Bundan sonra qalan ən ciddi məsələ rus qoşunlarının ərazilərimizdən çıxarılmasıdır

Hətta danışıqlar yolu ilə Qarabağdakı separatçı rejimin rəhbərləri təslim olsaydı belə, yenə də Karen Cavalyan kimi generallar və  ona dəstək verən bəzi separatçı qruplar təslim olmaqdan imtina edəcəkdilər. Nəticədə yenə də qan töküləcəkdi, şəhidlər verəcəkdik. Son günlərdə baş verən hadisələr bunu göstərir. İndi ən azı görünən odur ki, münaqişənin həlli yekuna doğru gedir. Ermənistan ərzi bütövlüyümüzü tanıyır, Azərbaycan antiterror əməliyyatları keçirən zaman məsələyə qarışmadı. Bundan sonra qalan ən ciddi məsələ rus qoşunlarının ərazilərimizdən çıxarılmasıdır. İnanıram ki, bu məsələ də Rusiyanın Ukraynada məğlub olmasından sonra həllini tapacaq.  Şəhidlərimizin çox olmasına gəldikdə isə. Xoşunuza gəlməsə də düşmən də döyüşməyi bacarır. Döyüşə bilməsələr 44 günlük müharibədə 3 min şəhid verməzdik. Guya düşməni əfəl, əli silah tuta bilmən, "erməni qandan qorxur" kimi təqdim etməklə nə qazanırıq? İllərdi hərbiləşdirilmiş rejim qurublar və ömürlərini bizimlə döyüşəcəkləri günə həsr ediblər. Sadəcə gücləri çatmadı və ümid edirəm ki, ömürlük dərslərini aldılar.  Qarabağdan isə xoş xəbərlər gəlməkdə davam edir, ordumuz yavaş-yavaş ərazilərimizdə hakim olur.  Şəhidlərimizin ruhları şad olsun! Qazilərimizə şəfa diləyirəm. Ordumuza da daim uğurlar arzulayıram! Fərəc Kərimli, Müsavat başqanının müavini

“Sülhməramlılar”orada ola-ola Qarabağda separatizmin kökünü tam kəsə bilməyəcəyik...”

“Moskva müəyyən həddə qədər Azərbaycana öz suverenliyini bərpa etmək görüntüsü yaradacaq, müəyyən həddə qədər buna imkan verəcək...” “Düşünmürəm ki, “Rusiya sülhməramlıları” deyilən hərbi kontingent orada qala-qala Azərbaycan Respublikasının Qarabağ torpağının dağlıq hissəsində separatçılığın kökünü tamamilə kəsmək mümkün olsun. Bu, mümkün deyil. Ona görə ki, məsələ həllini tapdıqda artıq Rusiyanın qoşunlarına ehtiyac qalmayacaq. Burada çox sadə bir məntiq var, çox sadə bir mexanizm var”. Bu fikri “Sizcə, bundan sonra “sülhməramlı”lar orada ola-ola, Rusiya imperiyası mövcud ola-ola Qarabağın dağlıq hissəsində separatizmin kökünü asanlıqla kəsə biləcəyikmi?” sualını cavablandırarkən siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu söyləyib. “Ona görə də Moskva müəyyən həddə qədər Azərbaycana öz suverenliyini bərpa etmək görüntüsü yaradacaq, müəyyən həddə qədər buna imkan verəcək. Lakin o həddi keçəndə yenidən başlayacaq həmin separatçıları silhlandırmağa, hətta ola bilsin, özü də bizə qarşı silaha əl ata bilər. Bu baxımdan Azərbaycanın Qarabağən dağlıq hissəsində separatçılığın kökünü tam kəsəcəyi haqda optimist, nikbun fikir söyləmək olmur. Və  bir daha deyirəm ki, bu Azərbaycan ərazisində separatçılıq və qarşıdurma Rusiyaya öz qoşunlarını orada saxlamaq üçün vacibdir. Ona görə də Rusiya bu vəziyyəti, status-kvonu var gücü ilə qoruyub saxlamağa çalışacaq”,- deyə davamında ekspert vurğulayıb.

