil olmaqla, konstruktiv əməkdaşlığı dərinləşdirirlər, eləcə də qarşılıqlı maraq kəsb edən məsələlər üzrə BMT, ATƏT, MDB, digər beynəlxalq təşkilat və forumlar çərçivəsində qarşılıqlı fəaliyyət göstərirlər”. 5-ci maddə orta məktəb şagirdinin də anlayacağı dərəcədə sadə və aydındır: “Tərəflər Qafqaz və Xəzər regionlarında sabitlik və təhlükəsizliyin təmin edilməsi məqsədilə xarici siyasət fəaliyyəti sahəsində qarşılıqlı fəaliyyət göstərirlər". Yaxud 7-ci maddəyə baxaq: “Rusiya Federasiyası və Azərbaycan Respublikası Tərəflərdən birinin fikrincə iki dövlətin strateji tərəfdaşlığına və müttəfiqlik münasibətlərinə xələl gətirən hər hansı hərəkətlərdən çəkinirlər”. 25-ci maddəyə nəzər salaq: “Rusiya Federasiyası və Azərbaycan Respublikası digər Tərəfin maraqlarına birbaşa və ya dolayı zərər vuran hər hansı iqtisadi fəaliyyətlərin həyata keçirilməsindən çəkinəcəklər””. Politoloq qeyd edib ki, Qərbin Ermənistana yerləşməklə Azərbaycana hərbi təhdid törətdiyi yönündə yerli KİV-də aparılan təbliğat isə Azərbaycanın sözügedən öhdəliklə bağlı həyata keçirdiyi siyasəti, o cümlədən rus ordusunun Azərbaycanda qalmasını ölkə daxilində əsaslandırmağa və haqlı göstərməyə yönəlib.

“Ev dustaqlığına buraxılmaq azadlığımdan daha çox həyatım üçün lazımdır”

“Toplum TV”nin həbsdə olan təsisçisi, media hüququ üzrə ekspert Ələsgər Məmmədlini ev dustaqlığına buraxmaqdan imtina edən Xətai Rayon Məhkəməsinin bu qərarından vəkili apelyasiya şikayəti vermişdi. Şikayətə aprelin 3-də Bakı Apelyasiya Məhkəməsində baxılıb. Sozcu.az“Meydan TV”yə istinadla xəbər verir ki, məhkəmədə vəkil Aqil Layıc şikayətində göstərilən arqumentləri sadalayıb. Deyib ki, müvəkkili heç bir cinayət törətməyib, onun həbsdə saxlanmasına əsas yoxdur. Onun sözlərinə görə, Ələsgər Məmmədlinin həbsdə saxlanması humanizm prinsiplərinə də ziddir. Çünki həbsdə saxlanması həyatına təhlükədir. Onun səhhətində ciddi problemlər var. Ələsgər Məmmədli xərçəng ehtimalı ilə əlaqədar müayinədən çıxarkən klinikanın önündə tutulub. Ələsgər Məmmədli özü də şikayətin təmin olunmasını istəyib. “Ev dustaqlığına buraxılmaq azadlığımdan daha çox həyatım üçün lazımdır. Mən təcili müayinə və müalicə olunmalıyam”, – Ələsgər Məmmədli bildirib. O vurğulayıb ki, həbsdə olduğu müddətdə boğazındakı şiş də böyüyüb və boğulma yaradır. Hüquqşünas əlavə edib ki, heç bir cinayət törətməyib, müstəqil medianı susdurmaq üçün sifarişlə həbs olunub. Müstəntiq isə əksinə, Ələsgər Məmmədli haqqında həbs qətimkan tədbirinin ev dustaqlığıyla əvəzlənməsinə etiraz edib. Deyib ki, həbsdən buraxılsa, sonradan yayına bilər, şahidlərə və proses üçün əhəmiyyətli digər şəxslərə təsir göstərmək ehtimalı var. Müdafiə tərəfinin arqumentlərinə baxmayaraq, hakimlər şikayəti təmin etməyib – Bakı Apelyasiya Məhkəməsi də Ələsgər Məmmədlini ev dustaqlığına buraxmaqdan imtina edib. Vəkil Aqil Layıc bildirib ki, müvəkkilinin təcili müayinə və müalicəsi üçün Ədliyyə Nazirliyinə, Penitensiar Xidmətə müraciətlər ünvanlayıb. Lakin müraciətlərinin heç bir nəticəsi yoxdur: “Təəssüf edirəm ki, insan həyatına belə yanaşırlar. Məhkəmələr humanizm prinsipinə əhəmiyyət vermirlər. Ələsgər Məmmədli təcili iynə biopsiyası olunmalıdır”. Martın 6-da “Toplum” internet televiziyasının ofisində polisin axtarışı olub və qapısı möhürlənib. Media orqanıyla bağlı cinayət işi üzrə ümumilikdə 9 nəfər cinayət məsuliyyətinə cəlb olunub. Onlardan 7 nəfər haqqında həbs qətimkan tədbiri seçilib, ikisinin isə istintaq dövründə azadlıqda qalmasına qərar verilib. Həbs olunanlar arasında “Toplum TV”nin təsisçisi, media hüququ üzrə ekspert Ələsgər Məmmədli, video-redaktor Müşfiq Cabbar, Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanov, III Respublika Platformasının Qurucu Heyət üzvü Ruslan İzzətli və digərləri var. Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsilə ittiham irəli sürülüb. İddia olunur ki, axtarış zamanı “III Respublika”nln ofisindən və təqsirləndirilən şəxslərin evlərindən külli miqdarda xarici valyuta tapılıb. Lakin təqsirləndirilən şəxslər bu ittihamın saxta olduğunu, pulların da axtarış aparılan məkanlara polislərin özləri tərəfindən qoyulduğunu, daha sonra götürüldüyünü bildirirlər. Onlar hesab edir ki, siyasi sifarişlə həbs olunublar, məqsəd ölkədə müstəqil medianı susdurmaqdır.

