Hicamanın faydası varmı?

Hicama (qanalma) keçmişdə əsas müalicə metodlarından biri kimi bədənin müxtəlif nahiyələrinə tətbiq olunan, Yaxın Şərqdə çox geniş yayılmış müalicə üsuludur. Hazırda Azərbaycanda hicama ilə müalicə üsulunu seçənlərin sayı ötən illərlə müqayisədə daha çoxdur. Misirlilərdə hicama 3 min ildən çox əvvəl tətbiq edilsə də, Avropa ölkələrində  orta əsrlərdə istifadə edilib. 1400 il əvvəl Məhəmməd Peyğəmbər qanda dəmirin çoxluğunun zərərli olduğunu bildirərək onun hicama vasitəsilə qandan təmizlənməsini tövsiyə edib. Hicama keçmişdə ev şəraitində tətbiq edilirdisə, bu müalicə üsulu artıq ölkəmizdə bir çox klinikalarda gigiyenik qaydalarla insanlara tətbiq edilir. Hicamanın faydasını görənlər az deyil. Tibb alimləri hicamanın insan üçün 85-dən çox faydasını sadalasalar da, bəziləri bu üsulu cəhalətlə əlaqələndirir, insan orqanizminə heç bir faydası olmadığını deyirlər. Bir neçə gün öncə REAL FM-də qonaq olan tanınmış nevropatoloq Qalib Əsədovun da “bədəndən qan almanın heç bir xeyri yoxdur, bununla məşğul olanlar dələduzlardır, hicama cəfəngiyyatdır” deməsi geniş müzakirəyə səbəb olub. Həkimi tənqid edənlər bildiriblər ki, bu cür yanaşma həm də dinə kölgə salmaqdır, İslam Peyğəmbərinin tövsiyəsini cəfəngiyyat adlandırmaq doğru deyil... 

Müzakirələrlə bağlı Pravda.az-a fikirlərini bölüşən ilahiyyatçı Tural İrfan deyib ki, İslam dini tibb elminə, təbii vasitələrlə müalicə üsuluna çox böyük önəm verən dindir. 

“Hətta Məhəmməd Peyğəmbərin hədislərinin birində buyurulur ki, elm ikidir: birincisi tibb, ikincisi din elmidir. Tibbi dindən əvvələ salır. Bilirsiniz ki, İslam aləmində İbn Sina kimi böyük tibb alimləri yetişib. Bu gün Avropada da onun yazdığı qanun kitabından istifadə olunur. Şübhəsiz ki, İslamın təqdim etdiyi, ümumiyyətlə, Şərq aləmindəki tibb əsasən təbii vasitələrlə müalicə üsullarından ibarətdir. Buna el arasında “türkəçarə üsulları” deyirlər. Hicama, yaxud həcəmət də tibb elminin özəyində olan üsullardan biridir. Hicamaya qarşı çıxan həkimləri, ümumiyyətlə, həkim adlandırmıram. Onlar, yəqin ki, nə İbn Sinanın əsərlərini, nə də qədim Şərqin tibb mənbələrini oxumayıblar, xəbərləri yoxdur. Ancaq kimyəvi vasitələrlə insanları zəhərləməyi bilirlər. Hicama və bu kimi təbii vasitələrlə müalicə üsullarına qarşı çıxan “həkimlər” dərman mafiyalarının üzvləridir. Onlar bu cür təbii şeylərin qarşısını alırlar, insanları kimyəvi dərmanlarla zəhərləyib, özləri də varlanmaq istəyirlər. Bu, qəti və dəqiq belədir”, - ilahiyyatçı deyib.

Tural İrfan bildirib ki, hicama təkcə ərəblərdə, müsəlmanlarda tətbiq edilməyib: “Romanın, Bizansın, Sasanilərin dövründəki tibb mənbələrini araşdırsınlar. Araşdırıblarmı, xəbərləri varmı? Görsünlər ki, həmin dövrlərdə hicamadan tibbi vasitə kimi necə istifadə olunub. O həkimə “həkim” demərəm. Mən tibb mütəxəssisi olmasam da, həkimlərlə bir çox söhbətlər aparmışam. İslam dinində peyğəmbərlərdən, əhli-beyt imamlarından gələn böyük hədislər, mənbələr, tibbi kitablar var. Məsələn, Loğman peyğəmbər həkimlərin ulusu hesab olunur... Hicama bu gün də tibbdə istifadə edilir. Bunu deyənlər heç müasir tibbi də bilməyən adamlardır. Dəfələrlə şahidi olmuşam ki, yüksək təzyiqlə insult keçirmək həddində olan adamdan qan alıblar. Hicama “qan almaq” deməkdir. İnsanın qanı tüğyan etdiyi, yaxud qan dövranının pozulduğu vaxtlarda edilir. İnsanlar bəs niyə qan verirlər? Hicama birinci növbədə dəri altına yığılmış qanın alınmasıdır. Şübhəsiz ki, qaraciyər və başqa orqanlar qanı tənzimləyir. Amma hicama dərinin altına yığılmış, zahirdə olan çirkli qanın təmizlənməsi üçündür. Hicamanı tənqid edən həkimlər hicama zamanı insandan təmizlənən qanı analiz etsinlər. Görsünlər ki, o qan təmizdir, yoxsa çirkli? Bundan sonra hökm vermək olar. Adlarını “həkim” qoyub, camaatı heyvan yerinə qoymaqla deyil ki. Çox təəssüf. Dərman mafiyaları ilə işləyən adamları vətən xaini qədər günahkar hesab edirəm. Çünki insanları zəhərləyirlər. İnsanları təbii yolla müalicə üsullarına cəlb etmək, sağlamlıqlarını qorumaq əvəzinə camaatın ümid yeri olan, şəfa tapdığı mənbələri inkar edib, beləcə anti-təbliğat aparmaqla insanları kimyəvi dərmanlara cəlb edir, onları dərman mafiyalarının qurbanına çevirməyə çalışırlar. Necə yəni? Həzrəti Peyğəmbərimizin hədislərində də var ki, xəstəlik üçdür, müalicəsi də üçdür, onlardan biri hicamadır. Bu, dədə-babadan bizdə olub. Faydası da var. İnsanlar faydasını görmədikləri şeyə heç vaxt yaxın getməzlər. Ola bilsin, hicamanı tənqid edən həkimlər paxıllıq hissi keçirirlər. Çünki insanlar hicamanın arxasınca gedir, bu müalicəni tətbiq edənlərə üz tutur, şəfa tapırlar, bunların isə qəbuluna gələn yoxdur. Ona görə də bunlar xəbis bir xislət ortaya qoyurlar. Bax, bu cür çirkin dövrə gəlib çıxmışıq”.

