Zelenski: “Ukrayna ordusu Donbasda irəliləyir”

Ukrayna ordusu Donbasda irəliləyir. Bu barədə Ukrayanın dövlət başçısı Volodimir Zelenski videomüraciətində bildirib. Ukrayna Prezidenti “Tavriya” hərbçilərinə cəbhədə irəlilədiklərinə görə təşəkkür edib. "Tavriya, - yeri gəlmişkən, irəli getdiyiniz üçün sizə təşəkkür etmək istəyirəm, döyüşçülər! Afərin! Şərqdəki bütün döyüşçülərimiz, güclü döyüşçülər - dözümünüzə və dəqiqliyinizə görə sizə təşəkkür edirəm", - dövlət başçısı deyib. Son məlumatlara görə, Rusiya Federasiyası Ukraynaya qarşı müharibədə 219 min 170 hərbçi itirib. O cümlədən, ötən sutka ərzində Rusiyanın daha 670-ə yaxın hərbçisi həlak olu“Report” 

Əli Əliyev işdən çıxarıldı

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Gürcüstandakı nümayəndəliyinin rəhbəri olmuş Əli Əliyev işdən çıxarılıb. Bu barədə Sozcuaz-a QMİ-nin Mətbuat Xidmətindən məlumat verilib. Rəsmi məlumata görə, Ə.Əliyevin səlahiyyət müddəti başa çatıb. “Onun səlahiyyət müddətinin başa çatması ilə əlaqədar 2023- cü ilin yanvarında fəaliyyətinə müvafiq əmrlə xitam verilib. Fəaliyyət müddətinin uzadılması vəzifəsinin öhdəsindən gələ bilməməsi, işində yol verdiyi nöqsanlar səbəbindən məqsədəuyğun sayılmayıb”, - QMİ-nin məlumatında vurğulanıb.

Ehtiyatda hərbçilərin təlim toplanışı başa çatdı

2023-cü ilin hazırlıq planına əsasən, ehtiyatda olan bir qrup hərbi vəzifəlilərin cəlb edilməsi ilə "N" hərbi hissəsində keçirilən təlim toplanışı başa çatıb. Müdafiə Nazirliyindən Sozcu.az-a bildirilib ki, plana uyğun olaraq, hərbi vəzifəlilər müxtəlif çaplı atıcı silahlardan və qumbaraatanlardan praktiki atış çalışmalarını yerinə yetiriblər. Təlim toplanışı zamanı, həmçinin hərbi vəzifəlilərlə sıra hazırlığı, rabitə hazırlığı məşğələləri keçirilib, onlara silahların taktiki-texniki xüsusiyyətləri, natamam sökülüb-yığılma və düzgün istifadə qaydaları öyrədilib, eləcə də ilkin tibbi yardım göstərilərək yaralıların təxliyə edilməsi üsulları məşq etdirilib. Qeyd edək ki, ehtiyatda olan hərbi vəzifəlilərin döyüş vərdişlərinin təkmilləşdirilməsi, bilik və bacarıqlarının artırılması məqsədilə keçirilən təlim toplanışında qarşıya qoyulan bütün tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.

