Qarabağ ərazisində baş verə biləcək hadisələr Rusiyanın hazırladığı ssenaridən başqa bir şey deyil - Ceyhun Nəbi

Son günlər sosial şəbəkələrdə, cəmiyyətdə yenidən müharibə və ya hərbi əməliyyatların başlayacağı ilə bağlı məlumatlar dolaşır. Yenidən müharibənin başlayacağı ilə bağlı yaranmış suallara Sözcü.az olaraq cavab axtarmağa çalışdıq. Bununla bağlı Cümhuriyyət Siyasi Düşüncə Mərkəzinin sədri Ceyhun Nəbi ilə əlaqə saxladıq. Ceyhun Nəbi saytımıza bildirdi ki, bu gün Qafqazda gərgin geosiyasi vəziyyət yaranıb. Cəmiyyətdəki narahatlığın əsasında bu dayanır. Belə ki, Ermənistanda dayaqlarının zəifləməsini istəməyən Rusiya regionda vəziyyəti gərginləşdirərək təsir imkanlarını genişləndirməyə çalışır. Mövcud situasiyada gərginləşən münasibətlərin daha da dərinləşməsində birinci maraqlı tərəf Rusiyadır. Ermənistandakı mövcud hökümətin müstəqillik istəklərinin artması onu Rusiyanın çətin planları ilə üz-üzə qoyur. Hər kəsə bəlli həqiqətdir ki, Qarabağ ərazisində baş verə biləcək hadisələr Rusiyanın hazırladığı sissenaridən başqa bir şey deyil. Sülhməramlı adı altında Azərbaycan ərazisinə soxulmuş rus ordusu region üçün ciddi təhlükə mənbəyidir. Azərbaycan ərazisində ərsəyə gətirilməyə çalışılan qondarma rejimin atdığı hər addımın planı Rusiya tərəfindən müəyyənləşdirilir. Öz ölkəsində Rusiyanın təsirlərini azaltmağa çalışan Paşinyan höküməti isə Qondarma rejimlə bir az məsafəli davranır. Bütün bunlarla yanaşı İran, Türkiyə kimi regiona yaxın dövlətlər, həmçinin ABŞ və Fransa kimi bir sıra böyük güclərdə gərginləşən münasibətlərin arxa fonunda görünməkdədirlər. Baş verə biləcək qarşıdurmanın dəstəkçiləri ilkin müşahidədən artıq bəllidir. 11-20 sentyabr tarixləri arasında Ermənistan və ABŞ-ın "EAGLE PARTNER-2023" birgə hərbi təlimlərinin keçiriləcəyi bildirilir. təlimlərin məqsədi ilə bağlı məlumatda qeyd olunur ki, sülhməramlı əməliyyatların tərkib hissəsi kimi beynəlxalq sülhməramlı missiyalarda iştirak edən bölmələr arasında qarşılıqlı fəaliyyət səviyyəsinin artırılması, idarəetmə və taktiki rabitə sahəsində təcrübə mübadiləsi, o cümlədən NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramının “Əməliyyat İmkanları Konsepsiyası”nın planlı qiymətləndirilməsinə erməni hərbçilərinin hazırlığının artırılmasıdır. Amma görünən əsl həqiqət budur ki, bu həmdə bir əzələ nümayişi kimi qiymətləndirilməlidir. Amerika baş vermə ehtimalı olan qarşıdurmada kimin tərəfində dayanacağının ilkin mesajını verir. Bu isə baş verəcək hadisələrin miqyasının nə qədər böyük, dərin və ciddi itkilərlə müşayət olunacağını göstərir.  Azərbaycan tərəfi Rusiyanın Ukrayna ilə müharibəsi bitənə qədər güclü müdafiə tədbirləri alaraq müharibə və qarşıdurmadan maksimum kənarda dayanmağa çalışmalıdır.  Rusiyanın çirkin və qaranlıq planlarını özündə ehtiva edən vəziyyətin yaranması tək Azərbaycan üçün yox, bütün region üçün mənfi nəticələr doğura bilər. Qafqazda yarana biləcək xoşbəxtlik sülhdən, qarşılıqlı razılaşmadan  kənarda mövcud olan bilməz. Müharibə, qarşıdurma nifrət doğurur, bu isə cəmiyyətləri illərlə sarsıdıcı vəziyyətə gətirir. Anar Rəsullu

