Elektron nəzarət vasitələrinin tətbiqi qaydalarında dəyişikliklər edildi

Nazirlər Kabineti “Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə elektron nəzarət vasitələrinin tətbiqi Qaydaları”nda dəyişiklik edib. Elektron nəzarət vasitələri tətbiq edilən məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslər üzərində nəzarətin daha effektiv həyata keçirilməsinin təmin olunması, habelə bu sahədə səmərəliliyin artırılması məqsədilə “Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə elektron nəzarət vasitələrinin tətbiqi Qaydaları”nda dəyişikliklər edilib. Edilən dəyişikliklərə əsasən elektron nəzarət vasitələrinin tətbiq edildiyi şəxslər tərəfindən elektron qolbağın açılması və ərazi məhdudiyyətinin pozulması halı mövcud olduqda monitorinq mərkəzinin dispetçeri tərəfindən bu hallarla bağlı dərhal məsul icra məmuruna və ya polis orqanının vəzifəli şəxsinə məlumat vermə tələbi müəyyən edilib. Eyni zamanda, elektron nəzarət vasitəsinin müvəqqəti çıxarılması (elektron qolbağın müvəqqəti açılması və s.) halları genişləndirilib. Yeni hallar aşağıdakılardır: - barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edildikdə; - barəsində həbs növündə qətimkan tədbiri seçildikdə; - nəzarət subyektinə alkoqolizm və ya narkomaniyadan müalicə məqsədilə ixtisaslaşdırılmış tibb müəssisəsinə və ya psixi pozuntusu ilə əlaqədar psixiatriya stasionarına yerləşdirildikdə.

"Space TV"-nin yayımı dayandırılacaq - QƏRAR

18 may 2023-cü il tarixdə Azərbaycan Respublikası Audiovizual Şurasının videoformatda iclası keçirilmişdir. İclasda Şuranın apardığı monitorinqlər nəticəsində aşkarlanmış "Media FM" radio kanalının efirində "Reklam haqqında" Qanunun, "Space TV" televiziya kanalının efirində isə "Media haqqında" Qanunun tələblərinin pozulması faktları müzakirə olunmuşdur. Belə ki, ümumölkə yerüstü radio yayımçısı olan "Digital Media" MMC-nin "Media FM" radio redaksiyasının efirində 11 may tarixində saat 08.48-də, 15 may 2023-cü il tarixində saat 08.50-də, 09.49-da və 12.50-də "Reklam haqqında" Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinin tələbinin (hamiləliyin süni yolla pozulması və süni mayalanma üzrə tibbi xidmətin reklamı qadağandır) pozulması faktları qeydə alınmışdır. Bundan başqa, ümumölkə yerüstü televiziya yayımçısı olan "Space Müstəqil Televiziya və Radio Şirkəti" MMC-nin "Space TV" televiziya redaksiyasının efirində 12 may 2023-cü il tarixində "Gəl, danış" proqramının yayımı zamanı (saat 13.01-də) "Media haqqında" Azərbaycan Respublikası Qanununun 14.1.6-cı maddəsinin tələbinin (əxlaqdankənar leksik (söyüş) məzmunlu söz və ifadələrdən, jestlərdən istifadəyə yol verilməməlidir) pozulması faktı aşkarlanmışdır. Şura üzvləri aparılan müzakirələrdən sonra hər iki redaksiyaya qarşı yayımın dayandırılması sanksiyasının tətbiq olunmasına yekdilliklə səs vermişlər. Beləliklə, Azərbaycan Respublikası Audiovizual Şurasının qəbul etdiyi müvafiq qərarlara əsasən "Media FM" radio redaksiyasının proqramlarının yayımı 21 may 2023-cü il tarixdə 23.00-24.00 arası 1 saatlıq, "Space TV" televiziya redaksiyasının proqramlarının yayımı 21 may 2023-cü il tarixdə 08.00-11.00 arası 3 saatlıq dayandırılacaqdır. Azərbaycan Respublikası Audiovizual Şurası bir daha bütün audiovizual yayımçıları proqramların yayımı zamanı qanunvericiliyin tələblərinə riayət etməyə çağırır.