Azərbaycan kişisi bütün mənfi tərəflərilə bərabər, qadına, uşağa qarşı düşmənçilik aparmır

Ermənistan xarici işlər naziri dünən BMT-də ağzına gələni danışdı, dedi azərbaycanlılar sosial şəbəkələrdə "erməni qadınları kim birinci zorlayacaq" deyə mübahisə edirlər.  Özləri ediblər, qadın, körpə deməyiblər, minlərlə günahsız, sivil insanı qəddarlıqla öldürüblər, indi bizi də özləri kimi bilirlər, öz etdiklərindən narahatdırlar.  Azərbaycan xalqı, söhbət kişilərdən getdiyi üçün, Azərbaycan kişisi bütün mənfi tərəflərilə bərabər, qadına, uşağa qarşı düşmənçilik aparmır. İçimizdə ən qəddarları belə, küçədə erməni uşağı, köməksiz erməni qadını görsə, ona qarşı nifrət bəsləməz. Sadəcə, bacarmarıq bunu.  Bizi özlərilə səhv salırlar. Biz oğ*aş deyilik. İlkin Rüstəmzadə

Putinin milyarder “desant”ı Qarabağdan çıxmayacağını dedi -"Sonadək döyüşəcəm…"

"Əslində  Azərbaycan dövləti tərəfindən onun barəsində də cinayət işi qaldırılmasına kifayət qədər əsaslar var...” Putinin milyarder “desant”ı Ruben Vardanyan  Qarabağı tərk teməyəcəyini bildirib. Sozcu.az xəbər verir ki, “Hrapak”ın yaydığı məlumatda belə deyilir. Vardanyan deyib ki,  burada qalıb “qədim artsax” uğrunda sona qədər döyüşəcək və “bütün vətəndaşlarla birlikdə bu torpaqda ölümünü qəbul etməyə hazırdır”. Vardanyan Marqarita Simonyanın Qarabağda son baş verənlər barədəki açıqlamalarını da “çoxüzlülük” adlandırıb. O, Ermənistan hakimiyyətini "artsax" hakimiyyətinə xəyanətdə ittiham edib. Vardanyan Rusiyanın "artsax"la bağlı siyasətini "vətənə xəyanət" hesab edir... Xatırladaq ki, separatçı rejimin keçmiş “dövlət naziri” R.Vardanyan artıq 1 ildən çoxdur ki, Azərbaycan torpağında qanunsuz fəaliyyət göstərir. Əslində  Azərbaycan dövləti tərəfindən onun barəsində də cinayət işi qaldırılmasına kifayət qədər əsaslar var...

Polislər Köçəryanın oğlunu döyə-döyə həbs etdi - Video

İrəvanda hökumət əleyhinə keçirilən aksiyalarda Ermənistanın ikinci prezidenti Robert Köçəryanın oğlu Levon Köçəryan saxlanılıb. Sozcu.az xəbər verir ki, erməni mediası polislərin onu maşına mindirdikdən sonra döydüklərini əks etdirən video yayıb. Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan hökumətə itaətsizlik aksiyalarını keçmiş prezidentlərdən birinin oğlunun təşkil etdiyini vurğulayaraq, heç kəsə güzəşt edilməyəcəyini bəyan etmişdi.

“8 nəfər ailə üzvümlə düşmənə əsir düşdüm, oğlumun başını kəsdilər, bizim yaşadıqlarımızı onlar yaşamayıblar”