Kəlbəcərdə bu tarixədək 15 yaşayış məntəqəsi istifadəyə veriləcək

Bu il Kəlbəcər rayonunda daha 7 yaşayış məntəqəsinin (İstisu qəsəbəsi, Qamışlı, Çaykənd, Nadirxanlı, Qılınclı, Otaqlı və Çıraq kəndləri), gələn ildə isə 4 kəndin (Çəpli, Keşdək, Dalqılınclı və İmanbinəsi kəndləri) layihələndirilməsi işlərinin aparılması planlaşdırılır. Sozcu.az xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətov Kəlbəcərdə keçirilən Şəhərsalma İşçi Qrupunun iclasında deyib. O bildirib ki, 2026-cı ilədək 1-i şəhər, 1-i qəsəbə, 13-ü kənd olmaqla ümumilikdə 15 yaşayış məntəqəsinin bərpası həyata keçiriləcəkdir. N. Hümmətov vurğulayıb ki, Kəlbəcər rayonunun ərazi-planlama sənədlərinin hazırlanması çərçivəsində əhəmiyyətli işlər görülüb: "Şəhərin Baş Plan konsepsiyası 2022-ci ilin iyunun 26-da Prezidentə təqdim edilmiş və hal-hazırda baş planın aidiyyəti qurumlarla razılaşdırılması yekun mərhələdədir. 2022-2026-cı illərdə bərpa olunan yaşayış məntəqələrindən birinci mərhələ üzrə Zar, Zallar və Yanşaq kəndlərinin şəhərsalma əsaslandırılmasının təsdiq edilməsi istiqamətində müvafiq işlər aparılmaqdadır". Onun sözlərinə görə, həmin kəndlərin sifarişçisi qismində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən tikinti layihələri sürətlə işlənilməkdədir.

MN: Ermənilərin yaydığı bu məlumat yalandır!

Sentyabrın 7-si saat 01:35 radələrində Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələri bölmələrinin Əzizli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinin atəşə tutulması barədə qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır. Bu barədə Sozcu.az-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. “Ermənistan müdafiə nazirliyinin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik”, - məlumatda bildirilib.

Hicamanın faydası varmı?