Nərmin sağdır? - Hüquqşünasdan şok AÇIQLAMA

“İlkin Süleymanovun Nərmin Quliyevanı qətlə yetirməsinə dair “etiraf” videosunu dəfələrlə izlədim. Əminliklə deyirəm ki, bu adamın həmin cinayətlə yaxından-uzaqdan əlaqəsi yoxdur”. Sozcu.az xəbər verir ki, bu sözləri Globalinfo.az-a açıqlamasında hüquqşünas Mehman Muradlı deyib. O bildirib ki, ifadənin yerində yoxlanılması deyə bir məsələ var: “İlkinin istifadə etdiyi terminlər var ki, bunlar sadə insanların leksikonunda yoxdur. Görüntülərdən də məlum olur ki, adama əvvəlcədən hazırlanmış mətni əzbərlədiblər. Ali təhsilli fizik olması, yaddaş probleminin olmaması ona əzbərlədiyini rahat şəkildə ifadə etməyə imkan verir”. M.Muradlı deyib ki, peşəkar hüquq psixoloqu hər şey üzə çıxara bilər: “Təəssüf ki, Azərbaycanda hüquq psixologiya dərsi olsa da, onu hüquqla əlaqəsi olmayan şəxslər keçir. Adi ifadənin yoxlanmasında prosesual pozuntular var. Orada kənar adamların iştirakı istintaqın gedişinə müdaxilə kimi qiymətləndirilməli idi. Məhkəmə prosesini vaxtım olmadığı üçün izləməmişəm. Amma yenə də əminliklə deyirəm ki, yayılan həmin video İlkinin günahsız olduğunu deməyə kifayət edir”. Hüquqşünas tapılan cəsədin Nərminə aid olduğuna şübhə edir: “Ortada qətlin olub-olmaması da müəmmalıdır. Ümumiyyətlə, cəsədin Nərminə aid olması da şübhə doğurur. Evin və otağın görüntüsünü verirlər ki, guya Nərmin 40 gün orada qalıb. Bəs qapalı otaqda qalan biri ehtiyaclarını harada ödəyib? Yaxşı, deyək ki, otağa qab gətirib. Sizcə, 40 gün sonra iydən ora daxil olmaq olardı? Çox yox, 1 həftə otaqdan çıxmayan, təbii ehtiyaclarını həmin otaqda ödəyən adamdan da, evdən də üfunət gələrdi. Təmizlənsə də, aylarla o iy otaqdan getməzdi. Lakin prokuror və müstəntiq rahat şəkildə otaqda hərəkət edirdilər. Bunlar çox vacib məsələdir”.

Qadının atraksiondan yıxılması ilə bağlı cinayət işi açıldı

Abşeronda qadının atraksiondan yıxılaraq ölməsi ilə bağlı cinayət işi açılıb. Bu barədə Sozcu.az-a Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, iyunun 8-də rayonun Xırdalan şəhərində yerləşən parklardan birində 1987-ci il təvəllüdlü Minayə Nuriyevanın atraksiondan yıxılması nəticəsində aldığı xəsarətlərdən müalicə aldığı xəstəxanada ölməsi faktı ilə bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılıb və toplanmış sübutlar əsasında Cinayət Məcəlləsinin 314.2-ci (zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb. Hazırda ibtidai istintaq tədbirləri davam edir.

ABŞ-dan separatçılara çağırış: Bakı ilə razılaşmasaz...

ABŞ Qarabağdakı separatçıları Azərbaycanla görüşməyə çağırır, əgər qondarma qurum bu çağırışdan imtina edərsə, Bakı anti-terror əməliyyatı keçirəcək. Sozcu.az xəbər verir ki, bu barədə RİA Novosti Vaşinqtondakı diplomatik mənbəyə istinadən məlumat yayıb. "Vaşinqton ultimatum formasında Qarabağ nümayəndələrini (separatçıları-red.) Azərbaycan tərəfi ilə yaxın gələcəkdə amerikalı kuratorun iştirakı ilə üçüncü ölkədə görüşə razılaşmağa çağırır. Məqsəd ABŞ-ın bölgəyə daxil olmasıdır", - məlumatda bildirilib. Mənbə qeyd edib ki, Amerikanın sülhməramlı təşəbbüsünü Qarabağdakı separatçılara qondarma rejimin "xarici işlər naziri” Sergey Kazaryan çatdırır: "Onun maraqları Azərbaycanın maraqlarına tam uyğundur”.

Bayden Stoltenberqlə görüşdü

ABŞ Prezidenti Co Bayden Vaşinqtonda NATO baş katibi Yens Stoltenberqlə görüşüb. Sozcu.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, Bayden və Stoltenberq Rusiyanın Ukraynaya qarşı müharibəsinin transatlantik təhlükəsizlik üçün nəticələrini müzakirə edib. Görüşdə NATO-nun çəkindirici və müdafiə qüvvələrinin daha da gücləndirilməsinin vacibliyi vurğulanıb.