“Oğlumdan hələ də bir xəbər yoxdur” “Biz əslən Dərələyəz mahalındanıq. 1968-ci ildən gəlib Xocalıda məskunlaşmışıq. Həmin ildən Xocalı işğal olunan günə qədər orada yaşamışıq. Xocalıdan çıxanda nə əziyyətlər çəkmişiksə bunu bir Allah bilir. Biz çox müsibətlər yaşamışıq. Yada düşdükcə, yaşadıqlarım gözümün önünə gələndə ilk günki kimi keçirtdiyim qorxu-həyəcan hissini bir daha yaşayıram” Bunu Moderator.az-a açıqlamasında Xocalı sakini, əsirlikdə qalan Gülayə Orucova deyib. O daha sonra əlavə edib. “Könül istərdi ki, biz yaşadıqlarımızı düşmən də yaşasın. Ancaq bizim xalq zülmkar deyil. Bizim sürünə-sürünə məcburi çıxarıldığımız torpaqlardan onlar bu gün rahat şəkildə, əzab-əziyyətsiz çıxırlar. Biz düşmən qədər qəddar, vəhşi deyilik. Öz humanistliyimizi bir daha sübut etmiş olduq. Ermənilərin qadınları, qocaları, uşaqları Xankəndidən çox asanlıqla Xocalı aeroportuna gedirlər. Allah o günləri bir də bizə yaşatmasın. Prezidentimizin siyasəti nəticəsində biz bu gün öz yurdumuza qayıtmaq üzrəyik. Nə mən, nə də heç bir azərbaycanlı o xalqı bağışlamayacaq. Boşuna deməyiblər ki, tarix təkrarlanır. Onlar bu gün yaşatdıqlarını yaşayırlar. Allah ordumuza güc-qüvvət versin, şəhidlərimizə rəhmət etsin” deyə Xocalı sakini bildirib. Gülayə xanım daha sonra Xocalıdakı günlərini xatırlayıb. “Xocalıda çox gözəl günlər yaşamışıq. 4 övladım var idi. Lap əvvəl Xankəndində ipək fabrikində işləyirdim, ara qarışandan sonra Xocalıya gəldim və orada tikiş fabrikində işləməyə başladım. Yerli əhali özünümüdafiə bölüyü yaratmışdı, gecələr, gündüzlər keşik çəkirdilər ki, ermənilər bizlərə hücum etməsinlər. Mən də, 15 yaşlı oğlum Cavan da keşik çəkirdik. Son günə qədər mən də, qızlarım da Xocalıda qaldıq. Deyirdim ki, erməni kimdir ki, mən ondan qorxum?! Güllə yağış kimi yağırdı. Evdən çıxanda ədyal götürdüm. Qarqar çayından keçib 2 gün meşədə qaldıq. Qarı əridib nəvələrimə yedirdirdim. Yoldaşım, oğlum, kürəkənim, iki qızım və əkiz nəvələrimlə birgə düşmənə əsir düşdük. Yoldaşım oğlum Cavana dedi ki, sən qaç canını qurtar. Cavan özünü qayadan atdı. Sonra öyrəndik ki, oğlumu sağ tutub, erməni qəbirlərinin üstündə başını kəsiblər. Amma bu da dəqiq fakt deyil. Bir ana üçün həyatda bundan ağır nə ola bilər?! Bizi əsirlikdən Milli Qəhrəman Allahverdi Bağırov xilas etdi. Oğlumdan bu günə qədər heç bir xəbər yoxdur (ağlayır)” deyə Gülayə Orucova bildirib.

Vardanyan Xankəndindən ÇƏRƏNLƏDİ: "Bizim iki vətənimiz var Ermənistan və "Artsax"

Rusiyanın Xankəndidə olan erməniəsilli adamı Ruben Vardanyan yenidən separatçı fikirlər səsləndirərək video paylaşıb. O, Ermənistanın müstəqillik gününü təbrik edib və aşağıdakı sözləri deyib: ""Bizim iki vətənimiz var Ermənistan və "Artsax". Bu ikisi bir gün birləşəcək. Heç kim bunu unutmamalıdır və bu ideyaya heç kim mane ola bilməz". Musavat.com-un şərhi: Vardanyanın bu çıxışı daha çox Paşinyana göndərmədir. Erməni separatizminin yaşayan ideoloqlarından olan bu avantüristin çıxışını da xüsusi ilə təqdim edirik. Onun üzündəki və nitqindəki pessimizmə diqqət edin. Vardanyan ermənizmin bütün hədəfləri kimi çökmüş durumdadır. Yazıqlıq, bədbinlik, gələcəyə inamsızlıq yağan bu nitqi hər kəs daha çox paylaşmalıdır. ''Böyük Ermənistan'' xülyası görün bütün erməniliyi və milyardları olan Vardanyanı hansı duruma gətirib. 

Paşinyan: Bundan əl çəkməyəcəm, bizə sülh lazımdır!

Bu gərgin regional vəziyyətdə sülhdən danışmaq lazımdır və onu atəşkəslə qarışdırmamalıyıq. Sozcu.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib. “Bu gün biz çətin dövrlərdən keçirik, amma başa düşmək vacibdir ki, niyə bu yolu keçməliyik. Sülh lazımdır. Bu, təhlükəsizliyi, müstəqilliyi, suverenliyi təmin edən amildir. Çoxları hesab edir ki, bu gərgin regional vəziyyətdə sülhdən danışmaq mümkün deyil, lakin məhz bu şəraitdə sülhdən danışmaq lazımdır və bunu atəşkəslə qarışdırmaq olmaz. Bu çətin yol daxili və xarici sarsıntılardan keçir və biz dövlətçilik, müstəqillik, gələcək naminə bu yolu keçməliyik”, - o bildirib. O vurğulayıb ki, 1991-ci ildə respublikanın SSRİ-dən ayrılması ilə bağlı Almatı bəyannaməsi Ermənistanın müstəqilliyinin əsas amillərindən biridir: “Məni tənqid edirlər ki, xarici və regional siyasət apararkən 1991-ci il Almatı bəyannaməsinə və bununla bağlı sənədlərə əsaslanıram. Çoxları bu sənədlərə əsaslanan siyasətdən imtina etməyə çağırır. Amma məsələ ondadır ki, bəyannamə və onunla bağlı sənədlər Ermənistanın müstəqilliyinin əsas amillərindən biridir və Ermənistanın müstəqilliyinin siyasi və hüquqi əsaslarını təsbit edir”. Paşinyan qeyd edib ki, bu siyasətdən əl çəkməyə çağırışlar müstəqillikdən, suverenlikdən və ərazi bütövlüyündən əl çəkməyə çağırışlardır.