Hicama (qanalma) keçmişdə əsas müalicə metodlarından biri kimi bədənin müxtəlif nahiyələrinə tətbiq olunan, Yaxın Şərqdə çox geniş yayılmış müalicə üsuludur. Hazırda Azərbaycanda hicama ilə müalicə üsulunu seçənlərin sayı ötən illərlə müqayisədə daha çoxdur. Misirlilərdə hicama 3 min ildən çox əvvəl tətbiq edilsə də, Avropa ölkələrində  orta əsrlərdə istifadə edilib. 1400 il əvvəl Məhəmməd Peyğəmbər qanda dəmirin çoxluğunun zərərli olduğunu bildirərək onun hicama vasitəsilə qandan təmizlənməsini tövsiyə edib. Hicama keçmişdə ev şəraitində tətbiq edilirdisə, bu müalicə üsulu artıq ölkəmizdə bir çox klinikalarda gigiyenik qaydalarla insanlara tətbiq edilir. Hicamanın faydasını görənlər az deyil. Tibb alimləri hicamanın insan üçün 85-dən çox faydasını sadalasalar da, bəziləri bu üsulu cəhalətlə əlaqələndirir, insan orqanizminə heç bir faydası olmadığını deyirlər. Bir neçə gün öncə REAL FM-də qonaq olan tanınmış nevropatoloq Qalib Əsədovun da “bədəndən qan almanın heç bir xeyri yoxdur, bununla məşğul olanlar dələduzlardır, hicama cəfəngiyyatdır” deməsi geniş müzakirəyə səbəb olub. Həkimi tənqid edənlər bildiriblər ki, bu cür yanaşma həm də dinə kölgə salmaqdır, İslam Peyğəmbərinin tövsiyəsini cəfəngiyyat adlandırmaq doğru deyil...  Müzakirələrlə bağlı Pravda.az-a fikirlərini bölüşən ilahiyyatçı Tural İrfan deyib ki, İslam dini tibb elminə, təbii vasitələrlə müalicə üsuluna çox böyük önəm verən dindir.  “Hətta Məhəmməd Peyğəmbərin hədislərinin birində buyurulur ki, elm ikidir: birincisi tibb, ikincisi din elmidir. Tibbi dindən əvvələ salır. Bilirsiniz ki, İslam aləmində İbn Sina kimi böyük tibb alimləri yetişib. Bu gün Avropada da onun yazdığı qanun kitabından istifadə olunur. Şübhəsiz ki, İslamın təqdim etdiyi, ümumiyyətlə, Şərq aləmindəki tibb əsasən təbii vasitələrlə müalicə üsullarından ibarətdir. Buna el arasında “türkəçarə üsulları” deyirlər. Hicama, yaxud həcəmət də tibb elminin özəyində olan üsullardan biridir. Hicamaya qarşı çıxan həkimləri, ümumiyyətlə, həkim adlandırmıram. Onlar, yəqin ki, nə İbn Sinanın əsərlərini, nə də qədim Şərqin tibb mənbələrini oxumayıblar, xəbərləri yoxdur. Ancaq kimyəvi vasitələrlə insanları zəhərləməyi bilirlər. Hicama və bu kimi təbii vasitələrlə müalicə üsullarına qarşı çıxan “həkimlər” dərman mafiyalarının üzvləridir. Onlar bu cür təbii şeylərin qarşısını alırlar, insanları kimyəvi dərmanlarla zəhərləyib, özləri də varlanmaq istəyirlər. Bu, qəti və dəqiq belədir”, - ilahiyyatçı deyib. Tural İrfan bildirib ki, hicama təkcə ərəblərdə, müsəlmanlarda tətbiq edilməyib: “Romanın, Bizansın, Sasanilərin dövründəki tibb mənbələrini araşdırsınlar. Araşdırıblarmı, xəbərləri varmı? Görsünlər ki, həmin dövrlərdə hicamadan tibbi vasitə kimi necə istifadə olunub. O həkimə “həkim” demərəm. Mən tibb mütəxəssisi olmasam da, həkimlərlə bir çox söhbətlər aparmışam. İslam dinində peyğəmbərlərdən, əhli-beyt imamlarından gələn böyük hədislər, mənbələr, tibbi kitablar var. Məsələn, Loğman peyğəmbər həkimlərin ulusu hesab olunur... Hicama bu gün də tibbdə istifadə edilir. Bunu deyənlər heç müasir tibbi də bilməyən adamlardır. Dəfələrlə şahidi olmuşam ki, yüksək təzyiqlə insult keçirmək həddində olan adamdan qan alıblar. Hicama “qan almaq” deməkdir. İnsanın qanı tüğyan etdiyi, yaxud qan dövranının pozulduğu vaxtlarda edilir. İnsanlar bəs niyə qan verirlər? Hicama birinci növbədə dəri altına yığılmış qanın alınmasıdır. Şübhəsiz ki, qaraciyər və başqa orqanlar qanı tənzimləyir. Amma hicama dərinin altına yığılmış, zahirdə olan çirkli qanın təmizlənməsi üçündür. Hicamanı tənqid edən həkimlər hicama zamanı insandan təmizlənən qanı analiz etsinlər. Görsünlər ki, o qan təmizdir, yoxsa çirkli? Bundan sonra hökm vermək olar. Adlarını “həkim” qoyub, camaatı heyvan yerinə qoymaqla deyil ki. Çox təəssüf. Dərman mafiyaları ilə işləyən adamları vətən xaini qədər günahkar hesab edirəm. Çünki insanları zəhərləyirlər. İnsanları təbii yolla müalicə üsullarına cəlb etmək, sağlamlıqlarını qorumaq əvəzinə camaatın ümid yeri olan, şəfa tapdığı mənbələri inkar edib, beləcə anti-təbliğat aparmaqla insanları kimyəvi dərmanlara cəlb edir, onları dərman mafiyalarının qurbanına çevirməyə çalışırlar. Necə yəni? Həzrəti Peyğəmbərimizin hədislərində də var ki, xəstəlik üçdür, müalicəsi də üçdür, onlardan biri hicamadır. Bu, dədə-babadan bizdə olub. Faydası da var. İnsanlar faydasını görmədikləri şeyə heç vaxt yaxın getməzlər. Ola bilsin, hicamanı tənqid edən həkimlər paxıllıq hissi keçirirlər. Çünki insanlar hicamanın arxasınca gedir, bu müalicəni tətbiq edənlərə üz tutur, şəfa tapırlar, bunların isə qəbuluna gələn yoxdur. Ona görə də bunlar xəbis bir xislət ortaya qoyurlar. Bax, bu cür çirkin dövrə gəlib çıxmışıq”. İlahiyyatçı deyib ki, insanların sağlamlığı İslam dinində də çox önəmlidir: “Hicamanı “cəhalət” adlandıran Həzrəti Peyğəmbəri təhqir edib. Halbuki təhqirə bunu deyən adamın özü layiqdir. Peyğəmbərimiz özü son nəfəsinə kimi hicama etdirib. Məhəmməd Peyğəmbərin dövründə həkimə ehtiyac olmayıb. İslam dininin gətirdiyi tövsiyələrin, oruc tutmaq, namaz qılmağın təqva, iman tərəfi varsa, insanın sosial həyatında da böyük önəmi var. İnsanın gündə beş dəfə dəstəmaz alıb, namaz qılması onun qan dövranını yaxşlılaşdırır. Belə şeyləri açıqlasınlar, açılaya bilirlər? Məsələn, ilin müxtəlif ay və fəsillərində oruc tutmaq. Ramazan orucu hər il eyni vaxtda tutulmur, 11 gün dövr edir. Niyə? İnsan 40-50 illik həyatında oruc tutacaq, hər il eyni fəslə düşməsin. Peyğəmbərimizin gətirdiyi din bu cür olub. İslam dininin gətirdiyi şəriət qanunları, həyat tərzi, ibadətlər sayəsində Peyğəmbərimizin dövründə həkimə ehtiyac olmayıb. Hətta Peyğəmbərimizin hədislərində var ki, qan aldığınız alətləri dezinfeksiya edin, insanlara mikrob keçməsin. Gedib oxusunlar, araşdırsınlar. Hamısı mənbələrdə var. Hansı cəhalətdən söhbət gedə bilər? Əsl onların dedikləri cəfəngiyyatdır, boş söhbətdir. Əsl cahil özləridir. Həkim olsalar da, oxumaqla deyil ki. Adam var, üç universitet bitirib, yenə də savadı yoxdur. Bunlar heç mütəxəssis də deyillər. Adicə kəndlərimizdə yaşayan qoca babalar-nənələr türkəçarəni dərindən bilirlər. İnanın ki, onlar bizim dırnaqarası həkimlərimizin çoxundan yaxşı məlumatlıdırlar, savadları da çoxdur. Belə olmasaydı, bel yırtığına görə camaat Bakıdan durub Qusara, Lənkərana getməzdi. Deməli, oxumuş həkimlərimizin bisavadlığının, bu cür danışmalarının nəticəsidir ki, insanlarımız təbii vasitələrə üz tuturlar. Dünyadakı dərman mafiyaları imkan vermir, halbuki Şərqdə, Türk Dünyasında böyük təbii vasitələrlə müalicə üsulları var. Təəssüf ki, Azərbaycanda bu üsulu inkişaf etdirməyiblər. Hətta Azərbaycan Tibb Universitetində bu istiqamətdə şöbə ayrılmalıdır, akademiyada öyrənilməlidir. Əlbəttə ki, savadlı həkimlərimiz var. Onlar müəyyən xəstəliklərin müalicəsində təbii metodlarla - zəli, qara zirə, udi hindi, hicama, təbii bitkilərdən hazırlanmış dərmanlarla tövsiyələr verirlər, effekti olur. Heç olmasa Məhəmməd Yusif Şirvaninin “Tibbnamə” kitabını oxusunlar. AMEA tərəfindən geniş çap olunub. “Tibbnamə”də hicama və onun xüsusiyyətlərindən bəhs olunur. Belə adamların danışıqları məni hiddətləndirir. Çünki bunlar konkret olaraq insanlarımıza zülm etmək istəyirlər”. 

