AŞPA-nın Monitorinq Komitəsinin həmməruzəçiləri Ağdama səfər ediblər

Azərbaycanda səfərdə olan AŞPA-nın Monitorinq Komitəsinin həmməruzəçiləri Yan Lidel-Qreynger və Liz Kristofersen Ermənistanın işğalından azad olunmuş Ağdam şəhərinə səfər ediblər. Bu barədə Sozcu.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib. Həmməruzəçilər Ermənistan silahlı qüvvələrinin Ağdamda törətdiyi vəhşiliklərlə, eləcə də şəhər işğaldan azad olunandan sonra Azərbaycan dövlətinin həyata keçirdiyi tikinti-quruculuq işləri ilə tanış olublar. Qonaqlara Ağdamın tarixi, indiki vəziyyəti, burada törədilən erməni vandalizmi, minalanmış ərazilər barədə məlumat verilib. Bildirilib ki, Ermənistanın işğalına qədər Ağdam nəinki Qarabağ bölgəsinin, eləcə də respublikanın ən böyük, inkişaf etmiş şəhərlərindən idi. Burada sənaye və kənd təsərrüfatı inkişaf etmişdi. Erməni işğalçıları 1993-cü il iyulun 23-də Ağdamı işğal etdikdən sonra Ağdam şəhərində və rayonun kəndlərində evləri, ictimai binaları, məktəbləri, mədəniyyət ocaqlarını, uşaq bağçalarını, xəstəxanaları, istehsalat müəssisələrini talan edib, dağıdıb və yandırıblar. Ağdamda qəbiristanlıqlar, tarixi, mədəni abidələr də erməni vandalizminə məruz qalıb. Ağdam şəhər Cümə məscidinə gələn AŞPA-nın həmməruzəçilərinə ermənilərin müharibə cinayətləri, mədəni, tarixi, dini abidələrimizi məhv etmələri barədə məlumat verilib. Qeyd edilib ki, Ağdam şəhəri işğaldan azad olunduqdan sonra Heydər Əliyev Fondu tərəfindən Cümə məscidində bərpa-restavrasiya işlərinə başlanılıb. Qonaqlar Ağdam şəhərinin mərkəzi küçəsində ermənilərin yerlə-yeksan etdikləri binaların qalıqlarına da baxıblar. Ağdam Dram Teatrının qalıqları da bu küçədədir. Onlara ermənilərin mədəni irsimizə, o cümlədən Ağdam Dövlət Dram Teatrına vurduğu zərər barədə ətraflı məlumat verilib. AŞPA-nın həmməruzəçiləri sonra Ağdam şəhərindəki Şəhidlər xiyabanında erməni barbarlığının şahidi olublar. Məlumat verilib ki, burada Birinci Qarabağ müharibəsində şəhid olan qəhrəman Vətən övladları, o cümlədən Xocalı soyqırımında öldürülən şəhər sakinlərinin bir hissəsi dəfn edilib. Ağdamda hər şeyi məhv edən erməni vandalları Şəhidlər xiyabanındakı qəbirləri də qazaraq dağıdıblar. Prezidentin xüsusi nümayəndəliyinin Ağdamdakı qərargahında olan qonaqlara Ağdam şəhərinin Baş planı çərçivəsində həyata keçiriləcək quruculuq işləri barədə ətraflı məlumat verilib. Diqqətə çatdırılıb ki, Qafqazın Xirosiması kimi tanınan Ağdam Azərbaycan Prezidentinin təşəbbüsü ilə regionun ən gözəl şəhərlərindən birinə çevriləcək, doğma yurdlarından 30 il ayrı qalmış insanların bu torpaqlara təhlükəsiz şəraitdə qayıdışı təmin ediləcək. AŞPA-nın Monitorinq Komitəsinin həmməruzəçiləri sonda Ağdam Konfrans Mərkəzi ilə tanış olublar.

Bakıda hərbi sursat aşkarlanıb

Bakıda hərbi sursat aşkarlanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə paytaxtın Sabunçu rayonu ərazisində hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib. Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın döyüş tətbiqinə yararlı bir ədəd F-1 əl qumbarası, 136 ədəd 5.45 mm-lik patron olduğu müəyyən edilib. Sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb. Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

