Tanışını qətlə yetirməkdə təqsirləndirilən meyxanaçı Rəşad Əmirovun (Rəşad Dağlı) cinayət işi üzrə məhkəmə iclası keçirilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə iş üzrə şahid qismində tanınan Xankişi Cəfərquliyevin hərbi xidmətdə olduğu bildirilib. Məhkəmədə onun istintaq ifadəsi elan edilib. Şahid ifadəsində deyib ki, Rəşad Dağlı hadisə günü onun çalışdığı mağazaya gələrək 100 manat pul verərək 1 bıçaq və 2 qutu siqaret alıb: “Bıçağın qiyməti 45 manat idi. Ona pulun qalığını təqdim edəndən sonra dərhal mağazanı tərk etdi. Mağazada tək olduğuma görə Rəşadın arxasınca baxmadım. Sadəcə onu gördüm ki, Rəşad qara rəngli “Niva” markalı avtomobilə minərək uzaqlaşdı". Daha sonra prosesdə təqsirləndirilən Rəşad Dağlı sərbəst ifadə verib. Meyxanaçı bildirib ki, hadisədən əvvəl mərhum İskəndər Mehdiyev onun qardaşına zəng edərək vacib sözünün olduğunu söyləyib: “Həmin gündən 3 gün sonra özüm İskəndərlə əlaqə saxladım. Mənə vəziyyəti danışdı və bildirdim ki, barəmdə böhtan xarakterli ittihamları yayan şəxslə görüşdürsün. Altı gün telefonumu söndürdüm. Telefonu yandıranda İskəndərdən mənə çoxsaylı mesajların gəldiyini gördüm. Zəng edəndə söylədi ki, həmin adamın problemi olduğu üçün ona 6 min manat pul lazımdı. 3 min manatı özü həll edib, qalan 3 min manatı isə ona vermək lazımdır ki, bu söhbəti heç yerdə yaymasın. İskəndər bildirdi ki, əli dolu gəlim, guya onunla görüşdürəcək. Əli dolu deyəndə bıçaq və pul götürməyimi nəzərdə tuturdu” “Həmin gün İskəndərlə görüşdüm. Anladım ki, onun məni həmin adamla görüşdürmək fikri yoxdur. Bıçağı maşında əyləc tərəfə qoymuşdum. Aramızda qısa söz mübahisəsi oldu, sonra məsələ böyüdü. İskəndər bıçağı götürüb mənə vurmaq istədi. Tez özümü müdafiə etdim və onu vurdum. Amma hadisənin şokunda olduğum üçün İskəndərə neçə bıçaq zərbəsi endirdiyim yadımda deyil. Meyiti isə yolun kənarında yerə atdım. Hadisənin başvermə səbəbindən peşmanam", - Rəşad Dağlı dindirilərkən vurğulayıb. Məhkəmənin növbəti iclası iyulun 7-nə təyin edilib. Xatırladaq ki, qətl hadisəsi ötən il noyabrın 9-u saat 05 radələrində Qaradağ rayonu ərazisində qeydə alınıb. Belə ki, 1979-cu il təvəllüdlü İskəndər Mehdiyev çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirilib. Hadisə ilə bağlı İ.Mehdiyevin tanışı, 1984-cü il təvəllüdlü R.Əmirov istintaqa cəlb edilib. Qaradağ Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib. Hadisənin şəxsi münasibətlər zəminində baş verdiyi bildirilir. Onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə ittiham irəli sürülüb.
Bu il ali təhsil müəssislərinə qəbul planı təsdiqlənib. Sozcu.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini, Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri vəzifəsini icra edən Yaqub Piriyev media nümayəndələri ilə görüşdə deyib. Onun sözlərinə görə, plan ali təhsil müəssisələrinə göndərilib.