Zelenskinin xanımı: “Mən yanımda tarixi şəxsiyyət yox, həyat yoldaşımı istəyirəm”

“Mən yanımda tarixi şəxsiyyət yox, həyat yoldaşımı istəyirəm”.  Sozcu.az  xəbər verir ki, bunu Ukraynanın birinci xanımı Yelena Zelenskaya BBC-yə müsahibəsində deyib. O bildirib ki, ailəsi ilə birlikdə vaxt keçirə bilmir: “Amma biz gücümüzü qoruyuruq. Həm emosional, həm də fiziki gücümüzü”. Y.Zelenskaya deyib ki, müharibə başlayanda uşaqları ilə birlikdə aylarla gizli yerlərdə qalıb: “Müharibə başlayandan bəri daimi adrenalin yaşayıram. Zaman keçdikcə anlayıram ki, sakitləşmək, mövcud şəraitə uyğunlaşmaq lazımdır”. Ukraynanın birinci xanımı həyat yoldaşı ilə birlikdə yaşamadığını bildirib: “Bizim bir-birimizi görmək imkanımız var, lakin istədiyimiz qədər yox. Oğlum atası üçün darıxır. Qızımın 19 yaşı var. Səyahət etmək istəyir, planları var. Amma indi arzularını reallaşdırmaq üçün imkanı yoxdur. Bu, məni narahat edir”. Bundan başqa, Y.Zelenskaya həyat yoldaşı Volodimir Zelenskiyə inamını ifadə edib: “Mən ona inanıram və onu dəstəkləyirəm. Bilirəm ki, onun kifayət qədər gücü var. Onun gücünə hazırda hamımızın ehtiyacı var. Mən tanıdığım hər bir insan üçün bu vəziyyətin daha çətin olacağını düşünürəm. O, həqiqətən çox güclü və möhkəm insandır. Və bu möhkəmlik hazırda hamımızın ehtiyac duyduğu şeydir. Qələbəyə böyük ümidimiz var, amma bunun nə vaxt olacağını bilmirik”. Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. Məlumata görə, V. Zelenskinin həyat yoldaşı və uşaqları hazırda Ukraynada deyil. Amma onların harada qaldıqları açıqlanmır.

Ermənilərin yaydığı bu xəbər yalandır - MN

Sentyabrın 5-i saat 00:05-dən 00:20-dək Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələri bölmələrinin Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinin atəşə tutulması barədə qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır. Bu barədə Sozcu.az-a Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib. "Ermənistan müdafiə nazirliyinin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik", - nazirlikdən qeyd edilib.

Vəkillər Kollegiyasına yeni sözçü təyin edilib

Azərbaycan Vəkillər Kollegiyasına yeni sözçü təyin edilib. Jurnalist İsmayıl Nəsibli Kollegiyanın mətbuat katibi vəzifəsinə təyin olunub. Qeyd edək ki, İ.Nəsibli uzun müddət media sahəsində çalışıb. Buna qədər o, “Report” İnformasiya Agentliyində redaktor vəzifəsində işləyirdi.

İƏT missiyasının üzvü: “Ermənilərin Gəncədə törətdikləri cinayətləri beynəlxalq ictimaiyyətə çatdıracağıq”

“Burada ermənilərin törətdikləri cinayətlərin şahidi olduq”. “Report”un Qərb bürosunun xəbərinə görə, bunu Gəncədə səfərdə olan İslam Əməkdaşlıq Təşkilatı Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının üzvü Muhammad Sulaiman Laval deyib. O bildirib ki, Gəncəyə səfərin əsas məqsədi Ermənistanın törətdiyi müharibə cinayətlərini yerində araşdırmaq, əldə olunan faktlar əsasında hesabat hazırlayıb beynəlxalq ictimaiyyətə çatdırmaqdır: “Burada uşaqların, mülki şəxslərin həlak olmasından çox təəssüflənirik. Bütün bunları beynəlxalq ictimaiyyətin diqqətinə çatdıracağıq”. Qeyd edək ki, İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının (İƏT MDİHK) sədri Muhammad Laval Sulaimanın rəhbərlik etdiyi nümayəndə heyəti Gəncə şəhərində səfərdədir. Nümayəndə heyəti dünən işğaldan azad edilmiş Füzuli və Ağdam rayonlarına da səfər ediblər. Səfərin əsas məqsədi Ermənistan tərəfindən dini-mədəni abidələrin, azərbaycanlılara məxsus qəbiristanlıqların dağıdılması faktlarının yerində araşdırılması, işğal və raket hücumları nəticəsində zərər çəkmiş azərbaycanlılarla bağlı məlumatların toplanması və nəticələrə əsasən hesabat hazırlayaraq beynəlxalq ictimaiyyətə təqdim edilməsindən ibarətdir.