İlahiyyatçı deyib ki, insanların sağlamlığı İslam dinində də çox önəmlidir: “Hicamanı “cəhalət” adlandıran Həzrəti Peyğəmbəri təhqir edib. Halbuki təhqirə bunu deyən adamın özü layiqdir. Peyğəmbərimiz özü son nəfəsinə kimi hicama etdirib. Məhəmməd Peyğəmbərin dövründə həkimə ehtiyac olmayıb. İslam dininin gətirdiyi tövsiyələrin, oruc tutmaq, namaz qılmağın təqva, iman tərəfi varsa, insanın sosial həyatında da böyük önəmi var. İnsanın gündə beş dəfə dəstəmaz alıb, namaz qılması onun qan dövranını yaxşlılaşdırır. Belə şeyləri açıqlasınlar, açılaya bilirlər? Məsələn, ilin müxtəlif ay və fəsillərində oruc tutmaq. Ramazan orucu hər il eyni vaxtda tutulmur, 11 gün dövr edir. Niyə? İnsan 40-50 illik həyatında oruc tutacaq, hər il eyni fəslə düşməsin. Peyğəmbərimizin gətirdiyi din bu cür olub. İslam dininin gətirdiyi şəriət qanunları, həyat tərzi, ibadətlər sayəsində Peyğəmbərimizin dövründə həkimə ehtiyac olmayıb. Hətta Peyğəmbərimizin hədislərində var ki, qan aldığınız alətləri dezinfeksiya edin, insanlara mikrob keçməsin. Gedib oxusunlar, araşdırsınlar. Hamısı mənbələrdə var. Hansı cəhalətdən söhbət gedə bilər? Əsl onların dedikləri cəfəngiyyatdır, boş söhbətdir. Əsl cahil özləridir. Həkim olsalar da, oxumaqla deyil ki. Adam var, üç universitet bitirib, yenə də savadı yoxdur. Bunlar heç mütəxəssis də deyillər. Adicə kəndlərimizdə yaşayan qoca babalar-nənələr türkəçarəni dərindən bilirlər. İnanın ki, onlar bizim dırnaqarası həkimlərimizin çoxundan yaxşı məlumatlıdırlar, savadları da çoxdur. Belə olmasaydı, bel yırtığına görə camaat Bakıdan durub Qusara, Lənkərana getməzdi. Deməli, oxumuş həkimlərimizin bisavadlığının, bu cür danışmalarının nəticəsidir ki, insanlarımız təbii vasitələrə üz tuturlar. Dünyadakı dərman mafiyaları imkan vermir, halbuki Şərqdə, Türk Dünyasında böyük təbii vasitələrlə müalicə üsulları var. Təəssüf ki, Azərbaycanda bu üsulu inkişaf etdirməyiblər. Hətta Azərbaycan Tibb Universitetində bu istiqamətdə şöbə ayrılmalıdır, akademiyada öyrənilməlidir. Əlbəttə ki, savadlı həkimlərimiz var. Onlar müəyyən xəstəliklərin müalicəsində təbii metodlarla - zəli, qara zirə, udi hindi, hicama, təbii bitkilərdən hazırlanmış dərmanlarla tövsiyələr verirlər, effekti olur. Heç olmasa Məhəmməd Yusif Şirvaninin “Tibbnamə” kitabını oxusunlar. AMEA tərəfindən geniş çap olunub. “Tibbnamə”də hicama və onun xüsusiyyətlərindən bəhs olunur. Belə adamların danışıqları məni hiddətləndirir. Çünki bunlar konkret olaraq insanlarımıza zülm etmək istəyirlər”. 

Share on Facebook