Məhkəmə-Hüquq Şurasının tərkibi yeni qaydada formalaşdırılacaq. Sozcu.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Məhkəmə-Hüquq Şurası haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, Məhkəmə-Hüquq Şurasının 15 üzvdən ibarət tərkibi aşağıdakı qaydada təşkil olunacaq: - hakimlərin konfransı tərəfindən seçilən kassasiya instansiyası məhkəməsinin üç hakimi; -. hakimlərin konfransı tərəfindən seçilən apellyasiya instansiyası məhkəmələrinin üç hakimi; -. hakimlərin konfransı tərəfindən seçilən birinci instansiyası məhkəmələrinin üç hakimi; -. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən təyin edilən hakim; -. Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təyin edilən şəxs; -. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilən şəxs; -. Azərbaycan Respublikasının Vəkillər Kollegiyası tərəfindən təyin edilən vəkil; -. Azərbaycan Respublikasının Milli Elmlər Akademiyası tərəfindən təyin edilən hüquqşünas alim; - hüquq ictimaiyyətinin hakimlərin konfransı tərəfindən seçilən nümayəndəsi. Qeyd edək ki, hazırda Məhkəmə-Hüquq Şurasının 15 üzvdən ibarət tərkibi aşağıdakı qaydada təşkil olunur: - Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının rəhbəri (ədliyyə naziri); - Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri; - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilən şəxs; - Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təyin edilən şəxs; - Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən təyin edilən hakim; - hakim assosiasiyaları tərəfindən təklif olunmuş namizədlər sırasından Azərbaycan Respublikası Ali Məhkəməsinin seçdiyi kassasiya instansiyası məhkəməsinin iki hakimi; - hakim assosiasiyaları tərəfindən təklif olunmuş namizədlər sırasından Məhkəmə-Hüquq Şurasının seçdiyi apellyasiya məhkəmələrinin iki hakimi; - hakim assosiasiyaları tərəfindən təklif olunmuş namizədlər sırasından Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin seçdiyi Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi; - hakim assosiasiyaları tərəfindən təklif olunmuş namizədlər sırasından Məhkəmə-Hüquq Şurasının seçdiyi birinci instansiya məhkəməsinin iki hakimi; - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (Ədliyyə Nazirliyi) təyin etdiyi şəxs; - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən təyin edilən vəkil; - Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təyin edilən şəxs. Beləliklə, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının rəhbəri (ədliyyə naziri), - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (Ədliyyə Nazirliyi) təyin etdiyi şəxs, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin seçdiyi Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təyin edilən şəxs Məhkəmə-Hüquq Şurasının tərkibində yer almayacaq. Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının rəhbəri (ədliyyə naziri) və Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinin vəzifəyə görə Məhkəmə-Hüquq Şurasının üzvləri hesab edilməsi barədə müddəa ləğv olunur. Ümumilikdə Məhkəmə-Hüquq Şurasının icra hakimiyyəti orqanlarının nümayəndələrindən olan üzvlərinin sayı azaldılır, hakim üzvlərinin sayı artırılır, Məhkəmə-Hüquq Şurasının hakim üzvlərinin hakimlərin konfransı tərəfindən (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən təyin edilən hakim istisna olmaqla) seçilməsi, Məhkəmə-Hüquq Şurasının sədrinin isə Şuranın yalnız hakim üzvləri sırasından seçilməsi təklif edilir. Azərbaycan Respublikasının Milli Elmlər Akademiyası tərəfindən təyin edilən hüquqşünas alim də Məhkəmə-Hüquq Şurasının üzvü olacaq. Qeyd edək ki, qüvvədə olan qanuna görə, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı, Azərbaycan