Borrell: Qarabağda Rusiya sülhməramlılarının olması əlavə çətinlik kimi qiymətləndirilməməlidir

Qarabağda Rusiya sülhməramlılarının olması Ermənistan-Azərbaycan əlaqələrinin tənzimlənməsi baxımından əlavə çətinlik kimi qiymətləndirilməməlidir. Bunu Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrell Avropa Parlamentində (AP) Azərbaycan-Ermənistan əlaqələri, Qarabağda və Laçın yolunda vəziyyətlə bağlı keçirilən dinləmədə deyib. “Əlbəttə, müəyyən sülhməramlıların mövcudluğuna ehtiyacımız var idi. Rusiya bunu edəcək vəziyyətdə idi, çünki bu, Azərbaycan tərəfindən qəbul edilmişdi. Başqa heç kəslə bu belə deyildi. Ona görə də mən düşünürəm ki, Rusiya qoşunlarının dünyanın bu hissəsində, bu münaqişənin ortasında olması əlavə çətinlik kimi nəzərdən keçirilməməlidir”, - Borrell AP deputatının sualına cavabında bildirib./APA

Naxçıvanla sərhəddə erməni zavodu... - Bəyanat yayıldı

Azərbaycan diaspor təşkilatları Ermənistanın Azərbaycanla, Naxçıvan Muxtar Respublikası ilə sərhəddə - Yerasx (Arazdəyən) kəndində iri metallurgiya zavodunun inşasının aparılması ilə bağlı beynəlxalq təşkilatlara ünvanlanan bəyanat yayıb. Sozcu.az bəyanatın mətnini təqdim edir: “Biz, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar Ermənistanın Azərbaycanla, Naxçıvan Muxtar Respublikası ilə sərhəddə - Yerasx (Arazdəyən) kəndində iri metallurgiya zavodunun inşasının aparılması ilə bağlı xəbərini dərin hiddətlə qarşılayır və bu reallığı Ermənistanın ekoloji vəziyyətin gərginləşməsi istiqamətində növbəti addımının ifşası kimi dəyərləndiririk. 16 500 kvadratmetr sahədə illik istehsal gücü 180 000 ton olan belə bir zavodun tikilməsi Ermənistan tərəfindən beynəlxalq hüquq norma və prinsiplərinin, xüsusilə də BMT-nin Avropa İqtisadi Komissiyasının Transsərhəd kontekstdə ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında Konvensiyasının (Espo Konvensiyası) müddəlarının kobud surətdə pozulması deməkdir. Mövcud Espo Konvensiyasının müddəalarına görə, Ermənistan öz ərazisində planlaşdırdığı belə bir iri təsərrüfat fəaliyyətinin digər ölkələrin, xüsusilə Azərbaycanın ərazisinə mənfi ekoloji təsiri olduğu üçün bu fəaliyyəti Azərbaycanın müvafiq qurumları ilə razılaşdırılmalıdır. Ermənistanın bu addımı beynəlxalq hüquq, o cümlədən ekoloji hüquq normalarına riayət edilməməsi ilk hal deyil. Belə ki, bir müddət əvvəl Azərbaycan Metsamor Atom Elektrik Stansiyasının ərazisində yeni nüvə reaktorunun tikintisi planları ilə əlaqədar Espo Konvensiyası çərçivəsində Ermənistana qarşı haqlı iddia ilə çıxış etmişdir. Nəticədə Ermənistanın Konvensiyanın müddəalarına əməl etmədiyi barədə qərar çıxarılmasına nail olmuşdur. Bildiririk ki, Ermənistanın iri mədən müəssisələri - Qacaran mis-molibden zavodu və Qafan filiz emalı kombinatının yüksək kimyəvi tərkibli istehsalat suları uzun müddət transsərhəd Oxçuçayı intensiv şəkildə çirkləndirməklə Azərbaycanın ekoloji mühitinə ciddi mənfi təsir göstərməkdədir. Qeyd etdiyimiz faktlar bir daha sübut edir ki, Ermənistan öz qanunsuz fəaliyyətləri ilə ümumi regionun ekoloji mühiti üçün təhlükə yaradır. Xaricdə yaşayan azərbaycanlılar kimi soydaşlarımızın haqq səsinə qoşularaq Ermənistanın regionun ekoloji təhlükəsizliyinə zərbə vuran, beynəlxalq hüquq normalarına zidd olan əməllərini qətiyyətlə pisləyir, beynəlxalq ictimaiyyəti bu məsələdə Ermənistana təzyiq göstərməyə çağırırıq”.

İranlı nazir Azərbaycanı Xudafərindən TƏHDİD ETDİ – Tehran çirkin niyyətlərindən niyə ƏL ÇƏKMİR?

