Azərbaycanda vəzifəli şəxslər cərimələndi

Kürdəmir və Saatlıda bələdiyyə sədrləri barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Sozcu.az-a verilən məlumata görə, Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirilən tədbirlər zamanı rayonunun Mollakənd və Şilyan kəndləri ərazisində sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları aşkarlanıb. İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduğuna görə adları qeyd olunan kənd bələdiyyələrinin sədrləri barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb və aidiyyəti üzrə 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilib. Analoji qayda pozuntusu Saatlı RPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı da aşkarlanıb. Rayonun müxtəlif küçə və prospektlərində sənaye və məişət tullantılarının qalaqlanması faktlarına görə rayon bələdiyyəsinin sədri barəsində RPŞ-nin İctimai Təhlükəsizlik Bölməsində müvafiq tədbirlər görülüb və 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilib. Bu istiqamətdə tədbirlər davam etdirilir.

Bu iddialar Ermənistanın siyasi avantürasıdır - XİN

Bölgədə “gərgin humanitar vəziyyət” iddiaları Ermənistanın siyasi avantürası və manipulyasiyasıdır. Sozcu.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyi Avstriyanın Avropa və beynəlxalq məsələlər üzrə federal naziri Aleksandr Şallenberqlə mətbuat konfransı zamanı Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Azərbaycana qarşı səsləndirdiyi əsassız iddialarına cavabında bildirib. "Azərbaycan tərəfindən təklif olunan Ağdam-Xankəndi yolu vasitəsilə yüklərin daşınmasına qarşı çıxılması da bu iddiaların heç bir əsasının olmadığının nümunəsidir. Beynəlxalq Ədalət Məhkəməsinin Ermənistanın Laçın buraxılış məntəqəsinin aradan qaldırılması tələbinin yekdilliklə rədd edilməsinə dair 6 iyul 2023-cü il tarixli qərarının Ermənistan tərəfindən təhrif olunması, bununla yanaşı, məntəqəyə qarşı hərbi təxribat törədilməsi, qaçaqmalçılıq cəhdlərinin edilməsi Ermənistanın beynəlxalq norma və prinsiplərə riayət etmək niyyətinin olmadığının göstəricisidir", - XİN bəyan edib.

Çexiya azərbaycanlı kriminal avtoriteti ABŞ-a verir

Çexiyanın ədliyyə naziri Pavel Blazek Gürcüstan vətəndaşı olan kriminal avtoritet Polad Ömərovun ABŞ-a ekstradisiya edilməsi haqqında əmr imzalayıb. Sozcu.az Report-a istinadən xəbər verir ki, əslən azərbaycanlı olan P.Ömərovun yaxın bir neçə gün ərzində ekstradisiya prosesi həyata keçirilməlidir. Barəsində beynəlxalq axtarış qərarı olan kriminal avtoritet yanvar ayında Çexiyada saxlanılıb və o vaxtdan həbsdədir. P.Ömərovun həbsindən az sonra məlum olub ki, ABŞ prokurorları Şərqi Avropadan olan və İran hakimiyyəti ilə əlaqəli olan üç kriminal avtoriteti ABŞ-da yaşayan iranlı jurnalist və hüquq müdafiəçisi Məsih Əlinejadın qətlini planlaşdırmaqda ittiham edib. Praqa Şəhər Məhkəməsi mayın sonunda P.Ömərovun ABŞ-a, o cümlədən Gürcüstan və Qazaxıstana ekstradisiya oluna biləcəyinə dair qərar çıxarıb. Bu ölkələr də onun cinayət məsuliyyətinə cəlb olunması üçün Çexiyadan ekstradisiyasını tələb ediblər. Çexiya mətbuatı yazır ki, P.Ömərov Rusiya və Ukraynadakı azərbaycanlı icmalarına qarşı terror törədən mütəşəkkil cinayətkar qrupa rəhbərlik edib.

Ukrayna ordusu Rusiyanın 25 PUA-sını məhv etdi

Ukrayna ordusu Rusiyaya məxsus 25 “Şahid” PUA-sını məhv edib. Sozcu.az xəbər verir ki, bu barədə Ukayna mediası məlumat yayıb. Məlumata görə, PUA-ların 21-i Odessa, 4-ü isə Nikolayev vilayətinin səmasında vurulub. Odessada vurulan raketlərin parçaları infrastruktur obyektlərinə, bir neçə fərdi evə ziyan vurub. Bir nəfər yaralanıb.