Müəllimlərin sertifikatlaşdırılması imtahanının tarixi...

İyunun 20-24-də təhsilverənlərin sertifikatlaşdırılması üzrə test imtahanı keçiriləcək. Sozcu.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov deyib. Onun sözlrəinə görə, həmin tarixlərdə Azərbaycan dili və ədəbiyyat, eləcə də ibtidai sinif müəllimləri imtahan verəcək.

Mətbuat Şurası: "Sərlövhələrlə manipulyasiya yolverilməzdir"

“Dünən bəzi xəbər saytlarında "Cavanşir Məmmədov toyda çıxış edərkən qəfil öldü" başlığı ilə xəbər yayımlanıb. Oxucular isə ilk baxışdan söhbətin müğənni Cavanşir Məmmədovdan getdiyini düşünüb". Sozcu.az xəbər verir ki, bu barədə Mətbuat Şurası məlumat yayıb. Bildirilib ki, bu da haqlı olaraq müğənni və onun yaxınları tərəfindən narahatlıq və narazılıqla qarşılanıb. "Əslində isə xəbərdə söhbət Biləsuvar rayon Nərimankənd kənd sakini, 1962-ci il təvəllüdlü Cavanşir Məmmədov adlı şəxsdən gedir. Mərhuma Allahdan rəhmət diləyirik.  Bunu deməyi vacib hesab edirik ki, belə yanıldıcı və manipulyativ başlıqlarla oxucunu aldatmaq cəhdləri uğursuz manevrdir. Çünki xəbərin sərlövhəsinə aldanan oxucuda həmin başlığı yayan sayta və ümumilikdə mətbuata inamsızlıq yaranır. Təəssüf ki, bu cür hallar peşəkar jurnalistikaya ciddi zərbə vurur. Yaxşı olar ki, bu cür yanıldıcı başlıqlarla xəbər yayan mətbuat orqanları İP qazanmaq üçün belə ucuz, qeyri-peşəkar yollara əl atmasın və oxucuları daha ciddi xəbərlər, gərəkli araşdırmalar, reportajlarla cəlb etməyə çalışsın", - şuranın məlumatında qeyd olunub.

Bu dövlət qurumu ləğv edildi

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə komissiyası ləğv olunub. Bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib. Nazirlər Kabinetinin 15 may tarixli 2023-cü il tarixli Sərəncamı ilə Naxçıvan Tibbi-Sosial Ekspert Komissiyasına sənədləri təqdim olunan şəxslərin təkrar müayinəsinin aparılması üçün Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə komissiyası ləğv olunub. Nazirlər Kabinetinin eyni tarixli digər bir Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Dövlət Sığorta Xidməti publik hüquqi şəxsin ləğv edilməsi ilə əlaqədar “Naxçıvan Muxtar Respublikasında inzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında”, “Bir sıra publik hüquqi şəxslərin ştat cədvəllərinin təsdiq edilməsi haqqında” qərarlarında dəyişiklik edilmiş, ”İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortanın aparılması barədə” qərarı ləğv edilib.

Həbsdə olan sabiq icra başçısı kassasiya şikayətini geri götürüb

Biləsuvar Rayon İcra Hakimiyyətinin həbsdə olan keçmiş başçısı Mahir Quliyevin kassasiya şikayəti üzrə məhkəmə iclası başlayıb. Ali Məhkəmənin hakimi Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qeyd olunub ki, təqsirləndirilən şəxs və zərərçəkmiş şikayətini geri götürüb. Qeyd edək ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Quliyev 11 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə M.Quliyevin Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən 450 min manatlıq evinin, Nərimanov rayonundakı 504 min manatlıq mənzilinin və 62 min manatlıq "Audi" markalı avtomobilinin müsadirə edilməsi barədə hökm çıxarıb. Bundan başqa, Biləsuvar Rayon İcra Hakimiyyətinə dəymiş 3 milyon 206 min manat və DOST mərkəzinə dəymiş 125 min manatlıq mülki iddia təmin olunub. Xatırladaq ki, Biləsuvar Rayon İcra Hakimiyyətinin keçmiş başçısı M.Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin 2020-ci il aprelin 29-da həyata keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. M.Quliyev Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və isriaf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2-ci (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilərək ittiham elan edilib. M.Quliyev 2011-ci ildən 2020-ci ilə qədər Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