"İran Azərbaycanla müharibəyə başlayacaq" - SENSASİON AÇIQLAMA

“İranın fikrinə laqeyd yanaşmaq olmaz. O, Azərbaycanla müharibəyə başlayacaq. Həm də təkcə Azərbaycanla deyil, Türkiyə ilə də”. Sozcu.az xəbər verir ki, bu fikirləri rusiyalı politoloq Maksim Şevçenko “Vestnik Kavkaza”nın xüsusi layihəsində – Zəngəzur dəhlizi ilə bağlı “Qaynama nöqtəsi”ndə bildirib. Tarixçi-jurnalist Elmar Hüseynovla söhbətində o daha sonra vurğulayıb: “Fransa İrana kömək edəcək. NATO-nun bir hissəsi parçalanacaq. Zəngəzur dəhlizi olarsa, o zaman İran dünya siyasətinin strateji ölçüsündən atılacaq”.konkret)

Ruslan Əliyevə yeni vəzifə verildi

“Azəriqaz” İstehsalat Birliyinin sabiq baş direktoru Ruslan Əliyevə Azərenerji ASC-də yeni vəzifə verilib. Sozcu.az Unikal-a istinadla xəbər verir ki, bununla bağlı "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayev əmr imzalayıb. Əmrə əsasən, Ruslan Əliyev Azərenerji ASC-nin departament direktoru təyin edilib. Xatırladaq ki, Ruslan Əliyev ötən ay "Azəriqaz"ın baş direktoru vəzifəsindən azad edilmişdi.

ABŞ Honqkonq rəsmilərinə qarşı sanksiya tətbiq edib

ABŞ Çinin Honqkonq Xüsusi İnzibati Bölgəsinin rəsmilərinə viza sanksiyaları tətbiq edib. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Entoni Blinken məlumat verib. Onun yazılı bəyanatında qeyd olunub ki, Çin hakimiyyəti Honqkonqda vətəndaş cəmiyyəti, media və fərqli fikirlərə qarşı təzyiqləri gücləndirir. O, konkret kimin ABŞ-ın hazırkı məhdudiyyətləri altına düşdüyünü açıqlamayıb. . “Biz Konqres və beynəlxalq ictimaiyyətlə birlikdə Honqkonq xalqının qorunan hüquq və azadlıqlarının bərpasına, milli təhlükəsizlik qanununa əsasən haqsız yerə həbs edilmiş şəxslərin dərhal azad edilməsinə çağırış edərək onlara dəstək olmaq üçün işləməyə davam etməyə sadiqik”, - Blinken deyib.

Elə vəziyyət yaratmalıyıq ki, müharibə… - Paşinyan

Biz sülh haqqında çox danışmalıyıq, lakin unutmamalıyıq ki, bu, təkcə bizim qərarımızdan asılı deyil. Biz elə bir vəziyyət yaratmaq istəyirik ki, müharibə mümkünsüz olsun. Sozcu.az xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan dünən Gümrüdə Mülki Müqavilə Partiyasının təşəbbüs qrupu ilə görüşündə deyib. “Bunun başlayıb-başlamayacağını deyə bilmərik. Bizim siyasi məqsədimiz belədir: bu ölkə ətrafında elə bir vəziyyət yaratmalıyıq ki, müharibə sadəcə qeyri-mümkün olsun. Bu, çox çətin məsələdir”, - o bildirib.

"Krokus" terrorunu ermənilər Bakıya qarşı törədib? – Şok

Moskvada Ağalarov ailəsinə məxsus “Krokus Siti Holl” ticarət mərkəzi tikilən gündən qısqanclıqla qarşılanmışdı. Çünki təkcə buranın konsert zalı 7,2 min tamaşaçını, Kreml sarayı isə 5,5 min tamaşaçını yerləşdirə bilir. 15 min nəfərlik “VTB-Arena”, “Otkrıtaya Arena” meydançasında 12 min nəfərlik yeri olan konsert zalı və Avtozavodskda 15 min nəfərlik “Vse zvezdı” adlı zallar ideyası məhz Ağalarov biznesinə qarşı yaradılmışdı. Hətta bütün Rusiyada söz sahibi olan Hikmət Sabirabadlı da bu şirkətin əsas ofisi qarşısında qətlə yetirilmişdi və hüquq-mühafizə orqanları cinayəti indiyə qədər açmamaqla göstərirlər ki, onların bir azərbaycanlının belə böyük biznesinə dözmək fikirləri yoxdur. Təkcə buranın zalı illik ən azı 35 milyon dollar gəlir gətirir, 70 milyon dollar sərmayə cəmi iki ilə geri qayıtdı. Sozcu.az xəbər verir ki, bu barədə tarixçi alim Zaur Əliyev qeyd edib. “Şəxsi fikrimə görə, bu teraktda xarici təsir yoxdur. Məncə, bu, digər biznes qruplarının Ukrayna müharibəsindən istifadə edib Ağalarov biznesinə zərbə vurmasıdır. Xüsusilə Ara Abramyanın Ağalarova zərbə vurmaq niyyəti çoxdan var idi. Hesab edirəm, düzgün araşdırma aparılsa, burada Rusiya kəşfiyyatının özünün əli olması sübut edilə bilər və ehtimalla erməni terror qruplarından istifadə edilib. Ola bilsin, Şərqdən də xüsusi adamlar bu terakta cəlb edilib. Kadrlara baxdım, peşəkar qrup işinə oxşayır və eyni zamanda bəzi kadrlardan onların səsi var, ciddi ləhcə hiss edilir”, - o bildirib. Alim vurğulayıb ki, Rusiya FSB-sinin bura qədər gələn tam silahlı dəstəni izləyə bilməməsi də qəribədir: “Bir müddət əvvəl Qudkov və Kasparov silahlı üsyana başlamaq barədə çağırış da etmişdilər. İkisi də Ermənistanın açıq qoruyucuları olan şəxslərdir. Hesab edirəm ki, bir azərbaycanlıya olan terrordur bu və eyni zamanda bizim dövlətə hansısa mesajı vermək istəyirlər. Həmçinin qeyd edim ki, dünən və bu gün yüzlərlə azərbaycanlı Novruz bayramı ilə bağlı “Krakus”da tədbirlərdə iştirak etmək üçün gedib. Məhz bu günü seçmələri də təsaddüfi deyil”.

"20 il əvvəl törədilən Nord-ost teror aktı ssenarisinin təkrarlanması ciddi suallar doğurur" - Mustafa Hacıbəyli

Moskvada yerləşən “Krokus Siti Holl”da terror aktı baş verib. Nəticədə ilkin ehtimala görə, 130 nəfər həlak olub, yüzlərlə yaralı var. Kompleksdə partlayışdan sonra yanğın hələ də davam edir.  Müsavat Partiyasının mətbuat xidmətinin rəhbəri Mustafa Hacıbəyli terror aktında Rusiyanın xüsisi xidmət orqanlarının fəaliyyətinin ciddi sualalr doğurduğunu bildirib:  "Moskvada Araz Ağalarova məxsus "Krokus Siti"də konsert zamanı terror törədilib. Necə olubsa, seçkidə bir seçki qutusuna "zelyonka" tökən vətəndaşın qarşısını alan Rusiya xüsusi xidmət orqanları, onlarla insanın öldürülməsi, yüzdən çox insanın yaralanması ilə nəticələnən o boyda hücumun qarşısını ala bilməyib. İstər-istəməz Moskvada 20 il əvvəl törədilən Nord-ost teror aktı yada düşür. O vaxt bir çox suallar açıq qalmışdı. Həmin terror aktının cəmiyyəti çeçenlərə qarşı səfərbər etmək üçün FSB-nin sifarişi ilə törədildiyi barədə iddialar vardı. Uzun fasilədən sonra, Kremlin cəmiyyəti Ukraynaya qarşı səfərbər etməyə çalışdığı vaxt eyni ssenarinin təkrarlanması ciddi suallar doğurur".

“İdman şapkasını “namus” adlandıranlar əvvəlcə özlərinə baxsınlar” - Folklorşünas OD PÜSKÜRDÜ

Milli mənəvi dəyərlərimizin ayrılmaz hissəsi olan Novruz bayramının xalqımızın tarixi yaddaşında müstəsna rolu var. Novruzun atributlarından hesab edilən bəzi adət-ənənələr zaman-zaman unudulsa da, əksəriyyəti bu günümüzə qədər gəlib çatıb. Qulaq falına çıxma, torba atma, şal sallamaq, su sulama, yumurta döyüşdürmə, tonqal üstündən tullanma və sair. Bu adətlərin əksəriyyəti unudulsa da bəziləri qismən yaşadılır. Məhəmməd Şəhriyar da bu ənənəni çox ustalıqla ifadə edib: Bayram idi, gecəquşu oxurdu, Adaxlı qız bəy corabın toxurdu, Hər kəs şalın bir bacadan soxurdu, Ay nə gözəl qaydadı şal sallamaq, Bəy şalına bayramlığın bağlamaq. Şal istədim, mən də evdə ağladım, Bir şal alıb tez belimə bağladım, Qulamgilə qaçdım, şalı salladım, Fatma xala mənə corab bağladı, Xan nənəmi yada salıb ağladı. Məsələ burasındadır ki, keçmişdə şal, torbasallama mərasimi müxtəlif bölgələrdə fərqli üsulla icra olunub. Bacalardan şal və torba sallanıb, qapılardan da papaq atılıb. Müasir dövrdə bu adət  bir qədər dəyişib. İndi müasir evlər nə şal, nə də torba sallamaq üçün münasib deyil. Üstəlik, indi şal və torba yoxa çıxıb. Uşaqlar daha çox başlarına qoyduqları idman geyimindən – papaqdan bu məqsədlə istifadə edirlər. Novruzda yaşlı insanların papaq atmasına rast gəlinmir və bu adətdən bir qayda olaraq uşaqlar və yeniyetmələr istifadə edir. Bu isə çoxları tərəfindən müsbət qarşılanmır. Çünki, papaq namus, qeyrət simoludur. Onun ayaqlar altına atılması heç də xoş qarşılanmır.  Sozcu.az xəbər verir ki, məsələ ilə bağlı fikirlərini Bizim.Media-ya bölüşən folklorşünas Tahir Talıblı bildirib ki, Novruzun simvolları tədricən unudulur, təhrif edilir: “Müasir yeniyetmələr artıq şal sallamır, torba atmır, sadəcə papaq atır. Nəzərə alaq ki, papağı atanlar da 7-12 yaşlı uşaqlar olur. İndi hansı uşağa baxırsan başında idman kepkası və ya papağı var. Ona görə də həmin uşaqlar torba gəzdirməkdənsə başlarındakı idman papağından torba əvəzi istifadə edir. Bəlkə də bu xoş qarşılanmır. Amma uşaqları da başa düşmək lazımdır. Onlar alternativ tapmadıqları üçün belə edirlər. Nəzərə alın ki, bu, uşaq həvəsidir və usagı indidən çaşdırmaq, pisikdirmək olmaz. Əksinə  adət-ənənəni sevdirmək üçün bu tendensiya davam etməlidir. İndi bəziləri deyir ki, guya papaq atmaqla qeyrət əldən gedir. Belə şeylər danışmaqla xalqın min illik yaddaşına kölgə salmayın. Papaqla bağlı milli oyunlarımız var. Deməli, dədə-babamız “qeyrətlə” oyun oynayıblar? Papaq mövzusuyla alver etmək nadanlıqdır. Kimsə gündəmə gəlmək istəyirsə bu mövzunu nahaq ortaya atır. Bu cür yanaşmalar Novruzu gözdən salır. Əziz gündə uşaqların sevincinə kölgə salmaq yaraşmaz. İdman şapkasını “namus” adlandıranlar qoy milli papaqlarımızın yoxa çıxmasından danışsınlar. Bütün Qafqaz xalqları və hətta Orta Asiyada milli geyimlər qorunub yaşadılır. Bəs, biz niyə bunu etmirik? İdman şapkasını “namus” adlandıranlar əvvəlcə özlərinə baxsınlar ki, geyindikləri paltarın hansı millidir, sonra danışsınlar” . 

"Biz sizi yoxsulluqdan, kasıbçılıqdan və qorxudan azad etmək üçün gəlirik..."

"Rusiyaya azadlıq" legionu, Rus Könüllülər Korpusu və Sibir taboru Rusiya ərazisinə daxil olub..." Rusiya ərazisi PUA-ların kütləvi hücumuna məruz qalıb Martın 12-nə keçən gecə Rusiyada silsilə partlayışlar baş verib. Hava hücumundan müdafiənin uğurlu işi barədə bəyanatlara rəğmən, dronlar Oryol və Nijeqorod vilayətlərində neft bazalarına düşüb. Moderator.az xəbər verir ki, bu barədə "rtvi.com" nəşri məlumat yayıb. Belə ki, Nijeqorod vilayətinin qubernatoru Qleb Nikitin məlumat verib ki, Kstov sənaye zonasında yanacaq-energetika kompleksinə dronlarla hücum edilib, neft emalı üzrə qurğuların birində yanğın baş verib. "Hazırda hadisə yerində xüsusi xidmətlər işləyir, neft emalı üzrə qurğuların  birində yanğının lokallaşdırılması üçün bütün zəruri qüvvə və vasitələr işə salınıb", - o, deyib. İlkin məlumatlara görə, zərərçəkən olmayıb, operativ qərargah yaradılıb. Yanğının söndürülməsinə yanğın qatarı cəlb edilib. Orlov vilayətinin qubernatoru Andrey Klıçkov PUA-nın neft bazasına düşməsi barədə məlumat verib, neft məhsulları olan çən alışaraq yanıb. "Dostlar, Oryola PUA hücumu baş verib. Yanacaq-energetika kompleksi hücuma məruz qalıb. Hadisə yerində yanğının lokallaşdırılması üçün xüsusi xidmətlər işləyir. Zərərçəkən olmayıb", - o, "Teleqram-kanal"ında yazıb. Şəhər meri Yiri Paraxin əlavə edib ki, neft bazası ilə iki qonşu çoxmərtəbəli yaşayış binasından 17 nəfər təxliyə edilib.  PUA-nın düşməsi nəticəsində neft saxlanılan çənlərin birində yanğın baş verib, 60-dan çox yanğınsöndürən, "dörd hündür mexanizm" və yanğın qatarı yanğının söndürülməsinə cəlb olunub, region hökumətinin mətbuat xidməti məlumat verib. Səhər tezdən Ukrayna ilə həmsərhəd olan Belqorod vilayətində sakinlər yük avtomobilləri və tanklarda bir neçə silahlı qruplar müşahidə edib, atəş səsləri eşidilib. Bu arada isə "Rusiyaya azadlıq" Legionu rusiyalılara müraciət dərc edib: "Biz öldürmək, yer üzündən silmək, məhv etmək və cəzalandırmaq üçün gəlmirik. Biz sizi yoxsulluqdan, kasıbçılıqdan və qorxudan azad etmək üçün gəlirik. Biz sizi hakimiyyəti zəbt etmiş terror təşkilatının diktaturasından xilas etmək üçün gəlirik". Ukrayna Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov "Rusiyaya azadlıq" legionu, Rus Könüllülər Korpusu və Sibir taborunun Rusiya ərazisinə daxil olmasını şərh edib. "Rusiyaya azadlıq" legionu, Rus Könüllülər Korpusu və Sibir taboru Rusiya ərazisində müstəqil bölmələr kimi fəaliyyər göstərir, çünki Rusiya vətəndaşlarından ibarətdir. Onlar nəticə etibarilə öz evlərindədir", - Yusov qeyd edib. O, təsdiq edib ki, ehtimal ki, hazırda bu bölmələrin Rusiya ərazisində birgə əməliyyatları həyata keçirilir. "Rusiyaya azadlıq" legionunun xüsusi əməliyyatı və Rusiyada Rus Könüllülər Korpusu Bu gün səhər bəlli olub ki, "Rusiyaya azadlıq" legionu, Rus Könüllülər Korpusu və Sibir taboru birgə əməliyyat çərçivəsində Rusiyanın Kursk və Belqorod vilayətlərinə daxil olub. Məlumat verilir ki, onlar Belqorod vilayətinin  Lozovaya Rudka sərhəd yaşayış məntəqəsini nəzarərə götürüb, Kursk vilayətinin Tetkino məntəqəsində döyüşlər davam edir. "Rusiyaya azadlıq" legionu bəyan edib ki, onlar "seçkilərə gedir", Sibir taboru isə rusiyalıları "seçkiləri görməzdən gəlməyə" çağırış edib.

