Son vaxtlar ölkədə bahalaşma müşahidə olunur. Valideynlər isə epititor və hazırlıq kurslarında qiymətlərin artdığını iddia edirlər.
Bəs deyilənlər doğrudur? Bahalaşma bu sektora təsir edibsə, qiymətlərdə nə qədər fərq müşahidə olunur?
Mövzu ilə bağlı “Yeni Sabah”a danışan təhsil eksperti Ramil Nurəliyev bildirib ki, qiymətlər bazar meyarlarına və mövcud şəraitə uyğun olaraq tənzimlənir: vakansiya 2023
“İstər repititor hazırlığı, istər hazırlıq kurslarındakı qiymətlər bazara uyğun tənzimlənir. Hər hansı birinin standart qiyməti yoxdur. Yəni, hər repititor öz bilik səviyyəsinə görə qiyməti tənzimləyə, öz biliyini istədiyini qiymətə sata bilər. Burada heç bir məhdudiyyət yoxdur. Hesab edirəm ki, qiymətlərin artması mövcud bahalaşmaya görə ola bilər. Ancaq Bakı şəhərində olan qiymətlərlə bölgədəki qiymətlər eyni deyil. Çünki paytaxt və rayonlardakı şərait arasında bir sıra fərqlər var. Qiymətlərin tənzimlənməsi məsələsinə hər bir repititor özü cavabdehdir. Məsələn, Bakı şəhərində 50-70 manata, hətta 30 manata belə hazırlıq keçən müəllimlər var. 100-120 manat arası qiymətləri dəyişən repititorlar da var. Ancaq onlara qarşı çıxaraq, bu qiymətə dərs keçdikləri irad tutmaq doğru yanaşma deyil. Çünki heç bir müəllim valideyni məcbur etmir ki, uşaq mütləq onun yanına hazırlığa gəlsin. Hər bir müəllim öz qiymətini təyin etməkdə sərbəstdir. Əgər məcbur edirsə, deməli, problem elə buradadır. Yəni, həmin şəxs məktəbdə müəllim olaraq çalışır və şagirdlərini öz yanına hazırlığa gəlməsi üçün məcbur edir və 120 manat qiymət müəyyənləşdirirsə, bu, düzgün deyil”.
Ekspert vurğulayıb ki, hər bir məhsulun maliyyə dəyəri olduğu kimi, müəllimlərin də özünəməxsus bilik çatdırma forması var və bu formaya görə hər bir müəllim öz biliyinə uyğun qiymət təklif edə bilər:
“Hazırlıq kurslarının da qiymətində dəyişiklik müşahidə olunur. Müəyyən artımlar var. Hər bir kurs qeydiyyatdan keçərək, vergisini ödəyir və qiymətləri də ürəyi istədiyi kimi tənzimləyə bilər. Tənzimlədiyi qiymətlərə görə isə, heç kimi məcbur etmir ki, gəlib bu kursda hazırlıq keçsin. Təkliflə razılaşan müştərilər övladlarını bura göndərəcək, digərləri isə daha münasib qiymətə olan kurslara müraciət edəcək.
Qiymət artımı ilə bağlı fərdi valideyn müraciət və şikayətləri ilə qarşılaşmamışam. Müşahidələrimə əsasən deyə bilərəm ki, daha çox qiymət artımına Dövlət İmtahan Mərkəzində çalışan ekspert və marker müəllimlərində daha çox rast gəlmək mümkündür. Digərlərinə nisbətən onlar daha baha qiymətə abituriyent hazırlığı keçirlər. DİM-in adını reklam edərək, özünü ön plana çıxaran və qiymət artıran müəllimlər var. Lakin bunu hamıya şamil etmək olmaz. Bu isə tamamilə reklam xarakteri güdür. Ancaq DİM ilə əməkdaşlıq etməsə belə, işinin peşəkarı olan müəllimlər var. Lakin sözügedən qurumun adı ilə özünü təqdim edənlər valideynlərin diqqətini daha çox cəlb etdiyi üçün müəyyən bahalıq nəzərə çarpır. Beləliklə, baha olsa belə, DİM-in adı keçdiyi üçün əksər valideynlər övladlarını həmin repititorların hazırlığına göndərirlər”.