Ali Məhkəmə hüquqşünaslara müraciət etdi

Ali Məhkəmə Elmi-məsləhət şurasının iclasında ad-hoc üzv kimi iştirak etmək istəyən hüquqşünaslara müraciət edib. Sozcu.az xəbər verir ki, Ali Məhkəmənin yanında Elmi-məsləhət şurasının yeni tərkibi (əlavə 1) təsdiq edilib. Elmi-məsləhət şurasının əsas fəaliyyəti Ali Məhkəmənin Plenumuna məhkəmə təcrübəsində qarşıya çıxan problemlərin müzakirəsi, qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı elmi məsləhətlərin aparılması və hüququn inkişafına dair təkliflərin hazırlanmasına köməklik göstərməkdən ibarətdir. Elmi-məsləhət şurasının ilk iclasının cari ilin 23 iyun tarixində keçirilməsi planlaşdırılır. İclasda “Əmlak münasibətlərində vicdanlı alıcı” (əlavə 2) mövzusu üzrə müzakirələr təşkil olunacaq. Müzakirə ediləcək mövzuların əhəmiyyətini nəzərə alaraq, Ali Məhkəmə qeyd olunan mövzular üzrə hüquqşünas ekspertlərin ad-hoc üzv kimi Elmi-məsləhət şurasının təşkil edəcəyi müzakirələrdə iştiraka dəvət edir. Yuxarıda qeyd olunan mövzulara dair elmi müzakirələrdə iştirak etmək istəyən hüquqşünas ekpertlərin 9 iyun tarixədək bu elektron ünvana [email protected] müraciət etmələri (CV əlavə olunmaqla) xahiş olunur. Elmi-məsləhət şurası tərəfindən seçiləcək namizəd ekspertlər iclasa ad-hoc üzvlər kimi dəvət olunacaqlar.

XİN Azərbaycan vətəndaşlarına çağırış etdi: İrana getməyin!

Cari ilin yanvar ayında Azərbaycanın İran İslam Respublikasındakı Səfirliyinə qarşı törədilmiş terror aktı və bunun nəticəsində İrandakı məhdud diplomatik təmsilçiliyimiz nəzərə alınmaqla, Azərbaycan Respublikası vətəndaşlarına zəruri olmadığı təqdirdə İran İslam Respublikasına səfər etməməyi, səfər edənlərin isə yüksək ehtiyatlılıq nümayiş etdirmələri kəskin şəkildə tövsiyə olunur. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. Bildirilib ki, hazırda İran İslam Respublikasında olan Azərbaycan Respublikası vətəndaşlarına mühafizə və təhlükəsizlik qaydalarına riayət etmələri tələb olunur. İran İslam Respublikasındakı vətəndaşlarımızın konsulluq və digər müraciətləri üçün Azərbaycan Respublikasının Təbrizdəki Baş Konsulluğu ilə aşağıdakı vasitələrlə əlaqə saxlamaları xahiş olunur: ÜNVAN: Təbriz, Vəliəsr, Arif küçəsi 9 TEL: (+98413) 333 48 03 FAKS: (+98413) 331 53 80 E-MAIL: [email protected] WEBSITE: tabriz.mfa.gov.az

Paşinyan Ərdoğanın andiçməsinə gedəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan iyunun 3-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasiminə qatılmaq üçün Ankaraya gedə bilər. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyənin NTV telekanalı mənbələrinə istinadən məlumat yayıb. Faktı Ermənistanın Nazirlər Kabineti təsdiqləyib. Qeyd edək ki, bundan öncə Paşinyanın Ərdoğanın iyunun 3-də keçiriləcək andiçməsinə dəvət olunmadığı deyilirdi.

İrəvan və Bakı arasında açıq dialoq vacibdir – ABŞ

Açıq dialoq baxışların tam başa düşülməsi və irəliləyiş üçün vacibdir. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentindən adının açıqlanmasını istəməyən rəsmi şəxs deyib. O bildirib ki, ABŞ Dövlət Departamenti İrəvanla Bakı arasında irəliləyişə nail olmaq üçün açıq dialoqu yüksək qiymətləndirir: “Tərəflər arasında sülh sazişi üzrə danışıqları, o cümlədən liderlərin Kişinyovda görüşü və davam edən irəliləyiş bizi ruhlandırır. Açıq dialoq baxışların tam başa düşülməsi və tərəqqi üçün vacibdir. Biz dialoqu təşviq etməyə, davamlı və layiqli sülh yolunda tərəfləri dəstəkləməyə davam edəcəyik”.

Qəbul imtahanlarının ikinci mərhələsi ilə bağlı dəyişiklik

I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanlarının II mərhələsinin 2-ci cəhdində iştirak etmək üçün ərizə qəbulu tarixlərinə düzəliş edilib və qeydiyyat prosesi iyunun 5-dən 20-dək aparılacaq. Bu barədə Sozcu.az-a Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Bildirilib ki, Nazirlər Kabinetinin “İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi” haqqında 25 may 2023-cü il tarixli 164 nömrəli Qərarına uyğun olaraq 26 iyun-2 iyul tarixləri qeyri-iş günləri hesab olunduğundan imtahana hazırlıq işlərinin vaxtında başa çatdırılması üçün qeydiyyat prosesinin iyunun 20-dək aparılması nəzərdə tutulub. Xatırladaq ki, imtahanların 2-ci cəhdi III ixtisas qrupu üzrə 8 iyul, II ixtisas qrupu üzrə 9 iyul, I ixtisas qrupu üzrə 22 iyul, IV ixtisas qrupu üzrə isə 23 iyulda keçiriləcək.

ABŞ-dan Kosova çağırışı: Növbəti zorakılıq...