İran rəsmiləri yenidən Azərbaycana qarşı təhdidlərə start veriblər.  Belə ki, İranın Daxili İşlər naziri Əhməd Vahidi Azərbaycan Respublikasının sərhədində ölkəmizə qarşı təhdid və istehzalar səsləndirib.  Mətbuatın yazdığına görə, Əhməd Vahidi prezident və nümayəndə heyəti üzvlərinin Təbrizə səfərinin ikinci günü İranla Azərbaycan sərhədində yerləşən “Xudafərin” və “Qızıl qalası” bəndlərinə baş çəkib.  Bu səfər zamanı Əhməd Vahidi Bakıya üstüörtülü xəbərdarlıq edərək deyib: "Azərbaycan Respublikasının İran hökumətindən yaxşı dostu olmayacaq. İslam Respublikası ilə düşmənçilik edən hər kəs uduzmuş olar". Qeyd edək ki,  Azərbaycan İrana qarşı heç zaman təhdid, qonşuluq prinsiplərinə zidd addım atılmayıb. İran isə bunun əksinə olaraq hər zaman Ermənistana açıq və gizli dəstəyini nümayiş etdirib. Bununla yanaşı, İranın ekspertləri, keçmiş səfirləri və bir sıra dövlət nümayəndələri tərəfindən son zamanlar Azərbaycana qarşı təhdid dolu fikirlər səsləndirilir. Dostluqdan danışan İran özü dost olmaq istəmir...  Tehranın rəsmi səviyyədə yenidən hədələrə start verməsi bu dəfə nə ilə bağlıdır? Bizim.Media-ya açıqlamasında politoloq Tural İsmayılov bildirir ki, İran rəsmilərinin belə mövqe sərgiləməsi Tehranla münasibətlərimizin hələ uzun müddət normallaşmayacağını söyləməyə əsas verir: “İran Azərbaycan münasibətlərində bu gün əmələ gələn soyuqluğun ən böyük səbəbi Tehranın qeyri-səmimi siyasətidir. Azərbaycan heç zaman İran da daxil olmaqla hansısa qonşuları ilə münasibətlərinin korlanmasını istəməyib. Bakı heç zaman buna zəmin yaratmayıb. Lakin Azərbaycanın səmimi qonşuluq prinsiplərinə riayət etməsinə rəğmən, İran tərəfinin ölkəmizə münasibətdə düşmənçilik siyasəti bir gün də olsa dayanmayıb”.  Ekspert qeyd edir ki, son dövrlər dünyada təklənmiş İranın Azərbaycanla  əlaqədar buna qədər verdiyi pozitiv mesajlara da inanmaq olmaz:  “İrana səyahət edən Azərbaycan vətəndaşının saxta ittihamlarla həbs olunması, dövlətimizə qarşı təbliğat aparan “Hüseyniyyun” terrorçu təşkilat nümayəndələrinin Bakıya təhvil verilməməsi, mətbuatda hələ də ölkəmizə qarşı çirkin kampaniyanın davam etdirilməsi söyləməyə əsas verir ki, Tehranın Azərbaycanla bağlı siyasətində hər hansı bir dəyişiklik yoxdur.  İran Azərbaycana münasibətdə pozitiv addımlar atsa münasibətlər düzələ bilər. Amma İranın hərəkəti onun bunun əksinə getdiyinə işarədir. Belə mövqe isə İranla münasibətlərimizin hələ uzun müddət normallaşmayacağını söyləməyə əsas verir”.

Azərbaycanda icazəsiz taksi sifarişi operatoru kimi fəaliyyət göstərənlər 40 min manat cərimələnəcək

Azərbaycanda icazəsiz taksi sifarişi operatoru kimi fəaliyyət göstərənlər 40 min manat cərimələnəcək. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə yeni maddə əlavə olunur. Yeni maddəyə əsasən, icazə olmadan taksi sifarişi operatoru kimi fəaliyyət göstərilməsinə görə vəzifəli şəxslər 20 min manat, hüquqi şəxslər isə 40 min manat cərimə ediləcək.

Əfruzə Hacıyeva vəfat etdi

2014-cü il bələdiyyə seçkilərində seçki qutularına topa bülleten atarkən videosu yayılan Əfruzə Hacıyeva vəfat edib. Sozcu.az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb. Xatırladaq ki, Ə. Hacıyeva 2014 bələdiyyə seçkilərində 15 saylı Yasamal I Seçki Dariəsinin 12 saylı seçki məntəqəsinin üzvü olduğu zaman karusel etməkdə ittiham olunurdu.