Ali məktəblərin boş qalan yerlərinə ixtisas seçimi başlayır

Bu gündən ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçimi aparılacaq. Sozcu.az xəbər verir ki, proses sentyabrın 9-dək davam edəcək. Qeyd edək ki, builki qəbulun nəticələrinə əsasən 51 941 nəfər (o cümlədən 6592 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 24 594 (o cümlədən 1389 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 27 347 (o cümlədən 5203 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib. Ali təhsil müəssisələrinin qəbul planı 93.94% dolub.

“Təəssüf ki, bu günü separatçılara Xankəndində nəinki 2022-də, indi də bayram kimi yaşatdıq...”

“Kənar perspektivlərə ümidlənmək geridönməz problemlərə gətirib çıxara bilər...” “Perspektivdə daha kimlər “humanitar yük” şəllənib Laçın yoluna gələcək?..”  Qarabağda son üç ayda, xüsusilə də son günlərdə baş verənlər ilk baxışda belə təsəvvür yaradır ki, Ermənistan bu müddətdə Azərbaycana qarşı beynəlxalq diplomatik təzyiqləri ilə, dünən isə hərbi əməliyyatla təşəbbüsü əlində saxlamağa çalışır və biz də bu təzyiqlərə, təxribatlara  cavab verməklə, yəni müdafiə olunmaqla məşğuluq. Bu gün Paris meri, sabah Los- Anjeles meri, o birisi gün də dünyaya səpələnmiş ermənilərin səsini seçkilərdə qazanmaq istəyən hansısa ölkənin prezidentliyə namizədi “humanitar yük” şəllənib Laçın yoluna gələcək, bizi qınağa tuş edəcək, biz də təkzib verməklə məşğul olacağıq. Zamanı uzadan erməniyə də bu lazım deyilmi? Bu gün sentyabrın 2-də Xankəndindəkilər qondarma “müstəqillik gününü” qeyd etsinlər, o birisi ilə də hazırlıq görsünlər. Nəticədə ən yaxın əsas vəzifələr- erməni silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılması, azərbaycanlı qaçqınların keçmiş Dağlıq Qarabağdakı yurdlarına qaytarılması.., gündəmdə deyil. Bu vəziyyət qalib dövlət üçün paradoksal situasiya deyilmi?..  İki il əvvəl, 2021-ci ilin sentyabrın 1-də, yəni separatçıların 44 günlük müharibədən təzə çıxıb, 2 sentyabr qondarma “müstəqilik gününün 30 illiyini” yas kimi qeyd etdiyi ərəfədə yazdığım yazının son abzasının təəssüf ki, hələ də aktual olduğunu qeyd etməyə məcburam: ” Yubiley təbriklərində həm İrəvan rəsmiləri, həm separatçı rejimin üzvləri birmənalı olaraq müstəqillik uğrunda mübarizənin davam etdiyini səsləndiriblər. Təbliğat olduğu anlaşılandır, amma reallıq da odur ki,  o yerlərdə hələ bizim  nəzarətimiz yoxdur və nə vaxt olacağı barədə rəsmi mövqe səslənməyib. İndi təsəvvür edin ki, qarşıdakı bir il ərzində heç nə dəyişmir, müharibədən sonra 10 aydır hansı proses gedibsə, daha bir il də davam edəcək. O zaman 2022- ci ilin 2 sentyabrına yasdan çıxmış erməninin Xankəndində təntənəli bayram tədbirinə hazırlaşdığının şahidi ola bilərik. Belə bir ildönümü düşmənə yaşatmamalıyıq”. Təəssüf ki, nəinki 2022-ci ildə, indi də separatçılara bu günü Xankəndində “bayram” kimi yaşatdıq. Əlbəttə, gün bütün siyasi xaos və iqtisadi məhrumiyyətlərlə düşmən üçün acınacaqlıdır, amma biz də istədiyimizə hələ çatmamışıq və ən əsası, aydın perspektivi təsəvvür etmədiyi üçün cəmiyyətimiz narahatdır.  Erməninin torpaq iddiasından imtina etmədiyi müharibə bitən gündən məlumdur və biz işimizi, siyasətimizi bu iddiaya görə müəyyənləşdirib zamanın uzanmasına imkan verməməliydik. İndi də gec deyil...  