Vardanyandan ŞOK AÇIQLAMA: "120 min sakin ..."

"Qondarma Dağlıq Qarabağ Respublikası"nın keçmiş dövlət naziri Ruben Vardanyan da Qarabağdakı son durumla bağlı açıqlamalar verib. Sozcu.az xəbər verir ki, Vardanyan Ermənistan, Rusiya və Azərbaycanın təcili iclas keçirməli olduğunu bildirib. "Dağlıq Qarabağın 120 min sakini gedərsə, Ermənistanda ciddi qaçqın böhranı yarana bilər", -deyə Ruben Vardanyan bildirib.

Hərbi attaşelər antiterror əməliyyatı barədə məlumatlandırıldı

Sentyabrın 19-da Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində Azərbaycan Respublikasında akkreditə olunmuş xarici hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndələri üçün brifinq keçirilib. Bu barədə Sozcu.az-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. Brifinqdə çıxış edən Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri barədə xarici ölkələrin hərbi nümayəndələrinə ətraflı məlumat verib. Bildirilib ki, bölgədə başladılan lokal xarakterli antiterror tədbirlərinin məqsədi 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsidir. Bölmələrimiz tərəfindən mülki əhali və mülki infrastruktur obyektlərinin hədəfə alınmadığı, yüksək dəqiqlikli silahların tətbiqi ilə yalnız legitim hərbi hədəflərin sıradan çıxarıldığı xüsusi vurğulanıb. Sonda brifinqdə qeyd edilən faktlarla bağlı videomateriallar nümayiş olunub və nümayəndələri maraqlandıran suallar cavablandırılıb.

İstintaq-əməliyyat tədbirləri həyata keçirilir - DTX

Erməni silahlı birləşmələrinin törətdikləri cinayət işi üzrə birgə istintaq-əməliyyat tədbirləri həyata keçirilir. Sozcu.az xəbər verir ki, bu sözləri bu gün keçirilən brifinqdə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) mətbuat xidmətinin rəisi Tamerlan Rəhimov söyləyib. O xatırladıb ki, sentyabr 19-da Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşlarının olduğu “Kamaz” markalı nəqliyyat vasitəsi Əhmədbəyli-Füzuli-Şuşa yolunun Xocavənd rayonundan keçən hissəsinin 58-ci kilometrliyində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi əməkdaşlarının ölümü ilə nəticələnmiş terror hadisəsinin baş verdiyi yer istiqamətində hərəkət edərkən saat 04:30 radələrində Xocavənd rayonunun Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda sülhməramlıların müvəqqəti yerləşdiyi ərazidə fəaliyyət göstərən qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən yerləşdirilmiş minaya düşərək partlayıb. Törədilmiş terror aktı nəticəsində DİN-in əməkdaşları olan 05.02.1994-cü il təvəllüdlü Camalzadə Asim Knyaz oğlu, 08.07.1987-ci təvəllüdlü Şirinov Ramil Arif oğlu, 12.07.1991-ci il təvəllüdlü Mahmudov Seymur Elsevər oğlu və 21.07.1998-ci il təvəllüdlü Zamanov Xəzər Azər oğlu hadisə yerində həlak olub. Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 214.2.1, 214.2.2, 214.2.3 (mütəşəkkil dəstə tərəfindən təkrar odlu silahdan, partlayıcı maddələrdən və qurğulardan istifadə etməklə terrorçuluq), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.10, 120.2.11, 120.2.12 (mütəşəkkil dəstə tərəfindən, ümumi təhlükəli üsulla, təkrar, zərər çəkmiş şəxsin xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar, milli ədavət və düşmənçilik niyyəti ilə iki və ya daha çox şəxsi terrorçuluqla əlaqədar öldürmə), 228.3 (mütəşəkkil dəstə tərəfindən təkrar qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə) və digər maddələri ilə cinayət işi başlanılıb. T.Rəhimov bildirib ki, cinayət işi üzrə birgə istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Ermənilər Ağdamı artilleriya atəşinə tutur

Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqelərini artilleriya qurğularından atəşə tutur. Sozcu.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülür.