İstintaq-əməliyyat tədbirləri həyata keçirilir - DTX

Erməni silahlı birləşmələrinin törətdikləri cinayət işi üzrə birgə istintaq-əməliyyat tədbirləri həyata keçirilir. Sozcu.az xəbər verir ki, bu sözləri bu gün keçirilən brifinqdə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) mətbuat xidmətinin rəisi Tamerlan Rəhimov söyləyib. O xatırladıb ki, sentyabr 19-da Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşlarının olduğu “Kamaz” markalı nəqliyyat vasitəsi Əhmədbəyli-Füzuli-Şuşa yolunun Xocavənd rayonundan keçən hissəsinin 58-ci kilometrliyində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi əməkdaşlarının ölümü ilə nəticələnmiş terror hadisəsinin baş verdiyi yer istiqamətində hərəkət edərkən saat 04:30 radələrində Xocavənd rayonunun Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda sülhməramlıların müvəqqəti yerləşdiyi ərazidə fəaliyyət göstərən qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən yerləşdirilmiş minaya düşərək partlayıb. Törədilmiş terror aktı nəticəsində DİN-in əməkdaşları olan 05.02.1994-cü il təvəllüdlü Camalzadə Asim Knyaz oğlu, 08.07.1987-ci təvəllüdlü Şirinov Ramil Arif oğlu, 12.07.1991-ci il təvəllüdlü Mahmudov Seymur Elsevər oğlu və 21.07.1998-ci il təvəllüdlü Zamanov Xəzər Azər oğlu hadisə yerində həlak olub. Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 214.2.1, 214.2.2, 214.2.3 (mütəşəkkil dəstə tərəfindən təkrar odlu silahdan, partlayıcı maddələrdən və qurğulardan istifadə etməklə terrorçuluq), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.10, 120.2.11, 120.2.12 (mütəşəkkil dəstə tərəfindən, ümumi təhlükəli üsulla, təkrar, zərər çəkmiş şəxsin xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar, milli ədavət və düşmənçilik niyyəti ilə iki və ya daha çox şəxsi terrorçuluqla əlaqədar öldürmə), 228.3 (mütəşəkkil dəstə tərəfindən təkrar qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə) və digər maddələri ilə cinayət işi başlanılıb. T.Rəhimov bildirib ki, cinayət işi üzrə birgə istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Ermənilər Ağdamı artilleriya atəşinə tutur

Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqelərini artilleriya qurğularından atəşə tutur. Sozcu.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülür.

Nazirlik: “Ermənistan Azərbaycan ərazisində yeni minalar basdırmağa davam edir“

Ermənistan Azərbaycan ərazisində yeni minalar basdırmağa davam edir.  Sozcu.az xəbər verir ki, bu barədə sentyabrın 18-də Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin, Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun və xarici işlər nazirinin muavini Fariz Rzayevin iştirakı ilə Xarici İşlər Nazirliyində Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik korpus üçün təşkil olunan brifinqdə bildirilib. Qeyd edilib ki, ötən ilin avqustundan etibarən 2021-ci ildə Ermənistanda istehsal olunmuş 2728 mina aşkarlanıb və zərərsizləşdirilib. Bunların 1119-u Azərbaycan və Ermənistan arasında sərhəd ərazisində, Kəlbəcər və Laçın rayonlarında, 1609-u isə Qarabağ İqtisadi Rayonunun ərazisində aşkarlanıb. Rusiya sülhməramlı kontingenti, habelə Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin rəhbərləri, o cümlədən xarici ölkələrin hərbi nümayəndələri bu minaların nümayiş olunduğu əraziyə səfər ediblər. Vurğulanıb ki, Laçın sərhəd-buraxılış məntəqəsinin yaradılmasının səbəblərindən biri sözügedən qeyri-qanuni hərbi fəaliyyətin və qaçaqmalçılığın qarşısının alınması olub. 

“Qarabağ kimi “boz zona”ların mövcuqluğunda hətta dövlətlərin də marağı olur...”