Rusiya hərbi kontingenti ən azı 2030-cu ilədək Azərbaycan ərazisində qalmağı planlaşdırır və hiss olunur ki, 2025-ci ilin noyabrına kimi indiyədək apardığı siyasəti – sülh müqaviləsinin imzalanmasına imkan verməməyi, Qarabağdan erməni silahlı qüvvələri çıxarmamağı, azərbaycanlı qaçqınların qayıdışına şərait yaratmamağı davam etdirməkdə qərarlıdır. Yəni, mövcud status kvonu dondurmaq və yalnız 2025-dən sonra, guya birgəyaşayış prosesinin tədricən başladılması və iki toplum arasında təhlükəsizliyi təmin etməyin zərurət olduğunu elan edib, qeyri-müəyyən müddətə Qarabağda qalmasını əsaslandırmaq siyasəti. Paralel olaraq status məsələsini də gündəmdə saxlayıb Azərbaycan dövlət nəzarətinin yaranmasını da bu faktora bağlayıb, başqa bir mərhələnin müzakirəsi kimi təqdim etmək. Təbii ki, belə olanda zaman 2030-u da aşacaq. Bu Rusiyanın planı, həm də problemidir. Ukrayna müharibəsi və Qərbin təzyiqi bu planın reallaşmasında böyük əngəldir. Bunun Qarabağ probleminə birbaşa təsiri olmasa da, dolayı amil olaraq qalır, amma məsələnin həllinin ən əsas oyunçusu yenə də özümüzük. Kənar perspektivlərə ümidlənmək geridönməz problemlərə gətirib çıxara bilər...  Biz bu planın qarşısını almalı, onun reallaşmasına imkan verməməliyik. Əks halda, bu gün yaşadığımız “rəngarəng” erməni təxribatları ilə, Fransa, İran müdaxilələri ilə tez-tez rastlaşmalı olacağıq. Bu rəngarəngliyə Arutunyanın istefasını və Xankəndində rejimin faktiki olaraq keçmiş rəhbərlərin və Vardanyanın əlinə keçdiyini də əlavə etməliyik. Əslində, Azərbaycan üçün istər Arutunyanın yerinə Köçəryanın, istərsə də Paşinyanın yerinə Sərkisyanın keçməsinin heç bir fərqi yoxdur. Biz maraqlarımızın tələbi nədirsə. onu həyata keçirməliyik. Maraqlarımızın əsasında isə bu gün Xankəndində fəaliyyət göstərən separatçı rejimin fəaliyyətinə son vermək, dövlət nəzarətimizi Qarabağın qalan hissəsində də bərpa etmək dayanır. Ermənistan isə Hindistan, Fransa, İran, Rusiya silahları ilə ordunu gücləndirdiyini gizlətmir və revanşist planlarını həyata keçirmək üçün əlverişli beynəlxalq şəraitin yaranması anını gözləyir. Hətta dünənki təxribat zamanı bizim üç hərbiçimizin yaralanmasını uğur kimi təqdim edirlər. Düşmənin ən kiçik siyasi və hərbi uğur qazanmasına imkan vermək olmaz...  Deyilənlər bədbinlik əlamətləri deyil, bizi gözləyən mümkün gərginliklər haqqında qabaqcadan informasiya verib, zaman itirmədən düşmənin və havadarlarının planlarını bəri başdan zərərsizləşdirmək və aradan qaldırmaq məqsədilə zəruri tədbirlərin görülməsini diqqətə çatdırmaqdır... moderator) İlham İsmayıl

Bağçalara növbəyə yazılma dayandırılır

Bu gündən məktəbəqədər təhsil müəssisələrinə (uşaq bağçası) növbəyə yazılma prosesi müvəqqəti olaraq dayandırılır. Bu barədə Sozcu.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Səbəb 1-15 sentyabrda qrupların komplektləşdirilməsi ilə bağlıdır. Komplektləşmə prosesi bitdikdən sonra uşaqların məktəbəqədər təhsil müəssisələrində boş yerlərə qəbulu ilboyu davam edəcək. Qeyd edək ki, məktəbəqədər təhsil müəssisələrinə qəbul prosesi bq.edu.az elektron sistemi üzərindən həyata keçirilir.

Britaniya Tayvanı müstəqil dövlət adlandırdı

Böyük Britaniya parlamenti ilk dəfə olaraq Tayvanı müstəqil dövlət adlandırıb. Sozcu.az xəbər verir ki, bu barədə “Politiko” nəşri parlamentin hesabatlarına əsasən məlumat yayıb.