Respublikasının Milli Məclisi, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı və Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən Məhkəmə-Hüquq Şurasına üzv təyin edilən şəxslər ali hüquq təhsilinə və hüquqşünas ixtisası üzrə beş ildən artıq iş stajına malik olmalıdırlar. Layihəyə əsasən, Məhkəmə-Hüquq Şurasına üzv seçilən (təyin edilən) şəxslər ali hüquq təhsilinə və hüquqşünas ixtisası üzrə on ildən artıq iş stajına malik olmalıdırlar. Qanuna edilən digər dəyişikliyə əsasən, hakimlərin konfransı institutu yaradılır. Hakimlərin konfransında kassasiya, apellyasiya və birinci instansiya məhkəmələrinin hakimləri aşağıdakı qaydada təmsil olunurlar: -. Azərbaycan Respublikasının Ali Məhkəməsindən 5 hakim; - hər apellyasiya instansiyası məhkəməsindən 3 hakim; - hər ixtisaslaşdırılmış birinci instansiya məhkəməsindən 1 hakim; - hər rayon (şəhər) məhkəməsindən 1 hakim. Hakimlərin konfransı bu qanunda nəzərdə tutulan hakimlərin dörddə üçü iştirak etdikdə səlahiyyətlidir. Hakimlərin konfransı Məhkəmə-Hüququ Şurasının üzvlərini açıq səsvermə yolu ilə, iştirakçıların sadə səs çoxluğu ilə seçəcək. Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
Abşeron Rayon İcra Hakimiyyəti başçısının Mehdiabad qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əli Həsənovun nə qədər rüşvət aldığı məlum olub. Bu barədə Sozcu.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, Abşeron Rayon İcra Hakimiyyəti başçısının Mehdiabad qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əli Həsənovun vətəndaşlardan külli miqdarda rüşvət alması faktı ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin istintaqı tamamlanıb. İbtidai istintaqla Əli Həsənovun 2022-2023-cü illər ərzində Abşeron rayonu Mehdiabad qəsəbəsi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahələrində fərdi yaşayış evlərinin tikintisinə icazə verilməsi, buna şərait yaradılması, həmçinin sözügedən torpaq sahələrinə müxtəlif sənədlərin verilməsi müqabilində ayrı-ayrı şəxslərdən ümumilikdə 42 min manat məbləğində pul vəsaitini təkrarən rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib. Əli Həsənova Cinayət Məcəlləsinin 308.2. (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ağır nəticələrə səbəb olduqda), 311.3.2 və 311.3.3-cü (təkrar və külli miqdarda rüşvət alma) maddələri ilə yekun ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib və cinayət işi baxılması üçün aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Abşeronun icra başçısı Abdin Fərzəliyev rayona rəhbərlik etdiyi bir il ərzində təmir və abadlıq işlərinə 3 515 857, 55 AZN vəsait xərclənib. Qaynarinfo-nun araşdırması zamanı məlum olub ki, təmir və abadlıq işlərini 3 şikrət həyata keçirib. Bu şirkətlər Abşeron Rayon İcra Hakimiyyəti və ona tabeli qurumların 2022-ci ilin avqust ayından dekabr ayına qədər keçirdiyi tenderlərin qalibi olub. Bu müddət ərzində 5 tender keçirilib. Tenderlərin qalibi olan şirkətlər "Koneks Consturction” MMC, "Uğurlu İnşaat” MMC və "Şabran-D” MMC-dir. Abşeron RİH başçısının Xırdalan şəhəri üzrə Nümayəndəliyinin avqust ayında keçirdiyi tenderin qalibi "Şabran-D” MMC olub. Şirkətlə maliyyə dəyəri 149.987,32 AZN təşkil edən satınalma müqaviləsi imzalanıb. Müqavilədə Xırdalan şəhərində küçə işıqlarının təmiri işlərinin satın alınması nəzərdə tutulur. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Şabran-D” MMC 12 dekabr 2007-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nəriman Nərimanov rayonu, akademik Həsən Əliyev küçəsi, ev 92a, mənzil 1-də yeləşir. MMC-nin qanuni təmsilçisi Bədəlov Cəlal Bayram oğludur. 