"4 kəndin Azərbaycana verilməsindən söhbət gedə bilməz" - Paşinyan

"Tavuş bölgəsində hansısa kəndin Azərbaycana verilməsindən söhbət belə getməyib və gedə də bilməz". Sozcu.az "Novosti Armeniya"ya istinadla xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında Azərbaycanın Tavuşun dörd kəndinin verilməsi ilə bağlı tələblərinə toxunaraq bildirib. “Tavuş bölgəsində heç bir kəndin verilməsi ilə bağlı heç vaxt müzakirə olmayıb və ola da bilməz. Azərbaycan mətbuatında kəndlərin adları açıqlananda aydın oldu ki, Ermənistan ərazisində nəinki sovet dövründə, hətta ondan sonra da belə adda kəndlər olmayıb”, - Paşinyan qeyd edib. Paşinyan qeyd edib ki, Alma-Ata Bəyannaməsi sərhədlərin və qarşılıqlı ərazi bütövlüyünün tanınması üçün əsas götürülüb: "Sovet İttifaqının dağılması zamanı de-yure mövcud olan sərhəd təkcə Alma-Ata bəyannaməsi ilə deyil, həm də 6 oktyabr 2022-ci ildə Praqada əldə edilən razılaşmalarla təsdiqlənib. Alma-Ata Bəyannaməsi Azərbaycan və Ermənistanın qarşılıqlı olaraq, bir-birinin sərhədləri və ərazi bütövlüyünü tanımalarıı üçün əsas oldu. Ona görə də bu müqavilələrə əsasən, Sovetlər İttifaqı dövründə mövcud olan keçmiş inzibati sərhəd əsas götürülür. Bu inzibati sərhədin o tayında olan ərazi şərti olaraq Azərbaycandır, bu tərəfdə olan Ermənistandır". Delimitasiya prosesində biz çalışmalıyıq ki, bu sərhədi hansısa formatda təsdiq. Biz de-yure reallıqdan çıxış etməliyik. Ermənistanın olan Ermənistandır, Ermənistanın olmayan Ermənistanın deyil”. Qeyd edək ki, söhbət Qazax rayonunun Baganis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızıl Hacılı kəndlərindən gedir.