"Odur ki, belə zonaları çox nadir hallarda danışıqlar yoluyla ləğv etmək olur. Və “boz” zonaların ləğvi sonda yalnız və yalnız hərbi yolla başa gəlir... “Azərbaycandakı  “boz zona”nın aradan qaldırılması separatçıların əlində olan əraziyə nəzarətin bərpası deməkdir. Nəzarətin bərpa olunmasının isə xeyli yolları var. Bu, hərbi yoldur, siyasi-diplomatik yoldur, danışıqlar yoludur...” Bu fikirləri Moderator.az-a açıqlamasında “Planetimizdə “boz zona”lara hansı nümunələri çəkmək,  keçmiş Dağlıq Qarabağ ərazisi ilə hansı paralelləri aparmaq olar? Belə zonaların aradan qaldırılması təcrübəsi necədir?” sualını cavablandırarkən siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu ifadə edib. “Boz zona”lar hər hansı konflikt nəticəsində və yaxud mərkəzi hakimiyyətin nəzarəti itirməsi nəticəsində yaranmış qanunsuz, qondarma, separatçı “hökuməti” olan ərazilərə deyirlər. Yaxud bəzən bir ölkənin bütöv ərazisi və ya onun xeyli hissəsi də “boz zona”ya çevrilə bilər. Bu o halda baş verir ki, hakimiyyət nəzarəti tam olaraq itirir və dövlət qiyamçıların, terrorçuların və s. əlinə keçir. Belə “boz zona”ya Suriyanın bir hissəsini misal gətirmək olar...” – deyən analitik hesab edir ki, Dağlıq Qarabağ kimi “boz zona”ları aradan qaldırmaq çox çətin bir məsələdir. “Belə zonaların aradan qaldırılması, ümumiyyətlə, çox çətin məsələdir. Ona görə ki, “boz zona”ların mövcudluğunda ən müxtəlif transmilli cinayətkar qrupların və hətta dövlətlərin marağı olur. Yəni, boz zona nəzarətsiz, heç bir qanunların işləmədiyi ərazi deməkdir”.  “Azərbaycandakı  “boz zona”nın aradan qaldırılması separatçıların əlində olan əraziyə nəzarətin bərpası deməkdir. Nəzarətin bərpa olunmasının isə xeyli yolları var. Bu, hərbi yoldur, siyasi-diplomatik yoldur, danışıqlar yoludur. Amma təcrübə göstərir ki, “boz zona”ları çox nadir hallarda danışıqlar yoluyla ləğv etmək olur. Və belə zonaların ləğvi sonda yalnız və yalnız hərbi yolla başa gəlir. Lakin, dediyim kimi, hər kəs “boz zona”larının ləğvinin marağında deyil. Ona görə ki, müxtəlif qrup və ya dövlətlər belə zonalardan silah, gizli neft və digər resursların alveri üçün, həmçinin, öz hansısa çirkli pul “yuma” və s. əməllərini həyata keçirmək üçün istifadə edirlər” -deyə ekspert yekunlaşdırıb.

Paşinyandan Moskvaya sərt reaksiya: “Cəhd edin, görün sizi nə gözləyir”