2019-cu ildə Cəlal Bədəlov mediaya açıqlamasında Şabran rayon İcra Hakimiyyəti başçısının keçmiş birinci müavini Mehdi Balabəyova 227 min manat verdiyini, bununla belə tenderdə qalib gələ bilmədiyini bildirmişdi. Hətta bununla bağlı məhkəməyə də müraciət etmişdi. Cəlal Bədəlov bu açıqlaması ilə faktiki olaraq sövlət satınalmaları ilə bağlı qanunvericliyini pozduğunu etiraf etmişdi. Bu məsələ mediada da geniş işıqlandırılıb. Amma deyəsən, Abdin Fərzıliyev mətbuatı izləmir, bu baxımdan, belə bir şirkətlə satınalma müqaviləsi imzalanmasına göz yumub. Yaxud da ortada başqa səbəblər var. Abşeron RİH başçısının Xırdalan şəhəri üzrə Nümayəndəliyi avqustda daha iki tender keçirib. Bu tenderlərin qalibi "Uğurlu İnşaat” MMC olub. Şirkətlə imzalanan birinci müqavilə yolların təmir işlərinin satın alınması nəzərdə tutulur. Müqavilənin maliyyə dəyəri 1.199.683,58 AZN təşkil edir. Digər müqavilə isə Xırdalan şəhərində mənzil fondunun təmiri işlərinin satın alınması ilə bağlıdır. Bunun üçün qurum şirkətə 383.269,85 AZN ödəyib. Sentyabr ayında isə Xırdalan şəhərində abadlıq işlərinin həyata keçirilməsi ilə bağlı "Uğurlu İnşaat” MMC ilə maliyyə dəyəri 1.539.731,84 AZN təşkil edən daha bir satınalma müqaviləsi imzalayıb. Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, "Uğurlu İnşaat” MMC 27 yanvar 2020-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 15010 AZN təşkil edən şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, ev 34-də yerləşir. MMC-nin qanuni təmsilçisi Əliyev Talıb Rəfail oğludur. Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi barədə hər hansı məlumata rast gəlinmir. Sentyabr ayında "Uğurlu İnşaat”la müqavilə imzalanarkən şirkətin 16 min manata yaxın vergi borcu olub. "Dövlət satınalmaları haqqında” Qanun vergi borcu olan şirkətlərin tenderlərdə iştirakını qadağan edir. Nədənsə "Uğurlu İnşaat”la bağlı bu qadağa yada düşməyib. 2022-ci ilin dekabr ayında isə Abşeron RİH "Koneks Construction” MMC ilə satınalma müqaviləsi imzalayıb. Maliyyə dəyəri 243.184,96 AZN təşkil edən müqavilədə yolların təmiri ilə əlaqəli müxtəlif təyinatlı yenidənqurma və bərpa işlərinin satın alınması nəzərdə tutulub. "Koneks Construction” MMC 27 noyabr 2019-cu ildə qeydiyyata alınıb. Şirkətin nizamnamə kapitalı 10 AZN-dir. Hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi, ev 39, mənzil 29-da yerləşən MMC-nin qanuni təmsilçisi Fərzəliyev Mehdi Məhəmmədəli oğludur. Ondan əvvəl isə şirkətin qanuni təmsilçisi Osmanlı Vahid Cuma oğlu olub. Bu şəxslər haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur. Şirkət barəsində məlumatlar da məhddudur. Bununla belə, "Koneks Construction” MMC tenderlərdə fəal iştirak edir. Özü də məlum olur ki, təmir işləri ilə məşğul olan şirkət həm də geyim və dəftərxana ləvazimatları da satır. Abdin Fərzəliyev 2022-ci ilin yanvarından Abşerona rəhbərlik edir. O, bundan əvvəl Nərimanov rayonunun icra başçısı olub. Abdin Fərzəliyev adı qalmaqallarda hallanan və uzun müddətdir vəzifədə olan məmurlar kateqoriyasına aiddir. O, 2003-cü ildən icra başçısı vəzifəsi daşıyır.
İyunun 7-də Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) nümayəndələri bu yaxınlarda (mayın 26-da) Azərbaycanda saxlanılan iki Ermənistan vətəndaşına baş çəkiblər. Bu barədə komitənin Bakı nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova "Report"un sorğusuna cavab olaraq bildirib. "Onlarla təkbətək görüş keçirilib və ailələri ilə Qızıl Xaç Məktubu vasitəsilə əlaqə yaratmaq imkanı verilib. Mandatına uyğun olaraq, BQXK başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir və onların ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nın prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır", - BQXK nümayəndəsi qeyd edib.