Türkiyədə seçkilər ikinci tura qaldı

Türkiyədə prezident seçkiləri ikinci tura qalıb. Sozcu.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyə Ali Seçki Qurumunun (YSK) sədri Əhməd Yenər deyib. “Ölkə daxilində seçki qutularının 100 faizi açılıb. Son nəticələrə əsasən, Rəcəb Tayyib Ərdoğan 49.51, Kamal Kılıçdaroğlu 44.88, Sinan Oğan isə 5.14 faiz səs toplayıb. 28 may bazar günü ikinci turun keçirilməsinə qərar verilib”, - Əhməd Yener bildirib.

Avropa Şurasının liderləri TOPLAŞIR

Mayın 16-17-də Avropa Şurasına üzv olan 46 ölkənin dövlət və hökumət başçılarının zirvə toplantısı keçiriləcək. Sozcu.az xəbər verir ki, bu barədə Şuranın saytında məlumat yayılıb. Bildirilir ki, toplantı İslandiyanın paytaxtı Reykyavik şəhərində baş tutacaq. Məlumata görə, bu, Avropa Şurasının yaradılmasından sonra keçiriləcək 4-cü zirvə görüşüdür. Toplantıda əsasən Ukraynadakı müharibə müzakirə olunacaq. İclasda, həmçinin ətraf mühit və süni intellekt daxil olmaqla, demokratiya və insan hüquqları problemlərinin həlli üçün təşəbbüslərin gücləndiriləcəyi gözlənilir. İclasın sonunda İslandiya Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi Latviyaya təhvil verəcək.

İyunda 12 gün İŞ OLMAYACAQ

İyun ayında bayramlarla əlaqədər qeyri-iş günlərinin sayı açıqlanıb. Sozcu.az xəbər verir ki, Nazirlər Kabinetindən verilən məlumata görə, ölkədə 15 iyun – Milli Qurtuluş günü kimi qeyd edilir. Buna görə də cümə axşamı günü iş olmayacaq. 26 İyun – Silahlı Qüvvələr Günüdür. İyunun 28,29-u Qurban bayramı günləri müəyyən edilib. Həmin günlər bayram olduğu üçün qeyri-iş günü hesab edilir. Beləliklə, iyunda şənbə və bazar günləri də daxil olmaqla 12 gün qeyri-iş günü olacaq.

Bu şəxslərə hərbi xidmətə çağırışla bağlı güzəştlər verilməsi təklif olundu

“Azərbaycanda universitet tələbələrinə əsgərlikdən möhlət hüququ tanınsa da, kollec tələbələrinə bu möhlət verilmir”. Bunu Milli Məclisin bu gün keçirilən iclasında Naqif Həmzəyev deyib. Deputat kollecdə təhsil alan gənclərə də hərbi xidmətə çağırışla bağlı müəyyən güzəştlər verilməsini təklif edib.

