Son günlər sosial şəbəkələrdə, cəmiyyətdə yenidən müharibə və ya hərbi əməliyyatların başlayacağı ilə bağlı məlumatlar dolaşır. Yenidən müharibənin başlayacağı ilə bağlı yaranmış suallara Sözcü.az olaraq cavab axtarmağa çalışdıq. Bununla bağlı Cümhuriyyət Siyasi Düşüncə Mərkəzinin sədri Ceyhun Nəbi ilə əlaqə saxladıq.
Ceyhun Nəbi saytımıza bildirdi ki, bu gün Qafqazda gərgin geosiyasi vəziyyət yaranıb. Cəmiyyətdəki narahatlığın əsasında bu dayanır. Belə ki, Ermənistanda dayaqlarının zəifləməsini istəməyən Rusiya regionda vəziyyəti gərginləşdirərək təsir imkanlarını genişləndirməyə çalışır. Mövcud situasiyada gərginləşən münasibətlərin daha da dərinləşməsində birinci maraqlı tərəf Rusiyadır. Ermənistandakı mövcud hökümətin müstəqillik istəklərinin artması onu Rusiyanın çətin planları ilə üz-üzə qoyur. Hər kəsə bəlli həqiqətdir ki, Qarabağ ərazisində baş verə biləcək hadisələr Rusiyanın hazırladığı sissenaridən başqa bir şey deyil. Sülhməramlı adı altında Azərbaycan ərazisinə soxulmuş rus ordusu region üçün ciddi təhlükə mənbəyidir. Azərbaycan ərazisində ərsəyə gətirilməyə çalışılan qondarma rejimin atdığı hər addımın planı Rusiya tərəfindən müəyyənləşdirilir. Öz ölkəsində Rusiyanın təsirlərini azaltmağa çalışan Paşinyan höküməti isə Qondarma rejimlə bir az məsafəli davranır. Bütün bunlarla yanaşı İran, Türkiyə kimi regiona yaxın dövlətlər, həmçinin ABŞ və Fransa kimi bir sıra böyük güclərdə gərginləşən münasibətlərin arxa fonunda görünməkdədirlər. Baş verə biləcək qarşıdurmanın dəstəkçiləri ilkin müşahidədən artıq bəllidir. 11-20 sentyabr tarixləri arasında Ermənistan və ABŞ-ın "EAGLE PARTNER-2023" birgə hərbi təlimlərinin keçiriləcəyi bildirilir. təlimlərin məqsədi ilə bağlı məlumatda qeyd olunur ki, sülhməramlı əməliyyatların tərkib hissəsi kimi beynəlxalq sülhməramlı missiyalarda iştirak edən bölmələr arasında qarşılıqlı fəaliyyət səviyyəsinin artırılması, idarəetmə və taktiki rabitə sahəsində təcrübə mübadiləsi, o cümlədən NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramının “Əməliyyat İmkanları Konsepsiyası”nın planlı qiymətləndirilməsinə erməni hərbçilərinin hazırlığının artırılmasıdır. Amma görünən əsl həqiqət budur ki, bu həmdə bir əzələ nümayişi kimi qiymətləndirilməlidir. Amerika baş vermə ehtimalı olan qarşıdurmada kimin tərəfində dayanacağının ilkin mesajını verir. Bu isə baş verəcək hadisələrin miqyasının nə qədər böyük, dərin və ciddi itkilərlə müşayət olunacağını göstərir. Azərbaycan tərəfi Rusiyanın Ukrayna ilə müharibəsi bitənə qədər güclü müdafiə tədbirləri alaraq müharibə və qarşıdurmadan maksimum kənarda dayanmağa çalışmalıdır. Rusiyanın çirkin və qaranlıq planlarını özündə ehtiva edən vəziyyətin yaranması tək Azərbaycan üçün yox, bütün region üçün mənfi nəticələr doğura bilər. Qafqazda yarana biləcək xoşbəxtlik sülhdən, qarşılıqlı razılaşmadan kənarda mövcud olan bilməz. Müharibə, qarşıdurma nifrət doğurur, bu isə cəmiyyətləri illərlə sarsıdıcı vəziyyətə gətirir.
Anar Rəsullu