Yaxın vaxtlarda Parisin köməyi və rəsmi icazəsi ilə Hindistandan silahların Ermənistana çatdırılmasına başlanılacaq. Sozcu.az xəbər verir ki, bu barədə “Kaliber” Fransadakı erməni diasporu ilə geniş əlaqələri olan insayderə istinadən məlumat yayıb. Məlumata görə, söhbət “Nexter Systems” və Hindistan şirkətlərinin iştirakı ilə istehsalı Hindistanda lokallaşdırılan “Caesar” özüyeriyən artileriyanın hind analoqundan gedir: “Sifariş edilən artilleriya qurğularının sayı ilə bağlı ətraflı məlumat yoxdur. Lakin məlumdur ki, Fransanın erməni diasporu Parisin hərbi-siyasi rəhbərliyinin və şəxsən Prezident Makronun birbaşa siyasi razılığı ilə maliyyələşməni öz üzərinə götürüb. Razılaşmanın icrasını gizlətmək üçün 155 mm/52 kalibrli silahların birbaşa uçuşlarla İrəvana deyil, əvvəlcə İran ərazisinə çatdırılması, daha sonra isə quru yolu ilə Ermənistana gətirilməsi planlaşdırılır”.
Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin sabiq rəis müavini, ədliyyə general-mayoru Hüseyn Əlixanovun qardaşı Qubada bir ailənin bütün üzvlərini məhkməyə verib. Qaynarinfo-nun məlumatına görə, generalın biznesmen qardaşı, Yerfi kəndinin keçmiş icra nümayəndəsi Nazim Əlixanovun 5 qardaş və bir bacı barəsində məhkəməyə müraciət etməsinin səbəbi torpaq mübahisəsidir. Nazim Əlixanovun məhkəməyə verdiyi şəxslər bunlardır: Babayev Hafiz Şahbaba oğlu, Babayev Kamil Şahbaba oğlu, Babayev Elman Şahbaba oğlu, Babayev Elxan Şahbaba oğlu, Babayev Şamil Şahbaba oğlu və Babayeva Gülqız Şahbaba qızıdır. Məhkəmədə maraqlı şəxs qismində Quba rayon İcra Hakimiyyətinin nümayəndəsi də iştirak edəcək. İşə Quba Rayon Məhkəməsinin hakimi Vüqar Seyidovun sədrliyi ilə baxılacaq. Qeyd edək ki, general və qardaşının Qubanının Yerfi kəndində, o cümlədən Qəçreş qəsəbəsində bir sıra otellər, villalar və digər biznes obyektləri mövcuddur. Dəfələrlə kənd sakinləri KİV-lərdə Nazim Əlixanovun onların torpaqlarını zəbt etməsi ilə bağlı məlumatlar dərc edilib.
Sabiq mədəniyyət naziri Əbülfəs Qarayevin kürəkəni Şahriar Maleki Green Farm Azərbaycan MMC-nin (VÖEN-1700495641) rəhbərliyindən gedib. Sozcu.az Yeniavaz.com-a istinadən xəbər verir ki, Mətləb Musayev Şahriar Malekinin yerinə Green Farm Azərbaycan MMC-yə yeni direktor təyin olunub. Qeyd edək ki, əslən İrandan olan Böyük Britaniya vətəndaşı Şahriar Maleki 02.11.2016-cı il tarixində dövlət qeydiyyatına alınan Green Farm Azərbaycan MMC-nin qanuni təmsilçisidir. Kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən Green Farm Azərbaycan MMC-yə 2017-ci ilin mayında Biləsuvar Rayon İcra Hakimiyyəti tərəfindən 5 min hektar torpaq sahəsi ayrılıb.