“124 min peyğəmbər haqqı Azərbaycanda təhsil yoxdur” - Seyran Səxavət

Ali məktəblərə qəbul planı ilbəil artırılır. 2022-2023-cü ildə bu rəqəm 60 minə çatdırılıb. şübhəsiz, hər bir valideyn də övladını tələbə görmək istəyir. Təxmini hesablamalara görə, azərbaycanlılar repetitor fəaliyyətinə ildə 200 milyon manatdan çox vəsait sərf edir. Özlüyündə kiçik olmayan bu rəqəmin arxasında duran yeganə məqsəd abituriyentin qəbul imtahanında zəruri balı toplamasıdır. Azərbaycanlıların uşaqlarına ali təhsil vermək həvəsi sovet dövründən qalmaq ənənədir, yoxsa bu, yeni meyldir? Niyə hamı övladının diplomlu olmasını istəyir? Yenisabah.az-a açıqlamasında tanınmış yazıçı Seyran Səxavət deyib ki, diplomlu olmaq hələ hər şeyi həll etmək demək deyil. Onun sözlərinə görə, bu, sovet dövründən, hətta ondan da o tərəfə qalan bir ənənədir. Yazıçının fikrincə, hamı diplom almaq, oxumuş adam kimi görünmək istəyir: “İntəhası bu tendensiya birtərəflidir. Sovet vaxtı bu, məqsədəuyğun idi. Bəs bu gün? Hamı ali savadlı olsa, bəs santexnik, tornaçı, fəhlə kim olacaq? Mən bu nikbinliyə heyran qaldım. Çünki bu gün ali savadlıların çoxu ya santexnik, ya döşəmə vuran, ya suvaqçı, ya da qaynaqçıdır. Ona görə də bundan qəti nigaran qalmaq lazım deyil. Belə bir misal var: “Sən ağa, mən ağa, inəkləri kim sağa?” Bir dəfə kimsə demişdi ki, dünyanın hər yerində pul verib adamı oxutdurub, ona təhsil və savad verirlər. Amma Azərbaycanda pul verirlər ki, bunu bisavad və şikəst et, təki diplomu olsun. Mirzə Ələkbər Sabir demişkən, biz belə canlarıq”. Yazıçı əlavə edib: “O ki qaldı müəllimə, repetitora xərclənən pullara, onun da bir obyektiv səbəbi var və bu da problemi doğurur. Bu gün məktəblərimizdə təhsil yoxdur. Bunu hamı deyir, mən də, 124 min peyğəmbər haqqı təhsil yoxdur. Çünki sovet təhsil sistemini darmadağın etdilər, yenisini isə yarada bilmədilər, mən bunun canlı şahidiyəm. Hamı bilir ki, Azərbaycanda sovet təhsil sistemi ilə oxuyub Nobel mükafatı alanlar olub. İndi isə nəinki mükafat, heç təhsil alan da yoxdur. Axı təhsili verən olmalıdır ki, onu alan da olsun”.

Arif Hacılı İlham Əliyevin çıxışına cavab verdi

İlham Əliyevin bugünkü çıxışında səslənən bəzi fikirlərin aydınlaşdırması, tarixi faktlarla düzəliş edilməsi bu hadisələrdən xəbərsiz olanları məlumatlandırmaq baxımından çox vacibdir.  Azərbaycanın ən çox əraziləri (6 rayon) H. Əliyevin hakimiyyəti dövründə işğal edilib.  Ən çox sayda hərbi qulluqçumuz da həmin dövrdə şəhid olub.  Elçibəy hakimiyyəti dövründə Ermənistana yanacaq satılmayıb.  Əgər satılıbsa bu indi müxalifət liderləri sırasında olan şəxsər tərəfində edilməyib. Bu mümkünsüz idi, çünki bizim yanacaq sektoruna müdaxilə imkanımız olmayıb.  Yanacaq sektoru ilə əlaqəsi olanlar H. Əliyevin hakimiyyətə gəlməsində ən mühüm rol oynayan və ya sonralar birbaşa ya da dolayısı ilə indiki hakimiyyətin yanında olan şəxslər idi.  İlham Əliyevin o dövrdə Ermənistana yanacaq satılması barədə faktı varsa hökmən açıqlasın.  Bu cinayətin kim(lər)in tərəfindən törədilməsi, bu yolla əldə edilmiş vəsaitlərin hansı məqsədlərlə xərclənməsi barədə cəmiyyətin məlumatlandırılmasında ən maraqlı olan tərəf bizik. Arif Hacılı, Müsavat Partiyasının başqanı