Kosova polislərinin hərəkətləri gərginliyin kəskin artmasına səbəb olub. ABŞ Belqrad və Priştinadan deeskalasiya addımlarını gözləyir. Sozcu.az xəbər verir ki, bunu ABŞ Dövlət katibi Entoni Blinken deyib. “Biz bütün tərəfləri gərginliyi azaltmaq üçün təcili tədbirlər görməyə çağırırıq. NATO Kosova Qüvvələrinin (KFOR) üzvlərinə, hüquq-mühafizə orqanlarının əməkdaşlarına və jurnalistlərə qarşı qəbuledilməz zorakılığı pisləyirik. Priştina hakimiyyətinin bələdiyyə binalarına girişi güc yolu ilə təmin etmək qərarı gərginliyin kəskin və əsassız artmasına səbəb olub”, - Blinken bildirib. Blinken həmçinin Serbiya Prezidenti Aleksandr Vuçiçi ölkədə silahlı qüvvələrin yüksək döyüş hazırlığı vəziyyətini ləğv etməyə çağırıb: “O, Kosovadakı serbləri KFOR-a qarşı çıxmağı dayandırmağa və növbəti zorakılıqdan çəkinməyə çağırmalıdır”.

Deputat: "Pensiya yaş həddi 70 yaşa qaldırılsın"

Dövlət büdcəsindən maliyyələşən qurumlarda çalışan şəxslərin yaş məhdudiyyətinin 65 yaşdan 70 yaşa qədər qaldırılması təklif edilib. Bu təkliflə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev çıxış edib. O qeyd edib ki, əgər razılıq olsa Əmək Məcəlləsinə dəyişiklik layihəsi hazırlanaraq parlamentin payız sessiyasında müzakirəyə təqdim edilə bilər./Report

Xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul üçün qeydiyyat başa çatır

V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinin və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qabiliyyət imtahanlarında iştirak etmək istəyən abituriyentlərin və subbakalavrların elektron qeydiyyatı başa çatır. Bu barədə Sozcu.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Teatr, kino və xoreoqrafiya sənəti, musiqi sənəti və təsviri sənət istiqamətlərinin komissiyaları üzrə qeydiyyat bu gün saat 23:59-dək davam edəcək. Abituriyentlər (subbakalavrlar) müvafiq keçidə daxil olub qeydiyyatdan keçə bilərlər. Bədən tərbiyəsi və idman istiqaməti, həmçinin ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qeydiyyat isə 5 iyun saat 23:59-da bitəcək. Musiqi sənəti istiqamətinin qabiliyyət imtahan komissiyaları üzrə göstərilən tarixə qədər qeydiyyatdan keçməyən və ya nəzəriyyə fənləri imtahanlarında iştirak edib müsbət qiymət almayan abituriyentlər digər komissiyaların ixtisas imtahanlarında iştirak etmək üçün aparılacaq növbəti qeydiyyat mərhələsinə buraxılmayacaqlar. Seçilən əlavə komissiyaların nəzəriyyə fənləri abituriyentin imtahan verdiyi nəzəriyyə fənlərinə uyğun olmalıdır.

Xocalı canisinin keçmiş baş mühafizəçisi yenidən həbs edildi...

Ermənistanın terrorçu ekes-prezidenti  Serj Sərkisyanın mühafizəsinə rəhbərlik etmiş dövlət mühafizə xidmətinin sabiq rəisi, general-mayor Vaçaqan Kazaryan yenidən həbs edilib. Sozcu.az xəbər verir ki, bu haqda  News.am məlumat yayıb. Həbsin səbəbləri hələki rəsmən açıqlanmayıb. Xatırladaq ki, V.Kazaryan ilk dəfə 2018-ci ilin noyabrında həbs olunmuşdu.  O zaman Xocalı canisinin keçmiş baş mühafizəçisi külli miqdarda mənimsəmələrdə, gəlirlərini gizlətməkdə, qanunsuz yolla varlanmaqda ittiham olunub. Onun evində aparılan əməliyyat axtarış tədbirləri zamanı 35 milyon erməni dramı və ya 1 milyon 110 min 400 ABŞ dolları və 230 min 500 avro aşkarlanıb. Növbəti gün isə onun qarajından əlavə 2 min dollar tapılıb.  “Sürücü Vaço” kimi tanınan və keçmiş prezident Serj Sərkisyanın ən yaxın adamlarından biri olan V.Kazaryan ilk dəfə 2018-ci ilin iyunundakı həbsindən az sonra zaminə buraxılmış və istintaq müddətində dövlətə vurduğu ziyanın 5,8 milyon dollarını ödədiyinə görə 2021-ci ildə amnistiyaya düşmüşdü.. Lakin 2022-ci ildə V.Kazaryan və arvadı bir daha həbs ediliblər. Onlar zor tətbiqetmə ilə  pul tələb etməkdə ittiham olunublar.

Prokurorluqdan mina partlayışı barədə AÇIQLAMA

Mayın 27-də Tovuz rayonunun Əlibəyli kəndi ərazisində mina partlayışının baş verməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Prokurorluqdan Sozcu.az-a bildirilib ki, ilkin araşdırma zamanı qeyd olunan ərazidə mina partlaması nəticəsində 1948-ci il təvəllüdlü Abdulla Ələsgərovun xəsarət alması müəyyən edilib. Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma aparılır.