Paytaxt Bakıda təhsil alan tələbələrin kirayə ev tutması getdikcə çətinləşir. Qiymətlərin baha, kirayə verilən evlərin sayının isə az olması onları demək olar ki, bu imkandan məhrum edir.
Tələbələr yalnız Bakıətrafı qəsəbələrdə ev kirayələyə bilirlər. Bu ərazilərdə qiymətlər nisbətən ucuz olsa da, məsafə uzaqdır. Nəticədə onların təhsil aldıqları ali məktəblərə gediş-gəlişi çətinləşir.
Problemin həlli üçün ən uğurlu çıxış yolu ali məktəblərin tələbələri yataqxanalarda yerləşdirməsi olardı. Lakin təəssüf ki, bu məsələ də problematikdir.
Təhsil eksperti Elşən Qafarovun Bakupost.az -a bildirdiyinə görə, universitetlərimizdə yataqxana məsələsi illərdir ki, həll olunmamış qalıb.
Bununla belə, o, bir sıra universitetlərin kampuslar yaratdığı və onların əlçatan olduğunu bildirdi:
“Ən böyük kampusu olan Azərbaycan Dövlət Aqrar Universitetidir. Yataqxana problemi ən çox Bakı və Sumqayıt şəhərlərindədir. Bu da əlavə çətinliklər törədir. Xüsusən indi təlabat çox olduğu üçün kirayə evlərin qiymətində də artımlar müşahidə olunur. Təhsil Tələbə Krediti Fondu hələ 2023-cü ildə Nazirlər Kabinetinə bu məsələ ilə bağlı müraciət edib. Təklif olunub ki, ödənişli və ödənişsiz təhsil alan tələbələrin mənzil və yol xərcləri Təhsil Tələbə Krediti Fondundan ödənsin. Amma o qaydalar hələ təsdiq olunmayıb”.