“Sizin və xaç atalarınız üçün bu, 1999-cu il, oktyabrın 27-si deyil (Həmin tarixdə Ermənistan parlamentində terror aktı olub. Ermənistan parlamentinin spikeri Karen Dəmirçiyan, baş nazir Vagen Sərkisyan, vitse-spiker Yuri Baxşyan, operativ məsələlər üzrə nazir Lenard Petrosyan və daha 3 deputat qətlə yetirilib. 7 nəfər yaralanıb, 40-dan çox deputat girov götürülüb-red). Sadəcə, cəhd edin və sizi zəngin asfalt pəhrizi gözləyir”. Sozcu.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan müxalifətin İrəvan mer seçkilərində müxalifətin hərəkətlərinə mövqeyini açıqlayarkən deyib. Müxalifəti debatdan yayınmaqda ittiham edən Paşinyan deyib ki, debatlarda iştirak etməmək saxtakarın, tiranın, qəsbçinin, qəsdçinin yanaşmasıdır. “Debata gəlməyənlərdən biri İrəvan sakinlərini səs verməyə çağırır. Başqalarını atıb siyasi dueldən qaçmağa təşviq edirsiniz. Mən güllələnmədən danışanlara, İrəvanı qanla almaqdan danışanlara məsləhət görərdim ki, söz ehtiyatlarına yenidən baxsınlar”. O eyni zamanda əlavə edib ki, seçkilərdə debatlar məcburi xarakter almalı, debatlarda iştirakdan imtina edənlərin qeydiyyatı ləğv edilməlidir. 10 noyabr 2020-ci ildən sonra Ermənistanda vəziyyətin indiyədək sabitləşməməsinə də aydınlıq gətirən Paşinyan deyib: “Bilirsiniz, niyə noyabrın 10-dan sonra vəziyyət sabitləşmir? Çünki bəziləri məqsədlərinə çata, bilmədilər. Əslində Ermənistanı diz çökdürmək istəyənlər onlardır. Onlar bu tribunadan müstəqillikdən, suverenlikdən danışanda məhz bunu nəzərdə tuturlar”. /Ölkə.az

Şəhid Turan Məhərrəmovun nişanlısı: “Özümə təsəlli verirəm ki, guya toyumuz olub” - VİDEO

Turan şəhid olandan bəri onun evində yaşayan Sayıb deyir ki, onların sevgisi məktəbdən başlayıb: “Mənə sevdiyini deyəndə beşinci sinifdə oxuyurdum. Sevilməyi Turanla öyrəndim, onunla böyüdüm. Əsgərliyə gedəndə məni qucaqladı, göz yaşlarını saxlaya bilmədi. Dedim, üzülmə, mən sənin yolunu gözləyəcəyəm”. Şəhidin nişanlısı Turansız keçən çətin günlərdən danışıb: “Bir ildir, bu evdə qalıram. Özümə təsəlli verirəm ki, guya toyumuz olub. Məni burada qoyub, özü də nə vaxtsa məzuniyyətə gələcək”. Ətraflı Baku TV-nin süjetində:

Paşinyan Zəngəzur dəhlizinndən danışdı: “Ermənistan üçün çox vacib layihədir”

Ermənistanın baş naziri Nikol Paşinyan ölkə parlamentindəki çıxışı zamanı Zəngəzur dəhlizindən danışıb. Sozcu.az xəbər verir ki, Paşinyan Ermənistanın Horadiz-Mehri-Ordubad-Arazdəyən dəmir yolunun açılmasının əleyhinə olmadığını bildirib. “Hesab edirəm ki, bu, Ermənistan üçün çox vacib layihədir”. Baş nazir bildirib ki, Ermənistan regionda nəqliyyat yollarının açılmasının əleyhinə deyil: “Biz Azərbaycanla Türkiyə arasında, eləcə də Naxçıvanla Azərbaycanın qərb rayonlarını birləşdirən yolun Ermənistan ərazisindən keçməsinin tərəfdarıyıq. Biz regional qaz kəmərlərinin, neft kəmərlərinin, elektrik ötürücü xətlərinin Ermənistan ərazisindən keçməsinə qarşıyıq? Xeyr, biz buna qarşı deyilik, əksinə, bu layihələrdə maraqlıyıq. Bütün bunlar Ermənistanın, eləcə də digər ölkələrin suverenliyi və yurisdiksiyası çərçivəsində baş verməlidir”, - Paşinyan vurğulayıb. O, Ermənistan Respublikasının suverenliyini və ya yurisdiksiyasını hər hansı şəkildə şübhə altına alan bəyanatın Ermənistan üçün qəbuledilməz olduğunu bildirib. "Bu, bizim üçün qırmızı xəttdir", - Paşinyan deyib. Bununla yanaşı, Nikol Paşinyan xatırladıb ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda yalnız “Laçın dəhlizi” nəzərdə tutulub: “Ermənistan ərazisindən keçən dəhliz nəzərdə tutulmayıb, amma ümumilikdə demək istəyirəm ki, biz beynəlxalq ictimaiyyətin qulağında çaşqınlıq yaratmamalıyıq, çünki bir çox hallarda, məsələn, Avropada dəhliz deyirlər. Amma nəqliyyat yolların deyilməlidir”. "Onlar yol istəyir, biz də istəyirik və biz Ermənistanın suverenliyi və yurisdiksiyası çərçivəsində bu yolları açmağa hazırıq", - Paşinyan əlavə edib. Onun sözlərinə görə, uzun müddətdir ki, Ermənistan hökumətinin gündəliyində Ermənistan-Azərbaycan sərhədində üç keçid məntəqəsinin açılması layihəsi var. 

Zakaryan: “Azərbaycan hərbi əməliyyatlara başlasa, İran bizi dəstəkləyəcək”

Ermənistan baş nazirinin mövqeyi anlaşılmaz, eyni zamanda, qeyri-konstruktivdir. Mövqeyini dəyişməkdə mahir olan Nikol Paşinyanın siyasi ampluası öz ölkəsində də qıcıq yaradır. Məsələ burasındadır ki, Ermənistanın siyasi dairələrində birmənalı qarşılanmayan baş nazirin yanaşmaları ciddi şəkildə tənqid olunur. ABŞ-la birgə hərbi təlimlər keçirən Ermənistana ən yaxın dostlarından birinin – İranın irad bildirməsi və Rəisinin Paşinyana sərt təpki göstərməsi erməni siyasi ekspertlərin diqqətindən yayınmayıb. Ermənistanın müdafiə nazirinin keçmiş müavini Artak Zakaryan yerli mətbuata müsahibəsində bildirib ki, İran Ermənistanın ən yaxın dostudur və Cənubi Qafqazda proseslərin gərginləşməsinə səbəb olan hər bir hadisəyə dərhal reaksiya verəcək. “Regionda gedən proseslərdə onun necə iştirak edəcəyini bu gün söyləmək çətindir. Bu, siyasi təzyiqlər, hərbi-texniki dəstək və ya hərbi hərəkatlar şəklində də ola bilər. Azərbaycan Ermənistana və ya Qarabağa qarşı hərbi əməliyyatlara başlasa, İranın hansı mövqedə dayanacağının şahidi olacağıq”. Qərbin əsas hədəfinin Rusiya deyil, İran olması fikrinə münasibət bildirən Zakaryan onu da deyib ki, İran şimal sərhədlərində Qərb oyunçularının hərbi mövcudluğuna həssas yanaşır. “Türkiyə – İran münasibətlərinə gəlincə, iki ölkə arasında müxtəlif görüşlər, müzakirələr oldu. Bunun nəticəsi idi ki, sərhədlərin dəyişdirilməsinin İran üçün qırmızı xətt olduğu elan edildi. Və biz bildiyimiz, həmçinin, Türkiyə tərəfinin də bəyanatında deyildiyi kimi, İran onlara Zəngəzur dəhlizinin açılmasına icazə vermir. Bu o deməkdir ki, bu məsələdə Türkiyə ilə İran arasında ziddiyyətlər var”. Daha sonra İran prezidentinin Ermənistanın baş naziri ilə sonuncu telefon danışığında kobud davranmasını şərh edən Artak Zakaryan qeyd edib ki, “hökumət bu gün tarixən maraqların üst-üstə düşdüyü iki müttəfiqimizlə münasibətləri ardıcıl olaraq korlayır. Bu gün bizdə İran və Rusiyanın maraqları ilə üst-üstə düşən kəskin təhlükəsizlik problemi var. Və bu hal iki müttəfiqlə diplomatik və siyasi müstəvidə münasibətləri gərginləşdirmək, Ermənistanın təhlükəsizliyinə zərbə vuran xüsusi siyasət həyata keçirmək deməkdir. Əvvəlki hakimiyyətlər dövründə İranla hərbi-texniki əməkdaşlıq addımları mərhələli şəkildə aparılırdı. Amma indiki halda İran Ermənistana güvənmir. Ermənistanın təhlükəsizliyi həmişə İran və Rusiyaya inam üzərində qurulub. Təhlükəsizlik mexanizmlərimizin komponentləri o qədər sadə və məntiqlidir ki, orada başqa şeylər axtarmaq mənasızdır”.(konkret)