Quba rayonunun mərkəzində sabiq nəqliyyat naziri Ziya Məmmədova məxsus hündürmərtəbəli yaşayış binasının sökülməsinə başlanılıb. Sozcu.az 7Times.az-a istinadən xəbər verir ki, bir neçə gün bundan əvvəl binanın bütün mərtəbələrinin özül hissələrində söküntü işlərinə başlanılıb. Həmin görüntüləri təqdim edirik:
"Ukraynanın hüquq təsisatları terrorda günahı olanların məsuliyyətə cəlb edilməsi üzərində işləyir..." "Müharibə başlanandan 485 ukraynalı uşaq həlak olub, 1005 uşaq yaralanıb, 19 505 nəfər deportasiya edilib, bunlar yalnız rəsmi rəqəmlərdir..." "AŞPA-nın aprelin 27-də qəbul etdiyi qətnamədə ukraynalı uşaqların deportasyası soyqırım adlandırılıb..." Ukrayna prezidenti Vladimir Zelenski iyunun 4-də Rusiyanın təcavüzü nəticəsində həlak olan uşaqların Xatirə Günündə bəyan edib ki, Ukraynanın hüquq təsisatları terrorda günahı olanların məsuliyyətə cəlb edilməsi üzərində işləyir. Sozcu.az xəbər verir ki, bu barədə o, özünün növbəti videomüraciətində bəyan edib. Məlumatı "QORDON" internet nəşri yayıb. O, iyunun 4-də gecə Dnepr şəhərinin raket zərbəsinə məruz qalması, nəticədə iki yaşlı körpə qızcığazın həlak olması və beş uşağın yaralanmasını xatırladıb. "Rusiyanın terroru yüzlərlə uşaqlarımızın həyatına son qoyub. Təkcə fevralın 24-dən tammiqyaslı müharibə müddətində 485 nəfər uşaq həlak olub. Bu rəqəmi rəsmən təsdiq edə bilərik, çünki o uşaqların hər birini tanıyırıq. Təəssüf ki, onların sayı daha çoxdur", - o, deyib. Prezident qeyd edib ki, hər dəfə müdafiə qüvvələri Ukrayna ərazisini rusiyalı işğalçılardan azad edəndə, onların günahından nə qədər uşağın həlak olduğu barədə həqiqət bəlli olur. "Təəssüf ki, hələlik, Rusiyaya deportasiya edilən yüzlərlə uşaq haqqında tam məlumatımız yoxdur. Bugünədək müxtəlif səylərlə 371 deportasiya edilmiş uşaq Ukraynaya qaytarılıb. Həm də bizim ən azı 19 505 nəfər ukraynalı uşağın deportasiya olunması barədə dəqiq məlumatımız var. Bu, hələ də düşmənin sərəncamında olan körpə ukraynalı oğlan və qızların yalnız bir hissəsidir. Biz onların hamısını qaytarmalıyıq", - o, bəyan edib. Zelenski vurğulayıb ki, 2014-cü ildə Kreml "xalqların taleyini həll edə biləcəyinə" qərar verməsəydi, bir çox uşaq sağ qalardı. "Bu quldurların hər biri məhkum ediləcək. Mən buna şübhə etmirəm. Bütün lazımi hüquqi təsisatlar bu nəticəyə işləyir", - prezident deyib. Kontekst: 24 fevral 2022-ci ildə Rusiya Ukraynaya soxulub, müharibənin tammiqyaslı mərhələsinə başlayıb. Rusiya faktiki olaraq Ukraynaya qarşı 2014-cü ildə, Ləyaqət İnqilabından sonra qanunsuz olaraq Krımı ilhaq edib, Donetsk və Luqansk vilayətlərinin bir hissəsini işğal edib. Ukrayna Baş Prokurorluğu Ofisinin məlumatına görə, Ukraynaya tammiqyaslı hərbi müdaxilənin əvvəlindən 485 uşaq həlak olub, 1005 uşaq yaralanıb. "Müharibə uşaqları" dövlət portalının məlumatına görə, Ukraynadan ən azı 19 505 uşaq deportasiya edilib. Onlardan yalnız 371 nəfəri geri qaytarılıb. Ukraynanın uşaq ombudsmanı Darya Qerasimçuk bəyan edib ki, Ukrayna ərazisinin bir hissəsi işğal altında olduğuna və hakimiyyətin oraya çıxışının olmadığına görə söhbət bir neçə yüz min oğurlanmış uşaqlardan gedə bilər. Aprelin 27-də Avropa Şurası Parlament Assambleyasının qəbul etdiyi qətnamədə ukraynalı uşaqların deportasiyası soyqırım adlandırılıb.