Diaspor təşkilatlarından Ermənistanla bağlı çağırış

Azərbaycanın diaspor təşkilatları Kəlbəcər rayonunun Seyidlər kəndi ərazisində arıçılıq fəaliyyəti ilə məşğul olan sahibkarın minaya düşməsi ilə bağlı bəyanat yayıb. Sozcu.az bəyanatın mətnini təqdim edir: “Ermənistan tərəfindən Azərbaycan ərazilərində basdırılmış minalar və partlamamış hərbi sursatlar mülki şəxslərin həyatına ciddi təhlükə yaratmaqda davam edir. Cari il iyulun 13-də Kəlbəcər rayonunun Seyidlər kəndi ərazisində arıçılıq fəaliyyəti ilə məşğul olan azərbaycanlı mülki şəxs mina partlayışı nəticəsində xəsarət alıb. Ermənistanın ölkəmizə qarşı törətdiyi mina terroru hərbi qulluqçularımızın və mülki şəxslərin həyatını itirməsinə və ya yaralanmasına səbəb olur, eyni zamanda keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına qayıdışını ləngidir, bölgədə həyata keçirilən bərpa və yenidənqurma işlərinə maneə yaradır. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində minaların basdırılması və minalanmış ərazilərin dəqiq xəritələrinin verilməməsi Ermənistanın beynəlxalq hüquq və beynəlxalq humanitar hüququn norma və prinsiplərinə hörmətsizliyinin açıq nümayişidir. Azərbaycan diaspor təşkilatları beynəlxalq ictimaiyyəti mina sahələrinin dəqiq xəritələrini ölkəmizə təqdim etməsi, BMT-nin Minalardan Təmizləmə Xidməti kimi minalarla mübarizə aparan beynəlxalq təşkilatlarla çalışması üçün Ermənistana güclü təzyiq göstərməyə, Azərbaycanı texniki yardımla və minatəmizləmə təcrübəsi ilə təmin etməyə çağırır”.

“Ölən uşaqlar Putinin vecinə deyil” - General

Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı general Valeri Zalujnı “Washington Post” qəzetinə müsahibə verib. Sozcu.az UNIAN-a istinadla xəbər verir ki, o, ölkəsinin Rusiya ilə hansısa şərtlərlə döyüşə bilməyəcəyini bildirib. Ali Baş Komandanın sözlərinə görə, Rusiya ərazisinə zərbələr endirmək üçün Ukrayna yalnız yerli istehsal silahlardan istifadə edir. “Xalqımı xilas etmək üçün düşmən ərazisində nə isə etmək üçün niyə kimdənsə icazə istəməliyəm?” – Zalujnı vurğulayıb. “Niyə? Çünki Putin... nüvə silahından istifadə edəcək? Ölən uşaqlar isə vecinə deyil. Bu, bizim problemimizdir və düşməni necə öldürəcəyimizə qərar vermək bizim ixtiyarımızdadır. Müharibədə siz düşmənin ərazisində öldürə bilərsiniz və öldürməlisiniz. Əgər tərəfdaşlarımız silahlarından istifadə etməkdən qorxsalar, biz öz silahımızla öldürəcəyik”, – deyə Ukrayna ordusunun komandanı bildirib. Xatırladaq ki, Qərb müttəfiqləri Ukrayna Silahlı Qüvvələrinə verdikləri uzaqmənzilli raketlər və digər döyüş sursatlarının Rusiya ərazisinə zərbə endirmək üçün istifadə edilə bilməyəcəyi şərtini qoyub.

Resept əsasında xaricdən şəxsi istifadə üçün maneəsiz dərman gətiriləcək

Azərbaycan Respublikasına gələn və ya xaricə gedən şəxslər şəxsi istifadə üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş reseptə yazılan dərman vasitələrini maneəsiz gətirə və apara bilərlər. Sozcu.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dərman vasitələri haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Qüvvədə olan qanuna görə, Azərbaycan Respublikasına gələn və ya xaricə gedən şəxslər şəxsi istifadə üçün zəruri miqdarda dərman vasitələrini, o cümlədən Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçməyən dərman vasitələrini maneəsiz gətirə və apara bilərlər. Dəyişikliyə əsasən isə Azərbaycan Respublikasına gələn və ya xaricə gedən şəxslər həm də şəxsi istifadə üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş reseptə yazılan dərman vasitələrini maneəsiz gətirə və apara bilərlər. Eyni zamanda təsdiq edilmiş reseptə yazılan, dövlət reyestrinə daxil edilməyən dərman vasitələrini pasiyentin sifarişi əsasında topdansatış əczaçılıq müəssisələri, aptek təşkilatları və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) yalnız reseptdə yazılan miqdarda ölkəyə gətirə bilərlər. Həmin dərman vasitələrinin resept yazılan şəxs istisna olmaqla ölkə ərazisində satışı qadağandır. Layihəyə görə, klinik protokollara əsasən xəstələrin müalicəsi üçün zəruri hesab olunan, lakin beynəlxalq patentləşdirilməmiş adı (təsiredici maddənin adı) ilə dövlət qeydiyyatına alınmayan dərman vasitəsi reseptdə yazıla bilər. Bu halda həmin dərman vasitəsinin tələb olunan miqdarı göstərilməklə resept sistem vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) 2 (iki) iş günü müddətində həmin reseptin klinik protokollara və xəstənin elektron sağlamlıq kartındakı məlumatlara uyğunluğunu yoxlayır və nəticəsinə uyğun olaraq resepti elektron sistemdə təsdiq edir və ya təsdiqindən imtina edir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən resept təsdiq olunduqdan sonra reseptdə göstərilən dövlət qeydiyyatında olmayan dərman vasitəsi ölkəyə gətirilə bilər. Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Bakıdakı hücumun arxasında İran dayanır - İsrail

