Bakı-Balakən dəmiryol xətti niyə işləmir? - "ADY-nin monopoliyasına son qoyulmalıdır" - AÇIQLAMA

"Qatar və avtobusların sərnişindaşımada istifadəsi məqsədilə marşrutların açılması üçün əvvəlcədən təhlillər aparılmalıdır. Bu təhlillər əsasında hansı istiqamətdə iqtisadi səmərəlilik varsa, həmin istiqamətdə reyslərin açılması, yaxud avtobus sayının artırılması barədə qərar qəbul edilir. Bakı-Balakən istiqamətində qatarların fəaliyyətinin niyə dayanması Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi ilə müzakirə olunmalıdır. Hesab edirəm, Balakən uzaq rayondur və bu istiqamətdə sərnişindaşımalar kifayət qədər baha həyata keçirilir. Yəni xüsusi maşınlar, özəl şirkət avtobusları ilə daşımalar xeyli bahadır. Yerli əhali də bu istiqamətdə aktiv olmalıdır. Bu gün Balakənə kiçik avtomobillərlə, yaxud mikroavtobuslarla 25-30 manata gedirlərsə, qatarla 15 manata gedib-gələ bilərlər. Qazaxa açılan sürət qatarının biri də Balakənə açıla və ucuz qiymətə sərnişinləri daşıya bilər. "Azərbaycan Dəmir Yolları" QSC dövlətin şirkəti olduğuna görə bütün məsələləri iqtisadi səmərəlilik baxımından qiymətləndirməməlidir. ADY-nin monopoliyasına son qoyulmalıdır".

Bu sözləri Pravda.az-a açıqlamasında iqtisadçı Akif Nəsirli deyib.

O bildirib ki, digər dəmir yol şirkətləri də Azərbaycana dəvət edilməli, ən azı onların maraqları təmin olunmalıdır: "Azərbaycana gəlsinlər və ölkəmizdə dəmir yol sərnişindaşımaları ilə məşğul olsunlar. Yaxud monopoliyanı saxlayırlarsa, əhalinin sosial vəziyyətini də nəzərə almalıdırlar ki, burada alternativ yoxdur. Əhalinin də xərci digər daşımalarda çox çıxır. Onda istiqamətlər üzrə qatarların işləməsi təmin edilməlidir. İndi əslində əksər bölgələrə reyslər dayanıb. Məsələn, əvvəllər Beyləqan-Füzuli, Bakı-Qafan, Bakı-Mincivan, Bakı-Naxçıvan qatarları işləyirdisə, indi onlar da işləmir. Bakı-Qafan qatarı Horadiz şəhərinə qədər işləyirdi. Son zamanlar onu da dayandırıblar. Bu məsələni əhali daha çox qaldırmalı, maraqlanmalıdır. Vətəndaşlar AYNA-nın qaynar xəttinə zəng edib tələb etməlidirlər ki, nəyə görə bu istiqamətlərdə qatar açılmır. Tələb olmalıdır ki, AYNA da bu barədə düşünsün. Əhali tələb etmədiyinə görə düşüncə də yoxdur. AYNA-nın rəqibi də yoxdur. Əksər hallda rəqib şirkəti daha məhsuldar, effektiv, səmərəli işləməyə məcbur edir. Rəqib olmadığına görə tənbəllik yaşanır. İstənilən halda əhalinin tələbi onlara çatmalıdır".

Share on Facebook