"Belqorod vilayətinin sərhəd rayonlarında Rusiya müxalifətinin silahlı dəstələri ilə hökumət qüvvələri arasında döyüşlər davam edir..." "Üsyançılar hərbi əsirləri Ukraynaya təhvil vermək niyyətindədir..." Üsyançılar Belqorod ətrafında Kremlə yeni problem yaradıb Analitiklər indiyədək Moskvanın Belqorod vilayətindəki üsyana qarşı dəqiq koordinasiyalı reaksiyasını görmür. Sozcu.az xəbər verir ki, bu barədə Amerikanın müharibənin öyrənilməsi İnstitutunun (ISW) analitikləri bəyan edib. Qeyd edilir ki, Kreml Belqorod vilayətinin sərhədyanı rayonlarında üsyançıların reydlərinə necə münasibət göstərməyi bilmir. Onlar "Rusiya könüllülər korpusu" və "Rusiyaya azadlıq" legionunun Ukrayna sərhəddindən 3, 5 km məsafədə yerləşən Novaya Tavoljanka qəsəbəsi rayonunda mövcudluğunu təsdiq edir. Əgər Rusiya Müdafiə Nazirliyi üsyançıların tez bir zamanda Ukrayna ərazisinə sıxışdırılması barədə hesabat verməyə tələsirsə, Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov qəsəbə yaxınlığında davam edən döyüşlər barədə məlumat verir. Qarışıqlıq vəziyyəti Qladkovun Rusiya könüllülər korpusunun görüş keçirmək və əsirləri mübadilə etmək barədə çağırışına münasibəti daha da qəlizləşdirib. Qladkov əvvəlcə Şebekino blok-postda görüşə razı olsa da, sonradan fikrini dəyişərək bu görüşdən imtina edib. "Rusiyanın Belqorod vilayətində məhdud reyd barədə ziddiyyətli cavabları və məlumatları onu sübut edir ki, Rusiya rəhbərliyi bu məhdud transsərhəd reydlərinə necə cavab verməyi qərarlaşdırmayıb", - analitiklər hesab edir. ISW analitiklərinin fikrincə, Rusiya könüllülər korpusunun çağırışına münasibət bildirmək Qladkovun şəxsi təşəbbüsü olub, bu da hərbçilərlə regionun mülki hakimiyyəti arasında koordinasiyanın olmamasından xəbər verir. ISW həmçinin Rusiya təbliğatının bu hadisələr barədə bir-birinə əks olan şərhlərə də diqqət çəkib. Bəzi spikerlər əhalini sakitləşdirməyə cəhd edir, digərləri isə, əksinə, Rusiyanın, guya, sağ qalması uğrunda mübarizə aparması barədə narrativi dəstəkləyir. "Rusiyanın reaksiyası əsasən informasiya təsirinə köklənib və Rusiya rəhbərliyinin ölkənin sərhəd vilayətlərində bundan sonra məhdud reydlərin qarşısının alınması üzrə daha geniş siyasətinin hər hansı əlamətləri yoxdur. Həmçinin Rusiya hakimiyyətinin bu fəaliyyətə cavab olaraq təxliyyəni təşkil edəcəyi aydın deyil", - analitiklər qeyd edib. Belqorod vilayətində vəziyyət -son xəbərlər Artıq neçə gündür ki, Belqorod vilayətinin sərhəd rayonlarında Rusiya müxalifətinin (Rusiya könüllülər korpusu və "Rusiyaya azadlıq" legionu) silahlı dəstələri ilə hökumət qüvvələri arasında döyüşlər davam edir. Bu ərəfədə üsyançılar qubernatora, sadəcə, "ünsiyyət üçün" görüş təklif edib. Bu görüşdə onlar hökumət ordusunun əsir götürülən əsgərlərini təhvil verməyi vəd edib. Qubernator əvvəlcə görüşə razı olsa da, sonradan alternativ görüş yeri təyin edib. Daha sonra o, fikrini dəyişərək görüşdən imtina edib. O zaman "Vaqner qrupu" özəl hərbi şirkətin rəhbəri Yevgeni Priqojin əsirləri götürməyə razılaşıb, lakin üsyançılar bəyan edib ki, əsirləri Ukraynaya təhvil vermək daha yaxşıdır. Bu arada isə yerli hakimiyyət və polisin qaçdığı Şebekino şəhərində ucdantutma talançılıq başlayıb. İndi rusiyalılar Ukraynanın zəbt edilən ərazilərində olduğu kimi kütləvi şəkildə bir-birini talan edir.