Azərbaycanda İsrail səfirliyinə hücuma cəhdin arxasında İran dayanır. Sozcu.az xəbər verir ki, bu barədə İsrail xarici işlər naziri Eli Kohen deyib. Hazırda Serbiyada səfərdə olan israilli nazirin sözlərinə görə, Azərbaycanda məğlub edilən terror qruplaşması İrandan maliyyələşib və təlimat alıb. Kohen Serbiyanı İran terror qruplarına qarşı hərəkətə keçməyə çağırıb: “İran terrorizmi qlobal təhlükədir, bunu biz son günlərdə İsrailin Bakıdakı səfirliyinə hücum cəhdi ilə, son aylarda isə Kipr və Yunanıstanda israillilər və yəhudilərə hücum cəhdləri ilə gördük. İrana qarşı yalnız birgə mübarizə nəticə verəcək və onun regional sabitliyi pozmaqda davam etməsinin qarşısını alacaq”.

Generalımız Türkiyədə səfərdədir

Milli Müdafiə Universitetinin rektoru, professor, general-leytenant Heydər Piriyevin rəhbərlik etdiyi nümayəndə heyəti qardaş Türkiyəyə səfər edib. Bu barədə Sozcu.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, səfər çərçivəsində general-leytenant H.Piriyev Türkiyə Milli Müdafiə Universitetinin rektoru professor Erhan Afyoncu ilə görüşüb. Milli Müdafiə Universitetinin rektoru xatirə kitabına ürək sözlərini yazıb. Görüşdə Azərbaycan ilə Türkiyə arasında həyata keçirilən ikitərəfli hərbi əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğu vurğulanıb, təcrübə mübadiləsi baxımından qarşılıqlı səfərlərin əhəmiyyəti xüsusi qeyd olunub. Birgə əməkdaşlıq çərçivəsində hərbi təhsilin daha da genişləndirilməsi, eləcə də qarşılıqlı maraq doğuran bir sıra mövzular ətrafında müzakirələr aparılıb. Səfər çərçivəsində nümayəndə heyəti Türkiyə Milli Müdafiə Universitetində və tabeliyindəki təhsil müəssisələrində də olub. Qonaqlara tədris müəssisələrinin yaranma tarixi və əsas fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Sonda qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.

Qriqoryan ABŞ Müdafiə Nazirliyində görüş keçirdi

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ABŞ müdafiə nazirinin köməkçisinin müavini Laura Kuperlə Ermənistan Silahlı Qüvvələrində islahatlar prosesini müzakirə edib. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat yayıb. “Qriqoryan Kuperə müdafiə sahəsində Ermənistan-Amerika təhsil proqramlarının həyata keçirilməsi barədə məlumat verib. Tərəflər müdafiə sahəsində ikitərəfli əməkdaşlığa dair bir sıra digər məsələləri də nəzərdən keçiriblər”, - məlumatda deyilir. Qeyd olunur ki, görüş iyulun 11-də Ermənistan Təhlükəsizlik Şurası katibinin ABŞ-a səfəri çərçivəsində baş tutub.

Generalın yerinə polkovnik gətirildi - Yeni təyinat

Dövlət Sərhəd Xidmətinin (DSX) Kadrlar Baş İdarəsinə yeni rəis təyin edilib.  Sozcu.az xəbər verir ki, bu barədə müvafiq sərəncam imzalanıb.  Sərəncama əsasən, polkovnik Əyyub Məmmədov sözügedən idarənin rəisi təyin edilib.  Xatırladaq ki, idarənin əvvəlki rəisi general-mayor Ayaz Hüseynov bir müddət əvvəl vəzifəsindən azad olunaraq, silahlı qüvvələrin ehtiyatına götürülüb. 

Müəllimlərin nəzərinə

İyulun 11-dən 2023-2024-cü tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə start verilib. Elm və Təhsil Nazirliyindən verilən məlumata görə, imtahanların ilk seansına riyaziyyat fənni üzrə 4 400, ikinci seansına isə fiziki tərbiyə və kimya fənləri üzrə 5 430 namizəd dəvət olunub. 58 000-ə yaxın namizədin iştirak edəcəyi test imtahanları 11-15 iyul tarixlərində ölkənin 13 şəhəri üzrə 29 imtahan mərkəzində keçiriləcək. Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin təşkilində məqsəd savadlı və bacarıqlı müəllimlərin seçilməsidir.