Dövlət maraqlarımız da, insani maraqlarımız da bölgədə sülhü tələb edir

Müharibə-müharibə demək asan olduğu vaxtlarda sülh çağırışları etmək çox çətin olur. Xüsusi ilə bu müharibə çağırışları təşkil edilən ərəfədə. Bölgədə sülhün bərqarar olmaması bəzi xarici və daxili güclərin işinə yarayırsa, müharibə ritorikası, qan və ölüm bir çoxuna sadəcə maddi qazanc və oxşar şeylər üçün lazımdır. Onları böyük maraqlar düşündürmür. Onlara maraqlı deyil müharibə olacaq ya olmayacaq. İnsan itkiləri, şəhidlər, yaralılar, yetimlər, ərsizlər, qaraya bürünmüş analar, sürətlə saçları ağaran, belləri bükülən ata-analar, büdcədən xərclənən milyonlar, müharibəsonrası aclıq, stres…onları bu məsələlər qəti maraqlandırmır. Onlar da bəlkə ürəklərində müharibə istəmirlər, bununla yanaşı hansısa maraqlar üçün bu kampaniyada iştirak edirlər. Əlbəttə heç bir maraq güdmədən qarasına kampaniyaya qoşulanlar da olur. Səmimi olaraq, müharibəsiz hansısa problemin həll olunmayacağını düşünənlər də var. Müharibə isə oldu, müharibəylə problem tam olaraq bitmədi. Problem sülhlə, danışıqlarla bitəcək. Sülh danışıqları intensivləşdirilməlidir. Dövlət maraqlarımız da, insani maraqlarımız da bölgədə sülhü tələb edir. Nəinki istənilən hərbi akt, müharibə çağırışları da bizə zərərlidir. Hər bir baxımdan. Qarşı tərəfin sözdə də olsa, sülh çağırışları etməsi fonunda bizim “Dəmir Yumruq” göstərməyimiz beynəlxalq aləmdə ustalıqla əleyhimizə istifadə olunur. Biz həm də növbəti məkrli addımların qarşısını almaq üçün erməni vətəndaşlarımızın təhlükəsizliyini təmin edəcəyimizlə bağlı, hüquqlarından normal istifadə edəcəklərinə təminat verəcəyimizi yüksək tribunalardan yüksək səslə ifadə etməliyik. Mümkün formulaları təklif etməliyik. Öz dövlət və cəmiyyət maraqlarımıza xidmət edən başqa şərtlərimizi də ən yüksəkdən deməliyik. Məsələn, Ermənistandan qovulan vətəndaşlarımızın yurd yuvalarına qayıtması kimi Dövlətin qalıcı və güclü olması üçün mütləq qan tökülməli, şəhid verilməlidir kimi əsassız fikir səsləndirənləri boş verin. Dövlətin gücü və davamlılığı öz insanına, vətəndaşına verdiyi dəyərdən asılıdır. Dövlətin gücü vətəndaşının təhlükəsizliyi, azadlığl və rifahı ilə ölçülür. Şəhid sayıyla öyünən nə normal dövlətə və də şəxsə rast gəlməzsiz. Hakimiyyət sülh danışıqlarına dirəniş göstərməklə Ermənistanı da buna məcbur etməlidir. Güclü ordunun, güclü cəmiyyətin olması sülhü inkar etmir, əksinə. Bütün beynəlxalq hüquq və azadlıqlar çərçivəaində həqiqi sülh tərəfdarlarına sevgilər. Şəhidlərimizin ruhu şad olsun, daha heç vaxt şəhid sayımız artmasın. Səxavət Soltanlı, Müsavat Partiyası başqanının müavini

Paşinyandan SENSASİYA: Qarabağdakı qondarma seçkini TANIMADI

“Mən Şahmaryanı “prezident” hesab etmiəm”. Sozcu.az xəbər verir ki, bu açıqlama ilə Ermənistanın baş naziri Nikol Paşinyan çıxış edib. O bildirib ki, Samvel Şahmaryan “prezident” deyil, sadəcə Qarabağ ermənilərinin “lideridir”. “Buna görə də, onu təbrik etmək üçün xüsusi bir səbəb yoxdur”, – deyə Paşinyan əlavə edib.

Aİ Monitorinq Missiyası Azərbaycanla sərhəddə patrul xidmətini gücləndirdi

Avropa İttifaqının Ermənistandakı Monitorinq Missiyası toplanma, yerdəyişmə və atışma insidentləri də daxil olmaqla hər hansı hərbi dəyişikliyi müşahidə etmək üçün Ermənistan-Azərbaycan sərhədyanı ərazilərində və qarşıdurma xəttində gecə-gündüz patrul xidməti həyata keçirdiyini açıqlayıb. Sozcu.az xəbər verir ki, bu barədə Aİ-nin Monitorinq Missiyası X sosial şəbəkəsində paylaşım edib. Aİ-nin Ermənistandakı Monitorinq Missiyası vəziyyətlə bağlı Aİ-ni daha çox narahat edən ərazilərdə patrulları gücləndirib və gərginliyin azaldılmasına töhfə verib.

"Hansısa hərbi texnikanın üzrinə “∀” simvolu qeyd olunubsa, bu heç bir məna daşımır" - Ramaldanov

Qarabağdakı erməni separatçıları Azərbaycan Silahlı Qüvvələrinə məxsus hərbi birləşmələrin son günlərdəki dislokasiyası ilə bağlı xəbərlərdən həyəcanlanıblar. Separatçıları xüsusilə  qorxudan məqam isə Azərbaycan Ordusuna məxsus olduğu iddia edilən hərbi texnikanın üzərində "A" hərfinin tərsinə “∀” kimi qeyd olunmasıdır. Sozcu.az-ın məlumatına görə, sosial şəbəkələrdə üzərinə “∀” simvolu qeyd olunmuş hərbi texnikanın şəklini paylaşan ermənilər bunun xüsusi məna daşıdığını idda ediblər. Bu iddialarda “∀” simvolunun “qələbə”yə (V-Viktoriya) və V-nin ortasındakı xəttin “Zəngəzur dəhlizi”nin açılmasına işarə olduğu bildirilir. Digər iddialarda isə qeyd olunur ki, həmin simvol separatçıların elan etdiyi qondarma “Artsax”ın adındakı baş hərfin tərsinə çevirilmiş formasıdır ki, bu da oyuncaq rejimin darmadağın ediləcəyi anlamı daşıyır. Ordumuza məxsus hərbi texnikaların üzərində isə belə bir görüntünün olduğuna dair heç bir rəsmi açıqlama yoxdur. Ehtiyatda olan polkovnik, hrəbi ekspert Şair Ramaldanov isə deyib ki, əgər hansısa hərbi texnikanın üzrinə “∀” simvolu qeyd olunubsa, bu heç bir məna daşımır. Onun sözlərinə görə, ola bilsin ki, təlimlər zamanı hansısa bölüyü, yaxud texnikaları bir-birindən ayırmaq üçün müvəqqəti işarələrdən istifadə edilib. Şair Ramaldanov hərbi texnikanın üzərinə hansısa hərflərin yazılması və ya işarələrin qoyulması halları əvvəllər də müşahidə edilib. modern)